Bu günlərdə Ukraynanın Odessa şəhərində
astronomiya üzrə dəyişən ulduzlar sahəsində
növbəti beynəlxalq elmi konfrans keçirilib. Dörd
ildən bir keçirilən konfransda, bir qayda
olaraq, keçmiş SSRİ ərazisində olan ölkələrin
alimləri ilə yanaşı, Şərqi və Qərbi Avropa,
Amerika və Afrika astronomları da iştirak
edirlər. Bunu nəzərə alaraq, konfransın işçi
dili ingilis dili qəbul olunub. Konfransın elmi
istiqamətləri elə seçilib ki, müzakirələrdə
dəyişən ulduzların bütün tipləri əhatə olunub.
Təşkilat komitəsinin hazırladığı proqrama
əsasən, konfrans iclaslarının birini BDU-nun
astrofizika kafedrasının professoru, AMEA Şamaxı
Astrofizika Rəsədxanasının (ŞAR) baş elmi işçisi
Nəriman İsmayılov idarə edib. Konfransda
həmçinin ölkəmizi iki gənc aspirant - Həmayil
Adıgözəlzadə və Orxan Xəlilov da təmsil edib.
Məqsəd gənclərə beynəlxalq arenada özlərini
sınamağa şərait yaratmaq, əldə etdikləri ilk
elmi nəticələri müzakirəyə çıxarmaq olub.
Konfransda azərbaycanlı alimlərin son 10 ildə
xaricdə çap olunmuş elmi məqalələrinin
əksəriyyətində alınmış mühüm nəticələr xüsusilə
qeyd edilib. Azərbaycanlı alimlərin konfransda
ingilis dilində etdikləri məruzələr böyuk maraq
doğurub. Onların spektral və fotometrik
tədqiqatları göstərib ki, bu ulduzların
ulduzətrafı disklərində yenicə formalaşmaqda
olan cisimlər - protoulduzlar və ya
protoplanetlər mövcuddur. Alimlərimiz ilk dəfə
göstəriblər ki, belə cisimlərin cavan ulduz
disklərində mövcud olması onlarda müşahidə
olunan parlaqlığın və spektral parametrlərin
periodik olaraq dəyişməsinə gətirib çıxarır.
Məlum olub ki, diskdə formalaşmaqda olan belə
cisimlər mərkəzi ulduzdan bir və ya bir neçə
astronomik vahid (Yerdən Günəşə qədər olan orta
məsafə) məsafədə yerləşə bilər.
Maraqlıdır ki, alimlər üç dəfə müxtəlif
ulduzlarda ilk dəfə olaraq periodik dəyişmələr
aşkar edib və bundan cəmi bir neçə ay sonra
Krım, Daşkənd və Pulkovo rəsədxanaları həmin
nəticələri başqa tədqiqatlarla təsdiq ediblər.
Qəribə də olsa, bu bir yarışa bənzəyir, kim
irəli düşsə, nəticə də ona aid olur. Sonuncu
dəfə əldə edilmiş bir nəticə - T TauN ulduzunun
ətrafında yeni bir infraqırmızı mənbənin olması
ilk dəfə professor Nəriman İsmayılov tərəfindən
aşkar olunub. Ehtimal olunur ki, həmin mənbənin
temperaturu 2500°K-dır. Nəticənin alınmasında
həm ŞAR-da alınan spektral materialdan, həm də
İnternational Ultraviolet Explorer (ABŞ)
peykinin nəticələrindən istifadə edilib.
İstifadə olunan müşahidə materialları alimləri
eyni qənaətə gətirib. Bu nəticə ABŞ Vesleyan
Universitetinin professoru W.Herbstin tədqiqat
materialı ilə birgə bu il çox yüksək reytinqli
"Astronomy and Astrophysics" jurnalında çap
olunub.
Professor Nəriman İsmayılovun və aspirantların
iştirak etdiyi konfransda çoxlu sayda məruzələr
dinlənilib, verilən suallara, müzakirələrə, həm
də alınmış nəticələrə görə alimlərimizin
məruzələri daha sanballı olub və maraqla
qarşılanıb. Bunu müzakirələrdə iştirak edən
moskvalı və peterburqlu alimlər də qeyd ediblər.
Polyak və macar astronomları isə gələcək
konfransların Azərbaycanda keçirilməsində
maraqlı olduqlarını bildiriblər.
Təbii ki, elmi əlaqələrin genişlənməsi və bu
sahədə əldə edilən uğurlarda BDU-nun rektoru,
akademik Abel Məhərrəmovun xüsusi əməyi olub.
Pərvanə İBRAHİMOVA,
BDU-nun Mətbuat və informasiya şöbəsinin rəhbəri |