Ölkəmizin
müstəqillik dövründə əldə etdiyi ən böyük
nailiyyətlərdən biri də təhsil sahəsində
aparılan islahatlar və onların müsbət
nəticələridir. Hələ 1998-ci ildə ümummilli lider
Heydər Əliyevin dahi uzaqgörənliyi ilə
düşünülmüş üçmərhələli İslahat Proqramının
icrası bu gün də möhtərəm Prezidentimiz İlham
Əliyevin ciddi dəstəyi və Heydər Əliyev Fondunun
rəhbəri Mehriban xanım Əliyevanın yaxından
iştirakı sayəsində davam etdirilməkdədir. Bir
təhsil işçisi kimi mübaliğəsiz deyə bilərəm ki,
təhsil sahəsindəki sistemli və ardıcıl layihə və
yeniliklərin icrası hörmətli nazirimiz Misir
Mərdanov başda olmaqla təhsil ictimaiyyəti
tərəfindən yaradıcı və şüurlu şəkildə dərk və
qəbul edilir, atılan addımlar ciddi müzakirə və
mübahisələrin nəticəsi kimi ortaya çıxır.
Təsadüfi deyil ki, digər sahələrdə olduğu kimi,
təhsildə qazandığımız uğurlara görə biz bu gün
ölkəmizlə eyni şəraitdə və eyni zamanda sovetlər
birliyindən çıxmış respublikaların əksəriyyətini
qabaqlayırıq; həyata keçməkdə və son icra
mərhələsində olan İslahat Proqramımız çoxlarını
maraqlandırır, bu sahədə Azərbaycan təcrübəsinə
istinad halları artır. Xarici universitetlər və
digər təhsil müəssisələri ilə əlaqələrimiz,
müxtəlif beynəlxalq layihələrdə birbaşa
iştirakımız bunu cəsarətlə deməyə əsas verir.
Başlıcası odur ki, axtarışlarımızın və dünya
təhsil məkanına qovuşma cəhdlərimizin bəhrəsini
dadmaqda, başladığımız işləri qorxmadan və
israrla yerinə yetirməkdəyik. Həm orta, həm ali,
həm də digər təhsil pillələrində və təhsilə
yardımçı sahələrdə reallaşmaqda olan proqram və
layihələr ölkə reallıqlarına söykənir,
varislik, ardıcıllıq, elmilik, millilik,
dünyəvilik və s. prinsiplər əsas götürülür.
Ötən
yüzilliyin 70-80-ci illərində reallaşdırılmış
Azərbaycandan kənarda təhsil proqramı bu gün
eyni niyyəti daha əzmlə və inadla həyata
keçirməyimizə inam yaratdığı üçün indi həmin
təcrübəyə söykənməkdən qorxmuruq. Bu, ölkənin və
xalqın gələcəyi üçün olduqca vacib məsələdir.
Təhsil islahatlarımızın ən ümdə cəhəti odur ki,
"Təhsil haqqında" Azərbaycan Respublikasının
Qanunu təhsil sahəsində digər qanunvericilik
aktlarının hazırlanması və təsdiqi üçün gözəl
zəmin yaratmışdır. Ümidvarıq ki, bu proseslər
daha çevik və təhsil sistemimizdə gedən
yeniliklərin tempi ilə ayaqlaşma rejimində
həyata keçiriləcək, təhsil sahəsində Prezident
və hökumətin verdiyi sərəncamların işlək
mexanizmə çevrilməsi üçün lazımi tədbirlər
görüləcək.
Təhsildə əldə etdiyimiz nailiyyətlərdə, şübhəsiz
ki, ölkəmizin aparıcı universitetlərinin
özünəməxsus yeri var. Universitetlərimizin əsl
təhsil, mədəniyyət, ictimai və siyasi debatlar
mərkəzinə çevrilməsi, iqtisadi cəhətdən sərbəst
fəaliyyəti, xüsusən də xarici əlaqələrin
qurulması və müştərək beynəlxalq təhsil
layihələrində iştirakı, Boloniya sisteminə
keçidlə bağlı yeniliklərin qəbulu və tətbiqi
Avropa təhsil məkanına sürətlə qovuşmağımıza
şərait yaratdı. Ölkə Prezidentinin 2009-2013-cü
illərdə ali təhsil sisteminin inkişafı ilə bağlı
imzaladığı sərəncam universitetlərimizin daha
möhkəm maddi-texniki və tədris-təlim bazası
yaratmaq, təsərrüfathesablı qurumlar təsis etmək
və büdcədənkənar vəsaitlər əldə etmək
imkanlarını genişləndirir. Dövlətin təhsil
siyasətindən qədərincə yararlanmaq və profilinə
uyğun genişlənmək şansını buraxmamaq isə, ilk
növbədə, hər bir universitetin öz əlindədir.
Adambaşına maliyyələşmə prinsipinə keçid də
özünüqoruma instinkti qazanmağa vadar edir.
Gənclərimizin xaricdə təhsilə üstünlük verməsi
və məsafədən (distant) təhsil formasının
genişlənməsi də universitet rəhbərlərini öz cari
və perspektiv inkişaf planları barədə baş
sındırmağa çağırır. Artıq təkcə daxili təhsil
məkanında yox, həm də xarici universitetlərlə
rəqabət şəraitində çalışmaq zorundayıq.
Bu
cəhətdən Bakı Slavyan Universitetinin fəaliyyəti
xüsusi maraq doğurur. Bu qabaqcıl tədris
ocağının ali təhsil sahəsində əldə etdiyi
uğurlar ümummilli liderin sərəncamı ilə keçmiş
M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili
və Ədəbiyyatı İnstitutunun profili
genişləndirilməklə AMEA-nın müxbir üzvü, əməkdar
elm xadimi, xalqımızın görkəmli ziyalısı,
professor Kamal Abdullayevin rəhbərliyi altında
universitet kimi fəaliyyəti ilə bağlıdır. Yalnız
bir ixtisas - respublikanın orta məktəbləri üçün
rus dili və ədəbiyyat müəllimi hazırlığı ilə
məşğul olmuş bu ali məktəb hazırda bakalavriat
və magistratura pillələrində bütün slavyan
dilləri, türkologiya, jurnalistika, filologiya,
beynəlxalq münasibətlər, tərcümə,
regionşünaslıq, turizm və otelçilik, pedaqoji
kadr hazırlığı və s. istiqamətlərdə ciddi
fəaliyyət göstərməklə ölkə daxilində və
beynəlxalq səviyyədə xüsusilə seçilir.
Universitetdə fəaliyyət göstərən elmi tədqiqat
laboratoriyaları və tədris-mədəniyyət
mərkəzləri, mütəmadi keçirilən beynəlxalq elmi
konfrans və simpoziumlar, ölkə əhəmiyyətli və
beynəlxalq statuslu elm, mədəniyyət və təhsil
layihələri Bakı Slavyan Universiteti həcmində
bir ali məktəbin öz çiyinlərinə nə qədər ağır
yük götürdüyünü, lakin bu işlərə böyük sevgi və
istəklə başladığını, təhsil ocağının rəhbəri
tərəfindən irəli sürülən olduqca əhəmiyyətli
ideya və layihələrin həyata keçirilməsinə
kollektivin hər bir üzvünün canla-başla
qoşulduğunu sübut edir. Bu baxımdan, təkcə
iki-üç layihənin adını çəkmək kifayət edər: ölkə
Prezidentinin sərəncamı ilə həyata keçirilən 150
cildlik "Dünya ədəbiyyatı kitabxanası"
layihəsinə kuratorluq, "Filoloqun kitabxanası -
100" tərcümə və nəşr layihəsi, Almaniyanın
aparıcı universitetləri ilə müştərək
reallaşdırılan "Kitabi-Dədə Qorqud" və
"Nibelunqlar nəğməsi" mövzusunda beşillik
araşdırmalar, dünyanın böyük paytaxtları və
nüfuzlu universitetlərində yaradılan Azərbaycan
dili və mədəniyyəti mərkəzləri və s.
Niyyətimiz onillik yubileyini qeyd etmək
ərəfəsində olan universitetin orta təhsil
pilləsi ilə əlaqələrinə də geniş nəzər
yetirməkdir. Nəzdində fəaliyyət göstərən
məktəb-lisey kompleksinin inkişafı və
genişləndirilməsi yönümündə səylər,
respublikamızın ayrı-ayrı bölgələrində sığınacaq
tapmış qaçqın məktəblərinə hamilik, Bakının
mərkəzi və qocaman təhsil ocağı - 190 nömrəli
orta məktəbdə ölkəmizin təhsil sistemində və
təhsilimizin tarixində analoqu olmayan Ali və
orta təhsilin koordinasiyası kafedrasının
yaradılması, orta ümumtəhsil müəssisələri üçün
fənn kurikulumları, proqram və dərsliklər
hazırlanmasında yaxından iştirak, orta
məktəblərimiz üçün mütəxəssis hazırlığının ən
vacib mərhələsi hesab edilən pedaqoji təcrübənin
ən yüksək səviyyədə təşkili, universitetin ilk
və əsas ixtisası - rus dili və ədəbiyyatı
müəllimi ixtisasının qorunub saxlanılması
istiqamətində mütəmadi keçirilən elmi-metodiki,
elmi-praktik konfranslar, seminar-treninqlər,
məktəb müəllimlərinə metodiki dəstəyə və ictimai
fikirdə rus dilinə adekvat münasibətin
formalaşmasına xidmət edən "Azərbaycanda rus
dili və ədəbiyyatı" jurnalının yüksək səviyyədə
nəşri, nəticədə rus dilinin buraxılış və qəbul
imtahanlarına salınması, orta məktəblərdə
səmərəli və geniş tədrisi yönümündə səylər -
BSU-nun orta təhsil pilləsinə verdiyi önəmi
bariz şəkildə göstərir. Bu istiqamətdə reallaşan
layihələri davam etdirmək məqsədilə
universitetdə Orta təhsil problemləri üzrə
elmi-metodik mərkəzin təsis edilməsi də maraqla
qarşılanır.
Məlumdur ki, Azərbaycan Respublikasının Təhsil
Nazirliyi qabiliyyətli və istedadlı uşaqların
üzə çıxarılması ilə bağlı "Xüsusi istedada malik
uşaqların (gənclərin) yaradıcılıq potensialının
inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu
illər)"nı həyata keçirir. Bu proqramla aparıcı
universitetlərimizin üzərinə böyük öhdəliklər
qoyulur. Ən başlıcası odur ki, universitetlərin
maddi-texniki və tədris bazasından, kadr
potensialından istifadə etməklə qabiliyyətli və
istedadlı uşaqlar üçün onların nəzdində lisey və
gimnaziyaların təşkili vəzifəsi qarşıya qoyulub.
BSU ilə yanaşı, Bakı Dövlət Universiteti,
Azərbaycan Memarlıq və İnşaat Universiteti,
Xəzər, Qərb və Qafqaz universitetləri öz
potensiallarını həm də bu istiqamətə yönəldə və
müvafiq Prezident sərəncamından irəli gələn
tələblərə uyğun fəaliyyətə də imkan tapa
bildilər. Təbii ki, bu tipli məktəblərdə
uşaqların təhsilinin dövlət vəsaiti hesabına
təşkili daha səmərəli və arzuediləndir. Digər
tərəfdən, təhsil qanunvericiliyinə və
universitet təsərrüfatına uyğun olaraq müəyyən
ödənişli təhsil xidmətləri göstərməklə ciddi
nəticələr əldə etmək mümkündür.
Bakı Slavyan Universiteti orta təhsil pilləsində
fəaliyyət sahəsində pionerliyə məxsus ali
məktəbdir. Bu cəhətdən onun fəaliyyəti
respublikanın pedaqoji ictimaiyyətinin, dövlət,
hökumət və mətbuat orqanlarının, ictimai
qurumların nəzərindən kənarda qala bilməzdi. İlk
dəfə şəhər, respublika və beynəlxalq miqyasda
şagird və şagird-tələbə elmi konfranslarına
təsisçilik, ən əsası da qaçqın məktəblərində
oxuyan istedadlı uşaqların bu tədbirlərə cəlb
edilməsi və universitetin professor-müəllim
heyəti tərəfindən hazırlaşdırılması əsl örnək və
qürur yeri kimi dəyərləndirilə bilər.
Respublikamızın ən qabaqcıl orta məktəb və
liseylərində yaradılan kiçik "Elmlər
akademiyalar"ı, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin xətti ilə keçirilən şagird elmi
konfranslarına şəxsən hörmətli nazirimizin
özünün birbaşa maraq və dəstəyi orta təhsil
şəbəkəsində bu hərəkatın daha da genişlənəcəyinə
və aparıcı universitetlərimizin qoşulduğu bu
işin qabiliyyətli və istedadlı uşaqların düzgün
yönəldilməsi və formalaşdırılması üçün mühüm
vasitə olacağına inamı artırır.
Təhsil Nazirliyinin əmri və Nazirlər Kabinetinin
razılığı ilə Bakı şəhər 15 nömrəli məktəbin BSU
nəzdindəki liseyə birləşdirilməsi və
Məktəb-lisey kompleksinin təşkili universitetə
olan inamın təzahürüdür. Yeni tipli orta təhsil
müəssisəsi kimi universitet nəzdində uğurla
fəaliyyət göstərən lisey kollektivinin və
professor-müəllim heyətinin üzərinə ciddi
öhdəliklər qoyuldu: məktəbin şagird
kontingentinin, ilk növbədə, istedadlı uşaqların
günün tələbləri səviyyəsində təhsilinə yardım
göstərmək, onların ali məktəblərə qəbulu, bilik
yarışlarında və ictimai işlərdə fəal iştirakı,
şagirdlərin xarici dillərə səlis yiyələnməsi,
kompleksin universitetin baza məktəbi kimi
formalaşması, onun profilinə uyğun abituriyent
hazırlığı, ümumiyyətlə, məktəbli gənclərin peşə
seçimi yönümündə müntəzəm işlərin görülməsi və
s.
Qısa müddət ərzində tədris korpusunun təmiri və
onun ətrafının abadlaşdırılması, şagird və
müəllimlərin rəğbətləndirilməsi mexanizminin
işlənilməsi, yuxarı sinif şagirdlərinin, eləcə
də tədris materiallarını mənimsəməkdə çətinlik
çəkən uşaqların hazırlıq və dil kurslarına cəlb
edilməsi, idman bölmələri, yaradıcılıq
studiyaları və dərnəklərdəki canlanma,
bir-birindən maraqlı ədəbi-musiqili gecə və
görüşlər, tədris prosesində professor-müəllim
heyətinin iştirakı, Məktəb-lisey kompleksinin
müəllim və şagird heyətinin universitet
tədbirlərinə fəal qoşulması,
şagird-valideyn-müəllim münasibətlərinin
nizamlanması və s. tədbirlər bəhrəsini
verməkdədir. Ən başlıcası odur ki, Məktəb-lisey
kompleksinin Şagird parlamenti, Şagird elmi
cəmiyyəti və valideyn komitələri görülən işlərdə
yaxından iştirak edir. Hazırda orta
məktəblərimiz üçün ən ciddi problem - kütləvi
repetitorluğun yaratdığı fəsadların aradan
qaldırılması istiqamətində ciddi səylər
göstərilir. Yuxarı sinif şagirdləri üçün ali
məktəblərə hazırlıq kursları, IX və XI sinif
şagirdləri üçün mərkəzləşdirilmiş test
imtahanlarına hazırlıqla bağlı məsləhət
saatları, bütün məktəb-lisey siniflərini əhatə
edən günüuzadılmış qruplarda zəif və yetirməyən
şagirdlərlə məşğələlər, bilik və idman
yarışlarına hazırlıqla əlaqədar dərnək və
bölmələr, ingilis dili ilə yanaşı ikinci xarici
dili (rus, alman, fransız) öyrənmək istəyənlər
üçün kurslar, növbəti dərs ilində məktəb və
lisey siniflərində oxumaq istəyənlər üçün
hazırlıq saatları bu gün hər bir orta təhsil
müəssisəsinin iş rejimini pozan, imicinə xələl
gətirən və ölkədə gedən təhsil islahatlarına
kölgə salan çatışmazlıq və maneələri aradan
qaldırmaq yolunda atılan addımlardır.
Universitet rektorunun təşəbbüsü ilə aparıcı
professor və müəllimlərin sinif otaqlarına dəvət
olunması, onların elmi işlə məşğul olan
şagirdlərə rəhbərlik etməsi, ayrı-ayrı fənlər
üzrə ekspertlər (TQDK-dan) və dərslik
müəllifləri ilə görüşlər bütövlükdə yuxarı sinif
şagirdləri və onların valideynləri arasında
yaranmış narahatçılığın aradan qaldırılmasına,
orta məktəb müəlliminə inamın bərpasına xidmət
edən amillərdir. BSU-da Tələbə Gənclər
Təşkilatının və tələbələrdən ibarət Kölgə
kabinetinin fəal iştirakı ilə ənənəvi olaraq
keçirilən "Bir günlük xəlif" tədbirinə
Məktəb-lisey kompleksi Şagird parlamenti
üzvlərinin cəlb olunması böyük maraq doğurur. Bu
tədbirin peşəyönümlü əhəmiyyəti də var. Çünki
ali məktəblərə pedaqoji ixtisaslara təbii
seçimlə, yəni öz arzusu ilə getmək istəyən
abituriyentlər çox deyil. Müəllim peşəsini seçən
istedadlı uşaqlara ara-sıra təsadüf edilir.
IX-XI sinif şagirdlərinə məktəb rəhbərliyini və
fənn müəllimlərinin işini bir günlük də olsa
həvalə etməyin səmərə və əhəmiyyətini yalnız bu
tədbiri izləyən müəllim və valideynlər adekvat
şəkildə izah edə bilərlər. Çox təəssüf ki,
nədənsə keçən il BSU liseyindəki "Bir günlük
xəlif" tədbirini işıqlandırmaqdan respublika
mətbuatı çəkindi. Zaman dəyişsə də, böyüklərin
uşaqlar barədə təsəvvürləri dəyişmir.
Mətbuatımız üçün hər şey maraqlıdır, amma
uşaqlarımızı tərifləmək və rəğbətləndirməyə
gəlincə, hamı bunu artıq hesab edir. Hələ də
sovet düşüncə tərzindən və köhnə stereotiplərdən
azad ola bilmirik.
Universitetimizin nəzdindəki Məktəb-lisey
kompleksinin ən başlıca vəzifəsi hər bir şagirdə
fərdi yanaşma prinsipinə əməl etməkdən,
şagird-müəllim-valideyn münasibətlərini qorumaq
və səyləri birləşdirməkdən, valideyni
təlim-tərbiyə prosesinin birbaşa iştirakçısına
çevirməkdən, tədris prosesində İKT-nin sıx
tətbiqinə nail olmaqdan, şagirdlərə mütaliə,
nitq və səhnə vərdişləri aşılamaqdan, onlarda
milli və bəşəri dəyərlərə hörmət hissi tərbiyə
etməkdən, gənclərimizi yaxşı insan, gözəl övlad
və vətəndaş kimi yetişdirməkdən ibarətdir. Fənn
müəllimləri və tədrisə yardımçı heyətin mütəmadi
olaraq ixtisasartırmaya, seminar-treninqlərə,
təcrübə mübadiləsinə cəlb edilməsi də vacib
şərtdir.
Ölkəmizin aparıcı ali məktəblərindən olan BSU-da
Məktəb-lisey kompleksinin təşkili, Təhsil
Nazirliyi və hökumətimiz tərəfindən universitet
kollektivinə böyük etimad göstərilməsi və ciddi
vəzifənin həvalə edilməsi, doğrudan da, ali
təhsil sistemində novatorluq kimi
dəyərləndirilməlidir. Bu, dünyada geniş yayılmış
təcrübə olsa da, Azərbaycan təhsili üçün
yenilikdir. BSU dünyanın bir sıra məşhur
universitetləri ilə əməkdaşlıq müqavilələri
imzalayarkən tərəfdaşlarımız liseylər
səviyyəsində əlaqələrə də böyük önəm verir.
Moskva Dövlət Linqvistik Universitetinin
"Linqvist" liseyi, Türkiyənin Qazi
Universitetinin liseyi ilə əlaqələrimiz dünya və
Avropa təhsil məkanına inteqrasiyanın kiçik
həlqələri olsa belə, olduqca maraqlı görünür. Bu
günlərdə BSU və Qazi Universitetlərinin xalq
şairi B.Vahabzadənin yaradıcılığına həsr olunmuş
beynəlxalq konfransda Məktəb-lisey kompleksi
şagird və müəllimlərinin iştirakı, onların dünya
şöhrətli alimlərin ustad dərslərinin
iştirakçılarına çevrilməsi böyük maraq doğurdu.
Bir sözlə, ali təhsil sistemimiz üçün bu yenilik
ölkənin orta təhsil müəssisələri, xüsusən də
qaçqın məktəbləri ilə sıx əməkdaşlığa malik
BSU-nun 10 illik yubileyinə təsadüf edir. Bu,
Məktəb-lisey kompleksində çalışan müəllim və
tərbiyəçilərin də üzərinə böyük məsuliyyət
qoyduğundan göstərilən etimada layiqincə cavab
verməyə çalışacağıq.
Telman CƏFƏROV,
filologiya elmləri doktoru, professor,
Bakı Slavyan Universiteti Məktəb-Lisey
Kompleksinin direktoru |