Hər bir xalqın milli şüurunun, milli
özünüdərkinin yetkinləşməsi onun elm və
təhsilinin inkişafı ilə şərtlənir. Bu mənada, XX
əsrin əvvəllərindən başlayaraq Azərbaycan
xalqının maariflənməsində, ziyalı təbəqəsinin
formalaşmasında, elmi ənənələrin
zənginləşməsində Bakı Dövlət Universitetinin
əvəzsiz rolu danılmazdır.
ümummilli liderimiz Heydər Əliyevin "Azərbaycan
xalqının milli sərvəti" adlandırdığı Bakı Dövlət
Universiteti (BDU) mənəvi böyüklüyümüzün simvolu,
elm, təhsil və mədəniyyətimizin möhtəşəm
məbədidir. Azərbaycan xalqının tarixi ilə çox
səsləşən BDU-nun keçdiyi şərəfli yol ilk rektor
V.İ.Razumovskinin dediyi sözlərin həqiqət
olduğunu sübut etmişdir: "Azərbaycan öz maarif
ocağını yaratdı. Türk xalqının tarixinə yeni
parlaq səhifə yazıldı. Avropa ilə Asiyanın
qovşağında yeni məşəl yandı... Mən Bakı Dövlət
Universitetinin parlaq gələcəyinə inanıram".
BDU bir təhsil ocağı, bir qurum kimi cəmi 90 il
fəaliyyət göstərsə də, əslində, onun
mənəvi-tarixi kökləri daha dərinlərə gedib çıxır,
dəqiq desək, ilk ali təhsil ocağımız milli
mədəniyyətimizin qədim bünövrəsi üzərində
formalaşmışdır. Hər biri bir universitet olan
Nizami Gəncəvi, Nəsirəddin Tusi, Məhəmməd Füzuli
kimi dünya şöhrətli dahilərimiz bəşəriyyətə
tükənməz mənəvi qida vermiş, Azərbaycanın elm və
mədəniyyəti üçün möhkəm əsaslar, tarixi köklər
formalaşdırmışdır. Məhz bu möhkəm əsasların və
mənəvi bazanın mövcudluğu hesabına yaşı hələ bir
əsr olmayan BDU dünyanın bir neçə yüz il əvvəl
yaradılmış aparıcı universitetləri ilə
bərabərhüquqlu əməkdaşlıq edir, hərtərəfli elm
və təcrübə mübadiləsi aparır.
Ulu öndərimiz Heydər Əliyev BDU-nun 50 illik
yubileyindəki çıxışında bu barədə çox dəqiq
fikirlər söyləmişdir: "Azərbaycan xalqının
parlaq və orijinal mədəniyyətinin ən yaxşı
ənənələri Azərbaycan Dövlət Universitetində (o
dövrdə BDU belə adlanırdı - A.M.) inkişaf
etdirilmişdir. Məşhur filosof Ə.Bəhmənyarın və
mütəfəkkir şair Nizaminin, riyaziyyatçı-
astronom Nəsirəddin Tusinin və dahi lirik şair
Füzulinin, orta əsrlərin böyük alimi
F.Rəşidəddinin və üsyankar şair Nəsiminin,
tarixçi A.Bakıxanovun və realist yazıçı
M.F.Axundovun, görkəmli satiriklərdən
M.Ə.Sabirin, C.Məmmədquluzadənin və bir çox
başqalarının adları bu milli dəyərlərin
çoxəsrlik tarixinin bəzəyidir".
Adı milli dövlətçilik tariximizə qızıl hərflərlə
yazılan Bakı Dövlət Universiteti Şərqdə və türk
dünyasında qurulan ilk dünyəvi elm ocağı, tədris
mərkəzi olaraq xalqımızın və dövlətimizin ən
çətin, ən sınaqlı illərində yarandı. Bütün
varlığı, ruhu və duyğuları ilə millətinin
dirçəlişinə, maariflənməsinə nail olmaq istəyən
cümhuriyyət fədailəri Şərqin ilk modern
universitetini qurmaq üçün bütün çətinliklərə
sinə gərdilər. 1919-cu il sentyabrın 1-də
Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti
tərəfindən təsis olunan universitet illərin
sınaqlarından keçərək yaşamaq haqqını əlindən
vermədi. Tarixi haqsızlıq ucbatından uzun müddət
müstəqilliyini və dövlətçiliyini itirməyə məcbur
olmuş Azərbaycan xalqının tarixi təhsil
sistemini və mənəvi tərbiyə formalarını yenidən
yaddaşlara qaytardı. 1918-ci ildə müstəqillik
qazanaraq Azərbaycan Xalq Cümhuriyyətini elan
edən xalqımız neçə yüz illərdən sonra milli və
ictimai tərəqqidə elmin, təhsilin rolunu
qiymətləndirmək imkanı qazandı.
Bolşeviklərin və ermənilərin yaratdığı daxili
qarışıqlığa və iqtisadi vəziyyətin ağır olmasına
baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti milli
mədəniyyətin, təhsilin, ədəbiyyatın və
incəsənətin inkişafına xüsusi önəm vermiş, bu
ümdə məsələlərə xüsusi qayğı ilə yanaşmışdır. Bu
qayğı demokratik ziyalılarımızın uzun illərdən
bəri apardığı gərgin mübarizənin həyati təzahürü
idi.
Xalq Maarif Nazirliyinin təqdimatını nəzərə
alaraq, 1919-cu il sentyabrın 8-də Bakı Dövlət
Universitetinin rektoru və dekanlarının təsdiqi
haqqında qərar qəbul edildi. Qərarda operativ
cərrahiyyə kafedrasının əməkdar professoru
V.İ.Razumovskinin rektor, patoloji anatomiya
kafedrasının professoru İ.İ.Şirokoqorovun, o
olmadığı dövrdə isə müvəqqəti olaraq professor
A.M.Levinin tibb fakültəsinin, görkəmli tarixçi,
publisist, ümumi tarix kafedrasının dosenti
N.A.Dubrovskinin tarix-filologiya fakültəsinin
dekanı təyin olunduğu göstərilir.
Komissiya 1919-cu il sentyabrın 10-da ona
verilən səlahiyyətə uyğun olaraq, Rusiyanın bir
sıra tanınmış professorlarını, elm adamlarını
universitetə işləməyə dəvət edir.
Lakin Azərbaycanda hər şey arzu edildiyi kimi
getmədi. 1920-ci il aprelin 28-də Azərbaycan
Xalq Cümhuriyyətinin süqutu, bolşeviklərin
hakimiyyətə gəlməsi respublikanın, o cümlədən
Bakı Dövlət Universitetinin də tarixində
mürəkkəb bir dövrün başlanğıcını qoydu.
Artıq 1920-ci il mayın 11-də xalq maarif
komissarı Dadaş Bünyadzadənin universitetin
rektoru V.İ.Razumovskiyə verdiyi sərəncamda
universitetdə təlim və tərbiyə işinin lazımi
səviyyədə saxlanılacağı göstərilirdi. Sərəncamda
həmçinin sovet Rusiyası ilə əlaqə yaradılacağı,
oradan müəllimlərin dəvət olunacağı da
bildirilirdi. Təzyiqlər böyük rus alimi
V.İ.Razumovskini Bakını tərk etməyə məcbur etdi.
Həmin il universitetə məşhur nevropatoloq,
Moskva Universitetinin məzunu, sonralar akademik
olmuş professor Sergey Nikolayeviç Davidenkov
rektor təyin edildi.
1922-ci ildə universitetin adı dəyişdirildi və
Azərbaycan Dövlət Universiteti qoyuldu. Artıq
universitetlə bağlı qərarlar mərkəzdə qəbul
olunurdu və onların icrası məcburi idi.
1929-cu ildə universitetin on illiyinin
ümumrespublika səviyyəsində qeyd edilməsi qərara
alındı və bu tədbir 1930-cu ilin yanvarında
təntənəli surətdə həyata keçirildi. Bundan bir
qədər sonra isə universitetin həyatında mürəkkəb
və qaranlıq hadisələr başladı. 1930-cu ilin
iyununda Azərbaycan SSR Xalq Komissarları
Sovetinin qərarı ilə Azərbaycan Dövlət
Universitetinin fəaliyyəti dayandırıldı, onun
ayrı-ayrı fakültələrinin bazası əsasında yeni
müstəqil institutlar yaradıldı.
ümumiyyətlə, milli vətənpərvərlik mövqeyində
durması universitet üçün o dövrdə müxtəlif
problemlər yaratmışdı. Hətta sovet hakimiyyəti
illərində universitetin adı da dəfələrlə
müxtəlif dəyişikliklərə məruz qalmışdır: 1922-ci
ildə Bakı Dövlət Universitetinin adı
dəyişdirilərək Azərbaycan Dövlət Universiteti
adlandırılır. Belə qərar verilməsinin səbəbi BDU-nun
təkcə Azərbaycan üçün deyil, qonşu respublikalar
üçün də mədəniyyət ocağı olması ilə izah
edilirdi. Bu fakt isə özlüyündə BDU-nun ali
təhsilin yayıcısı kimi fəaliyyət dairəsinin
yalnız müasir dövrümüzdə deyil, yarandığı gündən
etibarən hər zaman Azərbaycanın hüdudlarından
çox-çox kənara çıxmasını bir daha sübut edir.
1924-cü ildə universitetin əsl yaradıcılarını
xalqın şüurundan silmək üçün növbəti tədbir
həyata keçirilir: universitetə bolşeviklərin
rəhbəri V.İ.Leninin adı verilir.
1939-cu ildə Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin 16 aprel tarixli fərmanı ilə
Azərbaycan Dövlət Universitetinə vaxtilə
Azərbaycan Kommunist Partiyasına rəhbərlik etmiş
S.M.Kirovun adı verilir.
1991-ci ildə isə Bakı Dövlət Universitetinə bu
ali təhsil ocağının yaradılmasında fəal iştirak
etmiş M.Ə.Rəsulzadənin adı verilmişdir. Nəhayət,
2001-ci ildən universitet ilk təsis edildiyi
kimi, Bakı Dövlət Universiteti adı ilə
təsdiqlənmişdir.
II Dünya müharibəsi universitetin də həyatına
mənfi təsir etdi, tədris prosesi ağır vəziyyətə
düşdü. 1941-ci il iyunun 22-də - müharibənin
başlandığı ilk gündə universitetin rektoru
Cəbrayıl Ağəli oğlu Ələsgərovun cəbhəyə getməsi
bütün müəllim-tələbə kollektivi üçün bir çağırış
oldu. Bir neçə gün ərzində universitetin 159
müəllimi, 23 aspirantı, 1141 tələbəsi
səfərbərliyə alındı, silaha sarılaraq ön cəbhəyə
getdi.
Müharibənin ən ağır dövründə - 1941-1944-cü
illərdə universitetə dosent Şamil Rəhim oğlu
Əliyev rektorluq etmişdir.
Amansız müharibə universitetin fəaliyyətinə ağır
zərbə vursa da, onun kollektivi bu ağır sınaqdan
şərəflə çıxdı. Elə həmin çətin illərdə
universitet alimləri beynəlxalq əhəmiyyəti olan
bir sıra kəşflərə imza atdılar. Bunlara ən
parlaq misal akademik Yusif Məmmədəliyevin
donmayan sürtkü yağlarını kəşf etməsini
göstərmək olar ki, müharibə illərində hərbi
aviasiya sənayesində sovet təyyarələri üçün bu
tapıntı həlledici rol oynadı.
ötən əsrin 50-ci illərinin ortalarında sovet
cəmiyyətində baş verən nisbi yumşalma
universitet həyatına da müsbət təsir etdi. Lakin
bu vəziyyət çox uzun sürmədi. Yenidən milli
ruhun sıxışdırılması prosesi başladı. Mərkəzin
nəzarəti sərtləşdirildi, təhsildə yersiz
siyasiləşdirmə və ideologiyalaşdırma daha da
gücləndirildi. Bütün bunlara baxmayaraq,
universitet öz inkişafından qalmadı, burada yeni
fakültələr yaradıldı, laboratoriyalar açıldı.
Beləliklə, artıq universitet ölkədə ən güclü
elmi mərkəzə çevrildi.
ümumiyyətlə, 1940-1950-ci illər universitetin
həyatında xüsusi yüksəliş illəri kimi
qiymətləndirilə bilər. Xalqımızın 4 böyük
ziyalısının həmin illərdə universitetə rəhbərlik
etməsi dediklərimizin bir sübutudur.
1944-1950-ci illərdə akademik Abdulla İsmayıl
oğlu Qarayev, 1950-1954-cü illərdə professor
Cəfər Xəndan Zeynal oğlu Hacıyev, 1954-1958-ci
illərdə akademik Yusif Heydər oğlu Məmmədəliyev,
1958-1965-ci illərdə akademik Şəfayət Fərhad
oğlu Mehdiyev kimi böyük təhsil və elm
təşkilatçılarının rəhbərliyi universitetə yeni
inkişaf stimulları gətirdi.
1921-ci ildən bu günə kimi universitetin dövri
mətbuat orqanı olan "Elmi xəbərlər" müntəzəm
olaraq çap edilir. Bu gün həmin jurnal
universitet alimlərinin elmi araşdırmalarını əks
etdirən mötəbər mətbuat orqanlarından biridir.
Universitetin inkişafında yeni keyfiyyət
mərhələsi, heç şübhəsiz, Azərbaycan xalqının
ümummilli lideri, BDU-nun tarix fakültəsinin
məzunu Heydər Əliyevin adı və fəaliyyəti ilə
bağlıdır.
Bakı Dövlət Universitetinin 50 illik yubileyində
sovet rejiminin tətbiq etdiyi bütün qadağaları
aşan və o dövr üçün inqilaba bərabər bir hadisə
baş verdi. 1969-cu il noyabrın 1-də
universitetin yaradılmasının 50 illiyi
münasibəti ilə yubiley tədbiri keçirilirdi.
Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin birinci katibi Heydər Əliyevin
tədbirdə iştirak etməsi və ana dilində nitq
söyləməsi təkcə universitet kollektivinə deyil,
bütün Azərbaycan cəmiyyətinə milli ruhun
qaytarılması istiqamətində bir dönüş anı oldu.
Bu nitq o vaxta qədərki bütün sovet sisteminin
ağır repressiyalarından və təqiblərindən əziyyət
çəkən universitet kollektivinin ürəyində ümid
çırağı yandırdı, onları ruhlandırdı.
Universitetin həyatında yeni bir keyfiyyət
mərhələsinin başlanğıcını qoydu.
Heydər Əliyev deyirdi: "Azərbaycan
universitetinin yaranması qabaqcıl qüvvələrin
qələbəsi idi, doğma xalqı maarifləndirmək
uğrunda, dünya mədəniyyəti və elm xəzinəsinin
qapılarını onun üzünə açmaq uğrunda Azərbaycanın
ən yaxşı oğullarının bir çox illər ərzində
apardıqları mübarizənin yekunları idi".
Bu fikirlər Heydər Əliyevin Azərbaycan
maarifçilərinə, ziyalılarına və cümhuriyyət
dövrü xadimlərinə verdiyi böyük qiymət idi.
Əslində, bu sözləri ilə Heydər Əliyev milli
tarixə xüsusi diqqət yetirilməsinə səsləyirdi.
Heydər Əliyevin nitqini ana dilində söyləməsi
böyük tarixi əhəmiyyət daşıyırdı. O vaxtadək
çoxları respublika rəhbərinin ana dilində nitq
söyləyəcəyini güman etmirdi. Sovet sistemi
şəraitində milli dildə nitqlərə mərkəzdə o qədər
də rəğbətlə yanaşmırdılar. Respublika
rəhbərləri, adətən, rus dilində danışırdılar.
Heydər Əliyev isə mövcud qadağaları cəsarətlə
qıraraq, nitqi ilə təkcə ana dilinə olan
bağlılığını, sevgi və hörməti nümayiş etdirmədi,
eyni zamanda bütün Azərbaycan cəmiyyətinə bu
yolda bir nümunə göstərdi. Bu tədbirdə iştirakı
və ana dilində nitqi ilə Heydər Əliyev milli
ruhu universitet divarları arasına qaytardı.
Heydər Əliyev deyirdi: "Bu gün, təntənəli
yubiley günündə biz öz biliyini, öz istedadını
Azərbaycan universitetinin yaranmasına və
inkişafına sərf edənlərin xatirəsini hörmətlə
yad edirik". Bu sözlər Heydər Əliyevin milli
tariximizə, mədəniyyətimizə və elmimizə olan
dərin hörmətini və sıx bağlılığını göstərirdi.
Onun respublikaya rəhbərlik etməyə başladığı ilk
günlərdən Azərbaycanın görkəmli
şəxsiyyətlərinin, elm və mədəniyyət xadimlərinin
yubileylərinin müntəzəm surətdə qeyd olunması
bir ənənə halını almış, bu isə Azərbaycan
xalqının ümummilli problemləri ilə sıx bağlı
olub, milli ruhun, milli özünüdərkin yüksəlişi,
xalqın tarixi yaddaşının özünə qaytarılması,
müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi
üçün zəmin yaratmışdı. Heydər Əliyevin
1969-1982-ci illərdə Azərbaycana rəhbərlik
etdiyi dövrdə görülən işlər həmin təməl
prinsiplər əsasında milli dövlətçilik ideyasının
gələcəkdə böyük hərəkətverici qüvvəyə
çevrilməsinə təkan verdi.
Həmin dövrdə elm və mədəniyyət xadimlərinə,
ziyalılara qarşı təzyiqlər, təqib və təhqirlər
Sovet İttifaqının bir çox başqa
respublikalarında özünü aşkar hiss etdirdiyi
halda, qorxmaz, cəsur, möhkəm iradə sahibi
olması sayəsində Heydər Əliyev Azərbaycanda
yaradıcı insanlar üçün sərbəst düşünmə və
düşündüyünü tam ifadə edə bilmək, alt qatda isə
milli mənəvi ideala, Azərbaycanın dövlətçilik
tarixində suverenliyi, müstəqilliyi təmin edən
dəyərlərə aparan yolları tapmaq imkanı verən bir
şərait yaratmışdı.
XX əsrin son onilliklərində Azərbaycan elmi və
təhsili də Heydər Əliyev şəxsiyyətinin,
zəkasının və bacarığının işığında inkişaf etmiş
və bugünkü səviyyəsinə gəlib çıxmışdır. Bu gün
biz bir daha fəxrlə söyləyirik ki, Heydər Əliyev
kimi nadir şəxsiyyət Bakı Dövlət Universitetinin
məzunu olmuş, həyatının bütün dövrlərində bizim
təhsil ocağımızla möhkəm bağlanmış, heç zaman
BDU-dan öz qayğıkeş əlini çəkməmişdir. Bu, onun
ziyalılara olan sevgisindən, doğmalığından irəli
gələn bir cəhət idi. Ona görə də hər zaman
Azərbaycanın inkişafını və intibahını burada
axtarır və əlindən gələni edirdi ki, Bakı Dövlət
Universitetində yeni nəsil yetişdirmək üçün
şərait olsun. Heydər Əliyev epoxasının mənəvi
yüksəliş tarixinin mərkəzində məhz Bakı Dövlət
Universitetinin dayanması reallıqdır. O deyirdi:
"Bakı Dövlət Universiteti Azərbaycan xalqının
milli sərvətidir". Və bu sərvəti göz bəbəyi kimi
qorumaq üçün tələbkar rəhbər qətiyyəti
göstərirdi. Eyni zamanda hər bir ziyalıya, elm
adamına, təhsil işçisinə öz əzizi kimi baxırdı.
Azərbaycanın hər bir savadlı, təhsilli insanı
onun sevimlisi idi.
Bütün dövrlərdə Bakı Dövlət Universitetinə
Heydər Əliyevin xüsusi bir sevgisinin şahidiyik.
O, BDU-ya olan məhəbbətini, ehtiramını,
sevgisini bu sözlərlə bildirirdi: "Mən fəxr
edirəm ki, Bakı Dövlət Universitetinin
məzunuyam".
Məhz Heydər Əliyevin qayğısı sayəsində 70-ci
illərdə universitet Asiya, Afrika və Latın
Amerikasının inkişaf etməkdə olan ölkələri üçün
mütəxəssislər hazırlayan güclü bir mərkəzə
çevrildi. Azərbaycan universitetində təhsil alan
həmin gənclər öz ölkələrinə döndükdən sonra
müxtəlif vəzifələrdə çalışdılar, hətta sonralar
bəziləri siyasi xadim, dövlət xadimi, ölkə
rəhbəri oldu.
Müsbət haldır ki, ABŞ-dan və Avropanın bir sıra
ölkələrindən gələn tələbə və tədqiqatçılar da
Azərbaycan elmi, təhsili, mədəniyyəti və tarixi
ilə tanış olur, hətta universitet
laboratoriyalarında və kafedralarında
çalışırdılar.
1980-ci ildə universitetin yaradılmasının 60
illik yubileyi keçirildi və həmin tədbirlərdə
Heydər Əliyev də iştirak etdi. Bu iştirakdan
sonra da universitet həyatında bir sıra
yeniliklər oldu - yeni laboratoriyalar və
kafedralar açıldı, bir sıra əməkdaşlara fəxri
adlar verildi.
Universitet həmişə Azərbaycanda
azadfikirliliyin, müstəqil düşüncənin və
demokratiyanın beşiyi olub. Bu, özünü 80-ci
illərin sonlarında ölkədə gedən proseslərdə,
Ermənistandan tarixi torpaqlarından vəhşicəsinə
qovulan, öldürülən azərbaycanlıların
hüquqlarının mərkəz tərəfindən qorunmamasına,
Dağlıq Qarabağda təcavüzkar separatizm və
Ermənistanın hərbi təcavüzünün
dayandırılmamasına qarşı etiraz hərəkatında
göstərdi. Bu zaman ölkə rəhbərliyinin
Azərbaycana olan mənfi münasibəti bütün
respublikaya olduğu kimi, universitetə də təsir
etdi. Etiraz hərəkatının önündə universitet
tələbələri, əməkdaşları və məzunları getdilər.
Universitet kollektivi ölkə rəhbərliyinin
laqeydliyinə, erməni millətçilərinin və
Ermənistan SSR-in kommunist rəhbərliyinin qəddar
hərəkətlərinə cavab verməməsinə etiraz əlaməti
olaraq aksiyalara başladı. Universitet
Azərbaycanda gedən proseslərin beşiyinə
çevrildi. Ermənistanın hərbi təcavüzünə qarşı
başlayan hərəkat, tədricən, müstəqillik uğrunda
mübarizəyə çevrildi. Bu mübarizənin gedişində
milli azadlıq hərəkatı genişləndi, tarixin bütün
dönəmlərində olduğu kimi, xalqın, ölkənin taleyi
ilə taleyində oxşarlıq olan BDU 1989-cu ildə öz
tarixi Bakı Dövlət Universiteti adını (1922-ci
ildən indiyədək Azərbaycan Dövlət Universiteti
adlanırdı) bərpa etdi. Bununla belə, baş verən
proseslər, azərbaycanlıların Ermənistandakı
tarixi torpaqlarından qovulması, Dağlıq
Qarabağda baş verən təcavüzkar separatizmin
doğurduğu nəticələrdən biri universitetdə tədris
prosesinin ahənginin pozulması oldu. Təhsilin
keyfiyyətində, elmi-tədqiqatların aparılmasında
geriləmə müşahidə edilməyə başladı. Tələbə və
müəllimlərin kütləvi şəkildə Qarabağ uğrunda
gedən döyüşlərə qatılması, müharibədən gələn
acınacaqlı xəbərlər, şəhidlərin sayının durmadan
artması və digər hadisələr universitet
auditoriyalarına sarsıdıcı zərbələr endirirdi.
Digər tərəfdən, təhsilin infrastrukturunda baş
verən əyintilər, çoxsaylı mənşəyi məlum olmayan
özəl universitetlərin yaranması, ölkədə baş
verən özbaşınalıq və xaos tədris prosesini
dayanmaq həddinə çatdırırdı. Vətənpərvərlik və
milli təəssübkeşliyi özləri üçün siyasi
dividendə çevirərək vəzifə davasına qalxan bəzi
üzdəniraq siyasətçilər universitet tələbələrini,
yeri oldu-olmadı, mitinqlərə cəlb edərək karyera
mübarizələrində vasitəyə çevirirdilər. Xüsusən
1991-92-ci illərdə ayrı-ayrı səlahiyyət
sahiblərinin tədris prosesinə kobud müdaxiləsi,
əməkhaqlarının kəskin aşağı düşməsi və aylarla
ödənilməməsi, yeni təhsil qanunları qəbul
edilməmiş köhnələrin kortəbii ləğv edilməsi və
s. hallar Bakı Dövlət Universitetində
ziyalıların kütləvi şəkildə respublikanı tərk
etməsilə nəticələndi.
Azərbaycanın, o cümlədən universitetin həyatında
qarışıqlıq, mürəkkəbliklərlə dolu anları bir
fakt da sübut edir ki, 1989-93-cü illərdə BDU-da
5 dəfə rektor dəyişdirildi: 1987-89-cu illərdə
AEA-nın müxbir üzvü, professor Yəhya Cəfər oğlu
Məmmədov; 1989-1990-cı illərdə akademik Cəmil
Bahadur oğlu Quliyev; 1990-1992-ci illərdə
akademik Mirabbas Göycə oğlu Qasımov;
1992-1993-cü illərdə professor Firudin Yusif
oğlu Səməndərov.
Ağır iqtisadi, ictimai və mənəvi böhran
şəraitinə düşmüş universitet üçün həmin illər
çətin sınaq dövrü idi. Lakin universitetimiz bu
sınaqlardan da həmişəki kimi üzüağ çıxdı.
1993-cü ilin iyununda xalqımızın təkidli tələbi
ilə Heydər Əliyevin yenidən müstəqil
respublikamızın rəhbərliyinə gəlməsi ölkədə
əhvali-ruhiyyəni müsbət istiqamətdə dəyişdirdi,
Bakı Dövlət Universiteti tədricən öz mövqeyini
bərpa etməyə başladı.
Azərbaycanda siyasi hakimiyyətə qayıdarkən,
Heydər Əliyev ölkəni fəlakət və xaosdan,
parçalanıb məhv olmaqdan, vətəndaş
müharibəsindən xilas edərkən belə Bakı Dövlət
Universitetini yaddan çıxarmadı və onun dövlətin
yaradılıb möhkəmlənməsində rolunu çox yüksək
qiymətləndirdi. O, şəxsən bir neçə dəfə
universitetə gələrək, bu təhsil ocağına yenidən
həyat verdi. Xatırladaq ki, Heydər Əliyevin
hakimiyyətə qayıdışına qədər Bakı Dövlət
Universiteti çox acınacaqlı durumda idi və bunu
biz heç zaman unutmamalıyıq. Azərbaycanın ilk
ali təhsil ocağında tədrisin səviyyəsi aşağı
düşmüş, kollektivdə gələcəyə inam hissi
qalmamışdı. Təkcə bizim universitet deyil,
respublikanın digər təhsil müəssisələri də
dağılmaq təhlükəsi qarşısında idi. Alimlərin bir
çoxu Azərbaycanı tərk edərək başqa ölkələrə üz
tutmuş, elələri də olmuşdu ki, müəllimliyin və
elmin daşını birdəfəlik atmışdılar. Heydər
Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı sanki
bütün elm adamlarına, o cümlədən Bakı Dövlət
Universitetinin kollektivinə gələcəyə inam hissi
aşıladı.
1993-cü ilin iyununda artıq vətəndaş müharibəsi
içərisində olan Azərbaycanın imdadına Heydər
Əliyev çatdı. Təhsil sistemində tədricən pozitiv
dəyişikliklər yarandı, tədris prosesi kənar
müdaxilələrdən qurtuldu, müəllimlərin əməkhaqqı
artmağa başladı, sosial vəziyyət yaxşılaşdı, ali
təhsil prosesinə ləkə olan çoxsaylı özəl
universitetlər kəskin azaldı, bir sözlə, təhsil
siyasəti müəyyənləşdirildi. Həmin ildən
başlayaraq bütün Azərbaycan cəmiyyətində olduğu
kimi, universitetin həyatında da dirçəliş dövrü
başlandı.
Universitetin Böyük Elmi Şurasının elmin və
təhsilin inkişafına göstərdiyi qayğıya,
universitetin adını və şöhrətini yüksəklərə
qaldırdığına, Azərbaycan xalqı və dövləti
qarşısında misilsiz xidmətlərinə görə Heydər
Əlirza oğlu Əliyevə BDU-nun fəxri doktoru adı
verilməsi barədə qərar qəbul etməsi də tarixi
bir addım, universitet kollektivinin böyük
öndərə ehtiramının ifadəsi idi. Mən özümü
xoşbəxt hesab edirəm ki, 2000-ci ildə BDU-nun 80
illiyinə gəlmiş qonaqları qəbul edərkən böyük
öndərə fəxri diplomu təqdim etmək şərəfinə nail
olmuşam.
1994-cü ildə Bakı Dövlət Universitetinin
yaradılmasının 75 illiyi tamam oldu. Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin
sərəncamı ilə yubiley komissiyası yaradıldı.
Yubiley komissiyasının iclasına Heydər Əliyevin
şəxsən sədrlik etməsi Azərbaycan rəhbərinin
universitetin cəmiyyətin həyatında roluna və
yerinə verdiyi böyük qiymət və diqqətlə bağlı
idi. Bu, həm də ümummilli liderin ölkəmizdə elm,
təhsil və mədəniyyətə yüksək qayğısının nümunəsi
idi.
Təntənəli yubiley mərasimində iştirak edən
Heydər Əliyev geniş nitq söylədi. Bu nitq
məzmunca geniş, mahiyyətcə dərin, hədəflərinə
görə strateji əhəmiyyət daşıyırdı. Heydər Əliyev
deyirdi: "Bakı Dövlət Universiteti Azərbaycan
xalqının, Azərbaycan Respublikasının milli
sərvətidir, milli iftixarıdır...".
Böyük tarixi əhəmiyyət daşıyan bu fikirlər həm
universiteti quranların xatirəsinə ehtiramın
nümunəsi, həm də Azərbaycan xalqının milli və
mənəvi inkişafında Bakı Dövlət Universitetinin
oynadığı rola verilən dəqiq qiymət idi.
Keçdiyi məşəqqətli və şərəfli yolun təhlili
göstərir ki, Afina Universiteti yunanların,
Sorbona fransızların, Kembric ingilislərin milli
şüurunun, elminin, maarifinin yüksəlməsində
hansı rolu oynamışdısa, Bakı Dövlət Universiteti
də xalqımızın tarixi taleyində həmin vəzifəni
ləyaqətlə yerinə yetirmişdir. BDU-nun səmərəli
fəaliyyəti nəticəsində ölkəmizdə onlarca ali
məktəb yaranmış, Azərbaycan böyük ali təhsil
potensialına malik bir respublikaya
çevrilmişdir.
BDU Azərbaycan elminin inkişafında misilsiz
xidmətlər göstərmiş, ilk gündən elmi-tədqiqat
mərkəzinə çevrilərək, AMEA-nın və onun
institutlarının təşkilində, kadr potensialının
formalaşmasında yaxından iştirak etmişdir.
Qeyd etmək lazımdır ki, Bakı Dövlət Universiteti
təkcə Azərbaycanın ali təhsil ocaqlarının
bayraqdarı, güclü elm mərkəzi deyil, həm də
ölkənin ictimai-siyasi həyatında önəmli rol
oynayan əzəmətli qüvvəni təmsil edən çoxminli
kollektivdir.
Hazırda BDU-da 16 fakültə, 125 kafedra, 2
elmi-tədqiqat institutu (ETİ), 4 elmi-tədqiqat
mərkəzi (ETM), 20 elmi-tədqiqat laboratoriyası
(ETL) fəaliyyət göstərir. Bu struktur bölmələrdə
2897 nəfər əməkdaş çalışır.
Bu gün universitetin kafedralarında 300
nəfərədək elmlər doktoru, 900 nəfərdən çox
elmlər namizədi, dosent öz bilik və bacarığını
gənc kadrların, savadlı elm adamlarının
yetişdirilməsinə sərf edir. Professor-müəllim
heyətindən 8 nəfəri AMEA-nın həqiqi üzvü, 15
nəfəri AMEA-nın müxbir üzvü, 48 nəfəri yüksək
fəxri adı olanlar, 4 nəfəri Respublika Dövlət
Mükafatı laureatıdır. Universitetin 40-dək
əməkdaşı "Şöhrət" ordeni, 30 nəfərdən çoxu
"Tərəqqi" medalı ilə təltif olunmuşdur. Bu gün
universitet əməkdaşlarından 14 nəfəri Azərbaycan
Respublikası Milli Məclisinin deputatıdır.
Azərbaycan tarixində müstəsna rol oynayan digər
bir sıra dövlət, ictimai, siyasi və elm
xadimləri - Yusif Məmmədəliyev, Heydər Hüseynov,
Abdulla Qarayev, Şəfayət Mehdiyev, Zahid
Xəlilov, Mir Cəlal Paşayev, Əşrəf Hüseynov,
Nəsir İmanquliyev, Məcid Rəsulov, Mirəli Qaşqay,
İsmayıl Hüseynov və başqa alimlər universitetin
şöhrətini bütün dünyaya yaymışlar. Cəfər
Cabbarlı, Mikayıl Müşfiq, Süleyman Rəhimov, Səid
Rüstəmov, Əfrasiyab Bədəlbəyli kimi görkəmli
şair və yazıçılar, mədəniyyət xadimləri
universitetin məzunları olmuşlar.
Əgər 1919-cu ildə Bakı Dövlət Universiteti öz
fəaliyyətinə 2 fakültə və 1094 tələbə ilə
başlamışdısa, hazırda universitetdə 16 fakültə
fəaliyyət göstərir və bu fakültələrdə müxtəlif
təhsil istiqamətlərində bakalavr pilləsində 55
ixtisas, magistratura pilləsində isə 153 ixtisas
üzrə 18 mindən çox tələbə təhsil alır.
Yarandığı ilk gündən Bakı Dövlət Universiteti
respublikanın əsas elmi mərkəzlərindən biri
olmuş, Azərbaycanda təkcə təhsilin deyil, elmin
də təşəkkülü və inkişafında aparıcı rol
oynamışdır.
Universitetdə mütəmadi olaraq beynəlxalq,
respublika, universitet və fakültə səviyyəli
elmi konfranslar keçirilir. 1998-2008-ci illərdə
və 2009-cu ilin birinci yarısında Bakı Dövlət
Universitetində 300 elmi konfrans keçirilmişdir.
Onlardan 26-sı beynəlxalq səviyyəli, 49-u
respublika səviyyəli, 70-i universitet
səviyyəli, 155-i fakültə səviyyəli elmi
konfranslar olmuşdur. Bu konfransların
materialları 14307 məqalə və 12834 tezis
şəklində nəşr olunmuşdur.
Universitetdə aparılan elmi-tədqiqat işlərinin
nəticələrinin geniş elmi ictimaiyyətə
çatdırılması üçün kifayət qədər elmi nəşrlər
buraxılır.
Universitetin əməkdaşları tərəfindən bir sıra
beynəlxalq elmi layihələr həyata keçirilmişdir.
Universitet əməkdaşları Avropa Birliyi İNTAS
fondunun 6-cı çərçivə proqramında (180 000 avro
dəyərində), Azərbaycan Milli Elm Fondu və
Amerikanın Mülki Tədqiqatlar və İnkişaf Fondunun
elan etdiyi layihələrdə (455 000 dollar
dəyərində), Ukrayna Elm və Texnologiya Mərkəzi
(STCU) tərəfindən maliyyələşdirilən proqramlarda
(689 000 dollar dəyərində), Avropa
Komissiyasının TEMPUS proqramında (130 000 avro
dəyərində), SOROS fondu Açıq Cəmiyyət
İnstitutunun proqramlarında (10 000 avro
dəyərində) və Azərbaycanda ölkədaxili qrant
layihələrində iştirak etmişlər.
BDU son zamanlar ölkəmizdə təhsil islahatlarının
həyata keçirilməsində çox önəmli rol oynayır.
Boloniya təhsil sisteminə qoşulmuş universitetdə
kompüter texnologiyasının tətbiqi sahəsində
böyük işlər görülmüş, ayrıca İnformasiya
Texnologiyaları Mərkəzi, bütün fakültələrdə isə
hər birində onlarca kompüter olmaqla, 20
elmi-tədqiqat sinfi yaradılmış və müəllimlərlə
təmin edilmişdir. Hər bir fakültənin kompüter
sinfində lokal şəbəkə yaradılmış və həmin
kompüterlərin BDU-nun ümumuniversitet lokal
şəbəkəsi vasitəsi ilə İnternetə çıxışı təmin
edilmişdir.
BDU-da elmin və təhsilin kitabxana-informasiya
xidməti ilə təminatında zəngin kitab fonduna
malik Elmi Kitabxana mühüm rol oynayır. Hazırda
Elmi Kitabxananın fondunda 2,5 milyon nüsxədən
çox ədəbiyyat saxlanılır. 5 abonement, 14 oxu
zalı, 30 kabinet kitabxanası olan Elmi Kitabxana
dünyanın 15 ölkəsinin 30 universiteti ilə kitab,
jurnal və qəzet mübadiləsi aparır. Kitabxana
işinin kompüterləşdirilməsi elmi-tədqiqat
laboratoriyasının köməyi ilə respublikamızda ilk
dəfə olaraq kitabxananın kompüterləşdirilməsi
işinə başlanmış, elektron kataloq yaradılmış,
kitab, jurnal və qəzet fondunun böyük hissəsi
elektron kataloqa salınmışdır.
Universitetin müasir çap maşınları və
texnologiyalarla təchiz edilmiş nəşriyyatı
fəaliyyət göstərir.
Bakı Dövlət Universitetinin kütləvi mətbu orqanı
olan "Bakı Universiteti" qəzeti çap edilir.
Qəzetin səhifələrində universitetin həyatı ilə
bağlı xəbərlər və digər yazılar verilir.
Bakı Dövlət Universitetinin bir çox tələbələri
və əməkdaşları Ermənistanın hərbi təcavüzünə
qarşı döyüşlərin ön cərgələrində getmiş, Qarabağ
uğrunda ağır döyüşlərdə iştirak etmiş, bəziləri
canlarını Vətən yolunda qurban vermiş, bir
çoxları isə fiziki sağlamlıqlarını itirmişlər.
Universitetin həyətində Vətən uğrunda şəhid olan
oğulların xatirəsinə abidə ucaldılmışdır.
Şəhidlərin qəhrəmanlığı tələbə gənclərimizə
örnəkdir.
Universitetdə tələbə gənclərin vətənpərvərlik və
milli dövlətçilik ruhunda tərbiyə edilməsi
sahəsində ciddi iş aparılır.
Gənclər təşkilatı, həmkarlar komitəsinin
fəaliyyəti bu baxımdan diqqətəlayiqdir.
Bakı Dövlət Universitetinin inkişafının yeni
mərhələsi Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin adı ilə bilavasitə
bağlıdır. Universitetin sonuncu tədris korpusu
20 il əvvəl, 1988-ci ildə istifadəyə verilmişdi.
Həmin tarixdən keçən dövr ərzində açılan yeni
fakültələr, kafedralar, laboratoriyalar,
elmi-tədqiqat institutları və digər qurumlar,
habelə tələbələrin sayının kəskin artması tədris
prosesində xeyli problemlər yaratmışdır. Son
illərdə dünya standartlarında nəzərdə tutulmuş
hər tələbəyə 6 m2 əvəzinə, BDU-da cəmi 2,3 m2
sahə düşürdü. Belə vəziyyətdən çıxış yolu
axtarılırdı. Ona görə də yeni tədris korpusunun
tikintisi barədə qərar qəbul edilmiş və onun
inşasına 1991-ci ildə başlanmışdı. 1994-cü
ilədək binanın yalnız bir mərtəbəsi tikilmişdi.
2003-cü ilədək tikinti işlərinə cəmi 240 min
manat vəsait ayrılmışdı. Azərbaycan xalqının
böyük ruh yüksəkliyi ilə Azərbaycan
Respublikasının Prezidenti vəzifəsinə seçdiyi
İlham Əliyev Bakı Dövlət Universitetinin yeni
korpusunun inşası prosesi ilə yaxından
maraqlandı, yaranmış vəziyyəti dərindən
öyrənərək qəti qərarlar qəbul etdi, yeni tədris
korpusunun tikintisinə xüsusi qayğı göstərdi.
Prezident İlham Əliyevin bilavasitə göstərişi
ilə tikinti işləri üçün 2006-cı ildə 600 min
manat, 2007-ci ildə 2, 5 milyon manat, 2008-ci
ildə isə 3 milyon manat vəsait ayrıldı. Cənab
İlham Əliyevin 2008-ci il mayın 25-də Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan
ayırdığı 4,6 milyon manat vəsait binanın tez bir
zamanda istifadəyə verilməsinə şərait yaratdı.
Smeta dəyəri 15,5 milyon manat qiymətləndirilən
binanın inşası vəsaitdən səmərəli istifadə etmək
hesabına cəmi 10 milyon 940 min manata başa
gəldi. Bu məbləğə tədris korpusunun texniki
avadanlıqlar və tədris ləvazimatları ilə təchiz
edilməsi də daxildir.
Burada poliklinika, yeməkxana, 300 nəfərlik
konfrans zalı, "Rus dünyası" araşdırmalar
mərkəzi və digər strukturlar yerləşdirilmişdir.
Bütün auditoriyalar müasir səviyyədə təchiz
edilmiş, İNTERNET və İNTRANET sistemlərinə
qoşulmuşdur.
Yeni tədris korpusu 2008-ci il sentyabrın 15-də
istifadəyə verildi. Açılış mərasimində
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin iştirak etməsi və geniş nitq
söyləməsi universitet kollektivinin həyatında
əlamətdar hadisəyə çevrildi. Prezident İlham
Əliyevin nitqi universitet kollektivi tərəfindən
yüksək ruh yüksəkliyi ilə qarşılandı, daha yaxşı
işləməyə və təhsil almağa stimul verdi.
Universitet kollektivi Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
diqqət və qayğısına cavab olaraq təhsildə və
elmdə yüksək yaradıcılıq uğurlarını
zənginləşdirmək, dünya təhsilinə və elminə
inteqrasiyanı sürətləndirmək üçün gərgin
səylərini davam etdirir.
Bütün bunlar 90 il müddətində Bakı Dövlət
Universitetinin şərəfli bir yol keçdiyini deməyə
əsas verir. Bu dövr ərzində universitet
Azərbaycanın təhsil, elm və mədəniyyət tarixində
görkəmli bir yer tutmuş, ona özünün ən dəyərli
töhfələrini vermişdir və bu gün də həmin
ənənələri uğurla davam etdirir. Ona görə də
hesab edirəm ki, Azərbaycanda elmin, təhsilin,
mədəniyyətin inkişafında əvəzsiz xidmətləri olan
Bakı Dövlət Universitetinin 90 illik yubileyi,
sadəcə, bir təhsil müəssisəsinin, ali məktəbin
tarixinin müəyyən bir mərhələsinin qeyd edilməsi
deyil, bütün Azərbaycan xalqının tarixində
xüsusi vurğulanan hadisələrdəndir.
İnanıram ki, bəşəriyyət durduqca ölkəmizin milli
sərvəti olan Bakı Dövlət Universiteti təhsildə
və elmdə uğurları ilə qədim və zəngin tariximizə
yeni parlaq səhifələr yazacaq, xalqımızın
intellektual səviyyəsinin inkişafına göstərdiyi
güclü təsiri saxlayacaq, dövlətimizin
qüdrətlənməsinə və dünyada tutduğu layiqli
yerinin daha da möhkəmləndirilməsinə öz
töhfəsini verəcəkdir.
Abel MƏHƏRRƏMOV,
BDU-nun rektoru,
millət vəkili, akademik
|