Yunanıstanın paytaxtı Afinada 4-8 oktyabr
2010-cu il tarixində Ümumdünya Fəlsəfə Forumunun
"Ən yaxşı fəlsəfi ideyalar bəşəriyyətin
firavanlığı naminə" devizi altında I tarixi
Dialektik Simpoziumu keçirilib. Simpoziumda
ölkəmizi Astara Pedaqoji Kollecinin direktoru,
fəlsəfə doktoru, Rusiya Fəlsəfə Cəmiyyətinin
üzvü, əməkdar müəllim Əlihəsən Həmzəyev təmsil
etmişdir. Əlihəsən müəllim elmi ezamiyyəti
barədə aşağıdakıları bildirmişdir:
- Forumun iclasları dörd gün ərzində yunan
parlamentinin antik zalında iş proqramına
müvafiq keçirildi. Dünyanın 20-dən artıq
ölkəsindən gəlmiş məşhur filosoflar bəşəriyyətin
üzləşdiyi qlobal problemlərdən danışmış və bu
problemlərin həllinin praktik yolları barədə öz
fikir və ideyalarını söyləmişlər. Açığını deyim
ki, belə bir mötəbər forumda dünyanın dörd
tərəfindən gəlmiş alimlərin qarşısında çıxış
etmək nə qədər çətin və məsuliyyətli olsa da,
bir o qədər şərəfli və fəxarətli idi. Yunan
parlamentinin antik zalında iştirakçıları
Azərbaycan dilində salamlamaq məndə qürur hissi
oyatdı. "Qloballaşma, mədəniyyətlərin dialoqu və
milli eynilik problemləri" mövzusunda məruzəm
filosoflar tərəfindən böyük maraqla qarşılandı.
Simpoziumun xüsusi medalına və sertifikatına
layiq görülməyim təkcə mənə deyil, bütün
Azərbaycan elminə verilən qiymətdir. Forumun
yaradıcısı, prezidenti və Təşkilat Komitəsinin
sədri, Yunanıstanın mədəniyyət naziri Elias
Demirçioğlu və Forumun vitse-prezidenti,
Təşkilat Komitəsinin həmsədri, Rusiya Fəlsəfə
Cəmiyyətinin və Rusiya Humanitar Cəmiyyətinin
üzvü, YUNESKO-nun eksperti, nəzəri və praktik
fəlsəfə haqqında fundamental kitabların müəllifi
İqor Kondraşin və digər filosoflarla görüşlərim
xüsusilə unudulmazdır. Alimlərlə söhbətlərimdə
ən çox rast gəlinən mövzulardan önəmlisi Qarabağ
mövzusu idi. Mən onlara çatdırırdım ki, Qarabağ
əzəli Azərbaycan torpağıdır və daim Azərbaycan
torpağı olaraq qalacaqdır.
Azad ABDULLAYEV |