Misirin Qalubiyyə vilayətində Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
adını daşıyan məktəbin açılışı olmuşdur.
Xatırladaq ki, ilk dəfədir Misir Ərəb
Respublikasında xarici vətəndaşın adını daşıyan
təhsil ocağı açılmışdır. Açılışda Abşeron Rayon
İcra Hakimiyyətinin nümayəndə heyəti iştirak
etmişdir.
İki il əvvəl Azərbaycan Prezidenti İlham
Əliyevin Misirə səfəri zamanı imzalanan sənədlər
sırasında Misirin Qalubiyyə vilayəti və
Azərbaycanın Abşeron rayonu arasında dostluq və
əməkdaşlığa dair anlaşma memorandumu da xüsusi
yer tutur. Elə həmin ildən başlayaraq iki
qardaşlaşmış şəhər arasında yüksək səviyyəli
səfərlər və görüşlər həyata keçirilir.
Növbəti belə görüşlərdən biri də Abşeron rayonu
nümayəndə heyətinin Misirə səfəri olmuşdur.
Rayon icra hakimiyyətinin başçısı Zakir
Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyəti 15
milyon əhalisi olan Qalubiyyə vilayətindəki
yeddi hektar ərazidə salınan Azərbaycan-Misir
dostluq parkına gələrək, ümummilli lider Heydər
Əliyevin abidəsini ziyarət etmişdir. Sonra
qonaqlar Qalubiyyə vilayətində Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
adını daşıyacaq və yeni istifadəyə verilən
məktəbin açılışında iştirak etmişlər.
Dördmərtəbəli, 1600 şagird yerlik məktəb binası
Misirdə bu tipli yeganə müasir təhsil ocağıdır.
Məktəb şagirdlərinin təlim-tərbiyəsi ilə 100-ə
yaxın müəllim məşğul olacaqdır. Təhsil ocağında
üç şöbə fəaliyyət göstərəcəkdir. Bunlar
hazırlıq, əlil uşaqlar və ümumi təhsil
şöbələridir.
Məktəbin foyesində Azərbaycan-Misir dostluğunu,
Prezident İlham Əliyevin və Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın
elmə, təhsilə, mədəniyyətə, səhiyyəyə
göstərdikləri diqqət və qayğını əks etdirən
fotoşəkillər nümayiş etdirilir. Məktəbdə sinif
otaqları, laboratoriyalar, kitabxana, kompüter
otağı, futbol və voleybol meydançaları vardır.
Azərbaycan nümayəndə heyəti və Qalubiyyə
vilayətinin qubernatoru Əbdül Hüseyn məktəbdə
yaradılan şəraitlə yaxından tanış olmuşlar.
Sonda Qalubiyyə vilayətinin qubernatoru Ə.Hüseyn
təhsil ocağına Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın adının verilməsi haqqında
sərəncamı Abşeron Rayon İcra Hakimiyyətinin
başçısı Zakir Fərəcova təqdim etmişdir.
AzərTAc |