Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın
4-də Bakının Xətai rayonundakı Əbilov yaşayış
massivində yəhudi uşaqlar üçün Heydər Əliyev
Fondu və "Or-Avner" Fondu tərəfindən inşa
edilmiş 450 yerlik "Xabad-Or-Avner" təhsil
mərkəzinin açılış mərasimində iştirak etmişdir.
Mərasimə
toplaşanlar - məktəbin açılışı münasibətilə
respublikamıza gələn müxtəlif ölkələrdəki yəhudi
icmalarının, Azərbaycandakı yəhudi icmasının
nümayəndələri, məktəbin müəllim və şagird
kollektivi Prezident İlham Əliyevi və xanımı
Mehriban Əliyevanı hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev və MDB Yəhudi İcmaları
Federasiyasının və "Or-Avner" Beynəlxalq
Fondunun prezidenti Lev Levayev rəmzi açılışı
bildirən lenti kəsdilər.
Təhsil mərkəzi ilə tanışlıq zamanı Prezident
İlham Əliyevə məlumat verildi ki, son illər
ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata
keçirilən tədbirlər Azərbaycanın öz gələcəyini
daha etibarlı və inamlı görmək əzmini nümayiş
etdirir. Heydər Əliyev Fondu da dövlət
səviyyəsində həyata keçirilən, elm və təhsilin
inkişafını təmin edən layihələri dəstəkləyir.
Xalqımızın ümummilli liderinin adını daşıyan
Fond bu sahəyə diqqət yetirməklə və bir çox
layihələri reallaşdırmaqla Azərbaycanın
gələcəyini təmin etmək işinə layiqli töhfələr
verir. Heydər Əliyev Fondu "Or-Avner" Fondu ilə
birlikdə "Tolerantlığın ünvanı - Azərbaycan"
layihəsi çərçivəsində ölkəmizdə yaşayan yəhudi
uşaqların təhsili üçün mərkəz inşa etmişdir. Ulu
öndər Heydər Əliyev 2003-cü ildə binanın inşası
ilə bağlı, Prezident İlham Əliyev isə 2004-cü
ilin dekabrında yeni kompleksin tikintisi üçün
torpaq sahəsinin ayrılmasına dair göstəriş
vermişlər. 2007-ci il mayın 31-də Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva və MDB
Yəhudi İcmaları Federasiyasının və "Or-Avner"
Beynəlxalq Fondunun prezidenti Lev Levayev
arasında 3 il müddətində təhsil, səhiyyə,
mədəniyyət, sosial təyinatlı obyektlərin
tikintisi, yenidən qurulması, maddi təchizatı
sahəsində əməkdaşlığı nəzərdə tutan saziş
imzalanmışdır. Elə həmin gün paytaxtın Xətai
rayonunda Azərbaycanda yaşayan yəhudi uşaqlar
üçün təhsil mərkəzinin təməlqoyma mərasimi
olmuşdur. Bu layihənin reallaşması bir daha
təsdiqləyir ki, Azərbaycanda dilindən, dinindən,
etnik mənsubiyyətindən asılı olmayaraq, bütün
xalqlar tarixən mehriban ailə kimi yaşamışlar.
"Xabad-Or-Avner" təhsil mərkəzi ölkəmizdə çox
böyük tarixə, ənənələrə malik olan yəhudi
icmasının da özünün bənzərsiz mədəniyyətini,
milli adət-ənənələrini qoruyub saxlaması üçün
inşa edilmişdir.
Diqqətə çatdırıldı ki, üçmərtəbəli kompleks ən
müasir tələblər səviyyəsində inşa olunmuşdur.
Foyedə ulu öndər Heydər Əliyevin və Prezident
İlham Əliyevin yəhudi icmasının üzvləri ilə
görüşlərini, təhsil mərkəzinin inşasını əks
etdirən fotostend vardır.
Təhsil
mərkəzinin açılışı münasibətilə İsrail
Prezidenti Şimon Peresin videomüraciəti
səsləndirildi. İsrail dövlətinin başçısı təhsil
ocağının inşasına görə Prezident İlham Əliyevə
təşəkkürünü bildirdi. Şimon Peres mərkəzin
inşasını böyük hadisə adlandırdı, ümummilli
lider Heydər Əliyevi və dövlətimizin başçısı
İlham Əliyevi gələcəyi görmək qabiliyyətinə
malik böyük tarixi şəxsiyyətlər kimi
dəyərləndirdi. O, həmçinin tədbirdə iştirak edən
bütün qonaqlara minnətdarlığını bildirdi.
Dövlətimizin başçısına və mərkəzin açılışında
iştirak etmək üçün ölkəmizə gəlmiş yəhudi
təşkilatlarının nümayəndələrinə məlumat verildi
ki, mərkəzin digər təhsil müəssislərindən fərqi
burada yəhudi mədəniyyəti əsaslarının tədris
olunmasıdır. Belə ki, mərkəz etno-mədəni
komponentlidir. Təhsil ocağında şagirdlərə ivrit
dili də öyrədiləcəkdir.
Mərkəzdə müasir avadanlıq və lazımi dərs
vəsaitləri ilə təchiz edilən 30 sinif otağı
vardır. Azərbaycan dili kabinetində ölkəmizin
dövlət rəmzləri, paytaxtımızın görməli yerlərinə
aid stendlər quraşdırılmışdır. Burada ulu
öndərin xatirəsinə həsr edilmiş xüsusi stend
vardır.
Təhsil ocağı ilə tanışlıq zamanı müəllimlər
otağının ən son standartlara cavab verdiyi qeyd
edildi. Bildirildi ki, mərkəzdə məktəbəqədər
hazırlıq şöbəsi balacaların zövqünə uyğun
qurulmuşdur.
Mərkəzdə məktəblilərin idmanla məşğul olmaları
üçün 700 kvadratmetr sahədə süni örtüklü açıq
stadion da vardır. Təhsil ocağının həyətində
abadlıq işləri aparılmış, yaşıllıq zolaqları
salınmışdır.
Prezident İlham Əliyev mərasim iştirakçılarını -
şagirdləri, müəllimləri, yəhudi icmalarının
nümayəndələrini yeni, müasir məktəbin açılışı
münasibətilə təbrik etdi. Dövlətimizin başçısı
bildirdi ki, burada uşaqlar keyfiyyətli təhsil
alaraq, Azərbaycanın layiqli vətəndaşları kimi
yetişəcəklər. Prezident İlham Əliyev ölkəmizdə
təhsilin inkişafına böyük diqqət yetirildiyini
dedi. Dövlətimizin başçısı vurğuladı ki, bu
təhsil mərkəzinin inşası ölkəmizdə tolerantlığın
yeni bir təzahürüdür. Mərkəz Azərbaycan və
yəhudi xalqları arasında dostluq
münasibətlərinin inkişafına daha bir töhfədir.
Prezident İlham Əliyev bu gün dinamik inkişaf
edən Azərbaycanda müxtəlif xalqların
nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində
yaşadığını söylədi. Bizim məqsədimiz gənc nəslin
də bu əmin-amanlığı qorumasına nail olmaqdır, -
deyən Prezident İlham Əliyev Azərbaycanda
yaşayan bütün xalqlara sülh və firavanlıq
arzuladı.
MDB Yəhudi İcmaları Federasiyasının və
"Or-Avner" Beynəlxalq Fondunun prezidenti Lev
Levayev mərkəzin inşasına görə dövlətimizin
başçısına və xanımına minnətdarlığını bildirdi.
Qeyd etdi ki, ulu öndər Heydər Əliyev də təhsil
sahəsinə böyük diqqət və qayğı ilə yanaşırdı.
Lev Levayev Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya
tolerantlığın və konfessiyalararası dialoqun
inkişafındakı xidmətlərinə görə mükafat təqdim
etdi.
***
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc |