18
nömrəli Bakı Peşə Liseyinin Pedaqoji Şurasında
qəbul edilmiş qərara, eləcə də illik fəaliyyət
planında nəzərdə tutulmuş müvafiq müddəaya uyğun
olaraq tədris müəssisəsində təhsilalanların
ictimai təşkilatı - "Tələbə Parlamenti"
yaradılmışdır. Bu zaman təhsil qanunvericiliyi,
ictimai təşkilatlar barədə mövcud
reqlamentləşdirici sənədlər və Təhsil
Nazirliyinin aidiyyəti təlimatları əsas
götürülmüş, əvvəlcədən parlamentin müvəqqəti
əsasnamə layihəsi hazırlanmışdır. Bütün
qruplarda layihənin ətraflı müzakirəsi
keçirilmiş, təhsilalanlara bu ictimai təşkilatın
yaradılmasının əsas məqsəd və məramı
açıqlanmışdır. Hər bir qrupda təşkil olunmuş
iclaslar zamanı parlamentin idarə heyətinə
tələbələr tərəfindən namizədlər (26 nəfər,
onlardan 12-si qız tələbələrdir)
müəyyənləşdirilmiş, heyətin birinci iclasında,
fəaliyyət platformaları dinlənildikdən sonra
gizli səsvermə yolu ilə Parlamentin sədri (3-cü
kurs tələbəsi Vüqar İsmayılzadə) və sədr
müavini (1-ci kurs tələbəsi Ülviyyə
Sevdimalıyeva) seçilmişdir.
Parlamentin nəzərdə tutulmuş iş planına
tələbələrin təhsili, məişəti, davranış
qaydaları, dərsə davamiyyəti, təhsil
nailiyyətləri ilə bağlı qarşıya çıxan
problemlərin rəhbərlik yanında qaldırılması və
onların lazımi səviyyədə həllinə nail olma,
idarəetmə prosesində fəal iştirak, tədris
müəssisəsində və liseydən kənarda keçirilən
tədbirlərdə, ictimai həyatda, o cümlədən də
idman və hərbi hazırlıq yarışlarında təmsil
olunma, "Müəllimlər təhsilalanların gözü ilə" və
s. kimi sorğuların keçirilməsi, onların
nəticələrinin ümumiləşdirilməsi və digər
məsələlər salınmışdır.
İdarə heyətinin qəbul etdiyi qərarlara lisey
rəhbərliyi qarşısında müvafiq vəsatətlərin
qaldırılması, daxili intizam qaydalarına əməl
etməyən tələbələrlə söhbətlərin aparılması,
istedadlı gənclərin müəyyənləşdirilməsi işinə
əməli köməkliyin göstərilməsi, stimullaşdırma,
mükafatlandırma üçün əsaslandırılmış təkliflərlə
çıxış etmə və sair bu səpgili məsələlər
parlamentin əsas vəzifələri kimi
müəyyənləşdirilib.
Müasir idarəetmə mexanizmlərinin prosesə
müvəffəqiyyətli tətbiqi üçün bu ictimai
təşkilatın xüsusi rolunu qeyd etməklə liseyin
bütün müəllim, mühəndis - pedaqoji kollektivi və
administrativ heyəti "Tələbə Parlamenti"nin
normal fəaliyyətinə zəruri dəstəyin verilməsi,
qaldırılan problemlərin vaxtında həlli, gənclərə
lazımi köməyin göstərilməsi, onlar üçün zəruri
şəraitin yaradılmasını əsas məqsədlərdən biri
kimi öz qarşısına qoymuşdur. |