Bir neçə ildir ki , Azərbaycan Respublikası
Prezidentinin bədən tərbiyəsi və idman sahəsi
ilə bağlı sərəncam və fərmanlarından irəli gələn
vəzifələrin yerinə yetirilməsi vəziyyətini,
fiziki tərbiyə və idman sahəsində qabaqcıl
pedaqoji təcrübəni öyrənmək, təhsil sistemində
idman və fiziki tərbiyə işini daha da
yaxşılaşdırmaq, bu sahədə çalışan istedadlı gənc
idmançıları, məşqçi-müəllimləri aşkar etmək,
onları rəğbətləndirmək məqsədilə ayrı-ayrı
nominasiyalar üzrə respublika müsabiqələri
təşkil olunur.
Təhsil naziri Misir Mərdanovun "Respublika
müsabiqəsinin keçirilməsi haqqında" 23 sentyabr
2009-cu il tarixli əmri ilə keçirilən növbəti
müsabiqəyə artıq yekun vurulmuş və qaliblər
müəyyənləşdirilmişdir.
Dekabrın 28-də Təhsil Nazirliyində müsabiqə
qaliblərinin mükafatlandırılması mərasimi
keçirildi. Nazirliyin məsul işçilərinin,
şöbələrinin və müvafiq struktur bölmə
rəhbərlərinin, müsabiqə qaliblərinin, bir sıra
idman məktəblərinin nümayəndələrinin və KİV
təmsilçilərinin iştirak etdiyi mərasimi açan
nazir qonaqları salamladı və dəvəti qəbul
etdikləri üçün onlara öz təşəkkürünü bildirdi.
ölkəmizdə idmanın inkişafına daim ciddi fikir
verildiyini qeyd edən təhsil naziri bu sahəyə
göstərilən diqqət və qayğının ümummilli
liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu
dedi. Son illərdə bu işin ölkə Prezidenti cənab
İlham Əliyev tərəfindən uğurla davam
etdirildiyini bildirən nazir regionlarda
olimpiya mərkəzlərinin yaradılmasını, idmanın
müxtəlif sahələrinin inkişafını diqqətə
çatdırdı. Nazirin çıxışında Azərbaycanın dünya
ölkələri arasında tanınmasında beynəlxalq idman
hərəkatının əhəmiyyətindən bəhs olundu.
Daha sonra keçirilən müsabiqə haqqında danışan
Misir Mərdanov məlumat verdi ki, ümumiyyətlə,
Təhsil Nazirliyi sistemində 158 idman məktəbi
fəaliyyət göstərir. Bu məktəblərdə 27 idman növü
inkişaf etdirilir və 453 bölmədə 8938 qrup
fəaliyyət göstərir. Həmin müəssisələrdə 5136
nəfər məşqçi-müəllim işləyir. Onlardan 3468
nəfəri ixtisaslı, 50 nəfəri yüksək, 500 nəfəri
isə I-II kateqoriyalı məşqçi-müəllimdir.
İdman məktəblərinin maddi və tədris-texniki
bazalarının möhkəmləndirilməsi istiqamətində
görülmüş işləri diqqətə çatdıran nazir bildirdi
ki, bir sıra rayonlarda və Bakıda yerləşən
müəssisələrin boks və tennis zalları, "Təhsil"
Respublika İdman Mərkəzinin inzibati binası
əsaslı təmir olunmuş və lazımi avadanlıqlarla
təmin edilmişdir. Naxçıvan Şəhər Şahmat Məktəbi
üçün yeni, dünya standartları səviyyəsində,
müasir inventar və avadanlıqlarla təmin olunmuş
bina tikilib istifadəyə verilmişdir. Sumqayıt və
Mingəçevir şahmat məktəbləri isə əsaslı surətdə
yenidən qurulur və yaxın vaxtlarda istifadəyə
veriləcəkdir.
Sevindirici haldır ki, Naxçıvan şəhər, Samux,
Xızı rayonlarında yeni şahmat məktəblərinin
açılışında, Yevlax və Şamaxı rayon şahmat
məktəblərinin isə əsaslı təmirdən sonra açılış
mərasimlərində ölkə Prezidenti cənab İlham
Əliyev də iştirak etmişdir.
Cari tədris ilində Gəncə şəhər 1 nömrəli əsas
internat məktəbinin bazasında Gəncə şəhər futbol
təmayüllü internat tipli gimnaziya
yaradılmışdır. Bakı şəhərinin 51, 171, 237, 239,
136 nömrəli orta, Makarenko adına internat,
Füzuli rayonu 27 nömrəli orta məktəblərində və
"Təhsil" Respublika İdman Mərkəzinin Bakı
filialında yeni süni örtüklü futbol meydançaları
yaradılmışdır. Həmin təhsil ocaqlarında AFFA-nın
mütəxəssislərinin iştirakı ilə futbol dərsləri
tədris olunur.
10 nominasiya üzrə keçirilən VII respublika
müsabiqəsində Təhsil Nazirliyi sistemində
fəaliyyət göstərən 153 idman məktəbinin iştirak
etdiyini bildirən Misir Mərdanov daha sonra
qalibləri mərasim iştirakçılarına təqdim etdi.
Nazir müsabiqə qaliblərini təbrik edərək ən xoş
arzularını bildirdi. Onlara diplomlar və
hədiyyələr təqdim olundu.
Gənclər və idman nazirinin müavini İsmayıl
İsmayılov, Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva
və olimpiya çempionu Fərid Mansurov da
təbriklərə qoşularaq qaliblərə yeni nailiyyətlər
arzuladılar.
Hicran ƏKBƏROVA |