Dekabrın 26-da Təhsil Nazirliyində bu qurumla
"Azərsun Holdinq" şirkətlər qrupu arasında
"Təhsil müəssisələri ilə əməkdaşlıq" layihəsi
çərçivəsində görüləcək işlərə dair niyyət
protokolu imzalandı.
İmzalanma mərasimini giriş sözü ilə açan təhsil
naziri Misir Mərdanov Azərbaycanda çoxdan
fəaliyyət göstərən və yaxşı tanınan, möhtərəm
Prezidentimizin regionların sosial-iqtisadi
inkişafı siyasətinin həyata keçirilməsində
önəmli rol oynayan "Azərsun Holdinq" şirkəti ilə
belə bir sənədin imzalanmasını Azərbaycan
təhsili üçün ən yaddaqalan və böyük əhəmiyyəti
olan hadisə kimi qiymətləndirdi. Nazir bildirdi
ki, niyyət protokolunun imzalanmasında məqsəd
Biləsuvar rayonunda fəaliyyət göstərən peşə
liseyinin inkişafının birlikdə təmin
edilməsidir.
üzərində uzun müddət iş gedən layihənin
mahiyyəti barədə mərasim iştirakçılarına məlumat
verən təhsil naziri Misir Mərdanov qeyd etdi ki,
"Təhsil müəssisələri ilə əməkdaşlıq" layihəsi
çərçivəsində peşə təhsili üzrə müəllim və
şagirdlərin bilik və bacarıqlarının artırılması,
onların elmi-texniki yeniliklərə yiyələnməsi
üçün tədbirlər həyata keçirməklə əmək bazarı
ehtiyaclarına uyğun kadrların hazırlanmasının
tənzimlənməsi istiqamətində birgə fəaliyyət
nəzərdə tutulur.
Sənədə əsasən peşə liseyinin təmirinə,
avadanlıqlarla, dərslik və dərs vəsaitləri ilə
təminatına, ola bilər, həm də genişlənməsinə
Təhsil Nazirliyi kömək edəcək. "Azərsun Holdinq"
şirkəti isə peşə liseyini bitirən gəncləri
özünün Muğan bölgəsində fəaliyyət göstərən böyük
istehsalat müəssisələrində işlə təmin olunmasına
şərait yaradacaq. Bu isə ölkəmizin həmin
bölgəsində işsizliyin azalmasına gətirib
çıxaracaq. Nazirin bildirdiyinə görə, layihə
çərçivəsində ən mühüm və ciddi məsələlərdən biri
də Biləsuvar peşə liseyində təhsil alan
şagirdlərin "Azərsun Holdinq" şirkətlər qrupunun
Muğan bölgəsindəki istehsalat müəssisələrində
təcrübə keçmələrinə şəraitin yaradılması olacaq.
Nazir, eyni zamanda layihədə peşə liseyində
çalışan mühəndis-pedaqoji heyətin ixtisas
səviyyəsinin artırılması üçün də tədbirlərin
nəzərdə tutulduğunu diqqətə çatdırdı və ümumən
layihənin ölkə Prezidenti tərəfindən təsdiq
olunmuş peşə təhsilinin inkişafı üzrə Dövlət
Proqramının həyata keçirilməsi istiqamətində
atılmış çox ciddi addımlardan biri olduğunu
vurğuladı. Nazir əmin olduğunu söylədi ki,
"Azərsun Holdinq"lə Təhsil Nazirliyinin
işbirliyi təkcə bu layihə ilə kifayətlənməyib,
daha da inkişaf edəcək, gələcəkdə ola bilər,
ölkənin digər yerlərində yerləşən peşə
liseylərini, təhsilin digər pillələrini də əhatə
edəcək.
Sonra Misir Mərdanov "Azərsun Holdinq"in
prezidenti Abdolbari Goozal da öz növbəsində
imzalanacaq sənədin həqiqətən çox vacib məsələyə
həsr olunduğunu, Təhsil Nazirliyi ilə rəhbərlik
etdiyi holdinqin arasında əməkdaşlığın
inkişafında mühüm rol oynadığını bildirdi.
"Azərsun Holdinq"in Azərbaycandakı
fəaliyyətindən, tikdikləri istehsal
müəssisələrindən söz açan şirkətin prezidenti
texnoloji məsələlərin təkcə sənayedə deyil, kənd
təsərrüfatında da böyük önəm kəsb etdiyini, bu
sahə üçün yeni müəssisələr açmaqla yanaşı,
onlarda çalışacaq kadrların yetişdirilməsini də
özlərinin vacib missiyası saydıqlarını diqqətə
çatdırdı.
Sonra layihənin təqdimatı keçirildi. Təqdimatda
layihənin 6 məqsəd güddüyü, ən mühüm
məqsədlərdən birinin Azərbaycanın iqtisadi
inkişafına, ölkə sənayesinin müasir dünya
sənayesinə inteqrasiyasına dəstək olduğu
vurğulandı.
Təqdimatda layihənin üstünlükləri, tərəflərin
üzərinə götürdükləri öhdəliklər, gözlənilən
nəticələr geniş şərh olundu.
Sonra Təhsil Nazirliyi ilə "Azərsun Holdinq"
arasında sözügedən layihə ilə bağlı niyyət
protokolu imzalandı. Protokolu Təhsil Nazirliyi
tərəfindən nazir Misir Mərdanov, "Azərsun
Holdinq" şirkətlər qrupu tərəfindən onun
prezidenti Abdolbari Goozal imzaladılar.
Mərasimin sonunda təhsil naziri jurnalistlərin
suallarını cavablandırdı.
Yusif ƏLİYEV |