Aprelin 27-dən mayın 3-dək Bakıda məktəblilərin
kimya üzrə 44-cü Beynəlxalq Mendeleyev
Olimpiadası keçiriləcək.
"Cresent-Beach" otelində keçiriləcək olimpiadada
MDB və Baltikyanı ölkələrin məktəblilərinin,
həmçinin azərbaycanlı şagirdlərin geniş tərkibdə
iştirakı nəzərdə tutulur. Mendeleyev
Olimpiadasına Bolqarıstan, Rumıniya, Makedoniya
və digər bir sıra ölkələrin nümayəndələrinin də
qatılacağı gözlənilir. Olimpiadanın keçirilməsi
üçün Azərbaycan hökuməti tərəfindən 220750 manat
vəsaitin ayrılması nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, son 10 ildə Beynəlxalq
Mendeleyev Olimpiadası bir çox ölkələrdə
keçirilib. Onların arasında Rusiya Federasiyası,
Qazaxıstan, Moldova, Tacikistan, Ermənistan,
Belorus, Özbəkistan və Türkmənistan da var.
2000-ci ildə isə 34-cü Beynəlxalq Mendeleyev
olimpiadası Azərbaycanda keçirilib. Mendeleyev
Olimpiadasının dəfələrlə iştirakçısı olmuş
Azərbaycan məktəblilərinin də əksəriyyətinin adı
qaliblər sırasındadır. Onların bir çoxu
təhsillərini Moskva Dövlət Universitetində davam
etdirir, bəziləri isə artıq bu nüfuzlu təhsil
ocağının məzunları olublar. |