Oktyabrın 5-də Prezident İlham Əliyev
Sədərəkdəki 2 nömrəli orta məktəbin yeni
binasının açılışında iştirak etmişdir.
Məktəbin
pedaqoji kollektivi dövlət başçısını hərarətlə
qarşıladı.
Prezident İlham Əliyev açılışı bildirən lenti
kəsdi və bina ilə yaxından tanış oldu.
Məlumat verildi ki, 594 şagird yeri olan Sədərək
2 nömrəli orta məktəbinin binası yeni inşa
edilmişdir. Dördmərtəbəli binanın tikintisinə bu
ilin mayında başlanılmışdır. Burada 33 sinif
otağı vardır. Fənn kabinetləri, o cümlədən hərbi
hazırlıq otağı və idman zalı zəruri əyani
vəsaitlərlə təmin olunmuşdur. Burada həm də
şagirdlərin ixtiyarına iki elektron lövhəli
sinif otağı da verilmişdir. Məktəbdə İnternetə
çıxışı olan 31 kompüter vardır. Kitabxanada 10
min nüsxəyə yaxın ədəbiyyat mühafizə edilir.
Qeyd edildi ki, muxtar respublikanın bütün
məktəbləri kompüterlərlə təmin olunmuşdur.
Məktəblərə 2 min 674 kompüter verilmişdir.
Məktəbin kollektivi adından çıxış edən müəllim
Elmira DADAŞOVA Azərbaycanın bugünkü inkişafında
ulu öndər Heydər Əliyevin və Prezident İlham
Əliyevin müstəsna xidmətlərini vurğuladı. O,
bütün bölgələrdə olduğu kimi, Naxçıvanda da yeni
təhsil, səhiyyə və digər sosial obyektlərin
yaradıldığını dedi. Qeyd etdi ki, bütün bunlar
dövlət başçısının xalqa qayğısının bariz
nümunəsidir.
Prezident İlham ƏLİYEV məktəbin kollektivini
təbrik edərək dedi:
- Bu gözəl fürsətdən istifadə edərək,
Azərbaycanın bütün müəllimlərini bayram
münasibətilə ürəkdən təbrik etmək istəyirəm.
Müəllimlər, doğrudan da, çox böyük missiyanı
yerinə yetirirlər. Gələcək nəslin tərbiyə
edilməsi, bilikli, savadlı olması üçün
müəllimlər gecə-gündüz çalışırlar. Mən
müəllimlərin əməyini çox yüksək
qiymətləndirirəm. Hər bir ölkənin inkişafı üçün
müəllimlərin fəaliyyəti başlıca rol oynayır.
Çünki ölkə təbii sərvətlərlə zəngin ola bilər,
ölkənin digər imkanları, yəni maliyyə imkanları
geniş ola bilər. Amma əgər peşəkar kadrlar
yoxdursa, intellektual potensial yüksək
səviyyədə deyilsə, o ölkələr həmin imkanlardan
heç vaxt səmərəli şəkildə istifadə edə
bilməyəcəklər. Ona görə biz təbii resurslarımızı
insan kapitalına çeviririk.
Bizim siyasətimizin əsas istiqaməti bundan
ibarətdir ki, Azərbaycanda insan kapitalına
qoyulan sərmayə gündən-günə artsın. Bu yeni orta
məktəblərin, ali məktəblərin yaradılması bir
məqsədi güdür ki, Azərbaycanda təhsilin
səviyyəsi bizi qane edən səviyyəyə qalxsın. Bunu
etmək üçün, əlbəttə ki, məktəb tikintisi də,
təhsilin keyfiyyətinin yaxşılaşdırılması,
artırılması da lazımdır. Biz bu məsələlərə iki
tərəfdən yanaşırıq. Bu məktəbin tikilməsi
özlüyündə gözəl və əlamətdar bir hadisədir. Bu
gün mən Naxçıvanda artıq üçüncü məktəbin
açılışında iştirak edirəm. İki məktəb Şərur
rayonunda, bir məktəb Sədərək rayonunda
açılmışdır. Bütün məktəblər gözəl, yaraşıqlı,
işıqlı, geniş və ən müasir avadanlıqla təchiz
edilmiş məktəblərdir. Burada şagirdlər və
müəllimlər üçün bütün şərait yaradılıbdır.
Eyni zamanda, təhsilin keyfiyyətinin artırılması
məsələləri bu gün diqqət mərkəzindədir. Biz bu
məsələyə çox ciddi yanaşırıq və ümid edirəm ki,
yaxın zamanlarda istədiyimizə nail ola
biləcəyik. Bununla bərabər, Azərbaycanda
məktəbəqədər təhsil müəssisələrinin, uşaq
bağçalarının tikintisi, peşə məktəblərinin
yaradılması sürətlə gedir. Bu məqsədlər üçün bu
yaxınlarda Prezidentin Ehtiyat Fondundan əlavə
vəsait ayrıldı. Halbuki, Azərbaycanda təhsilə
ayrılan vəsait büdcə xərclərində ikinci yeri
tutur. Birinci yerdə, təbii ki, müdafiə, yəni
hərbi xərclərdir, ikinci yerdə təhsilə ayrılan
xərclərdir. Bu, onu göstərir ki, Azərbaycan
dövlətinin siyasəti nədən ibarətdir.
Biz güclü dövlət qururuq, bu dövlətin təməlini
ulu öndər Heydər Əliyev qoymuşdur. Onun zəhməti,
yorulmaz fəaliyyəti, müdrik siyasəti nəticəsində
bu gün Azərbaycan bu böyük zirvələri fəth etməyə
nail olub. Azərbaycanda dövlət quruculuğu məhz
Heydər Əliyevin fəaliyyəti nəticəsində
başlanmışdır və bu gün Azərbaycan qüdrətli
dövlətdir. Biz müasir dövlət qururuq. O dövlət
ki, burada bütün insanlar azad, sərbəst, firavan
yaşasınlar. Azərbaycanda bütün demokratik
azadlıqlar mövcuddur. Azərbaycanda stabillik,
ictimai-siyasi asayiş, təhlükəsizlik yüksək
səviyyədədir. Əgər statistikaya baxsaq görərik
ki, ən az cinayətlər olan yer elə Azərbaycandır.
Nəyə görə?! Çünki burada ictimai-siyasi vəziyyət
müsbətdir, ab-hava gözəldir. Ölkəmizin hər bir
yerində quruculuq, inkişaf prosesləri sürətlə
gedir.
Bu gün Sədərək rayonunda gözəl mərkəzi
xəstəxananın açılışında iştirak etdim, indi
məktəbin açılışında iştirak edirəm. Bu, vacib
sosial obyektlərdir, insanlara xidmət edəcəkdir.
Biz elə etməliyik ki, hər bir bölgədə bu gözəl
təşəbbüslər özünü göstərsin və reallığa
çevrilsin. Xüsusilə, Sədərək rayonunda. Çünki
siz düşmənlə üz-üzəsiniz. Siz lap sərhəddə
yerləşirsiniz. Sədərəklilər, bütün naxçıvanlılar
Azərbaycanın ərazi bütövlüyü uğrunda
vuruşmuşlar, qan tökmüşlər.
Biz o illəri yaxşı xatırlayırıq və Azərbaycan
torpaqları işğal altına düşəndən sonra erməni
qəsbkarları, erməni millətçiləri gözlərini
Naxçıvana da dikmişdilər, Naxçıvanı da işğal
etməyə çalışırdılar. O vaxt ancaq
naxçıvanlıların iradəsi və ulu öndər Heydər
Əliyevin siyasəti nəticəsində naxçıvanlılar
Naxçıvanı qorudular. Düşmənə imkan vermədilər
ki, buraya soxulsunlar, düşməni yerinə
oturtdular.
Bu gün atəşkəs rejimi şəraitindəyik. Hələ
müharibə başa çatmayıb. Müharibənin birinci
mərhələsi başa çatıb. Müharibə o vaxt başa
çatacaq ki, sülh müqaviləsi bağlanacaq. Sülh
müqaviləsi o vaxt bağlana bilər ki, Azərbaycanın
işğal olunmuş bütün torpaqları qayıtsın və
Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun.
Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır.
Azərbaycan xalqı əsrlər boyu Dağlıq Qarabağda və
ətraf bölgələrdə yaşamışdır, yaratmışdır. Bütün
tarixi adlar, toponimlər Azərbaycan xalqının adı
ilə bağlıdır. Yəni bu bizim torpağımızdır. Bu
ədalətsizlik 20 ilə yaxındır ki, davam edir.
Ancaq bu, uzun illər bundan sonra davam edə
bilməz.
Azərbaycan bu gün istənilən məsələni istənilən
yolla həll etməyə qadirdir. Doxsanıncı illərin
əvvəllərində bizdə nə ordu, nə rəhbərlik var
idi. Satqınlıq göstərilmişdir. Əgər 1993-cü ildə
Heydər Əliyev Azərbaycan rəhbərliyinə
gəlməsəydi, biz daha da böyük bəlalara düçar
olardıq. Azərbaycan, ümumiyyətlə, parçalanırdı
və müstəqilliyimizi itirə bilərdik.
Bu gün Azərbaycan qüdrətli dövlətdir və
Ermənistanla müqayisəolunmaz səviyyədədir. Təkcə
onu demək kifayətdir ki, iqtisadiyyatımız
Ermənistan iqtisadiyyatından 7-8 dəfə böyükdür.
Hərbi məsələlərə ayrılan xərclər Ermənistanın
bütün dövlət büdcəsinə bərabərdir. Bu müsbət
meyillər davam edəcəkdir. İqtisadi inkişaf,
siyasi məsələlərin həlli, beynəlxalq hüquq
normaları - bütün bu amillər bizim mövqeyimizi
gücləndirir. Demoqrafik məsələləri götürək. Bu
gün Azərbaycanın əhalisi 9 milyondur. Getdikcə
sayımız artacaqdır. Elə etməliyik ki, sayımız
artsın. Bir neçə ildən sonra əhalimizin sayı 10
milyon olacaqdır.
Yəni təbii proseslər onu göstərir və mən buna
şübhə etmirəm ki, Azərbaycan ərazi bütövlüyünü
bərpa edəcək, işğal edilmiş torpaqları azad
edəcəkdir. Bu gün işğal altındakı bütün
torpaqlarda Azərbaycanın suveren hüquqları bərpa
olunacaqdır. O günü biz hamımız hər an öz
işimizlə yaxınlaşdırmalıyıq. Azərbaycanın uğurlu
inkişafı bizdən asılıdır. Bu gün bu məktəbin və
Naxçıvanda digər vacib sosial obyektlərin
açılması bizim gücümüzü bir daha göstərir.
Bu gözəl hadisə münasibətilə mən sizə öz ürək
sözlərimi demək istədim. Bir də demək istəyirəm
ki, bu əlamətdar gündə bütün Azərbaycan
müəllimlərini bayram münasibətilə təbrik edirəm.
Sizi bir daha bu gözəl məktəbin açılışı
münasibətilə təbrik edirəm.
***
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc |