Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

31 Dekabr 2009 - ¹51

 

Yaponiya təhsil sistemi haqqında

 

Yaponiya Fondu və Yaponiya Təhsil, Mədəniyyət, İdman, Elm,  Texnologiya  Nazirliyinin təşkil etdiyi  səfər proqramı  2009-cu il  dekabrın 2-dən 15-dək  olan müddəti əhatə etdi.    25 ölkədən 75 nəfər təhsil işçisinin iştirak etdiyi tədris səfərinə Azərbaycandan gedən nümayəndə heyətinin tərkibinə  mənimlə yanaşı  "Tərəqqi" liseyinin direktoru  Məhbubə Məmmədova, Bakı şəhəri 20 nömrəli məktəb-liseyin müəllimi Kifayət Rəhimova da daxil idi.   Təhsil işçiləri üçün nəzərdə tutulan bu  proqram 1973-cü ildən fəaliyyət göstərir və əsas məqsədi  Yaponiya  təhsili, tarixi və  mədəniyyətini  dünyanın müxtəlif  ölkələrində təbliğ etmək və   yaponiyalılara   dünya tarixi,  mədəniyyəti  barədə məlumat verməkdir.   Həmin məqsədi həyata keçirmək üçün  36 il ərzində dünyanın müxtəlif ölkələrindən 7800 nəfər  təhsil işçisi  Yaponiyaya  dəvət olunub.   2009-cu ildə dəvət olunmuş nümayəndələrə  Yaponiya haqqında məlumat Tokio,  Xerosima, Kyoto, Fuji,  Nara şəhərlərində  və Fukui prefekturasında nəzəri və  praktik  biliklər vasitəsilə verildi. Həmin şəhərlərə gedərkən nümayəndə heyəti  proqramı təşkil edən  nazirliyin adına uyğun olaraq təhsil, mədəniyyət, elm, texnologiya və idman sahələrinin hər biri  barədə informasiya almağa müvəffəq oldu. 

Yaponiya 

 Şərqi Asiyada, Sakit okeanın qərb hissəsində yerləşir. Ölkə  dörd  iri (Honsü, Küsü, Hokkaydo, Sikoku) və çoxlu sayda kiçik adalardan ibarətdir. Yaponiya 47 prefekturaya bölünmüşdür. Sahəsi  377, 907 kv. km-dir. Qədim paytaxtı Kyoto,  1868-ci ildən isə Tokio  şəhəridir. Əhalinin sayı  2009-cu ilin məlumatına görə, 127 milyondan artıqdır.

Yaponiyanın dövlət quruluşu  konstitusiyalı  monarxiyadır. Konstitusiyanın tarixi  1889-cu ildən başlayır. Hazırkı Konstitusiya   1947-ci ildə qəbul olunmuşdur. Yaponiyanın   imperatoru Akihitodur.

Dövlət dili  yapon dilidir.  Xarici dil kimi ingilis dilinə üstünlük verilir. Din - buddizm (maxayana) və sintoizmdir.

Gündoğan ölkənin  bayrağında ağ fonun üzərində günəş rəmzi olan   qırmızı dairə təsvir edilib və Hinomaru (qırmızı dairə) adlanır.

Yaponiyada sevilən idman növləri  sumo, beysbol, boks və  qolfdur. Ölkənin şimal hissəsində qış idman növlərinə  maraq böyükdür.

Yaponiyada çox yüksək inkişaf etmiş sənaye ölkəsidir və  iqtisadi inkişafına görə dünyada ABŞ-dan sonra 2-ci yeri tutur. Ölkə iqtisadiyyatının  əsasını texnika, maşınqayırma, gəmi tikintisi, balıqçılıq təşkil edir. Pul vahidi - Yendir. 1 Amerika dolları   83-85 Yen arasında dəyişir.

Yaponların  ənənəvi yeməyi  düyü, balıq və dəniz məhsullarıdır. Düyü yaponlar üçün  əvəzolunmaz məhsuldur. Ondan  məşhur yapon sakisi də hazırlanır. Maliyyə Nazirliyinin adı da düyü anlayışı  ilə bağlıdır.

Əsas bayramları  Qızlar  bayramı,Oğlanlar  bayramı, Yeni il bayramıdır. Yaponlar İmperator gününü də çox böyük təmtəraqla qeyd edirlər. Dünyada Yeni ili birinci qarşılayan  Yaponiya əhalisidir və onu ailəvi bayram kimi qeyd edirlər.

Qızlar bayramında zəngin həyat və ailə təcrübəsinə malik olan qadınlar yeniyetmə  qızlara ailə və məişətlə bağlı tövsiyələr verirlər. Oğlanlar bayramı da eyni mahiyyət kəsb edir.

Yaponiyalıları dünyanın digər xalqlarından fərqləndirən bir sıra səciyyəvi  cəhətlər vardır. Onlar   əl ilə görüşmür, bunun  əvəzinə baş əyirlər, ünsiyyətdə çox  nəzakətlidirlər, xahişi yerinə yetirmək mümkün olmadığı halda belə,  birbaşa imtina etmirlər, üzlərində daim təbəssüm saxlamağı  xoşlayırlar, nədənsə şikayətlənməyi qəbul etmirlər, təmizliyə ciddi əməl edirlər,çox işgüzardırlar. 

Təhsil 

Yaponiya Konstitusiyasının  "İnsanların hüquq və vəzifələri" adlı  bölməsində hamının  təhsil almaq hüququ qanunla təsbit edilir. Konstitusiyaya görə icbari təhsil pulsuzdur. İbtidai  və aşağı orta məktəb təhsili icbaridir və  I-IX sinifləri əhatə edir.

Məktəbəqədər təhsil icbari deyil və bu  müəssisələrə  3-5 yaşlı uşaqlar cəlb edilir.

İbtidai məktəbə qəbul 6 yaşındandır və dərs ili aprel ayında başlanıb mart ayında bitir.

İbtidaidə 6, aşağı  orta  və yuxarı orta məktəblərin  hər birində  təhsil 3 il davam edir. Aşağı orta məktəbi bitirənlərin 92,97 faizi  yuxari orta məktəblərdə təhsilini davam etdirir.

2008-ci il mayın 1-nə olan məlumata görə, Yaponiyada 13626 uşaq bağçası, 22476 ibtidai məktəb, 10915 aşağı orta məktəb, 5242 yuxarı orta məktəb, 1026 xüsusi qayğıya ehtiyacı olanlar üçün məktəb, 64 texniki kollec, 417 yeniyetmələr üçün kolleclər, 765 universitet ,4986 peşə ixtisas  kollecləri  fəaliyyət göstərir.

Bu təhsil müəssisələrinin hər birində müvafiq olaraq 11228, 419312, 249509, 241213, 68675, 4432, 10524, 169912, 51557 nəfər müəllim fəaliyyət göstərir.

Yaponiya  təhsili  federal  hökumət və regional (prefektura və bələdiyyə) idarəetmə strukturları tərəfindən idarə olunur. Federal hökumətin təhsil sisteminin inkişafı ilə bağlı  fəaliyyətinə  təhsil sisteminin idarə edilməsi, milli standartların yaradılması, müəllimlərə lisenziyaların verilməsi, təhsilin maliyyələşdirilməsi, dərsliklərin pulsuz paylanması aiddir.

Regional strukturlar dedikdə,  prefektura  və bələdiyyələr  nəzərdə tutulur. Prefekturalardakı  təhsili idarəetmə orqanları  müəllimlərin məktəblərə təyinatı, yuxarı orta məktəblərin yaradılması və idarəolunması, məktəblərin tədris şəraitinin yaxşılaşdırılması, xüsusi məktəblərin açılması üçün icazənin verilməsini həyata keçirir.

 Dövlət məktəblərinin yaradılması və idarəolunması işi  birbaşa bələdiyyələrin üzərinə düşür.

Təhsilə ayrılan xərclər də bu üç orqan arasında  bölüşdürülür. Təhsilə qoyulan xərclərin  2 hissəsi Federal  hökumətinin, 5 hissəsi  prefekturanın, 3 hissəsi bələdiyyələrin  payına düşür.

Yaponiya Təhsil, Mədəniyyət, İdman, Elm,  Texnologiya  Nazirliyi təhsil sistemini idarə etmək üçün   Təhsil Şurasını yaradıb. Bu qurum ölkənin  təhsil siyasətini müəyyənləşdirir, yerli təhsil orqanlarının nümayəndələrini  istiqamətləndirir və göstərişlər verir. Hər prefekturadan 1 nəfər Təhsil Şurasının üzvlüyinə təyin olunur,   rəhbər isə üzvlər arasından təyin edilir.

Yerli təhsili idarəetmə orqanları  Təhsil Komitəsi adı altında  fəaliyyət göstərir. O,  idarəetmə və koordinasiya , ümumtəhsil, fasiləsiz təhsil, mədəniyyət, idman bölmələrindən  ibarətdir.

Yaponiyada təhsil islahatı  Dünya Bankının maliyyə dəstəyi ilə 2006-cı ilin dekabrından başlanmışdır və əsas məqsədi   demokratik, sülhsevər  cəmiyyəti fiziki və əqli cəhətdən  yüksək  inkişaf etmiş  vətəndaşlarla  təmin etməkdir. 

Kurikulum tarixi və qiymətləndirilməsi 

Yaponiyada  kurikulum  müəyyən tarixə malikdir və dövri olaraq qiymətləndirilərək  məzmununda  zəruri dəyişikliklər edilmişdir. Bu baxımdan kurikulumun  dəyişdirilməsini  məqsəd və tarixinə görə  aşağıdakı kimi qruplaşdırmaq mümkündür: 

 

 Müasir  kurikulumda  əsas məqsəd və tələb  tənqidi təfəkkür bacarıqlarına geniş yer ayırmaq, təhsilalanların mənəviyyatını zənginləşdirməkdir. Bu məqsədlə ibtidai  və  aşağı  orta məktəblərdə yapon dili, ictimai fənlər, riyaziyyat, təbiət elmləri və fiziki tərbiyə dərslərinin tədrisinə ayrılan saatların  təxminən 10% artırılması,  yuxarı orta məktəblərin  kurikulumunda  yapon dili,riyaziyyat və xarici  dilin tədrisinin icbariliyi nəzərdə tutulmuşdur.

Son iki ildə  kurikulumlar həyati bacarıqlara əsaslanmaqla daha da təkmilləşdirilmiş, yapon dilində dəqiq və düzgün  oxu, yazı bacarıqlarının inkişafı ön plana çəkilmişdir. Tarixin, dini və mədəni irsin  tədrisinə xüsusi yer ayrılır, şagirdlər yapon musiqi alətləri, milli geyimlərlə tanış olur və məktəblilərə  milli  musiqi alətləri və  geyimlərinin   hazırlanması texnologiyasını öyrədirlər.

Tədris səfərində Yaponiya təhsil sistemi barədə nəzəri  məlumatları  Tokioda əldə etdikdən sonra  praktik məsələləri yerində görmək üçün  Fukui prefekturasına yollandıq.

Fukuinin ərazisi  4189,54 kv.km, əhalisinin sayı  816694 nəfərdir. Təhsilin səviyyəsinə görə Yaponiyada ikinci olan Fukui prefekturası   əhalisinin sayına görə 47 prefektura arasında 43-cü yerdədir.

Hələ  2002-ci ildə təhsilin yüksək inkişafını təmin etmək məqsədilə Fukui prefekturasında xüsusi proqram qəbul olunmuşdur. Onun məqsədi  məktəblə ailənin  qarşılıqlı əlaqəsini gücləndirmək və təhsilin daha yüksək inkişafını təmin etməkdir.Bunun üçün aşağıdakı tədbirlər müəyyənləşdirilmişdi:

1. Siniflərdə  şagirdlərin sayını minimuma endirmək;

2. Həyati bacarıqları  inkişaf etdirmək;

3. Təbiət elmləri və riyaziyyatın tədrisini təkmilləşdirmək;

4.  Məktəbin idarəedilməsinin səviyyəsini yüksəltmək;

5. Şagirdlərin keyfiyyətli qidalanmasını təşkil etmək.

Fukui prefekturasında təhsilin  uğur qazanmasının əsas səbəbi müəllimlərin bacarıqlı, şagirdlərin  çalışqan, ailələrin  məktəblə sıx əlaqə saxlayaraq onu  mənəvi, fiziki və  maddi dəstəkləməsidir.  

İbtidai məktəb 

Fukui prefekturasında ibtidai məktəblərin hər sinfində  şagirdlərlə  2 müəllim məşğul olur. Hər sinif üzrə  bir qrup  və qrupdakı  şagirdlərin sayı 21-35 nəfər arasında olur. Uşaqların ibtidai məktəbə məktəbəqədər müəssisələrdən gəlməsi mütləq deyil. İbtidai məktəbə şagirdlər  həm  məktəbəqədər müəssisələrdən, həm də ailələrdən qəbul edilir. Fukuidə ibtidai məktəblər  məktəbəqədər  müəssisələrlə sıx  əməkdaşlıq edir, çox zaman hər iki müəssisə qonşu binalarda yerləşir. İbtidai məktəblərdə  tədris ili 11 ay və 3 smestrdən ibarətdir.

130 şagirdin təhsil aldığı bu məktəbdə 16 əməkdaş, o cümlədən 10 müəllim çalışır.

Dərslər səhər   saat  8-də başlanır və  dərsdən əvvəl  5 dəqiqə ərzində şagirdlər açıq havada idman edir. Şagirdlər hər gün 4 dərs keçir,  məktəbdə nahar etdikdən sonra   evə qayıdırlar.

Dərslər səsli-küylü,  müzakirə və  oyunlar şəklində  keçirilir və uşaqlar daha çox tətbiqi bacarıqlara yiyələnirlər.

İbtidai məktəbdə bir  tədris ilinin hər semestrində orta hesabla  minimum  iki  kiçik summativ, bir  böyük summativ  qiymətləndirmə aparılır.Qiymətləndirmə vasitəsi kimi daha çox testlərdən istifadə olunur. Əvvəllər şagirdlərin nailiyyətləri 5 ballıq sistemdə   rəqəmlə qiymətləndirilirdi, hazırda isə  təsviri qiymətləndirmədən istifadə edilir:

- 00 - yaxşı

- 0 - orta     

- - pis

Şagird proqramı minimum səviyyədə mənimsəmədikdə  dərs vaxtı müəllim    ona xüsusi vaxt  ayırır. Bu üsul da  kömək etmədikdə həmin şagirdlə fənn müəllimi  dərsdən əlavə vaxtda xüsusi  məşğul olur.Belə fərdi yanaşmadan sonra da şagirddə heç bir irəliləyiş olmadıqda o, məktəbdən kənarlaşdırılır.

Yaponiyada, o cümlədən Fukui məktəblərində  ailə -məktəb əlaqələri yüksək səviyyədə qurulub. İldə bir dəfə valideynlərlə böyük iclas keçirilir.  Digər iclasları isə il ərzində valideyn komitəsinin nəzdindəki  komissiyalar keçirirlər. Məktəbli formasını valideynlər alır və hər fəslə uyğun xüsusi məktəbli geyimi vardır. Məktəbli geyim dəstinə eyni ayaqqabı, corab və çanta da daxildir. 

 

Şagirdlərin  məktəbdə naharının  pulunu valideynlər ödəyir. Gündəlik  naharın  dəyəri hər şagird üçün  250 yen təşkil edir. Bu və ya digər səbəblərə görə  valideynlər pul ödəmədikdə  şagird  naharı evdən  gətirir.

Fukui məktəblərində xadimə ştatı yoxdur və məktəblər  şagirdlər  tərəfindən  yığışdırılır, nəticədə  bunun üçün məktəb ayrıca vəsait  sərf etmir. 

Aşağı orta məktəb 

Şagirdlər ibtidai məktəbdə təhsilini bitirdikdən sonra  3 sinfi əhatə edən (VII, VIII, IX) aşağı orta məktəblərə gedirlər. Nümayəndə heyəti belə məktəblərdən birində, Eşitzen şəhərində yerləşən Nan-Etsu  aşağı orta məktəbində oldu. Məktəb  1950-ci ildə təsis edilib. Məktəbdə 441 şagird təhsil alır, 45 nəfər müəllim çalışır.

Yeni tədris qaydalarına uyğun olaraq  məktəbdə ünsiyyət bacarıqlarına xüsusi diqqət verilir.

Riyaziyyat, təbiət fənləri,yapon və ingilis dillərinin tədrisinə daha çox vaxt ayrılır. Bu məktəbdə dərsdən sonra  mədəniyyət və idman dərnəkləri fəaliyyət göstərir.

Qeyd edək ki, Yaponiyada hər məktəbin öz devizi var. Həmin devizlər daha çox fiziki tərbiyə və əxlaqla  bağlıdır.

Nan-Etsu aşağı  orta məktəbinin illik  fəaliyyəti 

  

Nan-Etsu  aşağı orta məktəbinin  2009-cu il  üçün  tədris  planı 

  

Yuxarı orta məktəbdə təhsil icbari deyil, ancaq buna baxmayaraq, aşağı orta məktəbi bitirən  şagirdlərin 93%-i yuxarı orta məktəbə daxil olur.Nümayəndə heyəti Takefu Higaşi yuxarı orta məktəbində oldu. Takefu Higaşi yuxarı orta məktəbində  böyük önəm verilən  beynəlxalq şöbə  fəaliyyət göstərir. Bu şöbə  gənclərin beynəlxalq aləmə yaxınlaşmasnda böyük rol oynayır.

Beynəlxalq şöbədə  dünyanın digər inkişaf etmiş ölkələrindən dəvət olunan müəllimlər şagirdlərə ingilis dilində mühazirələr oxuyur, eyni zamanda  həmin məktəbin  müəllim və şagirdləri Tailand, Filippin, ərəb ölkələri, ABŞ, Yeni Zelandiya, Avropa ölkələrində   tədris səfərlərində olurlar.

Şöbənin yaradılmasında  əsas  məqsəd  ingilis dilini mükəmməl bilən məzunlar vasitəsilə  yapon dili və mədəniyyətini  dünyaya tanıtmaqdır. Yuxarı orta məktəblərin beynəlxalq şöbəsini bitirən şagirdlərin bir qismi digər ölkələrin təhsil sahəsində, beynəlxaq tədbirlərdə volontyor qismində çalışır.

Yuxarı orta məktəbdə ingilis və yapon dilləri, riyaziyyat dərsləri  yüksək səviyyədə  tədris olunur. Həmin məktəblərdə  kollec və universitetlərə daxil olmaq üçün hazırlıq sinifləri fəaliyyət göstərir. Şagirdlər  kompüter texnologiyasının  ən müasir tələblərinə cavab verən  bacarıqlara   yiyələnməklə yanaşı,  natiqlik sənətini də öyrənirlər.Yeni  standartlarda təbiət elmləri beynəlxalq səviyyəyə uyğunlaşdırılır, tədris prosesində müşahidəyə, təkrarlamağa, nəticəyönümlülüyə geniş yer verilir, həm ana, həm dillərin tədrisində şagirdlərə nitq vərdişləri aşılanır.Xarici dilin tədrisində nəzərdə tutulan  900-1200 sözdən 300-nün, 1300-1800  sözdən 500-nün  öyrənilməsi  ən aşağı norma sayılır.

Takefu Higaşi yuxarı orta məktəbin beynəlxalq şöbəsinin kurikulumu

 

 Yuxarı orta məktəblərin hər birində  nümunəvi  davranış qaydaları haqqında sənəd qəbul edilir.

Takefu Higaşi yuxarı orta məktəbinin  daxili qaydalarına görə  dərsdə üzürsüz səbəbdən iştirak etməmək və  gecikmək qadağandır.Dərsə iştirak etməmənin üzürlü səbəbini göstərən sənədin olması vacibdir. 

Xüsusi qayğıya ehtiyacı olanlar üçün məktəb 

Fukui prefekturasında əqli və fiziki  cəhətdən qüsurlu uşaqlar  üçün   11 xüsusi məktəb var.Əvvəllər belə uşaqlar müxtəlif məktəblərdə oxuyurdular.Bu məktəblər tibbi  müəssisələrlə birgə  işləyir və  digər  məktəblərin uşaqları ilə əlaqə saxlayırlar. Olduğumuz məktəbə şagirdlər bir-birinə yaxın olan 3 şəhərdən məktəb avtobusu ilə  gətirilir. Məktəbdəki 104 şagirdlə 90 müəllim məşğul olur.Burada  idman, rəsm, musiqi dərnəkləri  fəaliyyət göstərir. Fiziki qüsuru olan şagirdlər belə müəllimin köməyi ilə özünə uyğun idman növü ilə məşğul olur. Burada təhsil alan şagirdlərin bir qismi  məktəblərdəki emalatxanalarda müxtəlif məişət əşyaları, o cümlədən stol, stul, kiçik şkaflar düzəldir,onları satışa çıxarırlar. Şagirdlərin digər hissəsi  həyətyanı sahədə təsərrüfat işləri ilə, bir qismi isə  mətbəx  işləri ilə məşğul olurlar.

  Bu məktəblərdə təhsil alan şagirdlər  fiziki çətinliklərə baxmayaraq,  mütəmadi olaraq ekskursiyalara aparılırlar.

Yaponiyada  qüsuru  o qədər də ciddi olmayan şagirdlər digər məktəblərdə də təhsil ala bilərlər. Lakin yuxarı orta məktəbə  yalnız  bu tipli məktəblərdən daxil olmaq mümkündür. Qeyd edək ki, xüsusi qayğıya ehtiyacı olanlar üçün nəzərdə tutulan  məktəblərin yuxarı siniflərində  ciddi qüsuru olanların  2%-i, az qüsuru olanların 6 %-i   oxuyur. 

Dərsliklər 

Yaponiyada dərsliklər dövlət tərəfindən pulsuz paylanır. Dərsliklərin yazılması üçün Təhsil Şurası yerli təhsili idarəetmə orqanlarına  standartları  göndərir və hər bir prefekturada  müvafiq  struktur bölmələri  fənn proqramlarını tərtib edir. Həmin proqramlar əsasında dərsliklər yazılır. Bu dərsliklər Təhsil Nazirliyi tərəfindən təsdiq edildikdən sonra məktəblərə paylanılır.

Ciddi nəzarət edilməklə yanaşı, məktəblərdə alternativ dərsliklərdən istifadəyə də icazə verilir.

Eyni zamanda fənn müəllimi də yardımçı dərslik, dərs vəsaiti yarada bilər.Ancaq bu vəsait təhsili idarəedən orqanlar   tərəfindən təsdiq edilməlidir. 

Müəllim hazırlığı 

Yaponiyada müəllim hazırlığı və işə qəbulu  məsələsinə  çox ciddi yanaşılır.Müəllimlər işə tələbləri  kifayət qədər ciddi və sərt olan  imtahan verdikdən sonra qəbul edilir. Orta hesabla  işə qəbul edilmək üçün  sənəd verən min nəfər müəllimin yüzü bu imtahanlardan  keçməyə müvəffəq olur. Müəllimlərin  böyük əksəriyyəti  könüllü şəkildə  axşam saat 9-a qədər şagirdlərlə fərdi  məşğul  olmaqla məktəbdə  işlərini davam etdirirlər. Müəllimlər maddi vəziyyətinə görə cəmiyyətin orta səviyyədə yaşayan  nümayəndələri sayılır.Yaponiyada müəllimlərin ixtisasartırması  üç pilləni mərhələli şəkildə əhatə edir:

1. Məktəbdaxili - müəllimlər məktəbin qabaqcıl  müəllimlərinin "açıq dərs"lərində iştirak edir.

2. Prefekturadaxili - prefekturada  fəaliyyət göstərən xüsusi kurslarda təcrübə qazanırlar.

3. Ölkə miqyasında - xarici ölkələrə  tədris səfərlərinə gedirlər.

Yaponiyanın orta məktəblərində bir müəllim  eyni bir məktəbdə 6 ildən çox dərs deyə bilməz. Bu müddət bitdikdən sonra prefekturadakı digər məktəbdə, bəzən isə digər prefekturadakı məktəblərdə işlə təmin edilir. İş yerini dəyişən müəllimin evlə təmin edilməsi təhsili idarəedən orqanlar tərəfindən həyata keçirilir.

Müəllimlərin fəaliyyəti məktəb direktorları tərəfindən 5 ballıq sistemlə (A,B,C,D,E) qiymətləndirilir və Prefektura Təhsil  Komitəsinə göndərilir. Məktəb direktoru  müəllimə yazdığı qiymət barədə onlara məlumat vermir.  

Ali təhsil 

Ali məktəblərın bakalavriat  pilləsində təhsil   4 ildir. Magistratura və doktorantura pillələrinin hər birində isə  2 ildir.

Yaponiyada dövlət və özəl universitetlər fəaliyyət göstərir:

 

 Ali məktəblərə qəbul olunanların sayı  1980-ci ildən üzü bu tərəfə  yüksələn xətt üzrə inkişaf edir. Eyni bir hal yuxarı orta məktəbə və kolleclərə daxil olanların sayında da özünü göstərir.

Yaponiyanın ali məktəblərində təhsil alan xarici tələbələrin sayı  ilbəil artır. Hazırda  Yaponiyanın müxtəlif universitetlərində 123829  gənc  təhsil alır.Onlardan 72766 nəfər Çin Xalq Respublikasından, 18862 nəfər Cənubi Koreyadan, 5082 nəfər Tayvandan, 2873 nəfər Vyetnamdan, 2271 nəfər Malayziyadan , 2203 Zelandiyadan, 2024 nəfər ABŞ-dan , 1791 nəfər İndoneziyadan, 1686 nəfər Banqladeşdən, 1476 nəfər Nepaldan və 12795 nəfər isə digər ölkələrdəndir.Eyni zamanda 80023 nəfər  yaponiyalı gənc   xarici ölkələrdə təhsil alır.

Əlbəttə ki, qədim tarixə,zəngin mədəniyyətə, adət-ənənəyə, gözəl təbiətə və ən əsası yüksək səviyyəli  təhsil sisteminə malik olan Yaponiyanı  15 günlük tədris səfəri çərçivəsində təfərrüatına qədər öyrənmək  və bu barədə söz demək çətindir. Ancaq bir şey bəllidir ki, hər hansı bir ölkənin  təhsil sistemi barədə  ümumi  informasiya almaqla həmin ölkənin  mədəniyyəti, iqtisadiyyatı, inkişafı və digər  dəyərləri barədə  müəyyən  məlumata malik olmaq mümkündür. Bizə belə bir imkan yaratdığı üçün Yaponiya  hökumətinə  və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin rəhbərliyinə  təşəkkür edirik. Arzu   edərdik  ki, gələcəkdə dünyanın inkişaf etmiş ölkələrinə tədris səfərləri   təhsili idarəedənlər  və öyrədənlərlə  bərabər,  millətin gələcəyi olan öyrənənləri də  əhatə etsin. 

Təranə HACIYEVA,
Azərbaycan Respublikası
Təhsil Nazirliyinin Monitorinq və

qiymətləndirmə  şöbəsinin müdiri

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
31 Dekabr 2009 - ¹51
Azərbaycan Tibb Universitetinin çoxprofilli tədris-terapevtik klinikasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
2009-cu il nə ilə yadda qalacaq?
 
Heydər Əliyev Fondu tərəfindən Niderlanddakı Azərbaycan məktəblərinə Yeni il hədiyyələri təqdim olunub
 
Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənlikləri keçirir
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Yeni il ərəfəsində Şamaxıda uşaq incəsənət məktəbinin təməli qoyulub
 
Təhsil Nazirliyində mətbuat konfransı
 
Qaliblərə mükafatlar təqdim edildi
 
Təhsil Nazirliyi ilə "Azərsun Holdinq" arasında niyyət protokolu imzalandı
 
"Azərbaycan məktəbi" jurnalının 85 illiyinə həsr olunmuş tədbir
 
Yaponiya səfirliyində layihələrin imzalanma mərasimi keçirilib
 
6 nömrəli Bakı Peşə Liseyinin yubileyi qeyd olundu
 
Təhsil Nazirliyində mətbuat konfransı
 
Qaliblərə mükafatlar təqdim edildi
 
Təhsil Nazirliyi ilə "Azərsun Holdinq" arasında niyyət protokolu imzalandı
 
"Azərbaycan məktəbi" jurnalının 85 illiyinə həsr olunmuş tədbir
 
Uğurlarımızın əsasını demokratik idarəetmə təşkil edir
 
Dünya universitetləri: MakGill Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov