Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı
ilə
əsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq
hazırlanmışdır və ali, orta ixtisas və ilk
peşə-ixtisas təhsili pillələrinin hər hansı
birini bitirmək haqqında dövlət sənədi olan hər
bir vətəndaşın əlavə təhsilinin istiqamətini,
məzmununu, formasını, təşkilini və onlara
müvafiq sənədin verilməsi qaydalarını müəyyən
edir.
1.2. Əlavə təhsil hər bir vətəndaşın fasiləsiz
təhsil almaq imkanını təmin edir və insan
potensialının inkişafının, kadrların
intellektual və peşə hazırlığı səviyyəsinin
yüksəldilməsi və təkmilləşdirilməsinin, onların
daim dəyişən və yeniləşən əmək şəraitinə
uyğunlaşdırılmasının, yaşlı vətəndaşların
ölkənin sosial, iqtisadi, siyasi və mədəni
həyatında fəal və səmərəli iştirakının təmin
edilməsi vəzifələrini daşıyır.
1.3. Azərbaycan Respublikasında əlavə təhsil
ixtisasartırma, kadrların yenidən hazırlanması,
stajkeçmə və kadrların təkmilləşdirilməsi,
təkrar ali təhsil və orta ixtisas təhsili,
dərəcələrin yüksəldilməsi və yaşlıların təhsili
istiqamətlərini əhatə edir.
1.4. Əlavə təhsil ixtisasartırma və
yenidənhazırlanma qurumlarında, təhsil
müəssisələrində yaradılmış müvafiq
strukturlarda, stajkeçmə və peşə hazırlığı
kurslarında və bu sahə üzrə fəaliyyətinə xüsusi
razılıq verilmiş digər müəssisələrdə həyata
keçirilir.
1.5. Əlavə təhsilin ayrı-ayrı istiqamətləri üzrə
təhsil müvafiq proqramlar əsasında bu Qayda ilə
müəyyən edilən bütün növ (dövlət, bələdiyyə və
özəl) müəssisə, təşkilat və qurumlar tərəfindən
həyata keçirilir.
Əlavə təhsil müəssisələrinə mərkəzi icra
hakimiyyəti orqanları, bələdiyyələr, hüquqi və
fiziki şəxslər tərəfindən təsis edilən
müəssisələr (universitetlər, institutlar,
mərkəzlər və s.) aiddir.
1.6. Əlavə təhsilin hər hansı istiqaməti üzrə
təhsil almış şəxslərə təhsil proqramlarının
mənimsənilməsi əsasında müvafiq sənəd verilir.
1.7. İxtisasartırma kurslarını bitirmiş şəxslər
üçün mərkəzi icra hakimiyyəti orqanları,
bələdiyyələr və özəl qurumlar tərəfindən müvafiq
stimullaşdırıcı tədbirlər həyata keçirilir.
İxtisasartırma təhsilini keçmiş kadrın vəzifədə
irəli çəkilməsində, əməyinin maddi və mənəvi
qiymətləndirilməsində və ya təltifə təqdim
edilməsində cari dövr üçün ixtisasartırma
təhsili üzrə topladığı kreditlər nəzərə alınır.
1.8. Təhsil müəssisələrinin rəhbər,
inzibati-təsərrüfat və pedaqoji heyəti üçün
informasiya və kommunikasiya texnologiyaları
proqramları üzrə təşkil olunan treninqlər dövlət
büdcəsindən maliyyələşən təhsil müəssisələrində
həyata keçirilir.
2. İxtisasartırma təhsili
2.1. İxtisasartırma təhsilinin məqsədi və
formaları
2.1.1. İxtisasartırma təhsili əlavə təhsilin bir
istiqaməti olmaqla, ali, orta ixtisas və ilk
peşə-ixtisas təhsili pillələrinin hər hansı
birini bitirmək haqqında dövlət sənədi olan
kadrların fasiləsiz təhsil almaq imkanını təmin
etmək məqsədi ilə əlavə təhsil müəssisələri
tərəfindən həyata keçirilən təhsil növüdür.
2.1.2. İxtisasartırma təhsilinin əsas məqsədi
hər bir işçinin və ya mütəxəssisin ixtisası üzrə
intellektual və peşə hazırlığı səviyyəsinin
yüksəldilməsini və təkmilləşdirilməsini, daim
dəyişən və yeniləşən əmək şəraitinə
uyğunlaşdırılmasını, ölkənin sosial, iqtisadi,
siyasi və mədəni həyatında fəal və səmərəli
iştirakını təmin etməkdir.
2.1.3. İxtisasartırma təhsili əyani və distant
(məsafədən) formada həyata keçirilə bilər.
2.2. İxtisasartırma dövrü və bir dövr üçün
ixtisasartırma təhsilinin minimum həddi
2.2.1. Bir ixtisasartırma dövrü ayrı-ayrı
kateqoriyalardan olan kadrların nəzərdə tutulan
minimum təhsil kreditlərini toplamaları üçün
ayrılan müddətdir.
2.2.2. İxtisasartırma təhsilinin minimum həddi
bir ixtisasartırma dövründə hər bir dinləyici
üçün müəyyən edilmiş ixtisasartırma proqramının
həcmini göstərir.
2.2.3. Bu və ya digər kateqoriyadan olan kadrlar
üçün bir ixtisasartırma dövrü və bu dövr üçün
ixtisasartırma təhsilinin minimum həddi mərkəzi
icra hakimiyyəti orqanları, bələdiyyələr və özəl
qurumlar tərəfindən müəyyən edilir.
2.2.4. Ali, orta ixtisas və ilk peşə-ixtisas
təhsili pillələrinin hər hansı birini
bitirmələri haqqında dövlət sənədi olan kadrlar
bir ixtisasartırma dövründə müəyyən edilmiş
minimum ixtisasartırma təhsilində iştirak
etməlidirlər.
2.2.5. Bu və ya digər kateqoriyadan olan kadrlar
üçün bir ixtisasartırma dövrünün müəyyən olunan
minimum həddi müxtəlif ola bilər.
2.2.6. Hər bir dinləyici müəyyən edilmiş minimum
hədd üzrə proqram həcmini mənimsədikdən və bu
barədə müvafiq sertifikat aldıqdan sonra bir
ixtisasartırma dövrü üçün onun öhdəliyi başa
çatmış hesab olunur.
2.2.7. Bu və ya digər kateqoriyadan olan kadrlar
öz arzularına və fərdi tələbatlarına uyğun
olaraq digər ixtisasartırma təlimlərində də
iştirak edə bilərlər.
2.3. İxtisasartırma modulları və ixtisasartırma
təhsilinin kurikulum çərçivəsi
2.3.1. İxtisasartırma təhsilində dinləyicilərin
biliklərinin, bacarıqlarının və peşəkarlıq
səviyyələrinin, dünyagörüşlərinin müxtəlif
istiqamətlərdə inkişaf etdirilməsi təlim
modulları üzrə həyata keçirilir.
2.3.2. Modul ixtisasartırma təhsili prosesində
nəzərdə tutulmuş müəyyən istiqamətdə bilik,
bacarıq və vərdişlərin əldə edilməsinə,
dünyagörüşün formalaşdırılmasına xidmət edən
biliklər sistemini ifadə edir.
2.3.3. İxtisasartırma təhsili üzrə təlim
modulları aşağıdakılardan ibarətdir:
- peşə fəaliyyətinin ümumi əsasları üzrə təlim;
- ixtisas sahələri üzrə təlim;
- innovasiyalar üzrə təlim.
2.3.4. Modulların sayı və modullar üzrə təlim
saatlarının tələb olunan minimum həcmi mərkəzi
icra hakimiyyəti orqanları, bələdiyyələr və özəl
qurumlar tərəfindən müəyyən edilir.
2.3.5 Bu və ya digər kateqoriyadan olan kadrlar
üçün bir ixtisasartırma dövrü üzrə müəyyən
edilən təlim saatlarının ümumi miqdarı,
modulların mövzuları, vəzifələri, gözlənilən
nəticələr və bir modula düşən təlim saatları
bir-birindən fərqlənə bilər.
2.3.6. İxtisasartırma təhsilinin kurikulum
çərçivəsi bir ixtisasartırma dövrü üçün nəzərdə
tutulmuş təlimin məzmununu müəyyən edən
sənəddir.
2.3.7. Kurikulum çərçivəsində ixtisasartırma
modulları, hər modul üzrə ixtisasartırma
proqramlarının siyahısı, proqramların həyata
keçirilmə müddəti və müvafiq ixtisasartırma
təhsili kreditlərinin miqdarı verilir.
2.3.8. İxtisasartırma təhsilinin kurikulum
çərçivəsi mərkəzi icra hakimiyyəti orqanları,
bələdiyyələr və özəl qurumlar tərəfindən təsdiq
edilir.
2.3.9. Peşə fəaliyyəti sisteminin, bu və ya
digər kateqoriyadan olan kadrların tələbat və
ehtiyacları nəzərə alınaraq kurikulum
çərçivəsinin məzmunu mütəmadi olaraq
yeniləşdirilir və təkmilləşdirilir.
2.4. İxtisasartırma proqramları
2.4.1. İxtisasartırma proqramı - ardıcıl
məqsədləri, vəzifələri, məzmunu, təlimə aid
tədbirləri və bunların əsasını təşkil edən təlim
materialları və vasitələrini, qiymətləndirmə
formaları və mexanizmlərini, həmçinin gözlənilən
nəticələri əhatə edən vahid məqsədə yönəlmiş
mövzular və sənədlər toplusudur.
2.4.2. Kurikulum çərçivəsinə daxil olan
modulların hər biri üzrə dəqiq məqsədlər,
vəzifələr, məzmun standartları, gözlənilən
nəticələr və təlim saatları ixtisasartırma
proqramları vasitəsilə müəyyən edilir.
2.4.3. İxtisasartırma təhsilinə cəlb edilən
kadrların kateqoriyasından asılı olaraq hər bir
modul daxilində proqramların məzmunu müxtəlif
ola bilər.
2.4.4. Modullar üzrə peşə fəaliyyəti sisteminin
ümumi ehtiyaclarının ödənilməsinə xidmət edən
proqramların siyahısı və hər bir proqram üzrə
təlim saatlarının miqdarı mərkəzi icra
hakimiyyəti orqanları, bələdiyyələr və özəl
qurumlar tərəfindən, kadrların fərdi maraq və
ehtiyaclarının ödənilməsinə xidmət edən təlim
proqramları və təlim saatlarının miqdarı isə
əlavə təhsil müəssisələri tərəfindən təklif
edilir.
2.4.5. Dinləyicilər modula daxil olan təlim
proqramlarını sərbəst seçir, proqramlara ayrılan
təlim saatlarından asılı olaraq modul üzrə bir
və ya bir neçə təlimdə iştirak etməklə, müəyyən
edilmiş minimum tələbləri yerinə yetirirlər.
2.5. İxtisasartırma təhsilinin kredit sistemi
2.5.1. İxtisasartırma təhsili krediti müəyyən
ixtisasartırma proqramının həcmini və məzmununu
əks etdirən və ədədlə ifadə olunan şərti
anlayışdır. İxtisasartırma təhsili üzrə bir
təhsil krediti proqramın 6 təlim saatına bərabər
tutulur.
2.5.2. Tədris olunan hər bir ixtisasartırma
proqramını mənimsəyən və gözlənilən təlim
nəticələrini əldə etdiyini nümayiş etdirən
dinləyicilərə müvafiq təhsil kreditləri
verilir.
2.5.3. Bir ixtisasartırma dövründə modulların
hər biri üzrə toplanılan təhsil kreditlərinin
minimum həddi ixtisasartırma təhsilinin
kurikulum çərçivəsi ilə müəyyən edilir.
2.6. Fərdi tələbat əsasında ixtisasartırma
proqramlarının və onları həyata keçirən əlavə
təhsil müəssisələrinin seçilməsi
2.6.1. İxtisasartırma proqramlarının və onları
həyata keçirən əlavə təhsil müəssisələrinin
seçilməsi mərkəzi icra hakimiyyəti orqanları,
bələdiyyələr və özəl qurumlar tərəfindən
müəyyənləşdirilmiş formada, kadrların işlədiyi
müəssisələr və yerli idarəetmə orqanı
səviyyələrində həyata keçirilir.
2.6.2. Kadrlar bir ixtisasartırma dövrü ərzində
nəzərdə tutulan minimum krediti toplamaq şərtilə
hər bir modula daxil olan proqramları və təlim
vaxtını seçmək hüququna malikdirlər.
2.6.3. Müəssisələrin və yerli özünüidarəetmə
orqanlarının rəhbərləri fərdi ehtiyac və
maraqların nəzərə alınması yolu ilə
ixtisasartırma proqramlarının seçilməsində
kadrlara kömək etməlidirlər.
2.7. İxtisasartırma təhsili barədə müqavilələrin
bağlanması və həyata keçirilməsi
2.7.1. İxtisasartırma proqramlarının fərdi
seçimi əsasında kadrların özləri və ya işlədiyi
müəssisələr, təşkilatlar və qurumlar (bundan
sonra - sifarişçi) müvafiq əlavə təhsil
müəssisələri ilə müqavilə bağlayırlar.
2.7.2. Müqavilə bağlanılarkən aşağıdakı şərtlər
nəzərə alınır:
- müvafiq reqlamentləşdirici sənədlər əsasında
hər bir proqram üzrə qruplarda dinləyicilərin
sayı;
- mümkün olan hallarda ixtisasartırma
təlimlərinin dinləyicilərin iş yerində və ya ona
yaxın ərazidə həyata keçirilməsi.
2.8. İxtisasartırma təhsilində keyfiyyətə
nəzarət və onun təmin edilməsi
2.8.1. Keyfiyyətə nəzarət məqsədi ilə müvafiq
mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr
və özəl qurumlar tərəfindən kadrların
ixtisasartırma təhsili haqqında müntəzəm olaraq
yeniləşən məlumat bazası yaradılır.
2.8.2. Keyfiyyətin təmin edilməsi məqsədi ilə
ixtisasartırma proqramlarının həyata keçirilməsi
prosesi, onun nəticələri üzrə mütəmadi olaraq
monitorinqlər keçirilir və qiymətləndirilir.
Monitorinq və qiymətləndirmə əlavə təhsil
müəssisəsi, həmçinin mərkəzi icra hakimiyyəti
orqanı, bələdiyyələr və özəl qurumlar tərəfindən
həyata keçirilir. Bu prosesə qeyri-hökumət və
beynəlxalq təşkilatlar da cəlb edilə bilər.
2.8.3. Keyfiyyətə nəzarətin təmin olunması əlavə
təhsil müəssisəsi, həmçinin mərkəzi icra
hakimiyyəti orqanı, bələdiyyələr və özəl
qurumlar tərəfindən müəyyən edilmiş mexanizmlər
əsasında həyata keçirilir.
2.8.4. İxtisasartırma təhsilini həyata keçirən
kadr potensialının gücləndirilməsi, keyfiyyət
tərkibinin yaxşılaşdırılması və kadr
ehtiyatlarının yaradılması məqsədi ilə mərkəzi
icra hakimiyyəti orqanı, bələdiyyələr və özəl
qurumlar tərəfindən ölkədaxili və beynəlxalq
layihələr, habelə qrant layihələri vasitəsilə
təlim kursları təşkil edilə bilər.
2.9. Təhsil haqqında sənədin verilməsi,
doldurulması və uçotu
2.9.1. İxtisasartırma təhsilini müvəffəqiyyətlə
başa vuran və müəyyən edilmiş krediti toplayan
hər bir dinləyiciyə mərkəzi icra hakimiyyəti
orqanları, bələdiyyələr və özəl qurumlar
tərəfindən vahid formalı sertifikat verilir.
Sertifikatlar əlavə təhsil müəssisəsi tərəfindən
imzalanır və möhürlənir. Əlavə təhsil
müəssisələri başa çatmış hər bir ixtisasartırma
tədbirinin nəticələri barədə mərkəzi icra
hakimiyyəti orqanlarına, bələdiyyələrə və özəl
qurumlara hesabat təqdim edir.
2.9.2. Sertifikatda modulun adı, proqramın adı,
təlim saatları, müvafiq kreditlərin sayı və
ixtisasartırma müəssisəsinin adı qeyd olunur.
2.9.3. Sertifikatın surəti və toplanılan
kreditlər haqqında məlumatlar hər bir kadrın
şəxsi işinə əlavə edilir və stimullaşdırıcı
tədbirlərin həyata keçirilməsi zamanı nəzərə
alınır.
3. Kadrların yenidənhazırlanma təhsili
3.1. Yenidənhazırlanma təhsilinin məzmunu və
formaları
3.1.1. Yenidənhazırlanma təhsili ilkin baza
peşə-ixtisas təhsili almış və müəyyən əmək
sahəsində çalışan hər bir vətəndaşın müvafiq
sahə üzrə yeni peşə və ixtisasa yiyələnmək
istəyini həyata keçirən əlavə təhsil formasıdır
və kadrlara olan real tələbatın daha dinamik və
çevik surətdə ödənilməsinə xidmət edir. Bu
təhsil forması ilkin baza təhsili proqramları
ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili
proqramı arasındakı fərqin bir tədris ilinə
hesablanmış saatdan çox olmaması şərtilə
mütəxəssislərə verilən əlavə təhsildir.
Proqramlar arasındakı fərq yenidənhazırlanma
təhsili verən müəssisə tərəfindən müəyyən
edilir.
3.1.2. Yenidənhazırlanma təhsili aşağıda
göstərilən hallara uyğun kadrların hazırlanması
tələbatı yarandıqda, müvafiq proqramlar əsasında
həyata keçirilir:
- peşə-ixtisas təhsilində yeni ixtisaslar üzrə
mütəxəssis hazırlığına başlandıqda, bu
ixtisaslar üzrə təhsilverənlərin yenidən
hazırlanması;
- ilkin kadr hazırlığı kifayət etməyən
ixtisaslar üzrə yenidənhazırlanma;
- müəyyən müddət işləmiş qeyri-ixtisas təhsilli
kadrların işlədiyi ixtisas üzrə yenidən
hazırlanması;
- sahənin təşkili və idarə olunması üzrə
kadrların yenidən hazırlanması.
3.1.3. Yenidənhazırlanmaya icazə verilmiş
ixtisasların, eləcə də bu ixtisasa yiyələnmək
üçün tələb olunan baza ixtisaslarının siyahısı
hər il əlavə təhsil müəssisələri tərəfindən
müəyyənləşdirilir və təsdiq edilir .
3.1.4. Yenidənhazırlanma təhsili əyani formada
həyata keçirilir. Bu halda dinləyicilər
istehsalatdan ayrılmaqla təhsil alırlar.
3.1.5. Maddi-texniki və tədris bazası imkan
verən və müvafiq lisenziyası olan müəssisələrdə
yenidənhazırlanma təhsili distant (məsafədən)
formada həyata keçirilə bilər.
3.2. Yenidənhazırlanma təhsilinin təşkili və
yekun attestasiya
3.2.1. Kadrların yenidənhazırlanma təhsili
ixtisasartırma və yenidənhazırlanma
qurumlarında, ali, orta ixtisas və ilk
peşə-ixtisas təhsili müəssisələrində yaradılmış
müvafiq strukturlarda və bu sahə üzrə
fəaliyyətinə xüsusi razılıq verilmiş digər əlavə
təhsil müəssisələrində həyata keçirilir.
3.2.2. Yenidənhazırlanma təhsilinə qəbul
kadrların müraciəti və ya onların işlədikləri
müəssisələrin sifarişi əsasında aparılır.
3.2.3. Yenidənhazırlanma təhsilinin təşkili,
ixtisaslar və qəbul qaydaları barədə əlavə
təhsil müəssisəsi və müvafiq qurumlar tərəfindən
kütləvi informasiya vasitələrində elan verilir.
3.2.4. Hər tədris ili üçün yenidənhazırlanma
təhsilinə qəbul və tədris məşğələlərinin
başlanma vaxtı barədə müəssisə rəhbəri
tərəfindən əmr verilir.
3.2.5. Mütəxəssislərin yenidən hazırlanmasında
müxtəlif tədris formalarınndan (mühazirə,
laboratoriya işləri, seminar, müstəqil işlər,
fərdi və qrup üzrə məsləhətlər, tədris
ekskursiyaları, referatların hazırlanması və
qiymətləndirilməsi, biliklərin test üsulu ilə
yoxlanması, pedaqoji təcrübə və s.) istifadə
olunur.
3.2.6. Tədris prosesində yeni təlim
texnologiyaları, fəal (interaktiv) təlim
metodları, informasiya və kommunikasiya
texnologiyalarından istifadə olunur və digər
yeni üsullar tətbiq edilir.
3.2.7. Tədrisin təşkilinə müəssisənin ştatlı
müəllimləri ilə yanaşı, digər müəssisə və
təşkilatlardan mütəxəssislər dəvət oluna bilər.
3.2.8. Tədris proqramı tam yerinə yetirildikdən
sonra əlavə təhsil müəssisəsi tərəfindən dövlət
attestasiyası təşkil olunur.
3.3. Təhsil haqqında sənədin doldurulması,
verilməsi və uçotu
3.3.1. Yenidənhazırlanma təhsili üzrə
proqramları tam mənimsəyən, dövlət
attestasiyasından müvəffəqiyyətlə keçən hər bir
dinləyiciyə tabeliyində dövlət təhsil
müəssisələri olan mərkəzi icra hakimiyyəti
orqanı, bələdiyyə və ya əlavə təhsil müəssisəsi
tərəfindən vahid formada dövlət sənədi - diplom
verilir.
3.3.2. Yenidənhazırlanma haqqında vahid diplom
blankları tabeliyində dövlət təhsil müəssisələri
olan mərkəzi icra hakimiyyəti orqanı, bələdiyyə
və ya əlavə təhsil müəssisəsi tərəfindən
yenidənhazırlanma ilə məşğul olan tədris
müəssisəsinin sifarişi əsasında verilir.
3.3.3. Diplomların doldurulması, verilməsi və
uçotu tabeliyində dövlət təhsil müəssisələri
olan mərkəzi icra hakimiyyəti orqanı, bələdiyyə
və ya əlavə təhsil müəssisəsi tərəfindən təsdiq
edilmiş təlimata uyğun həyata keçirilir.
3.3.4. Hər tədris ilinin sonunda təhsil
müəssisələri tərəfindən yenidənhazırlanma
təhsilinin yekunları və diplomların verilməsi
barədə tabeliyində dövlət təhsil müəssisələri
olan mərkəzi icra hakimiyyəti orqanına,
bələdiyyəyə və ya əlavə təhsil müəssisəsinə
hesabat təqdim edilir.
3.3.5. Mütəxəssislərin yenidənhazırlanma diplomu
ali və ya orta ixtisas təhsili haqqında müstəqil
sənəd deyildir. İşə qəbul zamanı
yenidənhazırlanma haqqında verilmiş diplom baza
təhsili diplomu ilə birgə təqdim edildikdə
hüquqi əsasa malikdir.
3.3.6. Yenidənhazırlanma diplomu mütəxəssisə
onun aldığı ilkin ali və ya orta ixtisas təhsili
bazasında müəyyən sahədə vəzifə kateqoriyasının
peşə-ixtisas tələblərinə müvafiq olaraq
fəaliyyət göstərmək hüququ verir.
4. Stajkeçmə və kadrların təkmilləşdirilməsi
təhsili
4.1. Stajkeçmə və kadrların
təkmilləşdirilməsinin məqsəd və vəzifələri
4.1.1. Stajkeçmə və kadrların təkmilləşdirilməsi
elmi-pedaqoji, pedaqoji, münhəndis-müəllim
kadrları, sənaye, tikinti, iqtisadiyyat, tibb,
kənd təsərrüfatı, bütün növ istehsal sahələri və
s. kateqoriyadan olan kadrlar üçün əlavə təhsil
növüdür.
4.1.2. Stajkeçmə və kadrların təkmilləşdirilməsi
təhsili peşəkarlıq səviyyəsinin və əməyin
keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır,
kadrların peşə bacarıqlarının formalaşdırılması
və inkişaf etdirilməsinə, nəzəri biliklərin
təcrübə ilə əlaqələndirilməsinə, daha müasir
peşə bacarıq və vərdişlərinin qazanılmasına,
yeni texnologiyalar və innovasiyalar sisteminin
tətbiqi üzrə təcrübə əldə edilməsinə xidmət
edir.
4.1.3. Stajkeçmə və kadrların təkmilləşdirilməsi
prosesində xüsusi ayrılmış müəssisələrdə
yüksəkixtisaslı mütəxəssislərin rəhbərliyi
altında əvvəlcədən nəzərdə tutulmuş problem üzrə
yeni texnologiyaların, innovasiyaların
öyrədilməsi həyata keçirilir.
4.1.4. Stajkeçmə və kadrların təkmilləşdirilməsi
təhsili şəbəkəsinə ölkədə və xaricdə olan
müxtəlif tip ali təhsil müəssisələri, baza
kafedraları, müvafiq ixtisasartırma müəssisələri
və fakültələri, ixtisas profilinə uyğun elm,
təhsil və istehsalat müəssisələri, təcrübə-sınaq
stansiyaları, dayaq məntəqələri və s. aiddir.
4.1.5. Əlavə təhsil müəssisələrində kadrların
ixtisasının artırılması üçün nəzərdə tutulan
təhsil tədbirlərinə - stajkeçməyə dair ayrıca
blok da əlavə oluna bilər.
4.1.6. Stajkeçmə və kadrların təkmilləşdirilməsi
zamanı mütəxəssisin ixtisas sahələri üzrə nəzəri
bilikləri əsas götürülür.
4.2. Stajkeçmə və kadrların
təkmilləşdirilməsinin məzmunu və formaları
4.2.1. Stajkeçmə və kadrların təkmilləşdirilməsi
zamanı aşağıdakılar nəzərə alınır:
- müvafiq ixtisas üzrə nəzəri və təcrübi
hazırlıq;
- nəzərdə tutulmuş problem üzrə yeniliklərin,
müasir yanaşmaların əhəmiyyəti;
- mövzular üzrə diskussiyaların, məsləhət
saatlarının təşkili;
- konfranslarda, müzakirələrdə, müşavirələrdə,
işgüzar görüşlərdə, seminarlarda iştirak etmək;
- stajkeçmə və kadrların təkmilləşdirilməsinin
nəticələri barədə hesabatın hazırlanması.
4.2.2. Stajkeçmə və kadrların təkmilləşdirilməsi
aşağıdakı proses və ya tədbirləri özündə
birləşdirir:
- hər hansı sahə üzrə yeniliklərlə operativ
tanışlıq və öz həmkarları ilə təcrübə
mübadiləsini;
- distant (məsafədən) ötürmə üsulu ilə yeni
materialların əldə edilməsi, onların yayılması
və bu istiqamətdə fikir mübadilələrinin
aparılmasını;
- aktual mövzuların dinlənilməsi üçün sahə üzrə
qabaqcıl mütəxəssislərin dəvət olunması, problem
mövzular ətrafında müzakirələrin təşkili və
nəticələrin təhlilini;
- kadr hazırlığı, ixtisasartırma təhsilində
tətbiq olunacaq modulların, eləcə də yeni təlim
materiallarının müzakirəsində iştirak edilməsi
və nəticələr barədə əsaslandırılmış təkliflərin
verilməsini.
4.3. Stajkeçmə və kadrların təkmilləşdirilməsi
işinin təşkili
4.3.1. Stajkeçmə və kadrların təkmilləşdirilməsi
işinin təşkili sifariş əsasında stajkeçənin və
ya təkmilləşdirilənin işlədiyi müəssisənin
təqdimatı ilə həyata keçirilir.
4.3.2. Verilən təqdimat əsasında stajkeçmə və
kadrların təkmilləşdirilməsini təşkil edəcək
müəssisə ilə razılaşdırılmış cədvəl hazırlanır.
4.3.3. Stajkeçmə və kadrların
təkmilləşdirilməsini həyata keçirmək üçün bu işi
həyata keçirən müəssisə tərəfindən təcrübəli və
səriştəli əməkdaşlar rəhbər təyin edilirlər.
4.3.4. Stajkeçmə və kadrların təkmilləşdirilməsi
dövründə rəhbərin hüquq və vəzifələri
aşağıdakılardır:
- stajkeçmənin vaxtını, yerini və formasını
müəyyən etmək;
- stajkeçmə və kadrların təkmilləşdirilməsi
işini koordinasiya etmək və stajkeçənlə birlikdə
görüləcək işlərin planını tərtib etmək;
- əvvəlcədən və stajkeçmə dövründə planın yerinə
yetirilməsində stajkeçənə məsləhətlər vermək və
köməklik göstərmək.
4.3.5. Stajkeçənin hüquq və vəzifələri
aşağıdakılardır:
- müəssisənin daxili nizam-intizam qaydalarına
riayət etmək;
- nəzərdə tutulan bütün tədbirlərdə fəal iştirak
etmək;
- innovasiya metodlarını, təlim
texnologiyalarını fəal və çevik şəkildə
mənimsəmək;
- nəzərdə tutulan müddətin sonunda fərdi plana
uyğun olaraq yazılı hesabat təqdim etmək.
4.3.6. Müxtəlif sahələrdə çalışan kadrların
stajkeçmə və təkmilləşdirilmə yolu ilə
peşəkarlıq səviyyəsinin artırılmasında seminar,
treninq və digərləri ilə yanaşı, dayaq
məntəqələri mexanizmindən də istifadə edilə
bilər.
4.3.7. İxtisasartırma dövründə stajkeçmə və
kadrların təkmilləşdirilməsinin müddəti əlavə
təhsilin tədris-tematik planı və digər amillərlə
müəyyən olunur.
4.4. Stajkeçmə və kadrların təkmilləşdirilməsi
üzrə müvafiq təhsil sənədlərinin verilməsi
4.4.1. Stajkeçmə və təkmilləşmənin sonunda
stajkeçənə və təkmilləşdirilənə əlavə təhsil
müəssisəsinin müəyyən etdiyi vahid formada sənəd
- stajkeçənə sertifikat, təkmilləşdirilənə
arayış verilir.
4.4.2. Stajkeçmə və təkmilləşmə tədbirlərini
başa vuranlara təqdim olunan sənəd bu
tədbirlərin keçirildiyi müəssisə rəhbəri
tərəfindən imzalanır, möhürlə təsdiq olunur.
5. Təkrar ali təhsil və orta ixtisas təhsili
5.1. Təkrar ali təhsil və orta ixtisas
təhsilinin məzmunu və formaları
5.1.1. Təkrar ali təhsil və orta ixtisas təhsili
ilkin baza peşə-ixtisas təhsili proqramı ilə
yenidən əldə ediləcək ixtisasın baza təhsil
proqramı arasındakı fərq bir tədris ilinə
hesablanmış saatdan çox olduqda, mütəxəssislərə
verilən əlavə təhsil növüdür. Proqramlar
arasındakı fərq təkrar ali təhsil və orta
ixtisas təhsili verən müəssisə tərəfindən
müəyyən edilir.
5.1.2. Mütəxəssis hazırlamaq işində çevikliyi və
ayrı-ayrı şəxslərin əlavə ixtisas təhsili almaq
arzusunu təmin etmək məqsədi ilə təkrar ali
təhsil və orta ixtisas təhsili bu təhsili almaq
istəyən şəxslərlə və ya onların işlədikləri
idarə və təşkilatlarla müvafiq təhsil müəssisəsi
arasında bağlanmış müqavilələr əsasında həyata
keçirilir.
5.1.3. Ali təhsili olanlar təkrar ali, orta
ixtisas təhsili olanlar isə təkrar orta ixtisas
təhsili ala bilərlər.
5.1.4. Hər hansı təhsil müəssisəsində təkrar ali
təhsil və orta ixtisas təhsili həmin təhsil
müəssisəsində hazırlanan ixtisaslar üzrə aparıla
bilər.
5.1.5. Təkrar ali təhsil və orta ixtisas
təhsilinin məzmunu əlavə təhsil müəssisəsi
tərəfindən təsdiq edilmiş tədris planları və
proqramları əsasında müəyyənləşdirilir.
5.1.6. Təkrar ali təhsil və orta ixtisas təhsili
müvafiq ixtisas üzrə bakalavr (subbakalavr)
pilləsi üçün mövcud olan baza təhsil
proqramlarındakı ümumi və ixtisas fənləri
bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə
aldığı baza təhsili proqramı ilə yeni ixtisasın
baza təhsili proqramı arasındakı fərq nəzərə
alınmaqla, xüsusi hazırlanmış təhsil proqramları
əsasında aparılır.
5.1.7. Təkrar ali təhsil və orta ixtisas təhsili
əyani, qiyabi və distant (məsafədən) formalarda
həyata keçirilə bilər.
5.2. Təkrar ali təhsil və orta ixtisas
təhsilinin təşkili
5.2.1. Təkrar ali təhsil və orta ixtisas təhsili
üzrə qəbul qaydaları və müvafiq ixtisaslar üzrə
qəbul olunacaq tələbələrin sayı mövcud
maddi-texniki baza və elmi-pedaqoji potensial
nəzərə alınmaqla, təhsil müəssisəsi tərəfindən
müəyyənləşdirilir.
5.2.2. Təkrar ali təhsil və orta ixtisas təhsili
müəyyən istiqamət və ixtisaslar üzrə müvafiq
fakültələrdə (şöbələrdə) həyata keçirilir.
5.2.3. Qruplarda tələbələrin sayı 15-30 nəfər
müəyyən edilir.
5.2.4. Əvvəl aldığı ixtisasın baza proqramında
öyrənilmiş fənlərin məzmunu yeni almaq istədiyi
əlavə ixtisasın təhsil proqramına daxil olan hər
hansı fənnin məzmununa uyğun olduqda, tələbə
həmin fənlər üzrə məşğələlərdən və
attestasiyadan azad olunur.
5.3. Təkrar ali təhsil və orta ixtisas təhsili
haqqında sənədin doldurulması, verilməsi və
uçotu
5.3.1. Təkrar ali təhsil və orta ixtisas təhsili
üzrə proqram və tədris planı əsasında ali (orta
ixtisas) təhsilini müvəffəqiyyətlə başa
vuranlara bakalavr (subbakalavr) dərəcəsi və ali
(orta ixtisas) təhsil haqqında diplom verilir.
5.3.2. Diplomların doldurulması, verilməsi və
uçotu tabeliyində dövlət təhsil müəssisələri
olan mərkəzi icra hakimiyyəti orqanı, bələdiyyə
və ya əlavə təhsil müəssisəsi tərəfindən təsdiq
edilmiş təlimata uyğun həyata keçirilir.
6. Dərəcələrin yüksəldilməsi təhsili
6.1. Dərəcələrin yüksəldilməsi təhsilinin
məzmunu və formaları
6.1.1. Dərəcələrin yüksəldilməsi təhsili orta
ixtisas təhsili müəssisələrini bitirmiş və
subbakalavr dərəcəsi almış kadrların uyğun
ixtisaslar üzrə bakalavr səviyyəsinə hazırlığını
nəzərdə tutan təhsil növüdür.
6.1.2. Dərəcələrin yüksəldilməsi təhsili ali
təhsilli kadrlara olan real tələbatın daha
dinamik və çevik surətdə ödənilməsinə xidmət
edir və ilkin baza təhsili proqramı ilə yenidən
əldə ediləcək ixtisas üzrə bakalavr təhsili
proqramı arasındakı fərqin 1 tədris ilinə
hesablanmış saatdan az və 2 tədris ilinə
hesablanmış saatdan çox olmaması şərtilə
subbakalavra verilən əlavə təhsildir.
6.1.3. Dərəcələrin yüksəldilməsi üzrə təhsil
müddəti subbakalavrın ilkin baza təhsili
proqramı ilə onun təhsil almaq istədiyi müvafiq
ixtisas üzrə bakalavr təhsili proqramı
arasındakı fərqə əsasən müəyyən edilir.
6.1.4. İlkin baza təhsili proqramı ilə yenidən
əldə ediləcək ixtisas üzrə bakalavr təhsil
proqramı arasındakı fərqdən asılı olmayaraq,
subbakalavrlar bakalavr dərəcəsi üzrə ali təhsil
almaq üçün yalnız dövlət tərəfindən müəyyən
olunmuş ümumi qaydada ali məktəblərin birinci
kursuna qəbul olunurlar.
6.1.5. Dərəcələrin yüksəldilməsi üzrə təhsil
proqramları ali təhsil müəssisələri tərəfindən
həyata keçirilir.
6.1.6. Dərəcələrin yüksəldilməsinə icazə
verilmiş ixtisasların, eləcə də bu ixtisasa
yiyələnmək üçün tələb olunan baza ixtisaslarının
siyahısı hər il əlavə təhsil müəssisəsi
tərəfindən müəyyənləşdirilir və təsdiq edilir.
6.1.7. Hər hansı təhsil müəssisəsində
dərəcələrin yüksəldilməsi təhsili həmin təhsil
müəssisəsində hazırlanan ixtisaslar üzrə aparıla
bilər.
6.1.8. Dərəcələrin yüksəldilməsi təhsilinin
məzmunu hər bir ixtisasa uyğun proqramlar
əsasında müəyyən edilir.
6.1.9. Dərəcələrin yüksəldilməsi təhsili əyani,
qiyabi və distant (məsafədən) formalarda həyata
keçirilir.
6.2. Dərəcələrin yüksəldilməsi təhsilinin
təşkili və yekun attestasiya
6.2.1. Dərəcələrin yüksəldilməsi təhsilinin
təşkili məqsədi ilə hər il ali təhsil müəssisəsi
müvafiq ixtisaslar üzrə orta ixtisas və ali
təhsil müəssisələrinin tədris proqramlarının
müqayisəli təhlili əsasında qısamüddətli tədris
proqramları hazırlayır və təklif edir.
Dinləyicilər tədris proqramları və müqavilə
şərtləri ilə tanış olduqdan sonra sənədlərini
təhsil müəssisəsinə təqdim etməli və müsahibədən
keçməlidirlər. Yalnız müsahibə komissiyasının
müsbət qərarından və müvafiq təhsil xərci
ödənildikdən sonra qarşılıqlı razılaşma əsasında
müqavilə imzalanır və dinləyici dərəcənin
yüksəldilməsi üzrə əlavə təhsilə qəbul olunur.
6.2.2. Dərəcələrin yüksəldilməsi üzrə təhsil
bakalavr hazırlığına uyğun olaraq həyata
keçirilir.
6.2.3. Mütəxəssis hazırlamaq işində çevikliyi və
ayrı-ayrı subbakalavrların uyğun ixtisaslar üzrə
bakalavr təhsili almaq arzusunu təmin etmək
məqsədi ilə dərəcələrin yüksəldilməsi təhsili
həmin şəxslərlə və ya onların işlədikləri idarə
və təşkilatlarla müvafiq əlavə təhsil müəssisəsi
arasında bağlanmış fərdi müqavilələr əsasında
həyata keçirilir.
6.2.4. Dərəcələrin yüksəldilməsi prosesində orta
ixtisas təhsili müəssisəsini bitirmiş
subbakalavrların bakalavr təhsili səviyyəsinə
yüksəldilməsi dinləyicilərin öz arzuları
əsasında ödənişli əsaslarla həyata keçirilir.
6.2.5. Tədris proqramı tam yerinə yetirildikdən
sonra tabeliyində dövlət təhsil müəssisələri
olan mərkəzi icra hakimiyyəti orqanı, bələdiyyə
və ya əlavə təhsil müəssisəsi tərəfindən təsdiq
edilmiş qaydada dövlət attestasiyası təşkil
olunur.
6.3. Təhsil haqqında sənədin doldurulması,
verilməsi və uçotu
6.3.1. Dərəcələrin yüksəldilməsi təhsili üzrə
proqram və tədris planı əsasında ali təhsilini
müvəffəqiyyətlə başa vuranlara bakalavr dərəcəsi
və ali təhsil haqqında vahid formalı diplom
verilir. Bu halda dinləyicinin orta ixtisas
təhsili müəssisəsində topladığı kreditlər və ya
tədris olunan fənlərin saatlarına uyğun kredit
ekvivalentləri tabeliyində dövlət təhsil
müəssisələri olan mərkəzi icra hakimiyyəti
orqanı, bələdiyyə və ya əlavə təhsil müəssisəsi
tərəfindən müəyyən edilmiş qaydada nəzərə
alınır.
6.3.2. Diplomların doldurulması, verilməsi və
uçotu tabeliyində təhsil müəssisələri olan
mərkəzi icra hakimiyyəti orqanı tərəfindən
təsdiq olunmuş təlimata uyğun yerinə yetirilir.
6.3.3. Dərəcələrin yüksəldilməsi üzrə təhsil
almış şəxslər ali təhsilli bakalavrlara bərabər
tutulur və onlar təhsillərini magistraturada
davam etdirə bilərlər.
7. Yaşlıların təhsili
7.1. Yaşlıların təhsilinin məzmunu və formaları
7.1.1. Yaşlıların təhsili vətəndaşların
fasiləsiz olaraq cəmiyyətdə və iqtisadiyyatda
baş verən dəyişikliklərə uyğunlaşmasını təmin
edən əlavə təhsil növüdür.
7.1.2. Əlavə təhsilin bu istiqaməti
əməkqabiliyyətli əhalinin böyük bir hissəsinin
əmək bazarında rəqabətqabiliyyətli olmaları üçün
onların yenidən ixtisaslaşması, yeni şəraitə
uyğunlaşdırılması və yeni iş imkanlarının
yaradılması zərurətindən irəli gəlir.
7.1.3. Yaşlıların təhsilinin məqsədi yaşlı
vətəndaşların cəmiyyətin daim dəyişən sosial,
siyasi, mədəni həyatında fəal və səriştəli
iştirakını təmin etməkdən ibarətdir. Bu növ
təhsil vasitəsilə yaşlı vətəndaşlar öz
bacarıqlarını artırır, biliklərini
zənginləşdirir, peşəkarlıqlarını təkmilləşdirir
və ya yeni istiqamətə yönəldir və bu yolla
onların müstəqil sosial, iqtisadi və mədəni
inkişafda iştirakı təmin edilir.
7.1.4. Yaşı 18-dən yuxarı, müstəqil fəaliyyət
təcrübəsi və peşəsi olan, bəzi hallarda isə heç
bir peşəsi olmayan insanlar yaşlıların təhsilinə
cəlb oluna bilər.
7.1.5. Yaşlıların təhsilinin məzmunu konkret
vəziyyətə, şəraitə uyğun olaraq
müəyyənləşdirilir, cəmiyyətin və şəxsin (fərdin)
inkişafına xidmət edir.
7.1.6. Yaşlıların təhsili kontingentinə daxil
olan insanlar əvvəllər müəyyən bilik və
bacarıqlara malik olduqlarından, bu təhsil
formasının təşkili zamanı yeni metodlar tətbiq
edilməklə, onların tələbatları və əvvəllər
qazandıqları bilik və bacarıqların maksimum
dərəcədə nəzərə alınması təmin edilir.
7.1.7. Yaşlıların təhsili üçün cəmiyyətin və
əmək bazarının tələbləri nəzərə alınaraq
yaşından, dini və milli mənsubiyyətindən,
dünyagörüşündən, ilk təhsilindən və sosial
vəziyyətindən asılı olmayaraq, bütün yaş
qruplarını əhatə etməklə təhsil proqramları
hazırlanır.
7.1.8. Yaşlıların təhsili dövlət, bələdiyyə və
özəl müəssisələr tərəfindən formal, qeyri-formal
və informal formada həyata keçirilir.
7.1.9. Təhsilə cəlb ediləcək kontingentin
tərkibinə aşağıdakı şəxslər daxil ola bilər:
- əmək funksiyalarının məzmununda baş vermiş
yeniliklərlə əlaqədar ixtisasartırma və
yenidənhazırlanmaya cəlb edilən peşəkar işçilər;
- məşğuliyyət sahəsini və ya peşəsini dəyişmək
fikrində olan şəxslər;
- uzunmüddətli fasilədən sonra peşəkar əmək
fəaliyyətinə qayıdanlar;
- peşəsi olmayanlar;
- yeni peşəyə yiyələnməyə və ya ixtisasını
artırmağa ehtiyacı olan işsizlər;
- hərbi xidmətdən tərxis olunanlar;
- evdar qadınlar və uşaqlı analar;
- şəxsi keyfiyyətlərini inkişaf etdirmək və ya
bilik dairəsini genişləndirmək arzusunda olan
şəxslər.
7.2. Yaşlıların təhsilinin təşkili
7.2.1. Yaşlıların təhsilini həyata keçirən
müəssisələr öz fəaliyyətlərində yerləşdiyi
ərazinin xüsusiyyətlərini, adət və ənənələrini,
dinləyicilərin maraqlarını nəzərə almalı,
dinləyicilərə yalnız yeni peşə almaq imkanları
deyil, həmçinin mövcud peşələrin spesifik
xüsusiyyətləri və perspektivləri haqqında
müfəssəl məlumat verməlidir. Yaşlıların təlimi
zamanı təhsilalanlara ümumi biliklərlə yanaşı,
sahibkarlıq fəaliyyəti, müstəqil işin qurulması
barədə bacarıqların aşılanması da nəzərdə
tutulur.
7.2.2. Yaşlıların təhsilinin təşkili zamanı
aşağıdakı amillər nəzərə alınmalıdır:
- yaşlıların təhsili baza təhsilini əvəz etmək
məqsədini daşımamalı, əksinə onun əsasında
həyata keçirilməlidir;
- yaşlıların təhsili heç bir peşə və təhsili
olmayan gənclərin müvafiq peşə almalarına şərait
yaratmalıdır;
- yaşlıların təhsili zamanı onların fərdi
təcrübələri nəzərə alınmalıdır;
- bir təhsil pilləsi və səviyyəsindən digərinə
keçid asanlaşdırılmalıdır;
- təhsil sistemi onu əhatə edən sosial-mədəni və
iqtisadi mühitə uyğunlaşdırılmalıdır;
- təhsilə çəkilən xərclər sosial həyata,
mədəniyyətə və iqtisadiyyata çəkilən xərclərdən
daha çox effekt verməlidir;
- inkişaf proqramlarında yaşlıların təhsili ilə
əlaqədar tədbirlər nəzərdə tutulmalı, yaşlıların
təhsili milli, regional, sosial-iqtisadi inkişaf
və təhsil proqramlarında nəzərdə tutulmuş
məqsədlərə uyğun istiqamətləndirilməli və
koordinasiya edilməlidir.
7.3. Yaşlıların təhsili üzrə müəssisələr
Yaşlıların təhsili dövlət, bələdiyyə və özəl
qurumlar tərəfindən təşkil edilir. Bu təhsil
ixtisasartırma və yenidənhazırlanma
qurumlarında, ali, orta ixtisas və ilk
peşə-ixtisas təhsili müəssisələrində yaradılmış
müvafiq strukturlarda, stajkeçmə və peşə
hazırlığı kurslarında və bu sahə üzrə
fəaliyyətinə xüsusi razılıq verilmiş digər
müəssisələrdə həyata keçirilir.
7.4. Yaşlıların təhsili üzrə müvafiq təhsil
sənədlərinin verilməsi
Yaşlıların təhsilinin sonunda mənimsənilmiş
proqramın məzmununa, yeni qazanılan ixtisasa
uyğun tabeliyində dövlət təhsil müəssisələri
olan mərkəzi icra hakimiyyəti orqanı tərəfindən
müəyyənləşdirilmiş və möhürlə təsdiq edilmiş
vahid formada sertifikat və ya diplom verilir.
8. Əlavə təhsilin hər bir istiqaməti üzrə
təhsilin maliyyələşdirilməsi
8.1. Dövlət büdcəsindən maliyyələşən
təşkilatlarda çalışan kadrların ixtisasartırma
təhsilinin minimum həddi, eləcə də stajkeçmə və
təkmilləşdirilməsi üçün nəzərdə tutulan maliyyə
xərcləri bu məqsədlə ayrılan büdcə vəsaiti
hesabına həyata keçirilir. Digər müəssisə və
təşkilatlarda çalışan kadrlar üçün müvafiq
maliyyə xərcləri həmin qurumlar və yaxud kadrın
özü tərəfindən ödənilir.
8.2. Əlavə təhsilin digər istiqamətləri
(yenidənhazırlanma təhsili, təkrar ali təhsil və
orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi,
yaşlıların təhsili) üzrə təhsil yalnız ödənişli
əsaslarla (dövlət büdcəsindən vəsait
ayrılmamaqla) həyata keçirilir və müvafiq
maliyyə xərcləri kadrın çalışdığı təşkilat və
yaxud kadrın özü tərəfindən ödənilir. Bu halda
təhsil üçün ödənişin miqdarı müvafiq qaydalara
uyğun müəyyənləşdirilir.
8.3. Əlavə təhsil formaları təhsil
müəssisələrinin ödənişli təhsil haqqından əldə
etdikləri büdcədənkənar vəsaitlər, habelə
qanunvericiliyə zidd olmayan digər mənbələr
hesabına maliyyələşdirilə bilər.
8.4. Hər il dövlət büdcəsinin tərtib edilməsi
prosesində ixtisasartırma təhsili, stajkeçmə və
təkmilləşdirmə ilə bağlı aidiyyəti dövlət
qurumları tərəfindən proqnozlaşdırılan maliyyə
xərclərinin həcmi Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi ilə razılaşdırılır. |