Dekabrın 29-da Təhsil Nazirliyində "Azərbaycan
məktəbi" jurnalının 85 illik yubileyi ilə
əlaqədar tədbir keçirildi. Tədbirdə nazirliyin
bütün aparat işçiləri ,Azərbaycanın tanınmız
ziyalıları və KİV nümayəndələri iştirak
edirdilər.
Tədbiri giriş sözü ilə təhsil naziri Misir
Mərdanov açaraq bildirdi ki, bu gün buraya bir
əsrə yaxın şərəfli ömür sürmüş, Azərbaycanın
maarif, təhsil, pedaqoji fikir və milli mətbuat
səhifələrində öz dəst- xətti ilə seçilən
"Azərbaycan məktəbi" jurnalının 85 illik
yubileyinin keçirilməsi üçün toplaşmışıq.Hesab
edirəm ki, "Azərbaycan məktəbi"nin yubileyi
təhsilimizin tarixində əhəmiyyətli hadisədir,
həm də təhsilimizin mühüm, mürəkkəb bir dövrünü
xatırladan şərəfli səhifələrdən biridir.
Azərbaycan təhsil sisteminin, Azərbaycan
maarifçiliyi və pedaqoji fikrinin daşıyıcısı
olan pedaqoji mətbuatımızın ön sıralarında gedən
" Azərbaycan məktəbi"nin əvəzsiz xidmətləri
təhsilimizin tarixinin ayrılmaz tərkib
hissəsidir, deyən təhsil naziri Misir Mərdanov
on il bundan əvvəl jurnalın 75 illik yubileyinin
təntənəli şəkildə keçirildiyini vurğuladı. İki
yubileyi ayıran onillik zaman kəsiyində müstəqil
Azərbaycan dövləti sürətlə inkişaf etmiş, dünya
ölkələri sırasında özünəməxsus layiqli yer
tutmuşdur.Əsası ümummilli liderimiz Heydər
Əliyev tərəfindən qoyulan və bu gün Prezident
İlham Əliyev tərəfindən uğurla həyata keçirilən
siyasət nəticəsində ölkəmizdə siyasi sabitlik
və iqtisadiyyatın dinamik inkişafı bərqərar
olmuş, respublikada aparılan əsaslı, düşünülmüş
islahatlar öz bəhrəsini vermiş və bütün
sahələrdə olduğu kimi, təhsil sahəsində də ciddi
dəyişikliklər əmələ gəlmişdir.
Təhsil naziri Misir Mərdanov onu da qeyd etdi
ki, 85 il sərasər Azərbaycan maarifinin,
təhsilinin problemlərini öz üzərinə götürən,
böyük pedaqoq alimlərin, qabaqcıl maarif
fədailərinin köməyilə elm, maarif ziyasını
Azərbaycan pedaqoji ictimaiyyəti arasında yaymaq
kimi şərəfli yol keçən "Azərbaycan məktəbi"
jurnalı bu günə kimi həmişə öz stabil mövqeyi
ilə gənc mətbuat orqanlarımız üçün örnək
olmuşdur.
Təhsil naziri Misir Mərdanov bu yubiley
münasibətilə "Azərbaycan məktəbi" jurnalının
əməkdaşlarını təbrik etdi və redaksiya
heyətinin qarşısında durun vəzifələrdən söz
açdı.
Sonra "Azərbaycan məktəbi" jurnalının baş
redaktoru, filologiya elmləri namizədi, əməkdar
müəllim Nəcəf Nəcəfov çıxışında dedi ki,
"Azərbaycan məktəbi" jurnalı ölkənin ən
mürəkkəb zamanlarında təhsilimizə dayaq olmuş,
pedaqogikamızın, məktəbimizin keşiyində duraraq
onu yad təsirlərdən qoruyub saxlamaq əzmindən
geri çəkilməmişdir.
Bildirməliyəm ki, indiyədək "Azərbaycan məktəbi"
jurnalına Rüstəm Hüseynov, Əkbər Mirzəyev, Əjdər
Ağayev və Zəhra Əliyeva kimi respublikanın
tanınmış ziyalıları başçılıq etmişlər.
Bu gün də "Azərbaycan məktəbi" jurnalı yüzlərlə
müəllimin dostu, həmkarı olmaqla, həm də yeni
fikirlərin, qabaqcıl təcrübənin, innovasiyalar
və texnologiyaların təbliğatçısı və tədqiqatçısı
kimi fəaliyyət göstərir.
Tədbirdə iştirak edən pedaqoji elmlər doktoru,
professor Ə.Ağayev, pedaqoji elmlər doktoru,
professor Y.Kərimov, akademik H.Əhmədov və
başqaları da "Azərbaycan məktəbi" jurnalının 85
illik yubileyi münasibətilə öz ürək sözlərini
dedilər və jurnalın bütün əməkdaşlarını yubiley
münasibətilə təbrik etdilər.
Sonda təhsil naziri Misir Mərdanov yubiley
münasibətilə "Azərbaycan məktəbi" jurnalının baş
redaktoru Nəcəf Nəcəfova, baş redaktorun müavini
Nəsrəddin Musayevə respublikanın "Qabaqcıl
təhsil işçisi" döş nişanını və bir qrup
əməkdaşa isə Fəxri fərmanlar təqdim etdi.
Şakir CƏFƏROV |