|
Yerləşir: |
İsveçrə, Sürix şəhəri |
|
|
Yaranma tarixi: |
1855-ci il |
Tipi: |
Dövlət |
İllik gəlirləri: |
1 milyard 263,8 milyon CHF (İsveçrə
frankı), (1CHF 0.979 ABŞ dollarına
bərabərdir) |
İşçi heyəti: |
372 professor, 9 049 inzibati işçi |
Tələbələrin sayı: |
15093 nəfər |
Rəsmi saytı: |
www.ethz.ch |
İsveçrə Federal Texnologiya İnstitutu (ETH
Zurich - Swiss Federal Institute of Technology)
Avropanın ən nüfuzlu, yüksək tədqiqat
göstəricilərinə malik elm və texnologiyalar
mərkəzidir. İnstitut İsveçrənin böyük şəhəri
Sürixdə, Avropanın mərkəzində yerləşir. Böyük
Britaniyanın "Times Higher Education Supplement
- QS World Universities Rankings" jurnalının
2009-cu ildə apardığı dünya universitetlərinin
reytinqinə əsasən, İsveçrə Federal Texnologiya
İnstitutu 100 ən yaxşı ali məktəb arasında 20-ci
yerdə sıralanıb.
Tarixi
7 fevral 1854-cü ildə İsveçrə dövlətinin Federal
parlamenti "Dəqiq, siyasi və humanitar elmlər
məktəbi ilə birgə Federal politexnik məktəbin
yaradılması haqqında" qanun qəbul edir. Federal
politexnik məktəb 16 oktyabr 1855-ci ildən
fəaliyyətə başlayır və Sürix şəhərindəki
müxtəlif binalarda ilk dərslər keçirilir.
Məktəbin əsas məqsədi milli infrastrukturun
gələcəyini qurmaq, bütün sahələr üzrə ölkədə
peşəkarlıq səviyyəsini və milli elitanın
karyerasını inkişaf etdirməkdir. Məktəb yeni
binaya köçmək üçün memarlar arasında müsabiqə
təşkil edir və nəticədə memar Qotfrid Zemper
qalib gəlir. 1858-1864-cü illərdə onun layihəsi
əsasında ali məktəbin binaları tikilir.
1911-ci ildən Politexnik Məktəbi Federal
Texnologiya İnstitutu adlanır. İnstitut
rəhbərliyi Sürix şəhərində böyük tikinti
layihələri həyata keçirir.
1908-ci ildə Federal Texnologiya İnstitutu
tələbələrinə doktorluq dərəcəsi vermək hüququ
qazanır və bir il sonra ilk dəfə olaraq altı
kimyaçı tələbəyə bu dərəcə verilir.
I Dünya müharibəsindən sonra Federal Texnologiya
İnstitutu fəaliyyətini daha da genişləndirir.
1929-cu ildə institutun nəzdində Hidravlik
laboratoriya və İqtisadi Biznes İnstitutu,
1933-cü ildə Texniki Fizika İnstitutu, 1937-ci
ildə Afif Sənaye Tədqiqatları Departamenti
açılır. 1936-cı ildə institutun prezidenti Artur
Ron "İnnovativ fəaliyyət siyasəti" proqramını
hazırlayır, nəticədə 1942-ci ildə İsveçrə Milli
Elm Fondu yaradılır.
1965-ci ildə Federal Texnologiya İnstitutu
ərazisinin genişləndirilməsi, yeni korpusların,
fakültələrin açılması və s. məqsədlərlə bağlı
layihələr həyata keçirir. İnstitut bunun üçün
dövlətdən 444 milyon frank məbləğində kredit
alır.
Tarixə kompüter, qloballaşma dövrü kimi düşən XX
əsrin sonlarında hər bir universitet müxtəlif
layihələr həyata keçirməyə başlayır. Federal
Texnologiya İnstitutu da baş verən yenilikləri,
gedən prosesləri nəzərə alaraq, 1981-ci ildə
İnformatika və materialşünaslıq, 1987-ci ildə
isə Ekologiya elmləri departamentləri yaradır.
1989-cu ildə institut müxtəlif departament və
idarələrə bölünür.
1990-cı illərin sonlarından başlayaraq institut
Boloniya islahatları çərçivəsində iş aparır.
1993-cü illərdə Federal Texnologiya İnstitutunun
departamentləri tədricən büdcə müstəqilliyi əldə
edir. İnstitut qlobal şəbəkəyə qoşulur,
informasiya texnologiyalarını modernləşdirir və
elmi-texniki bazasını genişləndirir.
Hazırda Federal Texnologiya İnstitutu dünyanın
ən sürətlə inkişaf edən təhsil mərkəzlərindən
biridir. Əbəs yerə deyil ki, institut bura
gələnləri aşağıdakı sözlərlə qarşılayır:
"Sabahın dünyasına xoş gəlmisiniz!"
Universitet bu gün
İsveçrə Federal Texnologiya İnstitutu iki
kampusdan ibarətdir. Əsas kampus 1860-cı ildə
Sürix şəhərinin mərkəzində yaradılıb. Memar
Qotfrid Zemper tərəfindən inşa edilmiş bu
kampusun binaları neoklassik üslubda tikilib.
Yeni kampus isə 1964-1976-cı illərdə şəhərin
kənarındakı Hönqerberq ərazisində yaradılıb.
Kampusun ərazisinin sonuncu dəfə
genişləndirilməsi 2003-cü ilə təsadüf edir və
burada Materialşünaslıq, Memarlıq, İnşaat,
Fizika, Biologiya və Kimya departamentləri
yaradılır. Hönqerberq kampusunu "Elm şəhəri" də
adlandırırlar.
İsveçrə Federal Texnologiya İnstitutunun
nəzdində aşağıdakı departamentlər fəaliyyət
göstərir:
Memarlıq və inşaat elmləri departamentinə
Memarlıq, Vətəndaş, Ekoloji və Geomatik
mühəndislik məktəbləri daxildir.
Mühəndislik departamenti Biosistemlər, Kompüter
elmləri, İnformasiya texnologiyaları və
elektrotexnika, Mexanika və proses mühəndisliyi,
Materialşünaslıq məktəblərindən ibarətdir.
Dəqiq elmlər və riyaziyyat departamentində
Biologiya, Kimya və tətbiqi bioelmlər,
Riyaziyyat, Fizika məktəbləri fəaliyyət
göstərir.
Sistemli istiqamətləşdirilmiş elmlər
departamentinə Kənd təsərrüfatı və sənaye, Yer
elmləri, Environika məktəbləri daxildir.
Menecment və sosial elmlər departamenti
İdarəetmə və informasiya texnologiyaları,
İqtisadiyyat, Humanitar və sosial-siyasi elmlər
məktəblərindən ibarətdir.
Federal Texnologiya İnstitutu sadalanan
ixtisaslar üzrə bakalavr və magistr hazırlayır.
Tədris Boloniya prosesinə, akademik nailiyyətlər
isə kredit sisteminə əsasən aparılır.
İnstitut dünyanın bir sıra universitetləri ilə
sıx əməkdaşlıq edir, bu ali məktəbin tələbələri
təhsillərini dünyanın müxtəlif
universitetlərində davam etdirmək imkanına
malikdirlər. İnstitut tələbələrə, əlavə olaraq
15 master proqramı (Statistika, Müqayisəli
incəsənət və beynəlxalq tədqiqatlar (MACIS),
Maliyyə sahəsi, Kompüter elmləri, Mikro və
Nanosistem və s. sahələr üzrə), 130 tədris kursu
təklif edir. Burada, eyni zamanda müəllimlər,
digər əməkdaşlar üçün kurs və proqramlar həyata
keçirilir. Həmin proqramlar, əsasən, pedaqogika,
yeni texnologiyalardan istifadə, informatika,
xarici dillər, tədris və liderlik bacarıqlarının
öyrədilməsi sahələrini əhatə edir.
İsveçrənin ən böyük kitabxana sistemi Federal
Texnologiya İnstitutunun kitabxanasıdır.
Kitabxanaya 6,9 milyon kitab, əlyazma, jurnal,
xəritə, audiovizual material, verilənlər bazası
və s. daxildir. Sistem İnternet şəbəkəsinə
qoşulub, oxucular "Sourcing" adlanan kataloq
üzrə elmi ədəbiyyat toplusu ilə tanış olmaq
imkanına malikdir. İnstitutun əsas kitabxanası
olan Tökmə kitabxanada memarlıq, inşaat
texnikası, sənaye, mexanika, elektronika,
kompüter elmləri, kənd təsərrüfatı,
maşınqayırması, kənd və meşə təsərrüfatı,
yerşünaslıq, biologiya, kimya, əczaçılıq,
fizika, riyaziyyat, bədən tərbiyəsi və idman,
nəqliyyat, materialşünaslıq, environika və digər
sahələrə aid kitablar mövcuddur. Federal
Texnologiya İnstitutunun nəzdində əsas
kitabxanadan əlavə, Enerji texnologiyaları, Kənd
təsərrüfatı iqtisadiyyatı, İnşaat texnikası,
İnşaat materialları, Avtomatika, Müqayisəli və
beynəlxalq tədqiqatlar mərkəzi, Kimya, biologiya
və əczaçılıq, Elektroenerji vericisi,
Hidrodinamika, Geotexnika, Tarix, Ən yeni tarix
arxivləri, Tomas Mann adına arxiv, Memarlığın
tarixi və nəzəriyyəsi, Yeraltı sular və
hidromexanika, Yüksək enerji fizikası,
İnformasiya texnologiyaları və elektrotexnika,
Kompüter elmləri, Kartoqrafiya, Kommunikasiya
texnologiyaları, İntellektual mülkiyyət
sahəsində perspektiv tədqiqatlar, Riyaziyyat,
Fizika, Mexaniki sistemlər və texnologiya
strukturu, Metal və metallurgiya tədqiqatları,
Mikrobiologiya, Əməliyyat tədqiqatları, Kənd
memarlığı, Sənaye, Menecment, Nəqliyyat
planlaşdırması, Aerotermokimya və yanacaq
sistemi, Hidravlika, hidrologiya və
qlyasiologiya, Meşə, qar və landşaft
tədqiqatları, WIF, Sant-Hallen, Paul Şerer,
Lozanna, DES plazma və s. kitabxanalar
fəaliyyət göstərir.
Sürix gölünün və Limmat çayının sahilində
yerləşən, qarlı dağlarla əhatə olunan Sürix
gözəl və təhlükəsiz şəhərdir. Federal
Texnologiya İnstitutu İsveçrənin bölgələrindən,
xarici ölkələrdən olan tələbələri,
doktorantları, müəllimləri və s. əməkdaşları bu
şəhərdə yaşayış yeri ilə təmin edir. Bunun üçün
8 gün öncə "Einwohnerkontrolle" və "Kreisbüro"
adlanan, 1864-cü ildən fəaliyyət göstərən mənzil
xidməti idarəsinə müraciət edilməli, İsveçrə
Federal Texnologiya İnstitutunda təhsil almağı
və ya işləməyi təsdiq edən sənəd təqdim
olunmalıdır. Mənzil xidməti idarəsi isə onlara
tələbə yataqxanaları, çoxmənzilli binalar və
ayrıca evlər təklif edir, müraciət edən şəxslər
isə istədiyi mənzili seçmək hüququna malik
olurlar. Bu mənzillərdə 6 aylıq yaşayış haqqı
8.00 CHF (İsveçrə frankı) təşkil edir. Şəhərin
ictimai nəqliyyatı olduqca rahat və sürətlidir,
sərnişinlərə yüksək səviyyədə xidmət göstərir.
Büdcə xərcləri və təhsil haqqı
İsveçrə Federal Texnologiya İnstitutunda
bakalavr və magistr pilləsində təhsil haqqı 580
CHF, bir semestr təhsil haqqı isə 30 CHF təşkil
edir. ötən il İsveçrə Federal Texnologiya
İnstitutunun büdcəsi 1milyard 263,8 milyon
İsveçrə frankı təşkil edib.
İnstitutun Nobel mükafatı laureatları
1867-ci ildə İsveç kimyaçısı, mühəndis Alfred
Nobel dinamiti kəşf edir. Bu kəşf dünyada böyük
səs-küyə səbəb olur, hətta Nobelə bundan sonra
"ölüm satan" ləqəbi də verilir. 1888-ci ildə
mətbuatda A.Nobelin vəfatı ilə bağlı nekroloq
nəşr edilir. Onun ölümü barədə qeyri-dəqiq
məlumatların yayılmasından sonra 27 noyabr
1895-ci ildə Nobel Parisdə yerləşən İsveç-Norveç
klubunda vəsiyyətnamə hazırlayır. O,
vəsiyyətnaməsində var-dövlətinin yarısını hər il
fizika, kimya, tibb, ədəbiyyat və sülh üzrə əldə
edilmiş mühüm nailiyyətlərə, inqilabi ixtiraya
və cəmiyyətin, mədəniyyətin inkişafına böyük
töhfə vermiş şəxslərə milliyyətindən asılı
olmayaraq mükafat təqdim olunmasını qeyd edir.
1900-cü ildə ilkin olaraq 31 milyon İsveç kronu
məbləğində vəsaitə malik Nobel Fondu yaradılır.
2007-ci ildə bu fondun kapitalı təxminən 560
milyon ABŞ dolları təşkil edib.
Nobel mükafatının ilk təqdimetmə mərasimi 10
dekabr 1901-ci ildə baş tutur. 1969-cu ildən
başlayaraq iqtisadiyyat sahəsi üzrə də mükafat
təqdim edilib. Laureat mükafatlandırma zamanı
"Nobel memorial mühazirəsi" ilə çıxış etməlidir
və həmin çıxış sonradan xüsusi kitabda nəşr
edilir.
1901-ci ildən bu günə qədər Federal Texnologiya
İnstitutu dünyaya 21 Nobel mükafatı laureatı
bəxş edib. Onlar universitetin məzunları və
burada çalışan professorlar olub. Fizika
sahəsində dünyanın tanınmış alimləri Albert
Eynşteyn və Vilhelm Rentgen bu institutun ən
məşhur məzunlarındandır.
Hazırda İsveçrə Federal Texnologiya İnstitutunun
prezidenti, professor Ralf Eyxlerdir. O, eyni
zamanda institutun İcraçılar Şurasına rəhbərlik
edir. İnstitutda 372 professor, 9049 inzibati
işçi çalışır.
İnstitutun tələbələrinin ümumi sayı 15093
nəfərdir. Onların 30%-ni əcnəbi, 30,5 %-ni isə
qız tələbələr təşkil edir. İnstitutda 3171 nəfər
magistr və doktorant təhsil alır. Federal
Texnologiya İnstitutu İsveçrənin digər
universitetləri kimi isveçrəli tələbələri qəbul
imtahanı keçirmədən qəbul edir. Bu institutun
tələbəsi olmaq üçün matura (Avstriya, Albaniya,
Bosniya və Hersoqovina, Bolqarıstan, Xorvatiya,
çexiya, Macarıstan, İtaliya, Lixtenşteyn,
Makedoniya, Polşa, Serbiya, Slovakiya, Ukrayna
və İsveçrə orta məktəblərində buraxılış
imtahanları) nəticələrini təqdim etmək lazımdır.
Əcnəbi tələbələr ümumi imtahan verdikdən sonra
instituta qəbul olunur. İnstitutda abituriyentin
riyazi biliklərinə diqqət yetirilir və tədris
ərzində də bu fənn xüsusi öyrədilir. Bakalavr
pilləsi 6, magistr pilləsi 3 semestrdən
ibarətdir. Sonuncu semestr dissertasiyanın
yazılmasına sərf edilir. Bir tədris ili 2
semestrə bölünür. Birinci kursun ikinci
semestrinin sonunda tələbələr "Basisprüfung"
adlanan imtahan verirlər. Tələbələrin
əksəriyyəti bu imtahanı uğurla verirlər.
İmtahandan kəsilən tələbələr onun çətinliyini
nəzərə alaraq, ikinci dəfə bu sınaqdan keçməkdən
imtina edirlər. İnstitutda dərslər alman və
ingilis dillərində keçirilir.
İsveçrənin bir sıra nüfuzlu universitetlərində
azərbaycanlı tələbələr təhsil alır, lakin
İsveçrə Federal Texnologiya İnstitutunda oxuyan
tələbələr arasında azərbaycanlı gənclərin adları
yoxdur.
İsveçrə Federal Texnologiya İnstitutu tətbiqi
elmlər sahəsində fundamental tədqiqatlara
malikdir. İnstitut tələbələrini insan, təbiət və
texnologiyalar arasındakı münasibətlərə yeni
prizmadan baxmağı öyrədir, elmin davamlı
inkişafını təkcə milli zəmində deyil, dünyəvi
şəkildə təmin edir. İsveçrə Federal Texnologiya
İnstitutunun tələbələri gələcəyin yüksək
səviyyəli karyera əldə edən mütəxəssislərinə
çevrilir.
İsveçrə Federal Texnologiya İnstitutunun məşhur
məzunları
|
Vilhelm Konrad Rentgen |
fizika üzrə Nobel mükafatı laureatı
(1901-ci il) |
|
|
Alfred Verner |
kimya üzrə Nobel mükafatı laureatı
(1913-cü il) |
|
|
Riçard Vilştetter |
kimya üzrə Nobel mükafatı laureatı
(1915-ci il) |
|
|
Fris Haber |
kimya üzrə Nobel mükafatı laureatı
(1918-ci il) |
|
|
Şarl Eduard Hiyom |
fizika üzrə Nobel mükafatı laureatı
(1920-ci il) |
|
|
Albert Eynşteyn |
fizika üzrə Nobel mükafatı laureatı
(1921-ci il) |
|
|
Peter Debay |
kimya üzrə Nobel mükafatı laureatı
(1936-cı il) |
|
|
Rixard Kun |
kimya üzrə Nobel mükafatı laureatı
(1938-ci il) |
|
|
Leopold Rujiçka |
kimya üzrə Nobel mükafatı laureatı
(1939-cu il) |
|
|
Otto Ştern |
fizika üzrə Nobel mükafatı laureatı
(1943-cü il) |
|
|
Volfqanq Pauli |
fizika üzrə Nobel mükafatı laureatı
(1945-ci il) |
|
|
Tadeuş Rayxşteyn |
tibb üzrə Nobel mükafatı laureatı
(1950-ci il) |
|
|
Feliks Blox |
fizika üzrə Nobel mükafatı laureatı
(1952-ci il) |
|
|
Herman Ştaudinger |
kimya üzrə Nobel mükafatı laureatı
(1953-cü il) |
|
|
Vladimir Preloqa |
kimya üzrə Nobel mükafatı laureatı
(1975-ci il) |
|
|
Verner Arber |
tibb üzrə Nobel mükafatı laureatı
(1978-ci il) |
|
|
Henrix Rorer |
fizika üzrə Nobel mükafatı laureatı
(1986-cı il) |
|
|
Georq Bednors |
fizika üzrə Nobel mükafatı laureatı
(1987-ci il) |
|
|
Aleksandr Müller |
fizika üzrə Nobel mükafatı laureatı
(1987-ci il) |
|
|
Riçard Ernst |
kimya üzrə Nobel mükafatı laureatı
(1991-ci il) |
|
|
Kurt Vütrix |
kimya üzrə Nobel mükafatı laureatı
(2002-ci il) |
|
Hazırladı:
Lamiyə ƏLİYEVA |