Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

23 Oktyabr 2009 - ¹41

 

Azərbaycanda uşaqların müdafiəsi islahatı üzrə milli konfrans işə başlayıb

 

Oktyabrın 22-də Bakıda, "Gülüstan" sarayında Azərbaycanda "Uşaq ili"nə və BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 20 illiyinə həsr olunmuş Azərbaycanda uşaqların müdafiəsi islahatı üzrə milli konfrans işə başlamışdır. Azərbaycan hökuməti, Heydər Əliyev Fondu və BMT-nin Uşaq Fondunun (YUNİSEF) və "Azercell" şirkətinin təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir.

Dövlət qurumlarının, beynəlxalq təşkilatların, Milli Məclisin deputatlarının qatıldığı konfransı Baş nazirin müavini Elçin ƏFƏNDİYEV açaraq bildirmişdir ki, son illər ərzində ölkənin iqtisadi-sosial vəziyyətində böyük və əsaslı dəyişikliklər baş vermişdir. Azərbaycan dayanıqlı iqtisadi inkişafa qədəm qoymuş və bununla da insanların layiqli həyatı üçün münbit zəmin yaradılmışdır. Bütün bunlar, ilk növbədə, ölkədə uşaq hüquqlarının həyata keçirilməsi, xüsusən də uşaqların müdafiəsi sahəsində konkret addımların və ümumilikdə uşaqların vəziyyətinin yaxşılaşdırılmasına zəmin yaratmışdır.

ötən dövrdə uşaqların müdafiəsi mexanizminin müəyyən edilməsi və yeni alternativ qayğı formalarının yaradılması sahəsində yaxşı irəliləyişlər əldə edilmişdir. Bu baxımdan Azərbaycan Prezidentinin 2006-cı il 29 mart tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramının (2006-2015-ci illər)" qəbul edilməsi böyük əhəmiyyətə malikdir. Bu proqramdan irəli gələn vəzifələrin icrası istiqamətində atılan mühüm addımlar xüsusi yer tutur. Prosesin uğurla həyata keçirilməsinə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva hərtərəfli dəstək verir.

Elçin Əfəndiyev diqqətə çatdırmışdır ki, ikigünlük milli konfrans zamanı Azərbaycanda uşaqların müdafiəsi sistemində islahatlara cavabdeh olan əsas dövlət qurumlarının - Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, digər qurumların, o cümlədən İnsan Hüquqları üzrə Müvəkkilin, YUNİSEF-in regional ofisinin, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının, ekspertlərin məruzələri dinləniləcəkdir. Bundan başqa, uşaqların müdafiəsi sistemi sahəsində mühüm mövzuların işçi qruplarda müzakirə olunması və konfrans bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulmuşdur.

Baş nazirin müavini bildirmişdir ki, Azərbaycan hökuməti uşaqların müdafiəsində ölkəmizin beynəlxalq qurumlar, ən vacibi isə uşaqlarımız qarşısında götürdüyü öhdəliklərin bundan sonra da həyata keçirilməsinə hazırdır və bu işdə Heydər Əliyev Fondunun dəstəyinə ümid edirik.

***

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım ƏLİYEVA konfransda çıxış edərək dedi:

- Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

İlk növbədə, konfransın iştirakçılarını səmimi-qəlbdən salamlayır, ölkəmizə gələn bütün qonaqlara "Azərbaycana xoş gəlmişsiniz" deyirəm.

çox sevindirici haldır ki, son zamanlar paytaxtımız bir sıra beynəlxalq konfranslara, sammitlərə, görüşlərə ev sahibliyi edir. Belə görüşlərdə siyasi və ictimai xadimlər, alimlər, dövlət məmurları, qeyri-hökumət qurumlarının nümayəndələri bir araya gələrək, həm konkret problemlərin həllinə öz töhfəsini verir, həm də insanların bir-birini daha yaxından tanımasına, dialoq qurmasına güclü təkan verirlər.

Sirr deyil ki, müasir dünya bir sıra qlobal problemlərlə üzləşib, bir çox ciddi suallar bu gün öz cavabını axtarır. Sivilizasiyalar və mədəniyyətlərin qarşıdurması, dünyanın müxtəlif hissələrində davam edən hərbi toqquşmalar və münaqişələr, texnogen faciələr, qlobal iqlim dəyişməsi, epidemiyalar və pandemiyalar - hamısı XXI əsrin reallıqlarıdır və dünya ictimaiyyətini narahat edən çağırışlardır. Bu problemlər sırasında uşaq taleyinə aid olan məsələlər aktuallığını itirmir, demək olar ki, öz vacibliyini saxlayır.

Fikrimcə, uşaqlıq dövrü insan həyatının ən rəngarəng, ən yaddaqalan və ən xoşbəxt dövrüdür. Məhz bu illərdə, bu dövrdə insanın gələcək taleyinin, onun fiziki və mənəvi sağlamlığının, vətəndaş mövqeyinin, insani cəhətlərinin əsası qoyulur. Əlbəttə, hər şəxsin formalaşmasında ailənin, ailə mühitinin, ailə tərbiyəsinin rolu əvəzsizdir. Ailəyə bağlılıq, ailə dəyərləri, uşaqlara qayğı, böyüklərə hörmət Azərbaycan xalqına məxsus olan ən gözəl xüsusiyyətlərdən biridir. Əsrlər boyu bu xüsusiyyət formalaşıb və bu gün də ənənəvi olaraq davam edir.

Bu gün Azərbaycan qadını, demək olar ki, ölkəmizin həyatının bütün sahələrində çox fəaldır və həm dövlət qurumlarında, həm özəl sektorda bir sıra nailiyyətlər əldə edibdir. Bu gün Azərbaycan qadını öz sözünü deyir və öz mövqeyini nümayiş etdirir. Bununla yanaşı, mən əminəm ki, hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm. Əlbəttə, hər bir valideyn arzulayır ki, onun uşağı sağlam, bilikli, savadlı, xoşbəxt böyüsün və bunun üçün əlindən gələni edir.

Amma əfsuslar olsun, elə uşaqlar vardır ki, onlar valideyn himayəsindən məhrumdurlar, kimsəsizdirlər və dövlət müəssisələrində tərbiyə olunurlar. Bu uşaqların bir qismi həyatının ilk günündən, digərləri çox az yaşından arxasız, ana və ata məhəbbətindən məhrum böyüyür.

Taleyin belə ağır olmağında bu uşaqların heç bir günahı yoxdur və belə ağır taleyi dəyişdirməyə də heç bir imkanı yoxdur. Ona görə, məncə, bu uşaqların həyatı və gələcəyi bizim hamımızı narahat etməli, hamımızı düşündürməlidir.

Heydər Əliyev Fondu yarandığı ilk gündən valideyn himayəsindən məhrum olmuş, dövlət müəssisələrində tərbiyə olunan uşaqların taleyini diqqət mərkəzində saxlayır. "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində Fond tərəfindən 31 dövlət müəssisəsi əsaslı təmir edilib, bütün lazımi avadanlıqla təmin olunubdur. Biz çalışırıq ki, bu uşaqlarla daim ünsiyyət quraq, onların problemləri ilə maraqlanaq, onların asudə vaxtını səmərəli quraq, onlara diqqət və məhəbbət göstərək.

Mən çox şadam ki, Fondun bu təşəbbüsü bu gün həm təşkilatlar tərəfindən, həm də ayrı-ayrı insanlar tərəfindən çox geniş şəkildə dəstəklənir. Bu gün Azərbaycanda ən yüksək standartlara cavab verən uşaq evləri və internat məktəbləri fəaliyyət göstərir. Burada yüksək peşəkarlığa malik olan insanlar çalışırlar. Amma həqiqət ondan ibarətdir ki, ən yaxşı uşaq evi, ən müasir internat məktəbi ailə mühitini, ailə tərbiyəsini, valideyn məhəbbətini əvəz edə bilməz.

Son illər belə müəssisələrdə uşaqların artması bizi çox narahat edir. Heydər Əliyev Fondu bu sahədə beynəlxalq təşkilatlarla, ilk növbədə, BMT-nin Uşaq Fondu ilə çox uğurlu əməkdaşlıq qurub və bir sıra proqramlar həyata keçirir. Dövlət tərəfindən bu sahədə çox vacib addımlar həyata keçirilir və gələcəkdə görülən işlər planlaşdırılıb. 2006-2015-ci illəri əhatə edən Azərbaycanda dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı təsdiq edilmişdir. Bu il təsdiq olunmuş baş plana əsasən bir il ərzində 11 dövlət uşaq müəssisəsinin, 3-5 il ərzində isə 44 müəssisənin transformasiyası nəzərdə tutulur.

Amma mən bir də qeyd etmək istəyirəm ki, valideyn himayəsindən məhrum olmuş uşaqların taleyi, gələcəyi dövlət orqanlarının fəaliyyəti ilə yanaşı, beynəlxalq qurumların, qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti təşkilatlarının, bizim hər birimizin fəallığından asılıdır.

Uşaqlar bizim gələcəyimizdir, uşaqlar Azərbaycanın sabahıdır. Gəlin onların problemlərinə biganə qalmayaq. Gəlin unutmayaq ki, məhz bu anda bizim qayğı və məhəbbətimizə ehtiyacı olan minlərlə kimsəsiz uşaqlar vardır.

Mən ümidvaram ki, bu sahədə olan məsələlərin müzakirəsi üçün, təcrübə və ideyaların paylaşılması və problemlərin həlli yollarının axtarılması üçün bugünkü konfrans çox yaxşı fürsətdir. Bir daha konfransın bütün iştirakçılarına və təşkilatçılarına öz dərin minnətdarlığımı bildirirəm, konfransın işinə uğurlar, hər birinizə cansağlığı arzulayıram. çox sağ olun.

***

YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark HEREVARD uşaq problemlərinin həlli üçün ölkədə fəaliyyət göstərən bütün əlaqədar qurumların səylərinin birləşdirilməsinin vacibliyini vurğulamışdır. O, Azərbaycanda uşaq məsələləri ilə bağlı inkişafın müşahidə olunduğunu, bunun qanunvericilikdə əksini tapdığını qeyd etmişdir. Bildirmişdir ki, bir sıra vətəndaş cəmiyyəti təşkilatları və beynəlxalq təşkilatlar aztəminatlı qruplardan olan uşaqları yeni alternativ qayğı xidmətləri ilə təmin edir. Bu xidmətlər Azərbaycanın müxtəlif yerlərində ehtiyac içərisində yaşayan uşaqları həyati əhəmiyyət kəsb edən yardım ilə təmin etməklə yanaşı, ölkədə alternativ qayğı sistemlərinin daha geniş miqyasda inkişaf etdirilməsinə töhfələr verir.

YUNİSEF-in Heydər Əliyev Fondu və Azərbaycan hökuməti ilə sıx fəaliyyət göstərdiyini söyləyən BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəsi alternativ qayğı sistemləri barədə ətraflı məlumat vermişdir.

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramının (2006-2015-ci illər)" əhəmiyyətini xüsusi vurğulayan YUNİSEF-in nümayəndəsi bildirmişdir ki, problemin həlli istiqamətində dövlət, qeyri-hökumət və vətəndaş cəmiyyəti qurumlarının birgə fəaliyyəti təmin olunmalıdır. Burada dövlətin əsas funksiyası hazırlanacaq layihələrə dəstəyin təmin edilməsindən ibarətdir.

Konfransın qarşısında duran vəzifələrə toxunan Mark Herevard müzakirələr nəticəsində uşaqların hüquqlarının müdafiəsinin təşkili ilə bağlı strategiyanın müəyyən olunmasının vacibliyini qeyd etmişdir.

Layihəyə dəstək verməkdən məmnun olduqlarını deyən "Azercell Telekom" birgə müəssisəsinin prezidenti Ali AĞAN bildirmişdir ki, 2009-cu il Azərbaycanda "Uşaq ili" olduğu üçün bu konfransın əhəmiyyəti daha böyükdür.

Ali Ağan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqların hüquqlarının qorunması sahəsindəki fəaliyyətinin, valideyn himayəsindən məhrum olmuş uşaqlara göstərdiyi diqqət və qayğının cəmiyyətdə yüksək qiymətləndirildiyini vurğulamışdır. Bildirmişdir ki, Fondun uşaqlarla bağlı həyata keçirdiyi layihələr Azərbaycanın gələcəyinə hesablanmışdır.

Azərbaycan hökuməti, Heydər Əliyev Fondu, YUNİSEF, "Azercell Telekom" MMC və vətəndaş cəmiyyətinin nümayəndələri arasında uşaq hüquqlarının müdafiəsi sahəsində islahatların həyata keçirilməsinin gücləndirilməsi üçün tərəfdaşlığın qurulduğunu qeyd edən Ali Ağan bunun nəticəsində bir sıra layihələrin reallaşdırıldığını diqqətə çatdırmışdır. 2008-ci ilin payız mövsümündə uşaqların ailə mühitində böyümək hüququnun təbliğ edilməsinə hədəflənmiş "Hər bir uşağın ailəyə ehtiyacı var" adlı milli ictimai məlumatlandırma kampaniyasının əhəmiyyəti yüksək qiymətləndirilmişdir.

Sonra konfransda mövzu ilə bağlı məruzələr dinlənilmişdir.

AzərTAc

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
23 Oktyabr 2009 - ¹41
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
E.S.Babayevin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi  haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Misirin Qalubiyyə vilayətində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adını daşıyan məktəbin açılışı olub
 
Azərbaycanda uşaqların müdafiəsi islahatı üzrə milli konfrans işə başlayıb
 
Təhsil Nazirliyində görüş
 
Yeni kurikulumların və dərsliklərin tətbiqi ilə bağlı sorğunun nəticələri təqdim olundu
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
İdman Mərkəzinin futbol meydançası istifadəyə verildi
 
Bakı Dövlət Universiteti qədim və zəngin tariximizə yeni parlaq səhifələr yazacaq
 
Bakı Slavyan Universitetində "Fransa həftəsi" keçirilir
 
Millilik və ziyalılıq rəmzi
 
İlin nüfuzlu ziyalısı
 
Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları
 
2009-2010-cu dərs ilində ümumtəhsil məktəblərinin əsas və orta təhsil pillələri üzrə mərkəzləşdirilmiş  qaydada aparılacaq buraxılış imtahanları barədə
 
Ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin birgə "dəyirmi masa"sı
 
Paytaxt məktəblilərinin XXII spartakiadasına start verildi
 
Dünya universitetləri: Stenford Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov