Bakı Dövlət Universitetində 31 Mart
Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı
tədbir keçirilib. BDU-nun rektoru, akademik Abel
Məhərrəmov tədbiri açaraq ermənilərin xalqımıza
qarşı törətdiyi ən qanlı cinayətlərdən olan
1918-ci il 31 mart soyqırımından danışıb.
Akademik bildirib ki, Azərbaycan torpaqları
hesabına dövlət quran ermənilər tarixin bütün
mərhələlərində xalqımıza qarşı insanlığa
yaraşmayan qanlı əməlləri ilə yadda qalıblar.
lMəzlum xalq» adı altında gizlənən ermənilər
nəinki Qafqazda və Azərbaycanda, dünyanın əksər
ölkələrində ən qanlı hadisələrə, terrora,
qırğınlara imza atıblar. Daha sonra rektor Abel
Məhərrəmov tarixin müxtəlif mərhələlərində
ermənilərin azərbaycanlılara qarşı həyata
keçirilən qətliamlarından bəhs edib. Rektor
bildirib ki, ümummilli lider Heydər Əliyevin
1998-ci il martın 26-da imzaladığı
lAzərbaycanlıların soyqırımı haqqında» fərmanla
ilk dəfə olaraq dövlət səviyyəsində 1918-ci ilin
qırğınlarına siyasi qiymət verildi.Hər il martın
31-ni Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd
etməklə biz bir daha tarixi keçmişə qayıdır,
xalqımıza qarşı açıq şəkildə həyata keçirilən
soyqırımı qurbanlarının xatirəsini ehtiramla
anırıq. Prezident İlham Əliyev dünya siyasətini
müəyyən edən böyük dövlətlərlə, beynəlxalq
təşkilatlarla ardıcıl və müntəzəm iş aparır, 10
illiklər boyu formalaşmış yanlış siyasi
yanaşmaları dəyişdirməyə çalışır. Prezident
İlham Əliyev bütün görüşlərində, xarici ölkələrə
səfərlərində, çıxışlarında Azərbaycan xalqına
qarşı soyqırımı həyata keçirən erməniləri ifşa
etmiş, cinayəti törədənləri və ona göz yumanları
kəskin tənqid etmiş, dünya ictimaiyyətini erməni
riyakarlığına son qoymağa çağırmışdır. Daha
sonra tarix elmləri doktoru, professor Cəmil
Həsənli məruzə edərək illər boyu ermənilərin
törətdikləri vəhşiliklərdən danışıb. Tələbələrin
çıxışları dinlənilib. Tədbirin sonunda
filologiya fakültəsinin tələbələrinin
hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş
etdirilib.
***
Azərbaycan Dillər Universitetində 31 Mart
Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş
"dəyirmi masa" keçirildi. Öncə soyqırımı
qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad
edildi. Tədbiri giriş sözü ilə açan ADU-nun
rektoru, millət vəkili, professor Səməd Seyidov
Azərbaycanın hər yerində 31 Mart soyqırımına
həsr olunmuş silsilə tədbirlər keçirildiyini
bildirdi. Ermənilər tərəfindən azərbaycanlılara
qarşı qanlı cinayətlər törədildiyini bildirən
rektor Səməd Seyidov miqyasına görə 31 Mart
hadisələrinin ən qanlı soyqırımı kimi
tanınmasının vacibliyini qeyd etdi və müxtəlif
illərdə erməni cinayətkarlarının
azərbaycanlılara qarşı törətdiyi qanlı
hadisələri heç zaman unutmağa haqqımızın
olmadığını bildirdi. Sonra ümummilli lider
Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla
31 martın rəsmi olaraq "Azərbaycanlıların
Soyqırımı Günü" kimi qəbul edildiyini
iştirakçıların diqqətinə çatdırdı. İslam
Konfransı Təşkilatının Xocalı soyqırımını
bəşəriyyətə qarşı törədilmiş ən qanlı cinayət
adlandırdığını diqqətə çatdıran natiq
ermənilərin törətdikləri cinayətlərin hüquqi
qiymət alması üçün hamılıqla mübarizə
aparılmasının vacibliyini vurğuladı. S.Seyidov
ermənilərin öz ərazisi saydıqları yerlərin
tarixən Azərbaycanın ərazisi olduğunu və heç bir
zaman ermənilərə məxsus olmadığını deyərək bir
faktı misal çəkdi: "Rusiya Dövlət Dumasının
binasında inqilabdan əvvəlki Dumanın
deputatlarının rəsmlərindən ibarət sərgidə
müsəlman fraksiyasının üzvləri də əks olunub.
Onların əksəriyyəti İrəvandan seçilmiş
azərbaycanlı deputatlardır. Bu o deməkdir ki,
İrəvan daim Azərbaycanın ərazisi olub və orada
azərbaycanlılar yaşayıblar".
ADU-da vətənpərvərlik hisslərinin yüksək
səviyyədə olmasından məmnunluğunu ifadə edən S.
Seyidov universitet tələbələrinin Azərbaycan
həqiqətlərini xarici dillərdə dünyaya
çatdırmasının vacib hal olduğunu da qeyd
etdi.
Tədbirdə universitetin tərbiyə işləri üzrə
prorektoru Ələddin Əliyev, tarix kafedrasının
baş müəllimi Qorxmaz Quliyev, beynəlxalq
münasibətlər kafedrasının müəllimi Namiq Əsədov
əsrlər boyunca ermənilərin türklərə və
azərbaycanlılara qarşı məkrli siyasət
yeritdiklərini bildirdilər.
***
Martın 31-də Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda
31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr
edilmiş anım mərasimi keçirilib.
Mərasimi giriş sözü ilə institutun prorektoru
Mönsüm Alışov açıb. Azərbaycan Respublikasının
Dövlət himni səsləndirilib. Yığıncaq
iştirakçıları soyqırıma məruz qalaraq şəhid olan
həmvətənlərimizin xatirəsini bir dəqiqəlik
sükutla yad ediblər. M.Alışov çıxış edərək
Azərbaycan xalqının əsrlərlə erməni təcavüzünə
məruz qaldığını, soydaşlarımızın dəfələrlə
ermənilər tərəfindən deportasiya edildiyini və
soyqırıma düçar olduğunu diqqətə çatdrıb. Natiq
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevin mart ayının 31-nin xalqımızın soyqırımı
günü kimi elan edilməsi haqqında imzaladığı
1998-ci il 26 mart tarixli fərmanının
tariximizin bu qanlı səhifəsinin unudulmaması,
daha obyektiv və dərin tədqiq olunmasında mühüm
əhəmiyyət kəsb etdiyindən danışıb.
Mərasimdə çıxış edən institut əməkdaşları
ermənilərin Azərbaycan xalqına qarşı
törətdikləri soyqırımın 1918-ci ilin martın
31-də daha geniş miqyas aldığını, bolşevik
hakimiyyətini bərqərar etmək adı altında erməni
daşnaklarının mart, aprel və may aylarında
Azərbaycanda 50 mindən artıq azərbaycanlını
qətlə yetirdiklərini, şəhər və qəsəbələri
xarabazara çevirdiklərini, təkcə Şamaxıda 58,
Qubada isə 122 kəndi darmadağın etdiklərini qeyd
ediblər. Bundan sonra 1948-50 və 1988-ci illərdə
erməni şovinistlərinin azərbaycanlıları kütləvi
şəkildə deportasiyaya məruz qoyduqlarını,
1992-ci ilin 26 fevralında dünyada misli
görünməmiş Xocalı soyqırımını vəhşiliklə həyata
keçirdiklərini toplantı iştirakçılarının
nəzərinə çatdırıblar.
Sonda monitor vasitəsi ilə erməni faşistlərinin
Azərbaycan xalqının başına gətirdikləri
zorakılıqlar, vəhşiliklə törədilən terror
aktları nümayiş etdirilib.
***
Azərbaycan Müəllimlər İnstitutunda 31 Mart
Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar
tədbir keçirildi. Tədbiri giriş sözü ilə
institutun rektoru, professor A.Naxçıvanlı
açaraq, mart qırğınının XX əsrdə Azərbaycan
xalqına qarşı törədilən ən dəhşətli faciə və
soyqırımı olduğundan, onun acı nəticələrindən
danışdı.
Tədbirdə çıxış edən ixtisasartırma fakültəsinin
dekanı Telman Haqverdiyev, İctimai fənlər
kafedrasının dosenti, əməkdar müəllim Səttar
Allahverdiyev və həmin kafedranın müəllimi Namiq
Əliyev, ixtisasartırma fakültəsinin
dinləyicilərindən Bakı şəhəri Nərimanov rayonu
202 nömrəli məktəbin direktoru Qasım Qasımov,
Yasamal rayonu 38 nömrəli məktəbin direktoru
Yaşar Əliyev, Tələbə Elmi Cəmiyyətinin sədri
Lalə Musayeva, pedaqogika və filologiya
fakültəsinin I kurs tələbəsi Sevinc Məmmədova
mart hadisələrində bolşeviklərin daşnaklarla
birlikdə həyata keçirdikləri qırğınlardan, eləcə
də ermənilərin mərhələlərlə Azərbaycan ərazisinə
etdikləri təcavüzlərdən söz açdılar.
***
Naxçıvan Dövlət Universitetində
azərbaycanlıların soyqırımına həsr olunmuş
mərasim keçirildi. Tədbir sənədli filmin
nümayişi ilə başladı, soyqırımı qurbanlarının
xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad
olundu.
Mərasimdə giriş nitqi ilə çıxış edən NDU-nun
rektoru, akademik İsa Həbibbəyli qeyd etdi ki,
XIX əsrin sonlarından etibarən Azərbaycan
xalqına və onun dövlətçiliyinə qarşı yürüdülən
soyqırımı və deportasiya siyasətinin tarixi
araşdırılmalı və yetərincə təbliğ olunmalı,
erməni vandalizmi ifşa olunmalıdır. Tarixi
faktlar sübut edir ki, 1905-1907, 1918-1920,
1946-1948-ci illərdə törədilən, eləcə də ötən
əsrin 80-ci illərindən Azərbaycanın
müstəqilliyinə və ərazi bütövlüyünə yönəldilmiş
soyqırımı ermənilərin tarixində silinməz ləkə,
misligörünməmiş qanlı cinayətlərdir.
Ümumi tarix kafedrasının baş müəllimi, tarix
elmləri namizədi Məmməd Əliyev "Heydər Əliyev və
Azərbaycanda soyqırımı tarixinə ümumdövlət
münasibəti" mövzusunda məruzə edərək xatırlatdı
ki, ulu öndərin hakimiyyətə ikinci dəfə
qayıdışından sonra ermənilərin soyqırımı və
etnik təmizləmə siyasətinə tarixi, siyasi və
hüquqi qiymət verilməyə başlanmış,
"Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci
il 26 mart tarixli fərman, digər mühüm qərarlar
imzalanmışdır. Məruzəçi ölkə başçısı İlham
Əliyevin Azərbaycan həqiqətlərinin dünya
dövlətləri və ictimaiyyəti tərəfindən qəbul
edilməsi istiqamətində məqsədyönlü
fəaliyyətindən də danışdı.
Azərbaycan tarixi kafedrasının dosenti, tarix
elmləri namizədi Elçin Zamanov xain ermənilərin
Azərbaycanın qədim tarixə malik dilbər guşəsi
Naxçıvana qarşı zaman-zaman ərazi iddiasında
olduqlarını, ümummilli liderin uzaqgörən
siyasəti sayəsində Naxçıvanın alınmaz qala kimi
dayandığını, uzun illər blokada şəraitində
olmasına baxmayaraq, daim inkişaf etdiyini, bu
qədim diyarın tarixinin, mədəniyyətinin
öyrənilməsi istiqamətində əhəmiyyətli işlər
görüldüyünü vurğuladı.
Çıxışlarda ermənilərin xalqımıza qarşı törətdiyi
qanlı faciələrin dünya ictimaiyyəti tərəfindən
beynəlxalq hüquq normalarına uyğun olaraq
soyqırımı kimi qəbul edilməsi, cinayətkarların
cəzalandırılması ilə bağlı fikirlər də
səsləndirildi.
Tədbirdə mövzu ilə bağlı slayd da göstərildi.
***
Naxçıvan Özəl Universitetində 31 Mart
Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı
elmi-praktik konfrans keçirildi.
Konfransı giriş sözü ilə universitetin tədris və
elmi işlər üzrə prorektoru, tarix elmləri
namizədi, dosent İbrahim Kazımbəyli açaraq
konfransın mahiyyəti barədə geniş məlumat verdi.
Qeyd olundu ki, bədnam və yaramaz qonşularımız
olan erməni millətçiləri tərəfindən xalqımızın
başına zaman- zaman müsibətlər gətirilib,
faciələr törədilib. On minlərlə soydaşımız bu
faciələrin qurbanları olub. 1918-ci ilin
yazından başlayaraq, Ermənistanda (Qərbi
Azərbaycan) yaşayan azərbaycanlılar da
erməni-bolşevik dəstələri tərəfindən soyqırımına
məruz qaldılar. Erməni cəlladları lBöyük
Ermənistan» yaratmaq üçün ilk növbədə Qərbi
Azərbaycandakı müsəlman əhalisini buradan
çıxarmağa və bu məkrli planın reallaşmasına
çalışırdılar. Təkcə aprelin sonunda bu ərazidə
dağıdılmış müsəlman kəndlərinin sayı 199-a
çatırdı. 1918-ci ilin mart soyqırımı zamanı Bakı
şəhərində 11 min nəfərədək türk-müsəlman
öldürülmüşdür. Bildirildi ki, XX əsrin
əvvəllərindən başlayaraq istər İrəvan
quberniyasında, istərsə də Naxçıvan,
Şərur-Dərələyəz və Ordubad qəzalarında daşnak
ermənilər tərəfindən yeridilmiş qanlı soyqırımı
siyasətinə dair Naxçıvan MR Dövlət Arxivində
yüzlərlə sənəd mühafizə olunur.
Tarix elmləri namizədi, dosent Elçin Zamanov
"Azərbaycanlıların- türklərin soyqırımı erməni
Qriqoriyan kilsəsinin siyasətinin tərkib
hissəsidir", tələbələrdən tarix-ictimaiyyat
ixtisası üzrə III kurs tələbəsi Anar Tağıyev "31
Mart soyqırımı dövründə Naxçıvanda baş vermiş
hadisələr", tarix-ictimaiyyat ixtisası üzrə III
kurs tələbəsi Kəramət Abbaslı "XX əsr
ermənilərin türklərə- azərbaycanlılara qarşı
soyqırımının ən yüksək inkişaf mərhələsidir"
mövzularında məruzələr etdilər.
Sonda soyqırımı qurbanlarının xatirəsinə həsr
olunmuş sərgiyə baxış keçirildi.
***
Soyqırımı Əzizbəyov rayonu Şağan qəsəbəsi 124
nömrəli orta məktəbdə də yad edildi. Məktəbin
tarix müəllimi Aytəkin Quliyevanın hazırladığı
ədəbi - bədii kompozisiya şagirdlərin soyqırımı
haqda daha da maariflənməsinə kömək etdi.
Soyqırımın tarixinə bir daha nəzər salındı,
şagirdlər tariximizin bu qanlı səhifəsində
yaşananlara öz münasibətlərini bildirdilər.
Bildirildi ki, 92 il əvvəl azərbaycanlılara
qarşı törədilmiş mart soyqırımı siyasəti erməni
millətçiləri tərəfindən yüz illər boyu planlı
surətdə həyata keçirilmişdir. Məhz ümummilli
liderimiz Heydər Əliyev tərəfindən bu faciələrə
siyasi qiymət verilmiş, xalqımızın haqq səsi
dünya ictimaiyyətinə çatdırılmışdır.
Tədbirdə şagirdlərdən Ruqiyyə Abdullayeva,
Kamran Əliyev, Arzu Cəbrayılova, Mənzər
Həmdullayeva, Cəmilə Aslanova, Əfsanə Mayılova,
Zəhra Fərmanlı, Həmidə Qədimova və Ələmdar
Dadaşov maraqlı çıxışlar etdilər. |