Təhsil
naziri Misir Mərdanov öncə qonağı səmimi
salamlayaraq bu görüşdən məmnunluğunu ifadə edib.
Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında
təhsil sahəsində mövcud olan əlaqələrdən söz
açan nazir ikitərəfli əməkdaşlığın əhəmiyyətini
xüsusi qeyd edib. Nazir Amerika hökumətinin,
eləcə də ABŞ-ın ölkəmizdəki səfirliyinin təhsil
sahəsinə olan diqqətini, ölkəmizdə ali və orta
təhsil sahəsi üzrə müxtəlif proqramların həyata
keçirildiyini və həmin proqramlara müvafiq
dəstək verildiyini nəzərə çatdırıb. Təhsil
sahəsində ikitərəfli əməkdaşlığın inkişafına
təkan verən bu proqramların əhəmiyyətini
vurğulayan Misir Mərdanov onu da əlavə edib ki,
bu il "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində 6 Azərbaycan vətəndaşı
ABŞ universitetlərində təhsil almaq üçün
göndərilib.
Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova
minnətdarlığını bildirən ABŞ-ın Azərbaycandakı
səfirliyinin müvəqqəti işlər vəkili Adam
Sterlinq iki ölkənin təhsil sahəsində
əlaqələrinin inkişaf etdirilməsindən danışıb və
azərbaycanlı gənclərin ABŞ universitetlərində
müvafiq proqramlar üzrə təhsili məsələsinə
toxunub. Qonaq Fulbrayt proqramı çərçivəsində
görülən işlərdən, mövcud vəziyyətdən, eyni
zamanda təhsil sahəsində ikitərəfli əməkdaşlığın
inkişafı baxımından atılan digər addımlardan söz
açıb.
Misir Mərdanov, öz növbəsində, qeyd olunan
məsələlərə münasibətini açıqlayıb və Fulbrayt
proqramı çərçivəsində namizədlər seçilərkən
Azərbaycan üçün lazım olan ixtisaslara üstünlük
verilməsini önə çəkib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb. |