Oktyabrın
1-də Azərbaycan Dillər Universitetində (ADU) 1
və 2 saylı İngilis dili, Alman və Fransız dili
fakültələrinin IV kurs tələbələrinin pedaqoji
təcrübəsinin başlanmasına həsr olunmuş konfrans
keçirildi. ADU-nun tədris işləri üzrə
prorektoru, professor Natiq Yusifov, pedaqoji
təcrübənin tələbələrin gələcək karyeralarında
mühüm rol oynadığını, bilik və bacarıqlarının
üzə çıxarılmasında mühüm əhəmiyyət kəsb etdiyini
bildirdi. İndiyədək həyata keçirilən pedaqoji
təcrübələrin uğurla başa çatdığını vurğulayan
prorektor qazanılan nailiyyətlərdə pedaqoji
təcrübəyə rəhbərlik edən pedaqoq, metodist və
psixoloqların böyük əməyi olduğunu konfrans
iştirakçılarının diqqətinə çatdırdı. Pedaqoji
təcrübənin keçirilməsi üçün bütün
normativ-hüquqi məsələlərin həll olunduğunu
bildirən N.Yusifov problem yaranacağı təqdirdə,
fakültə dekanlarına müraciət etməyin vacibliyini
önə çəkdi. O, pedaqoji təcrübə müddətində
tələbələrə uğurlar arzuladı.
ADU-nun
Pedaqogika kafedrasının müdiri, professor,
əməkdar elm xadimi Nurəddin Kazımov nəzəriyyədə
mənimsənilən biliklərin, yeni ideyaların və
təlim metodlarının təcrübədə tətbiq edilməsinin
zəruri olduğunu bildirdi. Digər çıxış edənlər
də pedaqoji təcrübə müddətində tələbələrin
intizam qaydalarına ciddi riayət etmələrinin,
nəzəriyyədə öyrəndikləri biliklərin tədrisdə
tətbiq olunmasının vacibliyini vurğuladılar.
Sonda ADU-nun pedaqoji təcrübə rəhbəri Bəxtiyar
Həmzəyev pedaqoji təcrübəyə təhkim olunan
müəllim və tələbələrin siyahısını təqdim etdi.
2010-2011-ci tədris ilində oktyabrın 1-dən
noyabrın 5-dək ADU-nun 442 tələbəsi Bakının 30
məktəbində pedaqoji təcrübə keçəcək.
ADU-nun Mətbuat xidməti |