Oktyabrın
5-də Bakı Slavyan Universitetində Rusiya
Yazıçılar İttifaqının və Rusiyanın PEN klubunun
üzvü, müasir rus nəsrinin görkəmli nümayəndəsi,
şair, esse ustası Boris Timofeyeviç Yevseyevlə
görüş keçirildi. Tədbirdə əvvəlcə yazıçının
əsərlərinin təqdimatı oldu. Qeyd edildi ki, bu,
B.T.Yevseyevin BSU-ya ilk gəlişi deyildir.
2005-ci ildə o, "Baran" adlı hekayələr
toplusunu, "Romançik" romanını Azərbaycan
oxucularına təqdim etmiş və müasir rus
ədəbiyyatı haqqında məruzələrlə tələbə və
magistrantlar qarşısında çıxış etmişdir.
Budəfəki səfərində isə Boris Timofeyeviç "Nəsrdə
və nəzmdə şüurluluq və təhtəlşüur (şüursuzluq)"
mövzusunda tələbə və magistrantlara ustad dərsi
keçdi.
Tədbirdə yazıçının yaradıcılığı haqqında dəyərli
fikir söyləyən BSU-nun rektoru, professor Kamal
Abdullayev həm də B.T.Yevseyevin universitetdə
bəzi tələbə və magistrantların elmi rəhbəri
olduğunu da diqqətə çatdırdı.
Sonra BSU-nun professoru Flora Hacıyeva, dosent
İlahə Carçıyeva, magistrant və tələbələr də
yazıçının yaradıcılığı haqqında danışdılar.
Növbəti gün universitetdə Boris Timofeyeviç
Yevseyevin "Müasir rus nəsrində ədəbi cərəyanlar
və meyillər" adlı məruzəsi rəğbətlə dinlənildi.
Şakir CƏFƏROV |