Dekabrın 25-də 6 nömrəli Bakı Peşə Liseyinin 40
illik yubileyi təntənəli qeyd edilib. Liseyin
akt zalında keçirilən tədbirdə giriş sözü ilə
çıxış edən liseyin direktoru Sahib Rüstəmov
qonaqları və tədbir iştirakçılarını
salamladıqdan sonra rəhbərlik etdiyi təhsil
ocağının fəaliyyət yolundan söz açıb. ötən 40 il
ərzində bu təhsil ocağını 58000 məzunun
bitirdiyini və onların respublikanın iqtisadi
inkişafında fəal iştirak etdiklərini qeyd edib.
Hazırda tədris müəssisəsində təhsil alan 630
şagirdin təlim-tərbiyəsi ilə 124
mühəndis-pedaqoji işçinin məşğul olduğunu
diqqətə çatdırıb. ümummilli lider Heydər Əliyev
siyasətinin Azərbaycan iqtisadiyyatının və
təhsilinin inkişafında misilsiz xidmətlərindən
söz açan natiq həmin siyasətin bu gün Prezident
İlham Əliyev tərəfindən uğurla aparıldığını
yubiley iştirakçılarının nəzərinə çatdırıb.
ümummilli lider Heydər Əliyevin əziz xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.
Yığıncaqda çıxış edən təhsil naziri Misir
Mərdanov mərasim iştirakçılarını salamlayıb,
təhsil ocağının mühəndis-pedaqoji kollektivini,
texniki işçilərini və şagirdlərini peşə
liseyinin 40 illik yubileyi münasibətilə təbrik
edib. Belə tədbirlərin keçirilməsində əsas
məqsədin peşə liseylərinə, ümumilikdə peşə
təhsilinə diqqəti artırmaqdan, bu sahədə çalışan
işçiləri həvəsləndirməkdən ibarət olduğunu
bildirib.
Peşə təhsilinin Azərbaycanda uzun illər müxtəlif
səviyyələrdə diqqətdən kənarda qaldığını, peşə
məktəblərinin əsasən ulu öndərin respublikaya
rəhbərliyi dövründə inkişaf etdirildiyini qeyd
edib. 1969-cu ildə Azərbaycanda 70-80 peşə
məktəbinin fəaliyyət göstərdiyini, 1983-cü ildə
bu rəqəmin 170-ə çatdırıldığını qeyd edən nazir,
ulu öndər Heydər Əliyevin hələ 40 il bundan
qabaq ölkənin inkişafında peşə təhsilinin rolunu
gördüyünü və bu istiqamətdə uğurlu işlər həyata
keçirdiyini toplantı iştirakçılarının nəzərinə
çatdırıb.
Misir Mərdanov Heydər Əliyev siyasətini bu gün
layiqincə həyata keçirən Prezident cənab İlham
Əliyevin peşə təhsilinə xüsusi önəm verdiyini,
"Azərbaycan Respublikasında texniki peşə
təhsilinin inkişafı üzrə Dövlət Proqramı
(2007-2012-ci illər)"nın təsdiq edilməsi
haqqında 3 iyul 2007-ci il tarixli sərəncam
imzaladığını yubiley iştirakçılarının diqqətinə
çatdırıb. Prezidentin bu sərəncamından sonra bu
sahədə müəyyən addımların atıldığından söz açan
nazir 2010-cu ildə Prezidentin rəhbərliyi
altında bu sahədə daha uğurlu nailiyyətlər
qazanılacağına əmin olduğunu bildirib.
Hələlik peşə təhsilini inkişaf etdirmək üçün
daxili imkanlardan səmərəli istifadə olunmasının
vacibliyini diqqətə çatdıran nazir peşə təhsili
müəssisələri rəhbərlərinə işlərini yaxşı qurmağı
tövsiyə edib.
Peşə təhsili müəssisələrinin inkişafına və
normal fəaliyyət göstərməsinə Təhsil
Nazirliyinin həmişə kömək etdiyini vurğulayan
nazir, Namiq Məmmədovun Texniki peşə təhsili
şöbəsinə müdir təyin olunmasından sonra bu
sahədə böyük dönüş yarandığını açıqlayıb. Peşə
təhsilinin nəzərdə tutulan səviyyəyə
çatdırılması üçün uğurlu addımların atıldığını,
"Azərsu Holdinq" peşə təhsili ilə bağlı bir
layihə həyata keçirəcəyini və digər layihələrin
reallaşdırılacağını qeyd edib.
Təhsil naziri yaxın zamanlarda Lənkəranda və
Ağstafada yeni peşə mərkəzlərinin yaradılması
ilə bağlı layihələrin həyata keçiriləcəyini və
belə layihələrin Quba və Xaçmaz rayonları üçün
də nəzərdə tutulduğunu, bu layihələrin
reallaşdırılmasına beynəlxalq təşkilatların
kömək edəcəyini bildirib.
Uzun illər peşə təhsili müəssisələri üçün
dərsliklərin olmadığını qeyd edən nazir bu
problemi aradan qaldırmaq məqsədilə dövlətin
qayğısı və şöbənin təşəbbüsü ilə 8 adda dərslik
hazırlandığını və hazırda çap edildiyini diqqətə
çatdırıb.
Misir Mərdanov bu təhsil ocağında Xəzər dəniz
Gəmiçiliyi üçün ixtisaslı kadrların
hazırlandığını və məzunların kursu başa
vurduqdan sonra işlə təmin olunduqlarını müsbət
hal kimi qiymətləndirib.
Nazir peşə liseyinin kollektivini və tədbir
iştirakçılarını qarşıdan gələn 31 dekabr Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il
bayramı münasibətilə təbrik edib.
Sonda Misir Mərdanov məktəbin işçilərindən bir
neçəsinə nazirliyin "Qabaqcıl təhsil işçisi" döş
nişanını və Fəxri fərmanını təqdim edib.
Nizami MİRZƏ |