Azərbaycan Respublikası Prezidentinin
sərəncamları ilə:
- 2009-cu il ölkəmizdə "Uşaq ili" elan edilib.
- "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin
qalibi olmuş 50 məktəbin hər birinə 10000
manat, "Ən yaxşı müəllim" müsabiqəsinin
qalibi olmuş 100 müəllimin hər birinə 5000
manat məbləğində birdəfəlik pul mükafatı
verilib.
- 2009-cu ildə ölkəmizdə elm və təhsilin
inkişafındakı xidmətlərinə görə ümumilikdə 312
nəfər təhsil işçisi yüksək dövlət təltiflərinə,
fəxri adlara və fərdi təqaüdlərə layiq görülüb.
- 2009-cu ildə musiqi sahəsində xüsusi istedadı
olan 11 yeniyetmə və gəncin adı Azərbaycanın
gənc istedadlarının "Qızıl kitabı"na
yazılmaqla Azərbaycan Respublikası Prezidentinin
xüsusi təqaüdünə layiq görülüb.
- 24 aprel 2009-cu il tarixdə "Bakı Dövlət
Universitetinin 90 illik yubileyinin keçirilməsi
haqqında" sərəncam imzalanıb.
- 4 may 2009-cu il tarixdə "Azərbaycan
Respublikasında 2009-2015-ci illərdə elmin
inkişafı üzrə Milli Strategiyanın həyata
keçirilməsi ilə bağlı Dövlət Proqramının təsdiq
edilməsi haqqında" sərəncam imzalanıb.
- 5 may 2009-cu il tarixdə "2009-2014-cü
illərdə Azərbaycanda şahmatın inkişaf
etdirilməsi Dövlət Proqramının təsdiq edilməsi
barədə" sərəncam imzalanıb.
- 22 may 2009-cu il tarixdə "2009-2013-cü
illərdə Azərbaycan Respublikasının ali
təhsil sistemində islahatlar üzrə Dövlət
Proqramının təsdiq edilməsi haqqında" sərəncam
imzalanıb.
- 23 iyun 2009-cu il tarixdə "Qəza
vəziyyətində olan ümumtəhsil məktəb binalarının
yenidən qurulması işinin davam etdirilməsi
barədə" sərəncam imzalanıb.
- 5 sentyabr 2009-cu il tarixdə "Təhsil
haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə fərman imzalanıb.
- 10 sentyabr 2009-cu il tarixdə "Texniki peşə
təhsili müəssisələrinin maddi-texniki bazasının
gücləndirilməsi ilə əlaqədar əlavə tədbirlər
barədə" sərəncam imzalanıb.
- 10 sentyabr 2009-cu il tarixdə "Məktəbəqədər
təhsil müəssisələrinin maddi-texniki bazasının
gücləndirilməsi ilə əlaqədar əlavə tədbirlər
barədə" sərəncam imzalanıb.
- 24 sentyabr 2009-cu il tarixdə "2009-2010-cu
tədris ilində Azərbaycan Respublikasının ali
məktəblərinə daxil olmuş tələbələrə Prezident
təqaüdünün verilməsi haqqında" sərəncam
imzalanıb.
- 4 dekabr 2009-cu il tarixdə "Qəza
vəziyyətində olan ümumtəhsil məktəblərinin
yenidən qurulması ilə bağlı əlavə tədbirlər
haqqında" sərəncam imzalanıb.
Təhsilin iqtisadiyyatı
- Təhsilə ayrılan büdcə 2003-cü illə müqayisədə
5 dəfədən çox artaraq 2008-ci ildə 1,1 milyard,
2009-cu ildə isə 1,3 milyard manat təşkil
edib.
- Təhsil işçilərinin orta aylıq əməkhaqqı
ilbəil artaraq, 2008-ci ildəki 220 manatdan
2009-cu ildə 268,5 manata yüksəlib.
- Son 5 ildə təhsil işçilərinin əməkhaqqı 5,
tələbələrin təqaüdü 10 dəfə artıb.
- Dövlət büdcəsinin tərkibində təhsilə ayrılan
xərclər 2008-ci ilə nisbətən 2009-cu ildə 238
milyon manat (21%) artıb.
Məktəb infrastrukturunun inkişafı
Son 5 ildə Azərbaycanda 450000 şagird yerlik 2
minədək yeni məktəb binası tikilərək istifadəyə
verilib.
2009-cu ildə:
- 68 yeni məktəb binası və əlavə korpus tikilib.
- 28 məktəb əsaslı təmir olunub.
- 10 körpələr evi və uşaq bağçası əsaslı təmir
edilib.
Son 10 ildə məktəb tikintisi sahəsində həyata
keçirilən proqramlar nəticəsində ikinövbəli
məktəblərin faizi 73,3-dən 49-a, ikinci
növbədə təhsil alan şagirdlərin faizi isə 34-dən
23-ə enib.
15 sentyabr 2009-cu il tarixdə ölkə Prezidenti
cənab İlham Əliyev əsaslı təmir olunmuş "Elitar"
gimnaziyanın açılışında iştirak edib.
Məktəblərin infrastrukturunun yeniləşdirilməsi
sahəsində Heydər Əliyev Fondunun müstəsna
xidmətləri olub.
- Son illərdə Fondun təşəbbüsü ilə 300-ə
yaxın yeni məktəb, uşaq bağçası, uşaq evi,
internat məktəbi binası tikilib istifadəyə
verilib, əsaslı təmir və bərpa olunub, müasir
avadanlıqlarla təchiz edilib.
- 2009-cu ildə Fondun təşəbbüsü ilə 1600 şagird
yerlik 6 yeni məktəb binası inşa olunub.
Təhsilin informasiyalaşdırılması
- 2009-cu ildə Məlumat və Resurs Mərkəzi
yaradılıb, 500 məktəb genişzolaqlı sürətli
İnternetə qoşulub.
- 2009-cu ildə şagirdlərə 400 noutbuk hədiyyə
edilib. 2010-cu ilin sonunadək bu iş davam
etdiriləcək və "İntel" şirkəti tərəfindən 1000,
Təhsil Nazirliyi tərəfindən isə 3000 olmaqla
ümumilikdə 4000 şagirdə noutbuk veriləcək.
- Bakı şəhərinin 20 məktəbində "Elektron
məktəb" pilot layihəsinin tətbiqinə başlanıb.
- 4 ali təhsil müəssisəsi İKT avadanlığı ilə
təmin edilib.
- Məktəblərə verilmiş kompüterlər üçün 30 min
lisenziyalı proqram təminatı alınıb.
- 2009-cu il ərzində 20 000 nəfərdən artıq
pedaqoji işçi İKT-nin təhsildə tətbiqi üzrə
treninqlərdən keçirilib.
- 2009-cu ildə "Xalq kompüteri" layihəsinə
başlanılıb, 5000-ə yaxın müəllim kompüterlə
təmin olunub.
Kadr təminatı
- Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş
"2005-2009-cu illər üçün Azərbaycan
Respublikasının ümumtəhsil məktəbləri
şəbəkəsində pedaqoji kadr təminatı üzrə inkişaf
Proqramı" başa çatdırılıb, ümumilikdə 6179, o
cümlədən 2009-cu ildə 1308 nəfər müəllim
stimullaşdırıcı tədbirlər tətbiq edilməklə
respublikanın ehtiyacı olan ucqar kənd
məktəblərinə göndərilib.
- 2009-2010-cu dərs ilində müəllimlərin işə
qəbulu elektron vasitələr əsasında iki
mərhələli müsabiqə mexanizmi tətbiq
olunmaqla həyata keçirilib. Bu mexanizmin
növbəti dərs ilindən bütün ölkə üzrə tətbiq
olunması nəzərdə tutulub.
- Görülən tədbirlər nəticəsində ölkə üzrə
müəllimlərin sayı 173 mindən 170 minə enib.
- 2009-2010-cu dərs ilində ölkənin ümumtəhsil
məktəblərində pedaqoji kadr təminatı
vəziyyətinin monitorinqi aparılıb və bununla
bağlı yeni təkliflər hazırlanır.
İxtisasartırma təhsili
Modul-kredit sisteminə əsaslanan
ixtisasartırma təhsilinin yeni mexanizmi
hazırlanıb. Növbəti dərs ili ərəfəsində
eksperiment qaydasında ibtidai sinif
müəllimlərinin ixtisasının artırılması
sahəsində tətbiq ediləcəkdir:
- "Azərbaycan Respublikasının təhsil
sistemində rəhbər və pedaqoji kadrların
ixtisasartırmasına dair Əsasnamə" layihəsi
hazırlanıb və hökumətə təqdim olunub.
- "Azərbaycan Respublikasının təhsil sistemində
rəhbər və pedaqoji kadrlar üçün ixtisasartırma
proqramlarının akkreditasiyasına dair Qaydalar"
hazırlanıb.
- "Məktəbəqədər və ümumtəhsil müəssisələrinin
rəhbər və pedaqoji kadrlarının
ixtisasartırmasının kurikulum çərçivəsi"
layihəsi hazırlanıb.
- "Rəhbər və pedaqoji kadrların
ixtisasartırması üzrə kursların, treninqlərin
keyfiyyətinin təmin edilməsi, monitorinqi və
qiymətləndirilməsi haqqında təlimat" hazırlanıb.
Məktəbəqədər təhsil
- Son iki ildə ölkə üzrə 28 yeni uşaq
bağçası istifadəyə verilib, 30-u əsaslı təmir
olunub.
- 2009-cu ildə 6 özəl məktəbəqədər təhsil
müəssisəsi Təhsil Nazirliyinin lisenziyası
əsasında fəaliyyətə başlayıb.
- Son illərdə həmin müəssisələr 137 adda,
2009-cu ildə isə 37 adda təlim vəsaitləri ilə
təmin olunub.
- Bakı şəhərində bağçalara cəlb olunmuş
uşaqların sayı 4 min nəfər artıb, təhsilin bu
pilləsi üzrə əhatə səviyyəsi 26 faizi ötüb.
Qiymətləndirmə sistemi
- Təhsil tariximizdə ilk dəfə olaraq ötən dərs
ilində ölkəmizin bütün ümumtəhsil məktəbləri və
peşə liseylərində orta təhsil kursu üzrə
buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada
keçirilib.
- Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il
tarixli qərarı ilə "Azərbaycan Respublikasının
ümumi təhsil sistemində Qiymətləndirmə
Konsepsiyası" təsdiq edilib.
- Cari ilin aprel-may aylarında ölkəmizin 16
məktəbinin 15 yaşlı 4716 şagirdi əhatə
olunmaqla PISA-2009-un (Beynəlxalq şagird
qiymətləndirilməsi proqramı) əsas mərhələsi
keçirilib.
- ölkəmiz IV və VIII sinif şagirdlərinin oxu,
riyaziyyat və təbiət fənlərinin kurikulum üzrə
beynəlxalq qiymətləndirilməsi - TIMSS və PIRLS
proqramlarına qoşulub və 2010-cu ilin
əvvəllərində bu qiymətləndirmənin sınaq
mərhələsinin aparılması nəzərdə tutulub.
Dərsliklərlə təminat
- 2009-2010-cu tədris ilinə respublikanın
ümumtəhsil məktəblərinin II və V-XI sinifləri
üçün (təlim Azərbaycan və rus dillərində) 87
adda 4 256 600 nüsxə dərslik və müəllim üçün
metodik vəsait çap olunub. Bu, II siniflər üçün
kurikulum əsasında 40 adda 1 112 500 nüsxə
dərslik və müəllim üçün metodik vəsait, V-XI
siniflər üçün isə 47 adda 3 144 100 nüsxə
dərslik deməkdir.
- 2009-cu ildə təlim Azərbaycan dilində olan
məktəblərin X sinifləri üçün yeni "İnformatika"
dərsliyi hazırlanaraq çap olunub.
- 2009-cu ildə Gürcüstandakı Azərbaycan
məktəblərinə 43 adda 40 270 nüsxə dərslik,
Heydər Əliyev Fondu ilə Təhsil Nazirliyinin
birgə əməkdaşlığı sayəsində hazırlanan 80
adda 125 komplekt tədris plakatı göndərilib.
- MDB ölkələrində, habelə Almaniya, Polşa,
Macarıstan, Kanada, Böyük Britaniya, ABŞ-dakı
təlim Azərbaycan dilində olan Bazar günü
məktəblərinə dərsliklər, coğrafi xəritələr və
digər tədris vəsaitləri göndərilib.
Beynəlxalq olimpiadalar
- 2009-cu ildə Almaniya, Yaponiya, Böyük
Britaniya, Qazaxıstan və Serbiyada keçirilmiş
beynəlxalq və dünya fənn olimpiadalarında
Azərbaycan məktəbliləri 1 qızıl, 5 gümüş, 9
bürünc medal qazanıb.
- 2009-cu ilin 3-10 dekabr tarixlərində Bakı
şəhərində Heydər Əliyev Fondu, İJSO
(International Junior Science Olympiad) və
Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi
ilə on beş yaşlı yeniyetmələr arasında fizika,
kimya və biologiya fənləri üzrə keçirilmiş
olimpiadada 49 ölkədən 600-dən çox şagird
iştirak edib.
Kurikulum islahatı
- ötən dərs ilində ümumtəhsil məktəblərinin I
siniflərində tədrisə 2006-cı ildə Azərbaycan
hökuməti tərəfindən təsdiq olunmuş "ümumi
təhsilin Konsepsiyası (Milli Kurikulum)"
əsasında hazırlanan fənn kurikulumları və müasir
dərsliklərlə başlanıb, bu proses 2009-2010-cu
dərs ilində II siniflərdə davam etdirilib.
- Yeni kurikulumların tətbiqi ilə əlaqədar
2009-2010-cu dərs ilində I siniflərdə işləyən 9
minədək müəllim xüsusi proqram əsasında öyrədici
təlim kurslarından keçirilib və nümunəvi tədris
materialları ilə təmin edilib.
- 2009-2010-cu dərs ilindən Milli Kurikuluma
müvafiq olaraq 3 pilot məktəbində (Bakı şəhəri
Heydər Əliyev adına məktəb, akademik Zərifə
Əliyeva adına məktəb, "Zəngi" liseyi) həndəsə və
cəbrin inteqrativ proqramla riyaziyyat fənni
kimi tədrisi layihəsinə başlanılıb.
Xarici dillərin intensiv tədrisi layihələri
- "British Council" ilə Bakı şəhərinin 7 pilot
məktəbində xüsusi tədris planı və proqramı
əsasında ingilis dilinin intensiv tədrisinə
başlanılıb. Layihə çərçivəsində ingilis dilinin
tədrisinə I siniflərdə 3 (1), II siniflərdə 6
(4) saat ayrılıb. Həmin siniflərdə işləyən 55
nəfər müəllim Böyük Britaniyadan dəvət olunmuş
beynəlxalq məsləhətçinin iştirakı ilə xüsusi
treninqlərdən keçirilib. Bu siniflərdə Kembric
Universitetinin dərslik komplektlərindən
(dərslik, iş dəftəri, müəllim üçün vəsait)
istifadə edilir.
- Rusiyanın Azərbaycandakı səfirliyi ilə
birlikdə 2009-2010-cu dərs ilindən
respublikanın 50 məktəbində (Bakı şəhərində 35,
rayonlarda 15) rus dilinin intensiv tədrisi
layihəsinə başlanması üzrə tədbirlər həyata
keçirilir.
Məktəbdənkənar təhsil
- 2009-cu ildə Təhsil Nazirliyi sistemində
fəaliyyət göstərən idman məktəblərinin
yetirmələri 300-dən artıq olimpiya oyunları,
dünya, Avropa çempionatı və mötəbər turnirlərdə
iştirak edərək yüksək nəticələr qazanıblar.
Onlar beynəlxalq yarışlarda ümumilikdə 168 medal
əldə ediblər (57 qızıl, 51 gümüş, 60 bürünc).
- Onlardan Müşkiyev İlqar Gəray oğlu ("İlin ən
yaxşı idmançısı") cüdo üzrə Türkiyədə (bürünc
medal), Polşada (qızıl medal) və Ermənistanda
(gümüş medal) keçirilən yarışlarda uğurla çıxış
edib.
- Məmmədzadə Günay Vüqar qızı ("İlin ən yaxşı
şahmatçısı") şahmat üzrə İtaliyada keçirilmiş
Avropa çempionatında iştirak edib, Türkiyədə
9-10 yaşlı qızlar arasında keçirilmiş dünya
birinciliyində isə 11 mümkün xaldan 10,5 xal
toplayaraq qızıl medala layiq görülüb.
Texniki peşə təhsili
- Dövlət Proqramına uyğun olaraq İsmayıllı
rayonunda Turizm və Otelçilik üzrə Peşə Tədris
Mərkəzinin tikintisi aparılır.
- Cari ildə 3 peşə təhsili müəssisəsi təmir
olunub.
- Müxtəlif peşələr üzrə ilk dəfə olaraq 8 adda
dərslik hazırlanıb.
- Təhsil Nazirliyi və "Azərsun Holdinq"
arasında "Təhsil müəssisələri ilə əməkdaşlıq"
layihəsi çərçivəsində görüləcək işlərə dair
niyyət protokolu imzalanıb.
- Heydər Əliyev Fondu, YUNESKO və Təhsil
Nazirliyinin birgə həyata keçirdikləri
"Peşə təhsilinin təkmilləşdirilməsi layihəsi"
çərçivəsində 2 ixtisas - turizm və İKT sahələri
üzrə yeni kurikulumlar hazırlanıb.
Ali və orta ixtisas təhsili
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 22 may 2009-cu il tarixdə
imzaladığı "2009-2013-cü illərdə Azərbaycan
Respublikasının ali təhsil sistemində islahatlar
üzrə Dövlət Proqramının təsdiq edilməsi
haqqında" sərəncama əsasən Təhsil Nazirliyinin
Fəaliyyət Planı hazırlanıb və hazırda həyata
keçirilməkdədir.
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin
12 yanvar 2009-cu il tarixli qərarı ilə "Ali
təhsilin bakalavr pilləsində ixtisasların
(proqramların) siyahısı" təsdiq edilib.
Əvvəlki siyahıdakı 515 ixtisas əvəzinə (onların
386-sı üzrə kadr hazırlığı həyata keçirilirdi)
təsdiq olunmuş yeni siyahıda ixtisas qrupları
üzrə 149 ixtisas saxlanılıb.
- Magistr ixtisaslarının (proqramlarının) dünya
təcrübəsinə uyğun yeni siyahısının layihəsi
hazırlanıb hökumətə təqdim olunub.
- "2009-2012-ci illərdə Azərbaycan
Respublikasının orta ixtisas təhsili sistemində
islahatlar üzrə Dövlət Proqramı layihəsi", orta
ixtisas təhsili üzrə ixtisasların (proqramların)
yeni siyahısı hazırlanıb təsdiq üçün Nazirlər
Kabinetinə təqdim olunub.
Beynəlxalq əməkdaşlıq
- Bu gün Azərbaycandan kənarda öz hesabına və
müxtəlif mübadilə proqramları çərçivəsində
10000-ə yaxın tələbə təhsilini davam etdirir.
- Hazırda dövlət xətti ilə 815 nəfər,
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"
çərçivəsində 446 nəfər azərbaycanlı gənc
dünyanın müxtəlif nüfuzlu universitetlərində
təhsil alır. Bu il isə 303 nəfər azərbaycanlı
gənc Dövlər Proqramı çərçivəsində xarici
ölkələrin ali məktəblərində təhsil almaq üçün
göndərilib.
- Azərbaycanın ali məktəblərində dünyanın 50-yə
yaxın ölkəsindən gələn 6812 əcnəbi tələbə təhsil
alır.
- 2009-cu ildə Təhsil Nazirliyinin əməkdaşları
Almaniya, Yaponiya, Malayziya, Sinqapur,
İordaniya, Belçika, Cənubi Koreya, çexiya, ABŞ,
Hindistan, Rusiya Federasiyası, Fransa, İsveçrə,
Litva, Hollandiya, Avstriya, Belorus, Monteneqro
və digər ölkələrdə təlim səfərlərində olub,
seminar, konfrans və simpoziumlarda iştirak
edib, təcrübə mübadiləsi aparıblar.
Dünya Bankı ilə əməkdaşlıq
- ötən il Təhsil Nazirliyi ilə Dünya Bankı
arasında İkinci Kredit Sazişi imzalanıb və
hazırda komponentlər üzrə tədbirlər həyata
keçirilməkdədir.
- 6 fevral 2009-cu il tarixdə Dünya Bankı ilə
Təhsil Nazirliyi arasında "Ali təhsil
layihəsi"nin hazırlanması üçün qrant sazişi
imzalanıb.
- 1 oktyabr 2009-cu il tarixdə Azərbaycan
hökuməti ilə Dünya Bankı arasında "Dövlət
investisiyaları üzrə kadr potensialının
gücləndirilməsi layihəsinin həyata keçirilməsi"
sazişi imzalanıb. |