Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

2 Aprel 2010 - ¹12

 

Dünya ölkələrində milli mühasibat uçotu sistemləri və Azərbaycanda beynəlxalq uçot standartlarının tətbiqi

Bookmark and Share

Məlum olduğu kimi, uçot iqtisadiyyatın bütün sahələri üzrə müxtəlif fəaliyyət növlərini bir-birinə bağlayan halqadir. Buna görə də uçotu bir çox hallarda biznesin dili də adlandırırlar. Belə ki, maliyyə hesabatı və smetaları, istehsal olunan məhsulların maya dəyərinin kalkulyasiyası, büdcə kəsirinin müəyyənləşdirilməsi, vergilərin hesablanması və investisiya siyasətinin qiymətləndirilməsi  uçotun  nəticəsi hesab edilir. Başqa sözlə, mühasibat uçotu istənilən cəmiyyət üçün özündə əhəmiyyətli və faydalı fəaliyyət sferasını əks etdirir.

Son zamanlar mühasibat uçotunun beynəlxalq səviyyədə unifikasiyası məsələsinə böyük diqqət yetirilir.İqtisadiyyatın müxtəlif sahələrində beynəlxalq inteqrasiyanın rolunun artması müxtəlif ölkələrdə tətbiq olunan uçot və hesabat işlərinin eyniləşdirilməsini və hamı üçün anlaşıqlı olmasını tələb edir.

Müxtəlif ölkələrin milli mühasibat sistemlərinin vahid şəkildə uyğunlaşdırılması, ilk növbədə, xarici ölkələrin potensial investorları üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, xarici investorlar üçün investisiya obyekti olan müvafiq təsərrüfat subyektinin maliyyə hesabatlarının aydın, şəffaf olması və reallığı əks etdirməsi vacibdir. 

Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə mühasibat uçotu sistemlərinin təkmilləşdirilməsinə əsasən iqtisadi  yüksəliş dövrlərində başlanılmışdır. Hər bir ölkədə bu proses müxtəlif dövrlərdə fərqli templərlə inkişaf etmişdir. Bunun da nəticəsində ayrı-ayrı ölkələrdə bir-birindən fərqlənən 100-dən çox milli mühasibat uçotu sistemləri yaranmışdır.

Hər bir ölkənin milli uçot sistemi mühasibat uçotunun inkişaf istiqamətlərini və tendensiyalarını özündə əks etdirən milli standartlarla müəyyənləşir. Belə ki, milli uçot sistemi mühasibat uçotu obyektlərinin qiymətləndirilməsində, təsərrüfat əməliyyatları və proseslərinin uçotda əks etdirilməsində, maliyyə hesabatları formalarının məzmunca sistemləşdirilməsində və müəssisələrin fəaliyyətinə nəzarətdə istifadə olunan metodikaların və üsulların məcmusu ilə xarakterizə olunur.   

İstənilən ölkədə mühasibat uçotunun təşkilinə 2 qrup amillər təsir edir: obyektiv və subyektiv amillər. Obyektiv amillər milli iqtisadiyyatın inkişaf xüsusiyyətlərini əks etdirir və bu amillərin təsirini ölkədə qüvvədə olan normativ-hüquqi bazanın təhlili ilə qiymətləndirmək olar.

Subyektiv amillər isə qüvvədə olan mövcud normativ-hüquqi baza şəraitində mühasibat uçotunun aparılmasının daha optimal üsullarının seçilməsini  müəyyənləşdirir. Bu amillərin təsirini müəssisənin uçot siyasətinin öyrənilməsi nəticəsində qiymətləndirmək olar.

Ümumiyyətlə, mühasibat uçotu sistemlərinin hüquqi tənzimlənməsi aşağıdakılarla təmin olunur:

- Beynəlxalq prinsiplərə uyğunluq və həmçinin iqtisadiyyatın inkişaf xüsusiyyətləri nəzərə alınmaqla hazırlanmış milli standartların mövcudluğu;

- Mühasibat uçotu və hesabatı haqqında qanun;

- Mühasibat uçotunun milli hesablar planı;

- Mühasibat (maliyyə) hesabatları sistemi;

- Təsərrüfat subyektinin uçot siyasəti. 

Müxtəlif ölkələrdə mühasibat uçotunun inkişafının tendensiyalarının tədqiqi həmin ölkələrdə  uçotun tətbiq olunan konsepsiya və metodlarının bir-birindən necə və nə üçün fərqlənmələri barədə geniş məlumatlar əldə etməyə imkan verir. Bu səbəbdən peşəkar mühasib dairələri ayrı-ayrı ölkələrdə tətbiq olunan mühasibat uçotunun milli sistemlərini tarixən müxtəlif qruplar üzrə təsnifatlaşdırmağa  çalışmışlar. Müxtəlif müəlliflər tərəfindən təklif olunan təsnifatların müəyyənləşdirilməsində əsasən ayrı-ayrı kriteriyalar və yanaşmalar olmuşdur. Belə kriteriya və yanaşmalar arasında ən çox istifadə olunanlara əsasən aşağıdakılar aiddir:

- Əsas ölkənin təsir sferasının müəyyənləşdirilməsi;

- Uçotun aparılması metodlarının təhlili;

- Qanunverici sistemlərin tipinin qiymətləndirilməsi;

- Mühasibat uçotu obyektlərinin qiymətləndirilməsinin müxtəlif metodları;

-  Hesabat məlumatlarının təqdim olunması üsulları və s. 

Lakin qeyd olunanlarla yanaşı, mühasibat uçotunun təşkilində daha çox ümumi yanaşmaların formalaşmasına təsir göstərən əsas müəyyənləşdirici kriteriya kimi kapital bazarının inkişafı çıxış edir. Kapital bazarının inkişafının əsas funksiyası təsərrüfat subyektlərini əlavə maliyyə vəsaitləri ilə təmin etməkdir. Belə ki, istənilən ölkənin iqtisadiyyatına əlavə maliyyə vəsaitlərinin cəlb edilməsi maliyyə təşkilatları, hüquqi və fiziki şəxslərin sərbəst kapitalları və həmçinin dövlət orqanları tərəfindən məqsədli maliyyələşmələr vasitəsilə həyata keçirilir. Bu zaman öz maliyyə vəsaitlərini təqdim edən hər bir mülkiyyətçi (investor) daha çox gəliri təmin etməyə və həmçinin qoyduğu vəsaitlərin geri qaytarılması üçün zəmanət əldə etməyə çalışır.

Qeyd olunanları nəzərə alaraq bir sıra müəlliflər dünyanın aparıcı ölkələrini qruplara bölərək aşağıdakı 4 mühasibat modelini müəyyənləşdirmişlər:  

1. Britaniya-amerikan modeli (Böyük Britaniya, ABŞ, Hollandiya, Kanada, Avstraliya və s.);

2. Kontinental model (Almaniya, Avstr

iya, Fransa, İsveçrə, İtaliya və s.);

3. Cənubi Amerika modeli (Braziliya, Argentina, Boliviya və s.);

4. Qarışıq iqtisadiyyatlı ölkələr modeli (Şərqi Avropa ölkələri və keçmiş SSRİ ölkələri). 

Britaniya-amerikan modeli inkişaf etmiş maliyyə və qiymətli kağız bazarları şəraitində fəaliyyət göstərir. Bu model xırda və orta səhmdar-investorların maraqlarına istiqamətlənmişdir. Uçotun bu modeli tətbiq olunan ölkələrdə mühasibat uçotunun metodologiyası müstəqil  peşəkar təşkilat tərəfindən müəyyənləşdirilir, bundan sonra uçot standartları qanunvericiliyə uyğun olaraq təsdiq olunur və bu standartlara riayət olunması mütləq hesab olunur. Bu zaman uçotun metodologiyası birbaşa dövlət tərəfindən deyil, peşəkar tənzimlənmə vasitəsilə nizamlanır. Britaniya-amerikan modelində uçotun əsas prinsipi "düzgün və obyektiv (ədalətli) informasiya" hesab edilir.    

Mühasibat uçotunun Britaniya-amerikan modeli tətbiq olunan ölkələrdə əlavə maliyyə resurslarının əsas mənbəyi  investorların vəsaitləridir. Bu ölkələrdə kapitalın cəlb edilməsinin əsas aləti kim qiymətli kağızlar çıxış edir. Bunun da nəticəsi olaraq uçotun  Britaniya-amerikan modelinə aid olan ölkələr yüksək inkişaf etmiş qiymətli kağızlar bazarının və çoxlu sayda transmilli şirkətlərin mövcudluğu ilə xarakterizə olunur.

Britaniya-amerikan modelli ölkələrdə uçot sistemləri daha çoxvariantlılığı və çevikliyi ilə fərqlənir. Bu ölkələrdə təsərrüfat subyektlərinə  "qanunla qadağan olunmayan hər şeyə icazə var" prinsipinə müvafiq olaraq əhəmiyyətli dərəcədə seçim azadlığı verilmişdir. Uçot qaydaları və ya standartları konkret qanunvericiliklə müəyyən edilmir, mühasiblərin peşəkar təşkilatları tərəfindən işlənib hazırlanır. 

Uçotun Britaniya-amerikan metodologiyası daha çox liberal və daha az mühafizəkar hesab edilir. Belə ki, bu metodologiya uçot və qiymətləndirmənin alternativ variantlarını özündə əks etdirir. Müəssisə tərəfindən seçilmiş hər hansı bir variant müəssisənin uçot siyasəti şəklində çıxış edir. Hesablar planı müəssisənin özü tərəfindən hazırlanır.

Britaniya-amerikan uçot sisteminə aid ölkələrdə mühasibat uçotunun vahid hesablar planı yoxdur. Bu isə, öz növbəsində, mühasiblərin kifayət qədər peşəkar olmalarını tələb edir. Belə ki, hər bir mühasib müəssisədə uçot prosesinin təşkilindən başlayaraq sənəd dövriyyəsinin rasional sxemini qurmağı və işlək hesablar planını hazırlamağı bacarmalıdır. Hesablar planının hazırlanması zamanı mühasiblər uçotun milli standartlarında nəzərdə tutulan tövsiyələrdən istifadə edirlər.

Uçotun Britaniya-amerikan modeli ABŞ-da, Böyük Britaniyada, Hollandiyada, Avstraliyada, Venesuelada, Qanada, Qvatemalada, Hondurasda, Honkonqda, Dominikan Respublikasında, İsraildə, Hindistanda, İndoneziyada, İrlandiyada, Kanadada, Keniyada, Kiprdə, Kolumbiyada,  Malaviyada, Nigeriyada,  Nikaraquada, Pakistanda, Panamada, Yeni Qvineyada, Salvadorda, Tanzaniyada, Uqandada, Ficidə, Cənubi Afrika Respublikasında,  Yamaykada və digər ölkələrdə tətbiq olunur.

Beləliklə, Britaniya-amerikan modeli üçün aşağıdakılar xarakterikdir:

- Uçotun əsasən investorların və kreditorların ehtiyaclarına istiqamətlənməsi;

- İnkişaf etmiş qiymətli kağızlar bazarının mövcudluğu;

- Peşəkar mühasib hazırlığının yüksək səviyyəsi;

- Bu ölkələrdə çoxlu sayda transmilli şirkətlərin mövcudluğu.

Kontinental uçot modeli əsasən banklara, dövlətin maliyyə strukturlarına və vergi qaydalarına istiqamətlənmişdir. Bu model müvafiq ölkələrdə mühasibat uçotunun dövlət tənzimlənməsinin mövcudluğu ilə fərqlənir və bu tənzimlənmə "qanunla icazə verilən hər şeyə icazə vardır" prinsipinə uyğun təmin olunur. Bu prinsip əsasında uçot qaydaları qanunvericiliklə müəyyənləşdirilir və bu qaydalara ciddi şəkildə riayət olunur.

Mühasibat uçotunun dövlət tənzimlənməsi təsərrüfat subyektləri tərəfindən hazırlanan uçot siyasətində bir növ mühafizəkarlığa səbəb olur. Nəticədə üstünlük peşəkar mühasiblərin mülahizələrinə deyil, mühasibat uçotu üzrə mövcud olan ciddi qanun və qaydalara verildiyindən mühasib peşəsinin rolu məhdudlaşır. Kontinental uçot modelli ölkələrdə mühasiblərin peşəkarlıq keyfiyyəti dövlət tərəfindən müəyyən edilmiş norma və qaydalara düzgün və vicdanla riayət olunması nöqteyi-nəzərindən qiymətləndirilir.   

Bu model tətbiq olunan ölkələrdə uçot vahid milli hesablar planına müvafiq olaraq qurulur və vahid mühasibat uçotu metodikalarının daimi tətbiqi təmin olunur. Peşəkar mühasib təşkilatları bu ölkələrdə böyük rola malik deyillər, lakin mühasiblərin hazırlıq səviyyəsi, xüsusən Almaniya və Fransada heç də Böyük Britaniya və ABŞ-dan geri qalmır, hətta yüksək xarakter daşıyır. 

Həmçinin təsərrüfat subyektlərinin banklar və dövlətlə sıx əlaqələri bu modelli ölkələrdə vergi uçotunun inkişafını və təkmilləşdirilməsini tələb edir. Bu isə, öz növbəsində, vergilərin vaxtında və tam ödənilməsinə nəzarəti təmin etməyə imkan verir.

Uçotun kontinental modeli Avstriyada, Əlcəzairdə, Anqolada, Belçikada, Almaniyada, Yunanıstanda, Danimarkada, Misirdə, İspaniyada, İtaliyada, Kamerunda, Konqoda, Lüksemburqda, Mərakeşdə, Norveçdə, Portuqaliyada, Seneqalda, Fransada, İsveçdə, Yaponiyada və digər ölkələrdə tətbiq olunur.

Nəticə etibarilə, uçotun kontinental modeli üçün aşağıdakılar xarakterikdir:

- Bank sferası ilə sıx əlaqələr;

- Uçot və hesabatın müfəssəl şəkildə hüquqi tənzimlənməsi;

- Uçot və hesabatın dövlətin vergi tənzimlənməsi və makroiqtisadi planlaşdırma maraqlarına istiqamətlənməsi.

Cənubi Amerika modeli tamamilə vergi qaydalarına yönəlmişdir. Bu modelli ölkələrdə əlavə maliyyə vəsaitlərinin cəlb edilməsinin əsas mənbəyi kimi dövlət maliyyələşdirilməsi çıxış edir. Dövlət maliyyəsi bu ölkələrin beynəlxalq əmək bazarında ixtisaslaşdıqları prioritet sahələrə yönəldilir. Bu modelli ölkələrdə bütünlükdə uçot və hesabat sistemi dövlət planlaşdırılmasının tələblərinə xidmət edir və mühasibat uçotunun metodologiyası  qanunvericiliyə əsasən vahid şəklə salınmışdır. Qeyd olunan metodologiyaya əsasən qiymətlər dəyişdikdə hesabat rəqəmlərinin yenidən hesablanması vacibdir. Bu ölkələr uzunmüddətli və davamlı inflyasiya ilə əlaqədar olaraq  qiymətlərin dəyişməsinin uçotu üzrə böyük praktikaya malikdirlər. Cənubi Amerika uçot modeli Argentinada, Braziliyada, Boliviyada, Paraqvayda, Peruda, Uruqvayda, Çilidə, Ekvadorda və digər Cənubi Amerika ölkələrində tətbiq olunur.    

Cənubi Amerika uçot sistemini tətbiq edən ölkələrdə hakimiyyət mərkəzləşdirilmiş sistemə malikdir və mühasibat uçotu üzərində güclü dövlət nəzarəti vardır. Bununla yanaşı, bu ölkələrdə mühasibat xidmətlərinin peşəkarlıq səviyyəsi aşağıdır.

Beləliklə, Cənubi Amerika modeli üçün aşağıdakılar xarakterikdir:

-  İnflyasiyanın yüksək səviyyəsi;

-  Uçot və hesabatın dövlət planlaşdırılmasının tələblərinə istiqamətlənməsi;

-  Uçotun prinsiplərinin unifikasiyası.

Qarışıq iqtisadiyyatlı ölkələrin mühasibat modelində yuxarıda qeyd olunan modellərin  oxşar əlamətləri vardır. Hazırda bu ölkələrdə inkişaf etmiş ölkələrin uçot siyasətləri, həmçinin uçotun beynəlxalq standartları öyrənilir, ümumiləşdirilir, mühasibat uçotunun və hesabatların milli standartları hazırlanır və tətbiq edilir.

Azad bazar iqtisadiyyatına keçid bir sıra Şərqi Avropa, eləcə də postsovet ölkələrində mühasibat uçotunun yenidən formalaşdırılmasına zərurət yaratmışdır. Lakin bu ölkələrdə beynəlxalq standartların tətbiqi hələ ki, ləng xarakter daşıyır. Həmçinin bu ölkələrdə mühasibat uçotunun əsas problemləri maliyyə nəzarəti, kapitalın qiymətləndirilməsi, mənfəət və müştərək müəssisələrdə investisiya kimi anlayışlara aid  suallara cavab tapılmasında baxışların ənənəviliyi və həmçinin bu sahədə ətalətliliklə xarakterizə olunur.

Bir sıra xarici mütəxəssislərin qiymətləndirilməsinə görə, Şərqi Avropa ölkələrində mühasib peşəsi zəif inkişaf etdirilmişdir. Belə ki, bu ölkələrdə müəssisələrin fəaliyyətinin idarəolunmasında mərkəzi orqanlar əhəmiyyətli dərəcədə böyük təsirə malik olmuşlar.

Beləliklə, özünün inkişafı dövründə ümumi iqtisadi problemlərin prioritet həlli yollarının və maliyyələşdirmə mənbələrinin seçilməsindən asılı olaraq  hər bir ölkə yuxarıda sadalanan uçot sistemlərindən istifadə edir. Lakin uçot sistemlərinin formalaşdırılmasında kifayət qədər müxtəlif yanaşmaların olması dünya praktikasında beynəlxalq inteqrasiyanı və beynəlxalq kapital bazarına çıxışı çətinləşdirir. Bu problemin həlli yalnız maliyyə hesabatlarının göstəricilərinin beynəlxalq standartlara və mühasibat uçotu prinsiplərinə uyğun formalaşdırılması vasitəsilə mümkündür.

Uçot qaydalarının hüquqi tənzimlənməsi nöqteyi-nəzərindən Qərb ölkələrində 2 cür yanaşma var. Argentina, Fransa, Almaniya kimi ölkələrdə uçotun əsas prinsipləri qanunverici aktlarla müəyyənləşdirilmişdir. Bu ölkələrdə uçot "Yalnız qanun nəyə icazə verirsə onu etmək olar" prinsipinə əsaslanır.

ABŞ, Böyük Britaniya kimi ölkələrdə isə uçot sistemi "Qanunla qadağan edilməyən hər şeyi etmək olar" prinsipi üzərində qurulur. Bu ölkələrdə uçot və hesabatın tənzimlənməsi qaydaları hər şeydən əvvəl hüquqşünaslar tərəfindən deyil, peşəkar mühasiblər tərəfindən müəyyənləşdirilir.

Qeyd olunanlara əsasən demək lazımdır  ki, dünya iqtisadiyyatına inteqrasiya etmək üçün hər bir ölkədə uçot sisteminin bu sahədə mövcud beynəlxalq standartların prinsiplərinə uyğun qurulması dövrün ən vacib tələbidir.  

Bu baxımdan Azərbaycanda uçot və hesabatların beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən işlər də  mühüm əhəmiyyət kəsb edir. 

Məlum olduğu kimi, bu məqsədlə  2 sentyabr 2004-cü il tarixdə "Mühasibat uçotu haqqında"  Azərbaycan Respublikasının Qanunu, 7 fevral 2005-ci il tarixdə isə "Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin Fərmanı qüvvəyə minmişdir.

Qeyd olunan Qanun və Fərmana əsasən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının və Milli Mühasibat Uçotu Standartlarının tətbiqi aşağıdakı əsas məqsədləri əhatə edir:

- Qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq korporativ və büdcə sektorları üçün maliyyə hesabatlarının beynəlxalq və milli mühasibat uçotu standartlarına uyğun olaraq hazırlanması;

- Müəssisələrin fəaliyyətinin şəffaflığının və dünya bazarına çıxışının təmin edilməsi;

- Dövlətin mühasibat uçotu sahəsində idarəetmə vəzifəsinin həyata keçirilməsi və islahatların davamlılığının təmin edilməsi  üçün institusional inkişafın dəstəklənməsi.

Fərmandan irəli gələn vəzifələrin həyata keçirilməsi ilə əlaqədar Maliyyə Nazirliyi tərəfindən Maliyyə Hesabatlarının və Mühasibat Uçotunun Beynəlxalq Standartları əsasında Kommersiya, Büdcə və Qeyri-hökumət təşkilatları üçün müvafiq Milli Mühasibat Uçotu Standartları və  eyni zamanda Kommersiya təşkilatları üçün Milli Mühasibat Uçotu Standartının tətbiqi üzrə Şərhlər və Tövsiyələr hazırlanaraq təsdiq olunmuşdur. Bununla yanaşı, Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun avtomatlaşdırılması üçün xüsusi proqram təminatı  hazırlanmış, Maliyyə Nazirliyinin saytında (www.maliyye.gov.az) yerləşdirilmiş və büdcə təşkilatlarının həmin   proqram təminatının pulsuz və avtomatik rejimdə əldə etməsi üçün şərait yaradılmışdır. Bundan əlavə, Beynəlxalq və Milli Mühasibat Uçotu Standartlarının tətbiqi üçün Maliyyə Nazirliyində müvafiq kadr potensialı formalaşdırılmış və Büdcə təşkilatlarının mühasibatlıq işçiləri üçün Milli Mühasibat Uçotu Standartları üzrə təlim kurslarının təşkil olunmasına başlanılmışdır. Onu da qeyd etmək lazımdır ki, Beynəlxalq və Milli Mühasibat Uçotu Standartlarının tətbiqi üçün Maliyyə Nazirliyi müxtəlif beynəlxalq maliyyə qurumlarından və peşəkar auditor şirkətlərindən texniki yardım cəlb etmişdir.

Bütün bunlarla yanaşı, Büdcə təşkilatlarında Milli Mühasibat Uçotu Standartlarının tətbiqi üçün bu istiqamətdə həll edilməsi vacib olan problemlər də mövcuddur. Belə ki, "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununun 4.3.2-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu standartların tətbiqi üzrə Şərhlər, Tövsiyələr və Uçot Qaydaları  işlənib hazırlanmalı və təsdiq edilməlidir. Lakin Büdcə təşkilatlarında Milli Mühasibat Uçotu Standartlarının tətbiqi üzrə qeyd olunan  Şərhlər, Tövsiyələr və Uçot Qaydaları hələ  hazırlanmamışdır.

Digər bir problem yeni tələblərə uyğun mütəxəssis hazırlığının həyata keçirilməsinin təmin olunmasıdır. Bu məsələnin həlli Təhsil Nazirliyinin qarşısında böyük vəzifələr qoyur. Qeyd olunan problemin müzakirəsi və həlli yollarının araşdırılması məqsədilə keçən ilin sonunda Təhsil və Maliyyə nazirliklərinin rəhbər işçilərinin, Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin, bir sıra ali və orta ixtisas məktəblərinin rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilmişdir. Müşavirədə qəbul edilmiş qərarlara əsasən aidiyyəti qurumların, beynəlxalq təşkilatların mütəxəssislərindən ibarət işçi qrupu yaradılmış və bu işçi qrupu tərəfindən "Beynəlxalq Mühasibat Uçotu Standartlarına keçidlə əlaqədar ali və orta ixtisas təhsili müəssisələrində "Mühasibat uçotu və audit" ixtisası üzrə kadr hazırlığı  və digər əlaqədar məsələlərə dair tədbirlər planı"  hazırlanmışdır.

Təhsil Nazirliyinin qarşısında duran digər əsas  vəzifələrdən biri isə Büdcə təşkilatlarında Milli Mühasibat Uçotu Standartlarının tətbiqi üzrə hazırlanacaq  Şərhlərə, Tövsiyələrə və Uçot Qaydalarına uyğun olaraq, öz növbəsində, Təhsil Nazirliyi və onun tabeliyində olan təhsil müəssisələri üçün uçot siyasətinin, hesablar planının, uçot qaydalarının hazırlanması və onların praktiki tətbiqinə nail olunmasıdır.

Eyni zamanda digər bir məsələ Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun avtomatlaşdırılması üçün hazırlanmış xüsusi proqram təminatının tətbiqi üçün yerlərdə  müvafiq mütəxəssislərin hazırlığı və müəssisələrin İKT avadanlıqları ilə təminat səviyyələrinin mövcud tələblərə tam uyğun olmaması ilə bağlıdır. Məlumat üçün qeyd edək ki, hazırda Təhsil Nazirliyindən birbaşa 248 təhsil müəssisəsi maliyyələşdirilir və bu təhsil müəssisələrinin hesabat dövrlərində təqdim etdikləri maliyyə və mühasibat hesabatları icmallaşdırılaraq müvafiq orqanlara təqdim olunur. Qeyd olunan bu prosedurlar, həmçinin Təhsil Nazirliyinin mərkəzi aparatında uçot və hesabat işləri nazirlikdə hazırlanmış xüsusi proqram paketi vasitəsilə avtomatlaşdırılmış qaydada həyata keçirilir. Əlbəttə ki, bütün bu işləri maliyyələşdirmə proseslərinin, uçot və hesabatın, həmçinin hesabatların qəbulunun və icmallaşdırılmasının avtomatlaşdırılması olmadan vaxtında və keyfiyyətli həyata keçirmək mümkün deyil.

Lakin qeyd olunan işlərin tabe təşkilatları da əhatə etməklə  Milli Mühasibat Uçotu Standartlarına uyğun  şəkildə yenidən qurulması Təhsil Nazirliyinin qarşısında icrası vacib olan bir vəzifə kimi durur. Sözügedən məsələlərin həlli ilə əlaqədar hazırda Təhsil Nazirliyi ilə Respublika Maliyyə Nazirliyi, həmçinin bu işdə ölkəmizə yaxından texniki yardım göstərən Dünya Bankı ilə danışıqlar aparılır. Aparılan danışıqların əsas məqsədi Büdcə təşkilatları üçün Respublika Maliyyə Nazirliyi tərəfindən hazırlanacaq Milli Mühasibat Uçotu Standartlarının tətbiqi üzrə Şərhlərə, Tövsiyələrə və Uçot Qaydalarına uyğun olaraq Təhsil Nazirliyi və onun tabeliyində olan təhsil müəssisələri üçün uçot siyasətinin, hesablar planının, uçot qaydalarının hazırlanması və gələcəkdə uçot-hesabat işlərinin yeni müasir tələblər səviyyəsində avtomatlaşdırılması ilə bağlı mümkün qədər hərtərəfli dəstəyin əldə olunmasıdır.  

Şahrza ƏLİYEV,
Təhsil Nazirliyi İqtisadiyyat
şöbəsinin müdiri,
iqtisad elmləri namizədi

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
2 Aprel 2010 - ¹12
Azərbaycanlı müəllim Avropanın 20 ən yaxşı innovativ müəllimi sırasına daxil oldu
 
Məktəblilərin 44-cü Beynəlxalq Mendeleyev Olimpiadası Bakıda keçiriləcək
 
Təhsil Nazirliyi növbəti yoxlama imtahanları keçirəcək
 
Gəncədə şərqşünas alim Aida İmanquliyevanın xatirə otağı yaradılıb
 
Zərdabda daha bir məktəb binası inşa olunur
 
Amerikalı şagirdlər Bakı Şəhəri üzrə Təhsil İdarəsində olublar
 
Azərbaycan dili Fransada tədris edilir
 
Şagirdlər bilik və bacarıqlarını nümayiş etdiriblər
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Təhsil Nazirliyində müşavirə
 
Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransında fərqlənmiş iştirakçılar mükafatlandırıldılar
 
"Erməni genosidi" mövzusunda rəsm müsabiqəsinə yekun vuruldu
 
Azərbaycan Müəllimlər İnstitutunun bir qrup əməkdaşına mükafatlar təqdim olunub
 
Təhsil müəssisələrində soyqırımı qurbanlarının xatirəsi anıldı
 
Neft-kimya sənayesinin elmi-texnoloji təminatına böyük töhfələr verən institut
 
Dünya ölkələrində milli mühasibat uçotu sistemləri və Azərbaycanda beynəlxalq uçot standartlarının tətbiqi
 
Zəhmətin bəhrəsi, illərin töhfəsi...
 
"Şagirdlərimdən çox razıyam"
 
"Şagird nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi" mövzusunda seminar
 
ATU-nun professoru məktəb VMA-nın prezidenti seçildi
 
Nazim Hikmət irsinə dünyəvi baxış
 
Milli Qəhrəmanın xatirəsi anılıb
 
Sumqayıt Dövlət Universitetinin tələbəsi dünya çempionu oldu
 
Rumıniyada azərbaycanlı gənclərin kitablarının təqdimatı olub
 
Şahmat üzrə ölkə çempionatı
 
Sinqapur Milli Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov