|
Yerləşir: |
Kanada, Kvebek, Monreal şəhəri |
|
|
Yaranma tarixi: |
1821-ci il |
Tipi: |
Dövlət |
Kansleri: |
Arnold Steynberq |
İşçi heyəti: |
1616 nəfər (akademik heyət), 3457 nəfər
(inzibati heyət) |
Tələbələrin sayı: |
35300 nəfər |
İllik büdcəsi: |
1 074 061 000 Kanada dolları |
Ərazisi: |
32 hektar |
Rəsmi saytı: |
www.mcgill.edu.ca |
MakGill Universiteti (McGill University)
Kanadanın ən qədim və nüfuzlu ali təhsil
müəssisəsidir. Universitet Kanadanın Kvebek
əyalətinin Monreal şəhərində yerləşir. Böyük
Britaniyanın həftəlik dərc olunan "Times Higher
Education Supplement - QS World Universities
Rankings" jurnalının hər il apardığı dünya
universitetlərinin reytinqinə əsasən, 2009-cu
ildə MakGill Universiteti 100 ən yaxşı ali
məktəb arasında 18-ci yerdədir.
Tarixi
MakGill Universitetinin adı tanınmış mesenat
Ceyms MakGillin adı ilə bağlıdır. Ceyms MakGill
6 oktyabr 1744-cü ildə Şotlandiyanın Qlazqo
şəhərində anadan olub və sonralar Kvebekdə
məşhur tacir kimi tanınıb. C.MakGill ingilis və
fransız dillərini mükəmməl bilən savadlı şəxs
kimi var-dövlətini təhsilin inkişafına sərf
etmək istəyib. Bu məqsədlə o, 10000 funt
məbləğində 19 hektarlıq ərazi əldə edir. Lakin
C.MakGill 1813-cü ildə vəfat etdiyi üçün
arzularını reallaşdıra bilmir. Təhsilin
Yaxşılaşdırılması üzrə Kral İnstitutu onun
istəyini həyata keçirmək üçün universitet
yaratmaq qərarına gəlir. C.MakGillin
vəsiyyətnaməsində onun aldığı ərazidə ölümündən
sonra ən azı 10 il ərzində ayırdığı vəsait
hesabına ali məktəb tikilməsi, həmin məktəbin
onun adı ilə adlandırılması göstərilir, əks
təqdirdə, vəsiyyətnamədə göstərilənlərin həyat
yoldaşının varislərinə çatması qeyd olunurdu.
Beləcə, Desrivieres ailəsi (Ceyms MakGillin
həyat yoldaşının varisləri) ilə uzun məhkəmə
çəkişməsindən sonra Kral İnstitutu qalib gəlir
və nəticədə 31 mart 1821-ci ildə kral IV Georq
MakGill Kollecinin yaradılması haqqında sənədi
imzalayır. Lakin kollecin binası olmadığı üçün
ilk dərslər 27 yanvar 1829-cu ildə Burnsayd
Pleysdə - C.MakGillin şəhərkənarı evində
keçilir. Bu ev 1840-cı ilədək ali təhsil
müəssisəsi kimi fəaliyyət göstərir (MakGill
Universitetinin ilk binası olan İncəsənət
Korpusunun tikildiyi ilə qədər).
1855-1893-cü illərdə ali təhsil müəssisəsinə
tanınmış geoloq Con Uilyam Douson rəhbərlik
edir. MakGill Kollecinin universitet kimi
fəaliyyəti onun rəhbərliyi dövrünə təsadüf edir.
C.Douson Monrealın varlı şəxslərini təhsil
müəssisəsinə yardım etməyə cəlb edir və kampusun
ərazisində yerləşən binaların çoxu hazırda
onların adlarını daşıyır - Redpet Muzeyi, Redpet
Kitabxanası, MakDonald Fizika, Kimya,
Mühəndislik binaları, Strathcona Anatomiya və
Stomatologiya korpusu və s. 1885-ci ildə təhsil
müəssisəsinə rəsmi olaraq MakGill Universiteti
adı verilir. 1848-ci ildə universitetin nəzdində
Kanadada ilk hüquq fakültəsi, 1896-cı ildə isə
Memarlıq Məktəbi fəaliyyətə başlayır.
1884-cü ildə Lord Strathcona kimi tanınan,
universitetin əsas xeyriyyəçilərindən olan
mesenat Donald Smit qadınların MakGill
Universitetində təhsil almaları üçün fond
yaradır. Sonralar onun şərəfinə burada təhsil
alan qız tələbələr "Donaldlar" ("Donalds")
adlandırılır. Universitetin ilk qız məzunu
1890-cı ildə Kerri Derik olur. 1888-ci ildən
başlayaraq qız tələbələrə elmi dərəcələr
verilir. 1899-cu ildə universitetin nəzdində
qızlar üçün Kral Viktoriya Kolleci yaradılır.
Hazırda bu kollec qızlar yataqxanası kimi
fəaliyyət göstərir.
1900-cü ildə universitetdə MakLennan Kitabxanası
yaradılır. 1905-ci ildə Donald Smit Monrealın
qərbində kampus yaratmaq üçün böyük ərazi alır.
1907-ci ildə yaradılmış bu şəhərcik hazırda
MakDonald Kampusu adlandırılır.
MakGill Universiteti Britaniya Kolumbiyası
əyalətinin Vankuver və Viktoriya kimi böyük
şəhərlərində təhsil müəssisəsi açan ilk Kanada
universitetidir. 1903-cü ildə Viktoriya
şəhərində incəsənət və elmlər üzrə ixtisaslaşmış
Viktoriya Kolleci (hazırkı Viktoriya
Universiteti), 1908-ci ildə Vankuver şəhərində
MakGill Universitetinin Britaniya Kolumbiyasında
kolleci yaradılır. Bu ali təhsil müəssisəsi
1915-ci ildə müstəqillik əldə edir və Britaniya
Kolumbiyası Universiteti adlandırılır.
1969-cu ildə MakGill Universitetində "Français"
(fransız) hərəkatı başlayır. Hərəkata Ontariodan
olan politoloq Stenli Qrey rəhbərlik edir. Qeyd
edək ki, bu zamana qədər MakGill Universitetinin
rəsmi dili ingilis dili hesab olunur,
fransızdilli tələbələrə isə 1835-ci ildən bu
dildə yalnız diplom işi yazmağa icazə verilir.
Kanada ikidilli dövlət olduğundan, əhalinin
fransızdilli hissəsi buna qarşı çıxaraq,
universitetdə ingilis dili ilə yanaşı, fransız
dilinin də eyni hüquqa malik olmasını tələb
edir. Bu hərəkat böyüklüyünə görə Monrealda
ikinci ən böyük nümayiş hesab olunur. Lakin yenə
də MakGill Universiteti rəsmi ikidilli ali
məktəbə çevrilmir. Hazırda universitet
tələbələrinin yalnız 18 faizi fransızdillidir.
Bu gün MakGill Universiteti Kvebekdə fəaliyyət
göstərən üç ingilisdilli ali məktəbdən biridir,
yalnız hüquq fakültəsində ingilis dili ilə birgə
fransız dilini də bilmək tələb olunur.
Universitet bu gün
MakGill Universitetinin əsas kampusu Monreal
şəhərinin mərkəzində Royal (Kral) dağının
ətəyində 32 hektarlıq ərazidə Peel və MakGill
metro stansiyalarının yanında yerləşir. Tələbə
şəhərciyinin binalarının tikintisində
birləşdirmə elementi kimi yerli boz əhəngdən
istifadə olunub. Binalar parklarla əhatə edilib.
Universitetin idman mərkəzləri və məşhur Molson
stadionu Royal dağında yerləşir.
MakGill Universitetində də, başqa
universitetlərdə olduğu kimi, tələbələr kampusun
rezidensiyalarında yaşayırlar. Lakin universitet
yalnız birinci kursları şəhərcik daxilində
yataqxanalarla təmin edir. Qalan tələbələr
kampusdan kənarda özlərinə yaşayış yerləri
tapmalıdırlar. Birinci kursların əksəriyyəti
Royal dağının ətəyində yerləşən MakKonnell,
Molson, Hardner, Duqlas yataqxanalarından ibarət
Yepiskop rezidensiyasında yaşayır. Universitetin
ikinci ən böyük rezidensiyası qızlar üçün
nəzərdə tutulmuş Viktoriya Kral Kollec
yataqxanasıdır. Kampusun ən böyük yataqxanası 4
ulduzlu otelə malik "Nyu-Rez" rezidensiyasıdır.
2009-cu ilin aprelində MakGill Universiteti
Qərbi Şerbruk, 475 küçəsində 4 ulduzlu Şeraton
hoteli əldə edərək onu yataqxanaya çevirir və
həmin ilin payızında tələbələrin istifadəsinə
verir. Tələbələr binanı Şerbruk və ya
"Nyu-Nyu-Rez" adlandırırlar. Yuxarı kurs
tələbələrinin əksəriyyəti kampusdan şərqdə
"MakGill Getto" (getto - orta əsrlərdə bəzi
ölkələrin iri şəhərlərində yəhudilər üçün
ayrılan xüsusi məhəllələr) adlanan ərazidə
yaşayır. Kampusa yaxın ərazilərdə icarə haqqı
qiymətləri baha olduğundan tələbələr qıraq
rayonlara üstünlük verirlər.
MakGill Universitetinin ikinci şəhərciyi
Monrealın qərbində 6,5 km2 ərazidə yerləşən
MakDonald Kampusudur. Burada kənd təsərrüfatı və
ətraf mühit haqqında elmlər fakültəsi,
Dietologiya və İnsanın Qidalanması, Ətraf
Mühitin Mühafizəsi məktəbləri, Parazitologiya
İnstitutu, Morqan Dendarisi və J.S. Marşall
Radar Rəsədxanası yerləşir. Morqan Dendarisi
1945-ci ildə yaradılıb və 2,5 km2 ərazidə
yerləşir. Bu meşə qoruğunda növlərin
yaradılması, qorunması, genişləndirilməsi, meşə
təsərrüfatının inkişafı və s. üzrə müxtəlif
tədqiqatlar, proqramlar həyata keçirilir.
MakGill Universitetində 11 fakültə və 10 məktəb
fəaliyyət göstərir:
Kənd təsərrüfatı və ətraf mühit haqqında elmlər
fakültəsinə Dietologiya və İnsanın Qidalanması,
Ətraf Mühitin Mühafizəsi məktəbləri daxildir.
İncəsənət fakültəsinə İctimai Fəaliyyət və
Ətraf Mühitin Mühafizəsi məktəbləri daxildir.
Stomatologiya fakültəsi əsas kampusun ərazisində
yerləşir, Kanadanın ən yüksək ixtisaslaşmış
stomatoloqlarını hazırlayır.
Pedaqogika fakültəsinə Kitabxana və İnformasiya
Tədqiqatları Ali Məktəbi daxildir.
Mühəndislik fakültəsində Memarlıq və Şəhərsalma
məktəbləri fəaliyyət göstərir.
Hüquq fakültəsi əsas kampusda, şəhərin mərkəzi
hissəsində yerləşir, insan hüquqlarının
qorunması üzrə mühüm layihələr həyata keçirir.
Kanadada yaranan ilk hüquq fakültəsidir.
Dezotel menecment fakültəsi 1906-cı ildə
yaradılıb və dünyanın aparıcı biznes
məktəblərindən biridir.
Tibb fakültəsinə Kommunikasiya Elmləri və
Pozulmalar, Tibb bacısı, Fiziki və Əmək
Müalicəsi məktəbləri daxildir.
Şulix musiqi fakültəsi əsas kampusda yerləşir,
dünyaya yüksək səviyyəli musiqi xadimləri bəxş
edib.
İlahiyyat fakültəsi 1948-ci ildə yaradılıb və
bütün dünya dinlərinin öyrənilməsi ilə
məşğuldur.
Dəqiq elmlər fakültəsinə İnformasiya
Texnologiyaları və Ətraf Mühitin Mühafizəsi
məktəbləri daxildir.
Burada mövcud olan digər akademik bölmələrdən
Təhsilin Davametdirilməsi Mərkəzini, Ali və
Doktorantura Tədqiqatları Ofisini qeyd etmək
olar.
Kanadada ilk tibb fakültəsi 1832-ci ildə
MakGill Universitetində yaradılıb. Fakültə
MakGill Universitetinin Sağlamlıq Mərkəzinə
daxildir. Mərkəzdə 5 hospital - Monreal Uşaq,
ümumi, Kral Viktoriya, Nevrologiya İnstitutu,
çest (Sandıq) İnstitutu xəstəxanaları yerləşir.
MakGill Universitetinin Sağlamlıq Mərkəzi
ölkənin ən müasir xəstəxana-tədqiqat imkanlarına
malik tibb müəssisəsidir. Burada 500-dən çox
tədqiqatçı və həkim, 1000-ə yaxın diplomlu
mütəxəssis və doktorant çalışır, mərkəzdə 100
milyon dollar dəyərində tədqiqatlar həyata
keçirilir. Bundan başqa, universitetin nəzdində
Ser Mortimer Devis - Yəhudi ümumi Xəstəxanası,
Duqlas Psixi Sağlamlıq İnstitutu və Müqəddəs
Məryəm Hospital Mərkəzi fəaliyyət göstərir.
MakGill Universitetinin kitabxana sisteminə
Monreal Mərkəzi və MakDonald kampuslarında
yerləşən 13 sahə kitabxanası daxildir. Kitabxana
kolleksiyasına 6 milyon cilddən çox kitab,
jurnal, val, mikroforma, audio - və videokaset,
DVD, kompakt disk, onlayn verilənlər bazası və
indekslər daxildir. Bu, böyüklüyünə görə
Kanadanın dördüncü akademik kitabxanasıdır.
Kitabxanada bütün sahələr üzrə ingilis və
fransız dillərində onlayn kataloq mövcuddur.
Humanitar və ictimai elmlər üzrə kitablar
Maklennan və Redpet kitabxanalarında toplanıb.
Nadir Kitablar və Xüsusi Kolleksiyalar
Kitabxanasında incəsənət, memarlıq, tarix,
ədəbiyyat və s., Osler Kitabxanasında tibb,
həyat elmləri üzrə müxtəlif kitablar var.
MakGill Universiteti kitabxanası Kanada
Elmi-Texniki Kitabxanalar, Tədqiqat
Kitabxanaları assosiasiyalarının üzvüdür.
MakGill Universitetinin kansleri Arnold
Steynberq, vitse-kansleri isə Hizer
Manro-Blyumdur. Universitet həmçinin İdarəçilər
Şurası tərəfindən idarə olunur. Şuranın sədri
Robert Rabinoviçdir. Ali təhsil müəssisəsində
1616 nəfər akademik, 3457 nəfər inzibati heyət
fəaliyyət göstərir. Akademik heyətin 135 nəfəri
Kanada Kral Cəmiyyətinin üzvüdür. Universitetin
hüquq üzrə professoru Paul-Andre Crepeau,
biokimya üzrə professoru Filipp Qross və
iqtisadiyyat üzrə professoru Jan-Mari Dyufura
mükəmməl karyera əldə etmələri, mövcud əyalətin
elmi, ictimai tərəqqisinə böyük töhfələr
verdikləri üçün hər il Kvebek Prizinə layiq
görülürlər. Psixoloq, MakGill Universitetinin
fəxri professoru Ronald Melzak Kanada Tibbi
Memorialının 76 üzvündən biridir.
Universitetin elmi nailiyyətləri
MakGill Universiteti yarandığı gündən dünya
elminə yeni nailiyyətlər verməyə başlayıb. Belə
ki, 1899-cu ildə professor Ernest Rezerford
radon adlanan radiaktiv qazı kəşf edir. Radon
uzun illər xərçəng xəstəliyinin müalicəsində,
şüa terapiyasında istifadə olunub. 1902-ci ildə
E. Rezerford kimyaçı Frederik Soddi ilə birgə
atomun parçalanması və transmutasiya üzrə
nəzəriyyə irəli sürürlər. Onlar aşkar edirlər ki,
atomlar bir-birlərindən müxtəlif materiya
formalarında qopa bilərlər. Bu kəşf 1908-ci ildə
kimya üzrə Nobel mükafatına layiq görülür.
1936-cı ildə universitetin tədqiqatçısı Moda
Abbott "Anadangəlmə ürək qüsurları" atlasını
nəşr etdirir. Kitab uzun illərin
araşdırmalarının nəticəsi olaraq çox böyük uğur
əldə edir və müəllif M. Abbott ürək xəstəlikləri
üzrə aparıcı dünya ekspertinə çevrilir.
1940-cı ildə professor Herbert Henri Casperilk
beyinin elektrik fəallığını öyrənmək üçün ilk
dəfə olaraq elektroensefaloqrammadan (EEQ)
istifadə edir. Elektroensefaloqrammanın köməyi
ilə beyin xərçəngi, kəllə-beyin travmaları və s.
xəstəliklərin müalicəsində istifadə olunur.
Epilepsiyanın diaqnozunda elektroensefaloqramma
ən vacib alət hesab edilir.
1952-ci ildə universitetin tədqiqatçısı Hayns
Lemann şizofreniyanın müalicəsində "Xlorpromazin"
adlı preparatdan istifadə edərək, müasir
psixiatrik yardıma böyük töhfə edir. 1957-ci
ildə tədqiqatçı Tomas çanq dünyada ilk süni özək
yaradır. Universitetin professoru Robert Bell
yeni radioaktivlik formasını kəşf edir. 1965-ci
ildə Sem Fridman və Fil Qold insanın qanında
mövcud olan və xərçəng xəstəliyini yaradan
embrional antigen adlı zülal növünü
aşkarlayırlar.
1980-ci ildə biotexnologiya üzrə professor
Kelvin Oqilvi bir neçə saat ərzində DNK-nın
ardıcıl düzülüşünü mümkün edən genlərin
avtomatlaşdırılmış sintezatorunu kəşf edir.
1986-cı ildə Oqilvi yeni preparatların
yaradılmasına gətirən RNK-nın sintezini, 1993-cü
ildə isə tədqiqatçılar Denis Fiqreviç, Hay Yun
Hoto və Aldis Krizus Lu Heriq adlanan irsi
xəstəliyin səbəbkarı olan geni
müəyyənləşdirirlər.
1998-ci ildə universitetin psixiatriya üzrə
professoru Sonia Lyupien stress hormonlarını -
yaddaşın itirilməsinə gətirən davamlı
kartizolun dərəcəsini müəyyən edir. Bu kəşf
bir çox irsi xəstəliklərin müalicəsində böyük
rol oynayır. Eləcə də həmin il tədqiqatçılar
Filipp Qros və Emil Skameni siçanlarda bir çox
infeksion xəstəliklərə, xüsusilə vərəm və
cüzam xəstəliklərinə səbəb olan gen
aşkarlayırlar.
2005-ci ildə Ceremi Cas yoğun bağırsaqdakı
xərçəng xəstəliyinin yaradıcısı olan geni
müəyyən edir. Nəticədə inkişaf etmiş ölkələrdə
xərçəngin çətin formaları müalicə edilir. Elə
həmin il professor Viki Kaspi neytron ulduz -
pulsarı kəşf edir. Onun tədqiqat qrupu Süd Yolu
qalaktikasında 20-dən çox pulsar aşkarlayır.
2006-cı ildə həkim Renso Cecere başda olmaqla
MakGill Universitetinin həkimləri 65 yaşlı Jerar
Lenjevenin üzərində ürək inplantasiyası
əməliyyatı həyata keçirirlər. Onların yaratdığı
süni ürək 10 il fəaliyyət göstərmək
qabiliyyətinə malik olur, bu da həmin ana qədər
yaradılmış ən uzunömürlü mexaniki ürək olur.
2006-cı ildə universitetin paleontoloqu Hans
Larsson Qütb dairəsinə ekspedisiyası zamanı
nəhəng dəniz canlısı ixtiozavrın qalıqlarını
aşkar edir. Tapıntı qədim dəniz həyatının
miqrasiyasının öyrənilməsinə önəmli töhfə verir.
2007-ci ildə kardioloqlar Co Martucci və Adrian
Dancea ilk qapalı ürək əməliyyatı (kəsiksiz)
həyata keçirir və xəstə 48 saatdan sonra evə
buraxılır. Bu təcrübə sayəsində açıq
cərrahiyyədə və ürək qüsurları xəstəliklərinin
müalicəsində böyük uğurlar əldə etmək mümkündür.
Həmin il universitetin Onkologiya Mərkəzinin
direktoru Mişel Trimblinin rəhbərliyi ilə süd
vəzilərində xərçəngə səbəb olan PTP1B geni
müəyyən edilir. Hazırda həmin genin
ingibitorları süd vəzilərində xərçəng aşkarlanan
xəstələrin üzərində təcrübədən keçirilir.
Büdcə xərcləri və təhsil haqqı
2007-2008-ci illərin nəticələrinə əsasən MakGill
Universitetinin ümumi gəlirlərinin məbləği 1 074
061 000 Kanada dolları təşkil edib. Bu gəlirin
318840000 dolları Kvebek hökumətinin
qrantlarından, 19158000 dolları federal
hökumətin tədqiqatlara ayırdığı vəsaitdən,
292411000 dolları tədqiqat qrantlarından,
160334000 dolları təhsil haqqından, 105713000
dolları ianə və yardımlardan, 87694000 dolları
investisiya və faiz gəlirlərindən, 89881000
dolları isə əlavə gəlirlərdən ibarət olub.
MakGill Universitetində 2009-2010-cu tədris
ilində təhsil haqqı Kvebek sakinləri üçün 1868
dollar, Kanadanın müxtəlif bölgələrindən gələn
tələbələr üçün 5378, əcnəbilər üçün isə
15000-dən başlayaraq seçilmiş proqram
çərçivəsində artır.
MakGill Universiteti dünyanın ən nüfuzlu ali
təhsil müəssisələrindən biridir. Qabaqcıl
elmi-tədqiqat mərkəzi olaraq bu ali məktəb dünya
elminin inkişafında böyük rol oynayır. Xüsusilə
tibb elmi üzrə ali təhsil müəssisəsinin əldə
etdiyi nailiyyətlər danılmazdır. Universitetin 8
məzunu Nobel mükafatına layiq görülüb.
Hazırda MakGill Universitetində ümumilikdə 35
300 tələbə təhsil alır. Onların 7 975-ni magistr
və doktorant, qalanlarını isə bakalavrlar təşkil
edirlər. Universitetdə oxuyan əcnəbi tələbələrin
sayı 6829 nəfərdir.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"
çərçivəsində MakGill Universitetində
azərbaycanlı tələbə təhsil almır. ümid edirik ki,
tezliklə bu universitetin tələbələri sırazında
azərbaycanlı gənclər də olacaqlar.
MakGill Universitetinin məşhur məzunları:
|
Vayra Vike-Freyberq |
Latviya Respublikasının 6-cı prezidenti |
|
|
Daniel Oduber Quiros |
Kosta-Rikanın sabiq prezidenti |
|
|
Əhməd Nazif |
Misirin Baş naziri |
|
|
Jonn Abbott |
Kanadanın üçüncü Baş naziri |
|
|
Uilfrid Laurier |
Kanadanın yeddinci Baş naziri |
|
|
Zbiqnev Bjezinski |
ABŞ-ın sabiq prezidenti Cimmi Karterin
milli təhlükəsizlik üzrə məsləhətçisi |
|
|
Ceyms Neysmit |
basketbol oyununun yaradıcısı |
|
|
Ernest Rezerford |
kimya üzrə Nobel mükafatı laureatı |
|
|
Frederik Soddi |
kimya üzrə Nobel mükafatı laureatı |
|
|
Rudolf Markus |
kimya üzrə Nobel mükafatı laureatı |
|
|
Uillard Boyl |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Val Fitç |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Robert Mandell |
iqtisadiyyat üzrə Nobel mükafatı
laureatı |
|
|
Cek Szostak |
tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Endryu Viktor Şalli |
tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Devid Hanter Hyubel |
tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
J.Payette |
Kanadanın tanınmış astronavtı |
|
|
D.Uilliams |
Kanadanın tanınmış astronavtı |
|
|
R. Thirsk |
Kanadanın tanınmış astronavtı |
|
Hazırladı:
Lamiyə ƏLİYEVA |