Əsası ulu öndərimiz, ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulan və uğurla həyata
keçirilən təhsil islahatı Bakı şəhərində
təhsilin idarəedilməsi sahəsində əsaslı
dəyişikliklər tələb edirdi. Bunun bir səbəbi
Bakı təhsilində vahid idarəetmə strukturunun
yaranması zərurətindən irəli gəlsə də, digər
səbəbi demokratik sistemin təkmilləşdirilməsi
idi. Dünya təhsil sisteminə inteqrasiya
meyilləri köhnə prioritetlərdən uzaqlaşmağı,
yeni idarəetmə modellərinin tətbiqini zəruri
edirdi. öz tarixi ənənələri ilə seçilən Bakı
təhsilində başlanmış əsaslı dəyişikliklər, yeni
yanaşmalar, təhsilin bütün sahələrini əhatə edən
köklü islahat bu vacib məsələnin təxirə
salınmadan həllini gözləyirdi.
ölkənin ziyalı və intellekt təbəqəsinin
təmərküzləşdiyi Bakı şəhərində təhsilin
özünəməxsus idarə sistemi də bu islahat
çərçivəsində yenidənqurmaya ehtiyac duyurdu.
Köhnə sovet sistemindən qalmış idarə
strukturunun ləğvinə və daha çevik, daha
demokratik idarəetmə sisteminin qurulmasına
ehtiyac yaranmışdı. Bunu vaxtında dəyərləndirən
cənab Prezidentin 31.03.2006-cı il tarixli, 1399
nömrəli sərəncamına əsasən Bakı şəhərində
RTŞ-lər ləğv edildi və Nazirlər Kabinetinin 28
iyul 2006-cı il tarixli sərəncamı ilə Bakı
Şəhəri üzrə Təhsil İdarəsi yaradıldı.
Yarandığı ilk günlərdə idarənin fəaliyyət
istiqamətləri müəyyənləşdirilməklə yanaşı,
prioritetlər işlənib hazırlandı. Bu zaman
təhsildə demokratik idarəetməni dərinləşdirmək,
milli və bəşəri dəyərlərə əsaslanan təhsil
mühiti yaratmaq, qabaqcıl təcrübəyə və
istedadlara geniş meydan vermək, müasir
texnologiyalardan istifadə sahəsində əsaslı
dəyişikliklərə nail olmaq başlıca məqsədlər kimi
müəyyənləşdirildi. Bu məqsədlərin həyata
keçirilməsi üçün, ilk növbədə, demokratik
idarəetmənin dərinləşdirilməsi prosesi diqqət
mərkəzində saxlanıldı. Bu sahədə əldə olunan
təcrübə ümumiləşdirilməklə yeni mexanizmlər
tətbiq edildi, təhsil müəssisələrinin
idarəolunmasında əks-mərkəzləşmə prosesi bir
qədər də dərinləşdirildi. İşin gedişində aydın
oldu ki, idarəetmədə əks-mərkəzləşdirmə ilə
yanaşı, ciddi nəzarət mexanizminin paralel
həyata keçirilməsi müsbət nəticələr verir.
Təhsil mühitinin yaradılmasında vacib
komponentlərdən biri də maddi-texniki bazanın
möhkəmləndirilməsi, infrastrukturun yeniləşməsi,
müasir texnologiyaların tətbiqidir. Bu sahədə
aparılan məqsədyönlü fəaliyyət Bakı şəhəri
məktəblərinin təmiri, təchizatı və müasir
avadanlıqlarla təminatını kifayət qədər
yaxşılaşdırmışdır.
Bugünkü idarəetmədə geniş məlumat bazasının,
dəqiq və sürətli informasiyanın böyük rolu
vardır. Bu baxımdan Təhsil Nazirliyində 2008-ci
ilin sentyabr ayından etibarən həyata keçirilən
"Məktəb-TİMS" proqramı təhsilin keyfiyyətli
idarəedilməsi üçün imkan yaradır. İl ərzində
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin TİMS sektoru
proqramın dörd bölməsi-məktəb, kadr, şagird və
üM-1 hesabatı üzrə məlumatların toplanmasını
başa çatdırmaqla keyfiyyətli informasiya
təminatını yarada bildi.
Son illərdə İKT ilə təminatın yaxşılaşması
sayəsində bu məqsədlə qəbul edilmiş Dövlət
Proqramı məktəblərimizdə müvəffəqiyyətlə həyata
keçirilir. Hər 29 şagirdə 1 kompüter nisbətinin
təmini dərslərin, hətta məktəbin
elektronlaşdırılması işində sürətli inkişafa
səbəb olmuşdur. 23 nömrəli məktəbdə uğurla
sınaqdan çıxan "Elektron məktəb" layihəsində
indi 20 və 220 nömrəli məktəb-liseylər, 7, 8,
23, 60, 134, 160, 245 nömrəli məktəblər iştirak
edir.
Başlıca məqsədimiz keyfiyyətli təhsilə nail
olmaqdır
Ən başlıca məqsədimizin təhsilin keyfiyyətinin
yüksəldilməsi olduğunu nəzərə alaraq, ilk
növbədə, təhsil müəssisələrində təhsil mühitinin
yaradılması, təhsilalan və təhsilverən arasında
səmimi və şəffaf münasibətin qurulması,
maddi-texniki bazanın möhkəmləndirilməsi
sahəsində kifayət qədər iş görülmüş və
görülməkdədir. Yuxarıda qeyd etdiyim hədəflərə
çatmaq, dünya standartları səviyyəsində
keyfiyyətli təhsil nəticələrinə nail olmaq üçün
mövcud potensialı hərəkətə gətirmək cari ildə
fəaliyyətimizin başlıca prinsipini təşkil
etmişdir.
"Bəs keyfiyyətli təhsilin meyarları hansıdır"
sualına cavab üçün müxtəlif parametrlər üzrə
qazanılmış nailiyyətlərə diqqət yetirək:
İlk növbədə, onu qeyd edim ki, təhsil sahəsində
yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi,
buraxılış imtahanlarının mərkəzləşdirilmiş
qaydada keçirilməsi təhsilin keyfiyyətinə
kifayət qədər müsbət təsir etməklə məktəblərdə
şagird biliyinin qiymətləndirilməsində
subyektivizm hallarının aradan qaldırılmasına
xidmət etmişdir.
Nəticədə şagirdlərin dərsə davamiyyəti sahəsində
yol verilmiş nöqsanlar aradan qaldırılmış, ümumi
icbari təhsilin həyata keçirilməsi sahəsində
əməli tədbirlər görülməklə uşaqların təhsildən
yayınması halları minimuma endirilmişdir.
Əsas təhsili başa vuran gənclərin orta və peşə
təhsilinə cəlb olunması işi yaxşılaşmışdır.
Təhsil islahatının müsbət nəticələrindən biri
kimi məzunların bilik səviyyəsi yüksəlmiş,
onların qəbul imtahanlarında göstərdikləri
nəticələr respublika səviyyəsindən yuxarı
olmuşdur.
2009-2010-cu dərs ili üçün ali
məktəblərə tələbə qəbulunda hər il olduğu kimi,
Bakı məktəbləri məzunlarının xüsusi çəkisi
artmışdır. Belə ki, 2009-cu ildə məzunlarımızın
42,17 faizi tələbə adını qazanmışdır. Nəzərinizə
çatdırmaq istəyirəm ki, bu rəqəm keçən il 39,50
faizə bərabər olmuşdur. Bakı Şəhəri üzrə Təhsil
İdarəsi yarandığı son üç ildə bu parametr üzrə
artım təqribən 8 faizdir. Sevindirici haldır ki,
son 3 ildə respublika üzrə ən yüksək
göstəricilər Bakı şəhərinə məxsusdur. Bakı
şəhəri məzunlarının orta balı da respublika üzrə
orta göstəricidən 30 bal yuxarıdır.
Xüsusi istedada malik uşaqların istedadının
aşkara çıxarılması və inkişaf etdirilməsi də
fəaliyyətimizin əsas istiqamətlərindən biri
olmuşdur. çünki istedadlar milli sərvətdir. Bu
sərvətin qorunması və düzgün
istiqamətləndirilməsi hər bir təhsil işçisinin
borcudur.
Məlumdur ki, fənn olimpiadaları istedadlı
şagirdlərin üzə çıxarılmasında, onların
yaradıcılıq imkanlarının inkişaf etdirilməsində
mühüm rol oynayır. Həmişə olduğu kimi, ötən dərs
ilində də olimpiadalar yüksək səviyyədə
keçirilmişdir. Bunu olimpiadanın respublika
turunda şagirdlərimizin göstərdiyi yüksək
nəticələr sübut edir. Belə ki, 2006-cı ildə
qalib şagirdlərimizin sayı 48, 2007-ci ildə 69
nəfər olduğu halda, 2008-ci ildə bu rəqəm 92-yə,
2009-cu ildə isə 105-ə çatmışdır.
Belə müsbət dinamika aparılan məqsədyönlü və
ardıcıl işin nəticəsidir.
Ən başlıca cəhət isə təhsil islahatının əsas
tələbinə uyğun olaraq təhsilin nəticəyönümlü və
tətbiqyönümlü istiqamət üzrə inkişaf etdirilməsi
istiqamətində aparılan işin səmərəli nəticə
verməsidir.
Son üç ildə yeni pedaqoji texnologiyaların və
innovasiyaların pedaqoji prosesə tətbiqi işi
təkmilləşdirilmiş, müəllimlərin yaradıcı
fəaliyyəti istiqamətləndirilmiş, interaktiv
təlim metodu ilə işləyən müəllimlərin qabaqcıl
təcrübəsi ümumiləşdirilərək yayılmışdır.
Qabaqcıl təcrübənin təşviq edilməsi, dünya
təhsil sisteminin yaxşı nümunələrinin tətbiqinə,
öyrənilməsinə və təbliğinə münbit şəraitin
yaradılması müəllimlər tərəfindən rəğbətlə
qarşılanmış və bu sahədə ciddi inkişaf meyilləri
özünü qabarıq şəkildə göstərmişdir. İndi bu cür
yeni təlim texnologiyalarını, inteqrativ təlimi
öz işində tətbiq edən müəllimlərimiz
yüzlərlədir.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin sərəncamına uyğun olaraq
keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən
yaxşı müəllim" müsabiqələrində Bakı şəhəri
məktəblərinin müəllimlərinin nəticələri ürəkaçan
olmuşdur. Cənab Prezidentimiz İlham Əliyevin
sərəncamı ilə Bakı şəhərinin 24 məktəbi "Ən
yaxşı ümumtəhsil məktəbi", 41 nəfər müəllim isə
"Ən yaxşı müəllim" adına layiq görülmüşlər.
Sevindirici nailiyyətdir ki, 50 qalib məktəbin
24-ü Bakı şəhərinin məktəbləridir. 2008-ci ildə
isə bu rəqəmlər müvafiq olaraq 42 və 14
olmuşdur. Bu nəticələr göstərir ki, Bakı
təhsilində ciddi inkişaf var. Əlbəttə ki, yalnız
yaxşı müəllim olan yerdə keyfiyyətli təhsildən
danışmaq olar.
Valideyn-Müəllim Assosiasiyaları təhsilə dəstək
verir
2009-cu
ildə təhsildə demokratik islahatların
dərinləşdirilməsi, məktəblərin müstəqilliyinin
artırılması ilə yanaşı, tədrisə nəzarət
prosesinin təkmilləşdirilməsi sahəsində də yeni
forma və metodların tətbiqi ilə kifayət qədər
uğurlu nəticələrə nail olundu. Görülmüş
tədbirlərin nəticəsi olaraq indi hər bir müəllim
məktəbin idarəedilməsində iştirak edir.
Valideyn-Müəllim Assosiasiyaları məktəbdə
təhsilin inkişafına, mənəvi-psixoloji iqlimin
sağlamlaşdırılmasına əməli töhfələrini verir.
Təhsilə ictimai nəzarətin səviyyəsi də
yüksəkdir. İctimai nəzarətin tətbiqi ilə daha
bir müsbət nəticəyə - icma-məktəb
münasibətlərinin sağlam əsaslarla
formalaşdırılmasına nail ola bildik. VMA-nın
köməyi və bilavasitə iştirakı ilə məktəblərin
həm maddi-texniki təchizatının yaxşılaşdırılması
baxımından müsbət işlər görüldü, həm təhsilin
keyfiyyətinə nəzarət artdı, həm də əsassız
söz-söhbətlərə son qoyuldu. İndi məktəblərin
əksəriyyətində VMA fəaliyyət göstərir.
Məktəbəqədər təhsil sahəsi diqqət mərkəzindədir
Möhtərəm Prezidentimiz İlham Əliyevin "Biz maddi
dəyərlərimizi, iqtisadi potensialımızı insan
kapitalına çevirməliyik" konseptual fikrinin
əsasında, ilk növbədə, keyfiyyətli təhsil,
cəmiyyətin yüksək intellektual səviyyəsi
dayanır. Təhsilin ilkin pilləsi və bünövrəsi
məktəbəqədər təhsildən başlayır. Ona görə də bu
sahənin inkişafını dünya standartları
səviyyəsinə çatdırmağı qarşıya məqsəd qoymuşuq.
2009-cu ildə məktəbəqədər təhsil müəssisələri
şəbəkəsinin optimallaşdırılması və maddi-texniki
bazasının təkmilləşdirilməsi istiqamətində
görülən işlərin nəticəsi kimi 19 məktəbəqədər
müəssisədə əsaslı təmir işləri aparılmış,
müəssisələrin maddi-texniki bazası tam
yeniləşdirilmiş, müasir tələblərə cavab verən
mebellərlə, avadanlıqlarla təchiz olunmuşdur.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 14
müəssisədə cari təmir işləri aparılmış, istilik
sistemləri, dam örtükləri, hasarlar, təmirə
böyük ehtiyacı olan müəssisələrin mətbəxləri,
sanitar qovşaqları təmir edilmişdir. Məlumdur
ki, məktəbəqədər müəssisə, ilk növbədə,
tərbiyə, təlim və inkişaf mərkəzinə çevrilməli,
hamı üçün əlçatan olmalıdır. Bizim gələcək
planlarımızın əsasını da bu ideya təşkil edir və
fəaliyyətimizi bu istiqamətə yönəltmişik.
Növbəti ildə bütün imkanların səfərbər
edilməsi, məktəbəqədər təhsilin inkişafına
yönəlmiş layihələrin tətbiqi ili olacaqdır.
Məktəbəqədər təhsilin məzmunca yeniləşdirilməsi
istiqamətində aparılan işlər sırasında
müəssisələrə 24 adda uşaq ədəbiyyatı və 76 adda
əyani vəsaitin verilməsini qeyd etmək istərdim.
İl ərzində pedaqoji işçilərin metodik
səviyyəsinin inkişaf etdirilməsi məqsədilə 30
seminar, treninq və müşavirələr keçirilmişdir.
Dekabrda məktəbəqədər təhsil müəssisələrinin
rəhbərləri üçün "Əmək qanunvericiliyi və ondan
irəli gələn vəzifələr" mövzusunda keçirilən
silsilə seminarlar ciddi ictimai dəstək
qazanmışdır. Gələn ildə də bu prosesi davam
etdirmək, onun əhatə dairəsini genişləndirmək
niyyətindəyik. O şey ki təhsilə, onun
keyfiyyətinə azca da olsa müsbət təsir göstərir,
biz ondan mütləq yararlanacağıq.
Məktəbdənkənar təhsil tərbiyə prosesində mühüm
amildir
Təhsil sistemində özünəməxsus yeri olan
məktəbdənkənar təhsil müəssisələrinin tərbiyə
prosesində mühüm rolunu nəzərə alan təhsil
idarəsi həmişə olduğu kimi, 2009-cu ildə də bu
sahənin inkişafına diqqət yetirmişdir.
Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
tabeliyində 48 məktəbdənkənar təhsil müəssisəsi,
o cümlədən 19 idman məktəbi, 14 uşaq yaradıcılıq
mərkəzi, 8 texniki yaradıcılıq mərkəzi, 3
məktəbdənkənar tərbiyə işi mərkəzi, 3 ekoloji
tərbiyə və təcrübəçilik mərkəzi və 1 gənc
turistlər və diyarşünaslıq mərkəzi fəaliyyət
göstərir.Mövcud potensialdan səmərəli istifadə,
uşaq idmanının inkişafına diqqət öz bəhrəsini
vermişdir.
Sona çatmaqda olan 2009-cu il bu sahədə
qazanılan nailiyyətlərlə zəngin olmuşdur. Belə
ki, 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya
Eytiyatları Şahmat - Dama İdman Məktəbi 2009-cu
ilin iyununda Bolqarıstanda məktəblilərin
komanda üzrə Avropa çempionatında I yerə layiq
görülüb. Məktəbin yetirməsi 16 yaşlı Murad
Quliyev şahmat üzrə respublika olimpiadasında II
yerə layiq görülərək dünya olimpiadasına vəsiqə
alıb. Gənc şahmatçı Nərmin Kazımovanın
nəticələri də ürəkaçandır. Nərmin Antalyada
keçirilən dünya çempionatında III-IV yerləri
bölüşdürmüş, 16 yaşlı yeniyetmələrin
olimpiadasında isə I yeri tutmuşdur.
Ən yüksək nəticəni isə məktəbin daha bir
yetirməsi - Günay Məmmədzadə göstərmişdir. 9
yaşlı Günay noyabrda Türkiyənin Antalya
şəhərində keçirilən dünya birinciliyində
birinci yeri tutaraq dünya çempionu adına layiq
görülmüşdür.
Daha bir məktəbdənkənar təhsil müəssisəsinin 13
nömrəli OEUGİM-nin 2009-cu ildə qazandığı
uğurlar da ürəkaçan olmuşdur. İdmanın akrobatika
gimnastikası, cüdo, həndbol, boks, otüstü xokkey
və futbol bölmələrinin fəaliyyət göstərdiyi bu
idman məktəbinin yetirmələrinin 2009-cu ildə
Azərbaycan və Avropa turnirlərində qazandığı
yüksək nəticələr hamının ürəyincə olmuşdur.
Əvvəlki illərlə müqayisədə 2009-cu ildə idman
məktəblərində yüksək dərəcəli idmançıların
hazırlanması səviyyəsi artmışdır. Belə ki, 7
nəfər idman ustası, 113 nəfər idman ustalığına
namizəd hazırlanmış, 252 idmançıya I , 2627
idmançıya isə II və III idman dərəcələri
verilmişdir.
Qeyd olunan sərəncama uyğun olaraq uşaq
futbolunun inkişafı da diqqət mərkəzindədir.
Belə ki, bu il futbol bölmələrinin yaradıldığı
13, 15 və 19 nömrəli idman məktəblərində bu
istiqamətdə ciddi işlər aparılır və yaxın
gələcəkdə biz bunun nəticələrini görmək
ümidindəyik.
Məktəblilərin vətənpərvərlik ruhunda, tariximizə
və tarixi şəxsiyyətlərimizə hörmət ruhunda
tərbiyə edilməsi sahəsində ənənə şəklini almış
müsabiqələrin də çox böyük əhəmiyyəti var. Bu
mənada hər il olduğu kimi, 2009-cu ildə Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı Respublika
Komitəsi ilə birlikdə ulu öndər Heydər Əliyevin
anadan olmasının 86-cı ildönümünə həsr edilmiş
"Azərbaycan - dünyam mənim" müsabiqəsi böyük
maraq doğurmuşdur. 45 min məktəblinin qatıldığı
bu müsabiqə istedadların üzə çıxarılmasında
mühüm addım olmuşdur. Müxtəlif nominasiyalar
üzrə 3 mərhələdən ibarət müsabiqə əsl istedad
yarışı, mənəvi tərbiyə məktəbi olmuşdur.
Təbiidir ki, birillik fəaliyyətimizi bir qəzet
məqaləsində tam və ətraflı təhlil etmək bir
qədər çətindir. Mən başlıca olaraq əsas
məsələlərə toxunmaqla Azərbaycan təhsilinin,
onun əsas ağırlıq mərkəzi olan Bakı təhsilinin
inkişafına qısa nəzər saldım. Sözsüz ki,
müvəffəqiyyətlərimizlə yanaşı, nöqsan və
problemlərimiz də oldu. Lakin amal və məqsəd
aydın olanda, yaradıcı iş əzmi ilə işləyəndə
problemdən yox, gələcək qələbələrdən, yüksək
nəticələrdən danışmağa dəyər. Bizim də yolumuz
aydın, amalımız xalqa xidmət etməkdir. 2010-cu
ili bu amalla, bu məqsədlə qarşılayan Bakının
pedaqoji ictimaiyyəti keyfiyyətli təhsil uğrunda
mübarizəsini davam etdirmək əzmindədir.
Son olaraq bütün xalqımızı qarşıdan gələn iki
bayram - Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il münasibətilə təbrik edir, hər
bir ailəyə firavanlıq arzulayıram.
Nailə RZAQULİYEVA,
Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin müdiri,
respublikanın əməkdar müəllimi |