Özünün gündəlik fəaliyyətində sosial məsələləri
daim diqqət mərkəzində saxlayan Heydər Əliyev
Fondu Yeni il ərəfəsində Şamaxı sakinlərini daha
bir neçə hədiyyə ilə sevindirmişdir.
Rayonun dağ kəndlərinə işləyən nəqliyyat
vasitələrinin fəaliyyətini yaxşılaşdırmaqla
bağlı əhalinin müraciətlərinə əsasən, Fondun
təşəbbüsü ilə dekabrın 28-də şamaxılılara 4
sərnişin avtobusu bağışlanmışdır.
Yeni avtobusların təqdimat mərasimində çıxış
edən rayon ictimaiyyətinin nümayəndələri
Prezident İlham Əliyevin bölgələrin inkişafına
göstərdiyi diqqət və qayğıdan, insanların istək
və arzularına həssas münasibətindən
danışmışlar. Diqqətə çatdırılmışdır ki,
ölkəmizin hər yerində olduğu kimi, Şamaxıda da
sürətli quruculuq işləri həyata keçirilir və
insanların həyat səviyyəsinin yüksəldilməsi
məqsədi ilə yeni müəssisələr istifadəyə
verilir.
Sakinlər demişlər ki, son illərdə Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rayonda
bir sıra məktəblərin binaları əsaslı təmir
edilmiş və müasir avadanlıqla təchiz olunmuşdur.
Sonra "İsuzu" və "Hyundaı" markalı avtobusların
açarları təntənəli surətdə sürücülərə təqdim
edilmişdir.
Mərasimdə diqqətə çatdırılmışdır ki, yeni
avtobusların işləyəcəyi Şamaxının Quşçu, Pirqulu
kəndləri, Sabir qəsəbəsi və şəhərarası
marşrutlarda əhalinin rahat gediş-gəlişi təmin
ediləcəkdir.
Yeni təqvim ili ərəfəsində Heydər Əliyev
Fondunun təşəbbüsü ilə Şamaxı şəhərində inşasına
başlanılan Nəsimi adına uşaq incəsənət məktəbi
binasının təməlqoyma mərasimi də rayon sakinləri
üçün əsl bayrama çevrilmişdir.
Təməlqoyma mərasimində vurğulanmışdır ki, bu
musiqi məktəbinin fəaliyyəti yarıməsrlik dövrü
əhatə etməsinə baxmayaraq, burada uzun illər
əsaslı təmir aparılmadığından bina tam yararsız
vəziyyətə düşmüşdür.
Musiqi məktəbinin yeni binasını layihələndirən
memar Sevinc Mahmudəliqızı demişdir ki, Heydər
Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən bu
binanın sahəsi 3264 kvadratmetrdir. Binada rəsm,
rəqs, məşq və müəllimlər üçün otaqlar, akt zalı,
sərgi salonu, bufet nəzərdə tutulmuşdur.
ümumilikdə burada müasir avadanlıqla təchiz
ediləcək 54 otaq fəaliyyət göstərəcəkdir.
Məktəbin həyətində yaşıllaşdırma və abadlıq
işləri aparılacaqdır. üçmərtəbəli müasir
incəsənət məktəbi binasının tikintisinin 2010-cu
ildə başa çatdırılması nəzərdə tutulmuşdur.
***
Həmin gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə
Abşeron rayonunun Saray qəsəbəsindəki 7 nömrəli
internat evində Yeni il süfrəsi açılmış və
uşaqlara bayram hədiyyələri təqdim edilmişdir.
Bayramqabağı görüşdə Heydər Əliyev Fondunun
təşəbbüsü ilə internat evinə 2 idman trenajoru,
2 televizor və 1 ədəd kondisioner
bağışlanmışdır.
Budəfəki görüş internat kollektivinin nəqliyyat
probleminə də son qoymuşdur. Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın
tapşırığı ilə "Uşaq evləri və internat
məktəbinin inkişafı Proqramı" çərçivəsində
internat evinə "İSUZU Boqdan" markalı 25 yerlik
avtobus bağışlanmışdır. Əlil arabalarına
uyğunlaşdırılmış avtobus bayramlar ərəfəsində
140 uşağın təlim-tərbiyə aldığı internat evinin
kollektivi üçün ən qiymətli hədiyyə olmuşdur.
Məktəbli avtobusunun texniki xüsusiyyətləri
nümayiş olunmuşdur. Bildirilmişdir ki,
şagirdlərin təhlükəsiz daşınmasında bu nəqliyyat
vasitəsinin xüsusi əhəmiyyəti vardır.
Məktəbin kollektivi Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanın xeyirxah işlərini
yüksək qiymətləndirmiş, diqqət və qayğıya görə
Azərbaycanın birinci xanımına minnətdarlıqlarını
bildirmişlər.
AzərTAc |