Oktyabrın 26-da Azərbaycan Texniki
Universitetində Virtual Layihə-Texnoloji Tədris
Mərkəzinin (VLTTM) açılışı oldu.
Tədbirdə təhsil nazirinin müavini İradə
Hüseynova , "Abplanalp Engineerinq AG"
şirkətinin prezidenti Eji Henke və şirkətin
Orta Asiya nümayəndəliyinin rəhbəri Yuri
Qizerski, professor-müəllim heyəti, tələbələr
iştirak edirdilər.
Tədbirdə universitetin rektoru, professor Havar
Məmmədov qeyd etdi ki, rəhbərlik etdiyi ali
məktəbdə yüksək texnologiyaların tətbiqi və
transferi,texnoloji proseslərin
avtomatlaşdırılmış layihələndirilməsi və idarə
olunması, tələbələrdə unikal vərdişlər və
qabiliyyətlərin formalaşdırılması,
ixtisasartırma və yeni ixtisasalma, elmi
nəticələrin kommersiyalaşdırılması və digər
əlaqədar fəaliyyətlərin həyata keçirilməsi
məqsədilə müstəqil VLTTM yaradılıb. VLTTM-ın
bazasında İnternetə qoşulmuş "Pentium-IV"
markalı kompüterlər, elektron proyektorlar,
interaktiv lövhə olan sinif fəaliyyət göstərir.
VLTTM-də maşınqayırma, texnoloji maşınlar,
avtomatika və kompüter texnikası və digər
fakültələrdə təhsilin müxtəlif səviyyələrində
rəqəmli proqramla idarə olunan dəzgahlar üçün
idarəedici proqramların və mexaniki emal
texnologiyalarının CAD/CAM sistemləri əsasında
layihələndirilməsi və tətbiqi ilə əlaqədar
fənlərin tədrisi və respublikanın maşınqayırma
və cihazqayırma müəssisələrinin mütəxəssisləri
üçün ixtisasartırma, yeni ixtisasalma və digər
əlavə təhsil xidmətlərinin həyata keçirilməsi
nəzərdə tutulub.
Sonra təhsil nazirinin müavini İradə Hüseynova
ali məktəblərin qarşısında duran yüksəkixtisaslı
kadrların hazırlanması vəzifəsindən danışdı.
Vurğuladı ki, həmin kadrlar müasir tələblərə
cavab verən yeni texnoloji sistemləri idarə
etməyi bacarmalıdırlar. Azərbaycan təhsilinin
Avropa təhsil məkanına inteqrasiyası üçün
mütəmadi işlər görüldüyünü diqqətə çatdıran
nazir müavini Prezident İlham Əliyevin müvafiq
sərəncamları ilə təhsil sahəsində həyata
keçirilən dövlət proqramlarının əhəmiyyətindən
söz açdı.
Mərasimdə çıxış edən İsveçrənin "Abplanalp
İngineerinq AG" şirkətinin prezidenti Eji Henke
və şirkətin Orta Asiya nümayəndəliyinin rəhbəri
Yuri Qizerski diqqətə çatdırdılar ki, belə
dəzgahların ATU-da quraşdırılması gənc
kadrların müasir texnologiyalarla işləməsini
sürətləndirəcək, onların yeni elmi bilikləri
daha dərindən öyrənmələrinə təkan verəcək.
Sonra universitetin kafedra müdiri, professor
Həsən Hüseynov VLTTM haqqında iştirakçıları
ətraflı məlumatlandırdı və mütəxəssislər
tərəfindən dəzgahlar işə salınıb nümayiş
olundu.
Sifai SƏFƏROVA |