Azərbaycan Respublikası Müdafiə Nazirliyinin
Hərb Tarixi Muzeyində Azərbaycan Qaraqoyunlu
dövlətinin yaranmasının 600 illiyinə həsr
olunmuş elmi-praktik konfrans keçirilib.
Muzeyin, Hərbi Akademiyanın, AMEA Tarix
İnstitutunun elmi əməkdaşlarının iştirak
etdikləri konfransda öncə Qaraqoyunlu dövlətinin
tarixi və fəaliyyətindən bəhs edən qısametrajlı
film nümayiş olunub. AMEA Tarix İnstitutunun
şöbə müdiri Hacı Həsənov Qaraqoyunlu dövləti və
onun Azərbaycan tarixindəki müstəsna rolundan və
dövlətçiliyimizin, xalqımızın hərbi baxımdan
təşəkkülündəki xidmətlərindən danışıb.
Sonra məruzələr dinlənilib. Azərbaycan Hərb
Tarixi Muzeyinin baş elmi işçisi Əsgər Əliyev
"Qaraqoyunlu dövlətində hərb işi", AMEA Tarix
İnstitutunun baş elmi işçisi Tahir Cəfiyev
"Qaraqoyunlu dövlətinin müharibə taktikası",
Bakı Dövlət Universitetinin dosenti Bəymirzə
Şəbiyev "Qaraqoyunlu dövlətinin beynəlxalq
əlaqələri", Hərbi Akademiyanın baş müəllimi
Mübariz Əmirov "Tarixi zərurətdən yaranmış
Qaraqoyunlu Dövləti", jurnalist Məhəmməd Baharlı
"Azərbaycan tarixi: baharlılar, yaxud
Qaraqoyunluların mənşəyi" mövzularında maraqlı
məruzələr ediblər. Məruzələr ətrafında çıxışlar
olub.
Y.ƏLİYEV |