Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan
Partiyası Universitet şəhərciyi ərazi ilk
təşkilatının elmi konfransı keçirildi.
Konfransı giriş sözü ilə açan rektor, akademik
İsa Həbibbəyli Yeni Azərbaycan Partiyasının
milli inkişaf və tərəqqi partiyası, xalqın rifah
mənbəyi olduğunu vurğuladı. Qeyd olundu
ki,ümummilli lider Heydər Əliyev tərəfindən
yaradılan, onun müdrik siyasəti altında xalqı,
eləcə də onun intellektual potensialını öz
ətrafında birləşdirən, siyasi gücə malik olan bu
partiya dünya miqyasında da böyük nüfuz
qazanmışdır. Natiq Yeni Azərbaycan Partiyasının
iqtidara gəldikdən sonra elmin, təhsilin
inkişafı istiqamətində gördüyü mühüm işlərdən,
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin daxili və xarici siyasətinin
uğurlarından danışdı.
YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının
sədri, Azərbaycan Respublikasının əməkdar
müəllimi, pedaqoji elmlər namizədi, dosent Kamal
Camalov "Yeni dərs ilində Yeni Azərbaycan
Partiyasına üzv olan tələbə gənclərin
vəzifələri" mövzusunda məruzə etdi.
Məruzəçi partiyanın gəncliyə yüksək etimad
göstərdiyini, müstəqil, demokratik, hüquqi
dövlət quruculuğunda onların daim irəli
çəkildiyini bildirdi. 1992-ci ilin dekabr
ayından fəaliyyətə başlayan YAP Universitet
şəhərciyi ərazi ilk təşkilatı 2000-ə yaxın üzvü
öz sıralarında birləşdirərək ölkənin
ictimai-siyasi həyatında yaxından iştirak edir.
Ümumxalq mənafeyinin qorunması, dövlət
müstəqilliyinin möhkəmləndirilməsi uğrunda fəal
mübarizə aparan partiyanın nizamnamə və proqramı
ziyalı gənclik tərəfindən yekdilliklə
dəstəklənir. Natiq Yeni Azərbaycan Partiyasının
qarşıdan gələn parlament seçkilərində gəncliyə
və elmi potensiala böyük üstünlük verdiyini
nəzərə çatdırdı, universitet kollektivini
seçkilərdə mütəşəkkil şəkildə iştirak edərək
layiqli namizədə səs verməyə çağırdı.
Tədbirin sonunda partiya sıralarına qəbul
edilmiş üzvlərə vəsiqələr təqdim olundu.
Mehriban SULTAN |