Əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin
professoru Abuzər Xələfov bu günlərdə "İlin
nüfuzlu ziyalısı" fəxri diplomuna layiq görülüb.
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin məşhur bir kəlamı var: "Bizim
ziyalıların, mədəniyyət xadimlərinin cəmiyyətdə
hörmətini qaldırmaq lazımdır. çünki xalq həmişə
öz ziyalısı, öz mədəniyyəti, öz elmi ilə
tanınır".
Bu baxımdan zaman-zaman öz biliyi, elmi,
istedadı və işgüzarlığı sayəsində adını
Azərbaycanın elm və təhsil tarixinin
səhifələrinə yazmış görkəmli alimi Abuzər
Xələfovun həyat və fəaliiyəti, sözün həqiqi
mənasında, gənc nəsillər üçün örnək və ibrət
məktəbidir.
Azərbaycanda milli kitabxanaşünaslıq elminin
banisi, ali kitabxanaçılıq təhsilinin
təşkilatçıları və müstəqil kitabxanaçılıq
fakültəsinin yaradıcılarından biri, görkəmli
elm, təhsil və mədəniyyət xadimi kimi professor
Abuzər Xələfovun adı respublikamızda və
ölkəmizin sərhədlərindən uzaqlarda çox yaxşı
tanınır.
Abuzər Xələfov Azərbaycan Respublikasının
əməkdar elm xadimi, əməkdar mədəniyyət işçisi,
Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq
İnformasiyalaşdırma Akademiyasının akademiki,
Prezident təqaüdçüsü, "Şöhrət" ordenli,
Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin
prezidenti, Bakı Dövlət Universiteti
Kitabxanaşünaslıq kafedrasının müdiri, tarix
elmləri doktoru, professordur. Bununla belə,
Abuzər Xələfovun adının qarşısında heç bir titul
yazmadan belə onun nüfuzu çoxlarına bəllidir.
İllərdən bəri bu nüfuz damla-damla,
misqal-misqal yığılır, durulur və nəsillərin
iftixar mənbəyinə, güvənc yerinə çevrilir.
Məhəmməd Peyğəmbərin belə bir kəlamı var: "Elm
köməksizlikdə yoldaşımız, xoşbəxtliyə tərəf yol
göstərənimiz, dostlar arasında zinətimiz,
düşmənlər arasında isə silahımızdır". Necə də
yerində deyilib, sanki Abuzər müəllim kimi elm
və təhsil fədailərinin boynuna biçilib. Bu
ağsaqqal alimin şərəfli ömür yolunun keşməkeşli
məqamlarına, mübarizələrlə adi taleyinə bələd
olanlar həmin müqəddəs kəlamın mahiyyətinə vara
bilərlər.
Sadə bir kəndli ailəsində boya-başa çatan, ilk
dəfə düşdüyü şəhər mühitinə alışa-alışa
məqsədinə doğru inamla irəliləyən Abuzər Xələfov
zirvəyə doğru gedən yolda nə qədər maneələrlə,
nə qədər çətinliklərlə, nə qədər süni əngəllərlə
üz-üzə gəlib.
A.Xələfovun xoşbəxtliyi ondadır ki, hələ
tələbəlik illərindən başlayaraq Yusif
Məmmədəliyev, Əliheydər Qarayev, Şəfaət
Mehdiyev, Faiq Bağırzadə, Məmməd Arif Dadaşzadə,
Cəfər Xəndan, Feyzulla Qasımzadə, Məmməd Cəfər
Cəfərov, Həmid Araslı, Əli Sultanlı, Mir Cəlal
Paşayev, Məmmədhüseyn Təhmasib, Əliheydər
Qəhrəmanov, Mehdixan Vəkilov, Abbas Zamanov,
Pənah Xəlilov, Zülfəli İbrahimov kimi görkəmli
alim-pedaqoqlar dəstəsi ilə əhatə olunmuşdu və
onların təsiri ilə formalaşıb yetkinləşirdi.
1955-ci ildən səmərəli elmi və pedaqoji
fəaliyyətlə məşğul olan Abuzər Xələfov
mədəniyyət, kitabxana işi, kitabxanaşünaslıq,
təhsil və informatika sahələrinin tarixinə və
nəzəriyyəsinə dair 250-dən artıq monoqrafiya,
dərslik, dərs vəsaiti, elmi məqalə,
tədris-metodik material və s. əsərlərin
müəllifidir.
1961-ci ildə A.Xələfovun fəal iştirakı ilə
BDU-nun kitabxanaçılıq şöbəsi müstəqil
kitabxanaçılıq fakültəsinə çevrilmiş və o, 25 il
bu vəzifədə səmərəli fəaliyyət göstərmişdir.
A.Xələfov, eyni zamanda 1963-cü ildən bu günə
kimi Kitabxanaşünaslıq kafedrasının müdiri
vəzifəsində uğurla çalışmaqdadır.
Professor A.Xələfov yüksək səviyyəli alim,
pedaqoq, rəhbər işçi, fəal ictimai xadimdir.
Onun səmərəli elmi-tədqiqat fəaliyyəti
Azərbaycanda və xarici ölkələrdə geniş şöhrət
qazanmışdır. Yaradıcılıq fəaliyyətinin
əvvəllərindən başlayaraq mədəniyyət və kitabxana
işi quruculuğunun tarixi problemləri,
kitabxanaşünaslığın nəzəriyyəsi və
metodologiyası, ali kitabxanaçılıq-biblioqrafiya
təhsili məsələləri, habelə kitabxana işi
nəzəriyyəsi və bir sıra digər aktual elmi
problemlər Abuzər Xələfovun diqqət mərkəzində
dayanmışdır. Onun elmi tədqiqatlarının
nəticələri bütövlükdə mədəniyyətşünaslıq,
kitabxanaçılıq elmi və təcrübəsi üçün böyük
əhəmiyyət kəsb edən sanballı əsərlərdə öz parlaq
əksini tapmışdır. Bu əsərlərin əksəriyyəti həm
Azərbaycanda, həm də xarici ölkələrdə yüksək
qiymətləndirilmişdir.
O, Azərbaycanda kitabxana işinin çoxəsrlik
tarixinə onlarca kitab, elmi məqalə və başqa
materiallar həsr etmişdir.
Azərbaycan Respublikasının təhsil naziri,
əməkdar elm xadimi, professor Misir Mərdanov
görkəmli kitabxanaşünas alimi belə xarakterizə
edir: "Professor Abuzər Xələfov Azərbaycanda
kitabxanaşünaslıq elminin yaradıcısı, bu sahədə
elmi məktəb yaratmış tanınmış alim, bacarıqlı
elm və təhsil təşkilatçısıdır. İftixar etməli
haldır ki, Azərbaycanda kitabxanaşünaslıq
nəzəriyyəsinin elmi əsası A.A.Xələfov tərəfindən
qoyulmuş, ölkəmizdə kitabxana işinin tarixi və
inkişaf perspektivlərinə həsr edilən
araşdırmaları ilə vətənimizdə mədəniyyət
tarixinin nəzəriyyə və təcrübəsi
zənginləşdirilmişdir".
A.Xələfovun elmi araşdırmalarını Azərbaycanda
ali kitabxanaçılıq-biblioqrafiya təhsilinin
tarixi və nəzəri problemləri mühüm yer tutur.
Onun "Azərbaycanda kitabxanaçılıq təhsilinin
inkişafı", "Azərbaycanda ali kitabxanaçılıq
təhsili" kitabları, çoxsaylı məqalələri,
tədris-metodik materialları respublikada
kitabxanaçılıq-biblioqrafiya təhsilinin,
yüksəkixtisaslı mütəxəssislər hazırlanmasının
konseptual cəhətdən həllinə ciddi təsir
göstərmişdir.
Bakı Dövlət Universitetinin rektoru, Milli
Məclisin üzvü, əməkdar elm xadimi, akademik Abel
Məhərrəmov professor A.Xələfov haqqında belə
deyir: "Abuzər müəllimin çox zəngin irsi vardır
və ondan gənc alimlər, tələbələr zaman-zaman
faydalanacaqlar. Abuzər müəllimin yazdığı
dərslik, dərs vəsaiti, tədris-metodik vəsaitləri
hər zaman aktual olacaq, dövrlə, zamanla
səsləşəcəkdir. çünki bu əsərlərin bir ucu tarixi
ənənələrə söykənirsə, o biri ucu bugünkü həyatın
axarına uyğundur. Yeniliyə, müasirləşməyə
səsləyən hər bir yaradıcı əmək heç vaxt təsirsiz
qalmaz".
Professor Abuzər Xələfov müstəqillik illərində
özünün çoxsahəli elmi və pedaqoji fəaliyyətini
Azərbaycanda hüquqi, demokratik cəmiyyət
quruculuğu şəraitində siyasi plüralizmin,
informasiya azadlığının, milli və ümumbəşəri
dəyərlərin ilkinliyinin nəzərə alınması əsasında
kitabxana xidmətinin təşkilinin metodik
problemləri ilə, şəxsiyyətin və bütövlükdə
cəmiyyətin intellektual və mənəvi inkişafında
kitabxanaların rolu ilə sıx şəkildə bağlayır.
Alimin bir sıra konseptual məqalələrində
cəmiyyətdə baş verən sosial-iqtisadi və mədəni
proseslərin elmi şəkildə dərk edilməsi əsasında
Azərbaycanda kitabxana işinin nəzəriyyə və
təcrübəsinin inkişaf konsepsiyası hazırlanmışdır
ki, bu da yeni cəmiyyətin reallıqlarını özündə
hərtərəfli əks etdirir.
A.Xələfovun elmi-tədqiqat fəaliyyətində
humanitar elm kimi kitabxanaşünaslığın
ümumnəzəri və metodoloji problemlərinin
işlənilməsi, kitabxanaların sosial
funksiyalarının inkişafının araşdırılması,
cəmiyyətin intellektual inkişafı prosesində,
insanların mədəni-mənəvi tərbiyəsində, təhsil
prosesində kitabxanaların rolunun öyrənilməsi
çox böyük yer tutur.
Azərbaycanın müstəqilliyi dövründə 2 hissədən
ibarət "Kitabxanaşünaslığa giriş" dərsliyinin
çapdan çıxması A.Xələfovun elmi fəaliyyətinin
zirvəsi sayıla bilər. Bu nəşr Azərbaycanda
kitabxanaçılıq təhsili tarixində
kitabxanaşünaslığa dair ilk dərslikdir.
XXI əsrin əvvəllərində Abuzər Xələfovun
xalqımızın mədəniyyət tarixinə verdiyi qiymətli
töhfələrindən biri də üçcildlik "Azərbaycanda
kitabxana işinin tarixi" adlı dərslikdir.
ölkəmizdə kitabxana işi tarixinin ən qədim
dövrlərdən XX əsrə qədərki dövrünü əhatə edən bu
əsər xalqımızın mənəvi mədəniyyət tarixi
sahəsindəki mövcud boşluğu aradan qaldırmaq
baxımından böyük əhəmiyyət kəsb edir. Əsərdə
Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq
qədim dövrlərdən XX əsrə qədər Azərbaycanda
kitab və kitabxanalar tarixinin inkişaf
mərhələlərini tarixi mənbələri əsasında
araşdırmış, Azərbaycan mədəniyyətinin mühüm
tərkib hissələrindən biri olan kitabxana
mədəniyyəti ilə əlaqədar yazının meydana
gəlməsi, əlifbanın yaranması, kitabçılıq işinin
təşəkkülü, kitabxanaların yaranması və onların
xalqımızın mədəni-mənəvi inkişafındakı rolunu
müəyyənləşdirə bilmişdir.
Bu əsaslı tədqiqatın ana xətti ondan ibarətdir
ki, Azərbaycan xalqı hələ tarixin erkən
çağlarından başlayaraq təhsilə, elmə, kitab və
kitabxanalara çox böyük qiymət vermiş, milli
sərvətimiz olan yazı abidələrinin toplanıb
saxlanılmasında, əsrdən-əsrə, nəsildən-nəslə
çatdırılmasında kitabxanalarımız əvəzsiz rol
oynamışlar.
Professor A.Xələfovun son illərdə apardığı
tədqiqatlar nəticəsində Azərbaycanın
müstəqilliyi şəraitində ölkədə
kitabxana-informasiya fəaliyyətinin strateji
istiqamətləri, informasiya cəmiyyətinin
vəzifələrinə uyğun yeniləşməsi,
kitabxanaşünas-biblioqraf peşəsinin yeni
keyfiyyətləri və s. məsələlər ətraflı şərh
edilmişdir.
Görkəml alimin elmi-tədqiqat istiqamətlərindən
biri ümummilli liderimiz Heydər Əliyevin
Azərbaycanda kitabxana işinin inkişafındakı
xidmətlərinin təhlili, onun nəzəri irsinin
kitabxanalarda təbliği məsələləri təşkil etmiş
və bu, ayrıca "Heydər Əliyev və Azərbaycanda
kitabxana işi" adlı monoqrafiyanın meydana
gəlməsi ilə nəticələnmişdir. 2006-cı ildə nəşr
edilmiş bu fundamental monoqrafiya mühüm
tarixi-elmi əsər kimi mütəxəssislərin diqqətini
cəlb etmiş, çox yüksək qiymətləndirilərək,
müəllifinə şöhrət qazandırmışdır.
Professor A.Xələfov
kitabxanaşünaslıq-biblioqrafiya elmi sahəsində
mütəxəssis, elmi-pedaqoji kadrların hazırlığında
da əvəzsiz rol oynamışdır. ümumiyyətlə, o,
Azərbaycanda kitabxanaşünaslıq elmi sahəsində
xüsusi elmi məktəb yaratmış, kitabxana işinin
tarixi, nəzəriyyəsi, metodologiyası və aktual
problemləri ilə bağlı geniş tədqiqatlar aparan 1
elmlər doktoru və 13 elmlər namizədi
yetirmişdir. Tanınmış alim, eyni zamanda 25
nəfər elmlər namizədi və elmlər doktorunun
hazırlanmasında elmi məsləhətçi və ya opponent
kimi xüsusi fəallıq göstərmişdir.
A.Xələfov uzun illər ərzində Moskva şəhərində
doktorluq dissertasiyalarının müdafiəsi üzrə
vahid ixtisaslaşdırılmış şuranın üzvü kimi də
səmərəli fəaliyyət göstərmişdir. O, həmçinin
başqa ölkələrdə mədəniyyət, kitabxana işi
quruculuğu, kitabxanaşünaslıq tarixi və
nəzəriyyəsi problemləri üzrə müdafiə edilmiş bir
çox namizədlik və doktorluq dissertasiyalarının
opponenti, yaxud müdafiə şuralarının üzvü kimi
milli kitabxanaşünaslıq elmimizi uğurla təmsil
etməyi bacarmışdır.
A.Xələfov bir sıra dövri mətbuat orqanlarının -
"BDU-nun elmi əsərləri"nin kitabxanaşünaslığın
tarixi və nəzəriyyəsi üzrə elmi məqalələr
məcmuələrinin, mədəniyyətə dair qəzet və
jurnalların redaktoru və ya redaksiya
heyətlərinin üzvüdür. O, həmçinin elm,
mədəniyyət və təhsil sahələrinə dair bir sıra
elmi şuraların, komissiya və ictimai birliklərin
üzvüdür.
Kitabxana işinin inkişafının hüquqi normalarının
işlənilib hazırlanmasına böyük əmək sərf etmiş
A.Xələfov 1999-cu ildə qəbul olunmuş "Kitabxana
işi haqqında" Azərbaycan Respublikası Qanununun
hazırlanması üzrə işçi qrupuna rəhbərlik
etmişdir. Alim, eyni zamanda 2009-cu ildə
qüvvəyə minmiş "Təhsil haqqında" Azərbaycan
Respublikası Qanununun hazırlanması prosesində
də xüsusi fəallıq göstərmişdir.
Abuzər müəllim görkəmli ziyalılarla sağlam elmi
müzakirələr aparmağın və müəyyən bir fikir
formalaşdırmağın ustasıdır. Belə olmasaydı, bu
gün müxtəlif elm sahələrində tanınmış
mütəxəssislər prinsipial elmi məsələlərin
həllində Abuzər müəllimin nüfuzlu alim sözünü
əsas götürməzdilər. Bu cəhət təkcə ustad
alimimizə yox, eyni zamanda onun ağsaqqalı
olduğu böyük kitabxanaçılar ordusuna və
kitabxana işi mütəxəssislərinə başucalığı və
şan-şöhrət gətirir.
Abuzər Xələfov həm də əməlisaleh insan, Allaha
dərin inam və etiqad bəsləyən bir şəxsdir. Tanrı
bu nəcib insanın qismətinə üç müqəddəs ocaqda -
Həcc, Məşhəd və Kərbəla ziyarətində olmağı
nəsib edib.
Əmək və müharibə veteranı olan professor
A.Xələfovun Vətən və cəmiyyət qarşısındakı, elm,
mədəniyyət və təhsilin inkişafındakı xidmətləri
dövlət orqanlarının və bir sıra ictimai
təşkilatların xüsusi mükafatları, medalları və
fəxri fərmanları ilə dəyərləndirilmişdir.
Professor A.Xələfov, eyni zamanda BMT yanında
Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının
həqiqi üzvü - akademiki seçilmişdir. Dünyanın
bir sıra dövlətlərinin başçılarının, görkəmli
mütəxəssislərin, elm və mədəniyyət xadimlərinin
də həmin beynəlxalq miqyaslı qurumun üzvü olması
Azərbaycan aliminin dünyada tanınmasını bir daha
təsdiq edən mühüm faktlardan biridir.
Elə bu günlərdə Azərbaycan Kütləvi İnformasiya
Vasitələrinin Həmkarlar İttifaqı professor
Abuzər Xələfovu "İlin nüfuzlu ziyalısı" fəxri
diplomu ilə təltif etmişdir. Belə bir mükafata
layiq görülməsi onun Vətən və xalq qarşısında
xidmətlərinə verilən qiymət kimi çox dəyərlidir.
Bu gün Abuzər müəllim ömrünün müdriklik
çağlarını yaşayır. İnanırıq ki, təkcə
Azərbaycanda deyil, həmçinin yaxın və uzaq
xarici ölkələrdə yaxşı tanınan görkəmli alim
bundan sonra da Azərbaycanın kitabxanaşünaslıq
elmini özünün yeni-yeni sanballı əsərləri ilə
daha da zənginləşdirəcəkdir.
Knyaz ASLAN,
Bakı Dövlət Universiteti
Kitabxanaşünaslıq
kafedrasının dosenti |