Respublikamızın Niderland Krallığındakı
səfirliyində bu ölkədə fəaliyyət göstərən
Azərbaycan məktəblərinə Heydər Əliyev Fondu
tərəfindən hazırlanmış hədiyyələrin təqdimat
mərasimi keçirilmişdir.
Səfirlikdən bildirmişlər ki, diaspor
təşkilatları təmsilçilərinin və bir qrup
azərbaycanlı ziyalının iştirak etdiyi mərasimdə
səfir Fuad İsgəndərov Heydər Əliyev Fondunun və
qurumun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın xaricdə yaşayan
azərbaycanlılara diqqətini xüsusi vurğulamışdır.
Diplomat Niderlandın Amsterdam və Rotterdam
şəhərlərində fəaliyyət göstərən Azərbaycan
məktəblərinin nailiyyətləri, ölkəmizin inkişafı,
daxili və xarici siyasətdəki uğurları və
perspektivləri barədə ətraflı məlumat vermiş,
Azərbaycan Prezidenti İlham Əliyevin Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə
təbrikini iştirakçıların diqqətinə çatdırmışdır.
Sonra Azərbaycan məktəblərinin nümayəndələrinə
Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Yeni
il hədiyyələri təqdim olunmuşdur.
Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri
göstərilmiş diqqətə və hədiyyələrə görə Heydər
Əliyev Fonduna təşəkkürlərini bildirmiş,
Hollandiyada yaşayan azərbaycanlıların daha da
mütəşəkkil, milli maraqlarımızın müdafiəsinə
yönəlmiş fəaliyyətinin davam etdirilməsinə dair
fikirlər söyləmişlər.
AzərTAc |