Oktyabrın 19-da "Təhsil" Respublika İdman
Mərkəzində futbol meydançasının açılışı oldu.
Təhsil Nazirliyinin vəsaiti hesabına qurulmuş və
AFFA tərəfindən lazımi avadanlıqlarla təmin
edilmiş futbol meydançasında 12 yaşınadək
uşaqlar bu idman növünün incəlikləri ilə
yaxından məşğul olacaqlar.
Açılış mərasimində təhsil naziri Misir Mərdanov,
Azərbaycan Dövlət Neft Şirkətinin və AFFA-nın
prezidenti, millət vəkili Rövnəq Abdullayev,
təhsil nazirinin müavini Elmar Qasımov, idman və
gənclər nazirinin müavini İsmayıl İsmayılov,
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı
Abdin Fərzəliyev və digər rəsmi şəxslər iştirak
etdilər.
Tədbiri açıq elan edən "Təhsil" Respublika İdman
Mərkəzinin direktoru Cəfər Hümbətov görülən
işlər barədə qısa məlumat verdi. Sonra təhsil
naziri Misir Mərdanov çıxış edərək müxtəlif
idman yarışlarında, çempionatlarında qazanılan
uğurlara diqqət çəkdi.
Futbola göstərilən xüsusi dövlət qayğısını önə
çəkən nazir Misir Mərdanov təhsil ictimaiyyəti
adından Prezident İlham Əliyevə minnətdarlığını
bildirdi. Qeyd edildi ki, AFFA-ya yeni rəhbərlik
təyin edildikdən sonra futbolda irəliləyişlər
olmuşdur. Belə ki, qısa müddətdə respublikamızın
regionlarında futbol xeyli inkişaf etmişdir.
Burada açılmış ibtidai futbol mərkəzində 400-ə
yaxın yeniyetmənin məşğul olacağını qeyd edən
Misir Mərdanov bildirdi ki, əsas məqsəd
Azərbaycanda futbolun inkişafını təmin etməkdir.
İdman meydançasının açılışı münasibətilə
iştirakçıları təbrik edən nazir bu işdə əməyi
olan insanlara təşəkkürünü bildirdi.
Sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev
çıxış edərək uşaq futbolunun inkişafından
danışdı. Futbol meydançasının balaca
idmançılara uğur gətirəcəyinə inam ifadə edən
AFFA rəhbəri bu işdə Təhsil Nazirliyinin əməyini
xüsusi qeyd etdi.
Sonda futbol meydançası istifadəyə verildi.
Fazil İDRİSOĞLU |