Məlum olduğu kimi, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə
2010-cu il ölkəmizdə "Ekologiya ili" elan
edilib. Bütün fənlərin tədrisində olduğu kimi,
ingilis dilinin öyrədilməsi prosesində də
şagirdlərə ekoloji biliklərin verilməsi, onların
təbiətə məhəbbət ruhunda tərbiyəsi üçün geniş
imkanlar var. 10-cu sinfin proqramına salınmış
"Valuing the Earth" ("Yer planetinə verilən
dəyər") adlı dərs bölümü bu baxımdan xüsusilə
diqqətəlayiqdir. Mən həmin mövzu üzrə daha geniş
ekoloji tərbiyə işi aparmaq üçün eyniadlı layihə
planı hazırladım və şagirdlərə təqdim etdim. 14
gün ərzində layihə tamamlandı və S.C.Pişəvəri
adına humanitar fənlər gimnaziyasında müəllim və
şagird kollektivinə təqdim olundu. Layihədə əsas
mövzu bu gün bəşəriyyət qarşısında duran qlobal
problemlər, dünyanın ekoloji durumu, qlobal
problemlərin vurduğu ziyan idi.
Bəli, bu gün bəşəriyyət qarşısında duran qlobal
problemlər öz kəskinliyini artırdıqca onların
yeni tərzdə qavranılması və həlli yollarının
tapılması da mürəkkəbləşir. Bu qlobal
problemlərdən biri də dünyanın ekoloji
durumudur. Bəşəriyyətə getdikcə daha çox aydın
olur ki, min illər ərzində təbiətdən istifadədə
mövcud olmuş ənənəvi baxışlar, üsullar qaldıqca
yaxınlaşmaqda olan ekoloji böhranın qarşısını
almaq nəinki mümkün olmayacaq, hətta onun
sürətlə artan miqyası və dağıdıcı təsiri qlobal
sosial-iqtisadi inkişafda da özünü göstərəcək.
Akademik Həsən Əliyev bu barədə yazmışdır:
"İnsanı təbiət yaratmış və öz sərvətlərini
səxavətlə onun istifadəsinə vermişdir.Altı yüz
min ildən artıqdır ki, müasir insanla təbiət
arasındakı münasibət müəyyən nisbətdə davam
edir. Bəşəriyyət öz inkişafının yüksək
pillələrinə ayaq qoyduqca, bu nisbət müəyyən
mənada insanların xeyrinə dəyişir. Başqa sözlə
desək, insanlar sayca artdıqca və öz əlində daha
mükəmməl texniki vasitələr cəmləşdirdikcə
təbiətdən çox mənfəət götürür, müqabilində ona
az şey verir".
Cəmiyyətin sürətlə inkişaf etdiyi və böyük
texniki qüvvəyə malik olduğu indiki dövrdə
təbiətlə insan arasındakı münasibət tamamilə
pozulmuş və təhlükəli hal almışdır. Hətta son
zamanlar təbiətin istismarı elə dərəcədə
güclənmişdir ki, təbii sərvətlər
gözlənildiyindən daha tez tükənməyə başlamışdır.
Artıq Yer kürəsi təhlükədədir. İnsanların
təbiətlə amansız rəftarı nəticəsində dünyanın
ekoloji durumu getdikcə pisləşir. Hazırda bütün
təbii komponentlər müəyyən çirklənməyə məruz
qalmışdır. Dünya əhalisinin sayının sürətlə
artması, təbii sərvətlərin istifadəsinin
israfçılığı, sənayedə,nəqliyyat sahələrində,
kənd təsərrüfatında yeni-yeni texnologiyaların
tətbiqi və istehsalının genişlənməsi ətraf
mühitin ekoloji durumunun pisləşməsinə səbəb
olmuşdur. Ekoloji vəziyyət pisləşdikcə
insanların da yaşam tərzi pisləşir. Belə ki,
insanlar artıq ekoloji durumu daha yaxşı olan
ərazilərə meyil göstərirlər.
Hazırda atmosferin çirklənməsi insanlarda xüsusi
narahatçılıq doğurur. Elmi-texniki tərəqqinin
inkişafı, sənaye müəssisələrinin artması
nəticəsində atmosferə külli miqdarda zəhərli və
zərərli maddələr atılır. Atmosferin çirklənməsi
bir çox problemlərə səbəb olmaqla bərabər, həm
də bizi ultrabənövşəyi şüalardan mühafizə edən
ozon qatının deşilməsinə də gətirib çıxarıb. Bu
isə, öz növbəsində, qlobal istiləşməyə, yəni
yerin istilik balansının pozulmasına, həmçinin
insanlar arasında bir sıra qorxulu xəstəliklərin
yaranmasına səbəb olub.
Atmosfer həm də nəqliyyat vasitələri tərəfindən
də xeyli çirklənir.Hətta, qeyd edim ki, İnternet
saytlarında yazılan bilgilərə görə, Azərbaycanda
atmosferi sənaye müəssisələrindən çox nəqliyyat
vasitələri çirkləndirir. Bu hal Bakı şəhərində
özünü açıq-aşkar büruzə verir. Dünyanın Bakıdan
da böyük digər şəhərlərini də nəzərə alsaq,
atmosferi çirkləndirən başlıca vasitələrdən
birinin nəqliyyat vasitələri olduğuna heç bir
şübhə qalmaz.
Eyni zamanda zavod və fabriklərdən, habelə
avtomobillərdən çıxan bir sıra zərərli maddələr
havada toplaşaraq turşulu yağışlar əmələ
gətirir.Turşulu yağışlar təbiətə, binalara,
qurğulara böyük ziyan vurur, torpağın, suların
keyfiyyətini aşağı salır.
Son zamanlar meşə sahələrinin, ümumiyyətlə,
yaşıllıqların sayının azalması faktı da
narahatlıq doğurur. Bizə həyat bəxş edən bu
neməti insanlar öz əlləri ilə məhv edir.
Sevindirici haldır ki, ölkəmizdə bu cür
xoşagəlməz halların qarşısının alınması və yeni
yaşıllıqların salınması istiqamətində ardıcıl
tədbirlər görülür.
Problemlərdən biri də suların çirklənməsidir.
Sənaye və məişət su tullantılarının
təmizlənmədən su hövzələrinə axıdılması həm
suların keyfiyyətini azaldır, həm də orada
yaşayan canlıların məhvinə səbəb olur.
Əsrimizin ən qlobal və dəhşətli prosesi hazırda
müharibələr, terrorlardır.Bütün bunlar
nəticəsində təbiətin bir yox, bütün
komponentləri yararsız və acınacaqlı hala düşür,
bütöv bir təbii ərazi kompleksı məhv olur.
İnsanlar maddi və mənəvi ziyana uğrayır, amansız
və hətta əlacı tapılmaz xəstəliklərlə
üzləşirlər.
Hazırlayıb təqdim etdiyimiz "Valuing the Earth"
adlı layihənin qısa məzmunu bu biliklərdən
ibarət idi. Şagirdlər bu bilgiləri İnternet
saytlarından, ekoloq Rəna xanımdan, həkim Sevinc
xanımdan və politoloq Pərviz müəllimdən əldə
etmişlər. Eyni zamanda layihədə müxtəlif
videomateriallardan, şəkillərdən, mahnılardan da
istifadə olunmuşdur.
Layihə şagirdlərin ekoloji biliklərinin
dərinləşməsinə və pedaqoji tərbiyəsinə müsbət
təsir göstərmişdir.
Aytən OSMANOVA,
S.C.Pişəvəri adına humanitar fənlər
gimnaziyasının ingilis dili müəllimi |