Qlobal dünyanın informasiya bolluğu şəraitində
məktəbin, təhsilin vəzifələri dəyişir. Ağılın,
intellektin inkişaf etdirilməsi ön plana keçir.
Dünyanın təhsil məkanında sadəcə bilik,
bacarıqlar deyil, dəyərlər, səriştələr
şəxsiyyətin inkişafında mühüm atributlar kimi
qiymətləndirilir və bugünkü təhsilin keyfiyyət
göstəriciləri kimi qəbul edilir. Belə bir
zamanda Azərbaycan da müstəqillik əldə etmiş
ölkələrdən biri kimi bütün sahələrdə, o cümlədən
təhsildə islahatlar aparır. Müstəqil
Azərbaycanın memarı ulu öndər Heydər Əliyev
demişdir: "İndi təhsil sistemində islahatların
əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan
təhsil sistemi dünya təhsil sisteminin
standartlarına uyğunlaşsın".
Hazırda Azərbaycan özünün təhsil sistemini
dünyanın ən mütərəqqi ölkələrinin təhsil
prinsiplərindən istifadə etməklə təkmilləşdirir,
məzmun və struktur dəyişiklikləri aparır. Ən
başlıcası, dünyanın əşrəfi sayılan insanın
həyati bacarıqlara malik bir şəxsiyyət kimi
formalaşması istiqamətində səmərəli fəaliyyət
göstərir.
Azərbaycanda təhsil sahəsində islahatlar məhz bu
məntiqə uyğun olaraq pillə-pillə aparılır. Son
dövrlərdə beynəlxalq miqyasda əldə olunan
nailiyyətlərimiz, şagirdlərimizin böyük uğurları
apardığımız təhsil islahatlarının qlobal
xarakterini, milli köklər üzərində formalaşmış
bəşəri mahiyyətini göstərir. Bütün bunlar isə
müasir Azərbaycan məktəbinin simasının
dəyişdiyini ifadə edir. Aparılan ilkin
araşdırmalar da bu dəyişikliklərin məhz
müəllimin, şagirdin, valideynin, ümumiyyətlə,
təhsildə marağı olan bütün iştirakçıların
fəaliyyətində özünü göstərdiyini təsdiq edir.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm
İlham Əliyev cənabları demişdir: "Bütün işlər
məhz məktəbdən başlayır, təhsilə diqqət,
müəllimə qayğı həmişə olmalıdır. Bütün dövlət
orqanları bu tövsiyələri eşitməli və praktik
həyatda bunu təmin etməlidir".
Azərbaycanın tarixində tələbyönümlü bir təhsil
sistemi formalaşır. Cəmiyyətimizin ehtiyac və
tələbatlarına uyğun belə bir təhsil sisteminin
qurulmasında demokratikləşdirmə,
humanistləşdirmə, inteqrasiya,
diferensiallaşdırma, fərdiləşdirmə,
humanitarlaşdırma mühüm pedaqoji prinsiplər kimi
nəzərə alınır. Şəxsiyyətin maraq və
ehtiyaclarını, arzu və istəklərini əsas
götürməklə təhsil alanların mənafeyinə xidmət
göstərmək ön plana çəkilir. Beləliklə, təhsilin
bütün sahələrində dönməz xarakterə malik,
ardıcıl və sistemli işlərə rəvac verilir. O
cümlədən kurikulum islahatları elmi əsasda
məqsədyönlü, planlı şəkildə aparılır.
Keçdiyimiz yola diqqət etsək, görərik ki,
kurikulum islahatları Azərbaycan hökuməti ilə
Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası
arasında bağlanmış ilk Kredit Sazişi əsasında
başlayıb. 1999-cu ildən bünövrəsi qoyulan bu
islahatın öyrədici innovasiya mərhələsində
ümumtəhsilin vəziyyətinin araşdırılması, gələcək
fəaliyyətlər üçün istiqamətlərin
müəyyənləşdirilməsi, pilot müəssisələrin
təşkili, mütəxəssislərə kurikulumların
hazırlanması sahəsində zəruri bacarıqların
aşılanması və sair sahələrdə işlər görülüb.
Beynəlxalq və milli səviyyəli mütəxəssislər
tərəfindən ümumi təhsil sistemində aparılan
araşdırmalar birbaşa onun mövcud durumunu
müəyyənləşdirməyə yönəlib. Xüsusən inzibati
amirlik sistemindən çıxan bir ölkə kimi
Azərbaycanda təlim-tərbiyə işinin xarakterik
cəhətləri öyrənilib.
Həmin araşdırmalarda birmənalı şəkildə belə
qənaət hasil edilmişdir ki, Azərbaycanda ümumi
təhsil, əsasən, lüzumsuz olaraq elmlərin
əsaslarının öyrədilməsinə yönəlib və şagirdlərin
həyati bacarıqlara yiyələnməsi üçün
istiqamətləndirilməsi imkanları məhdudlaşıb.
Bundan əlavə, qloballaşan dünyanın
prinsiplərinin əksi olaraq fənlərə daha çox
fundamental biliklər mənbəyi kimi baxılıb.
Onların inkişafetdirici, tərbiyəvi imkanlarına
zəif diqqət yetirilib. Ona görə də ümumi təhsil
kurikulumlarının yenidən hazırlanması təklif
olunub.
Beləliklə, öyrədici innovasiya mərhələsində
görülmüş işlər Dünya Bankının rəhbərliyi
tərəfindən rəğbətlə qarşılandığından
2003-2013-cü illəri əhatə edən, iki mərhələdə
həyata keçirilməsi nəzərdə tutulan və birinci
mərhələdə 5 komponentdən ibarət olan ikinci
layihə müəyyənləşdirilib. "ümumi orta təhsilin
keyfiyyəti və real tələbatlara uyğunluğu" adlı
birinci komponentin alt-komponentlərindən biri
kimi "Kurikulum islahatı" təsdiq olunub.
Təcrübə göstərir ki, təlimin məqsəd, məzmun,
forma, metod və vasitələrdən ibarət sistemi
həmişə aparıcı olsa da, ona yanaşmalar müxtəlif
olmuşdur. Sadalanan vacib komponentlərin
strateji bir xətdə əlaqələnməsi, uyğun
prinsiplərə tabe olmaması onların
mənimsənilməsini çətinləşdirmiş və tətbiq
imkanlarını məhdudlaşdırmışdır. Kurikulum
modelinə müraciət olunması onların bir məcraya
gətirilməsinə, bir xətt üzrə qurulmasına imkan
yaratmışdır. Nəticədə komponentlərin şəbəkəli
vahid strukturu əmələ gəlmişdir. Başqa sözlə,
təhsildə müxtəlif fəaliyyətlərin məzmununu əhatə
edən xüsusi sənəd meydana çıxmışdır. Bu sənədin
özəlliyi ondadır ki, o, təlimin məzmununu,
strategiyalarını, qiymətləndirmə mexanizmlərini
və sairi birləşdirməklə konseptual xarakter
daşıyır. Bütün resursların yaradılmasında, təlim
prosesinin təşkili və aparılmasında baza rolunu
oynayır və dərslikləri tərtib edənlərdən
başlayaraq ta təlim prosesində qiymətləndirmə
ilə məşğul olan bütün mütəxəssislərə qədər
insanların fəaliyyətini istiqamətləndirir.
Bəs kurikulumlar necə hazırlanır? Onların
müəllifi kimlərdir?
Təhsil kurikulumlarının hazırlanması ağır bir
prosesdir. Ona cəmiyyətin bütün zümrələrindən
olan insanlar (mütəxəssislər, müəllimlər,
valideynlər, şagirdlər və b.) cəlb edilirlər.
Dünyada kurikulumların yaradılması işi ilə
xüsusi qurumlar məşğul olur. Həmin qurumlar öz
ətrafına fəal qüvvələri toplayaraq cəmiyyətin
tələbatlarına uyğun məzmun və texnologiyalar
sistemi hazırlayırlar.
Bəzən təhsil kurikulumlarının bir və ya bir neçə
şəxs tərəfindən hazırlanmasının mümkünlüyü
barədə mülahizələr söylənilir. Bu, əvvəlki
təhsil proqramları üçün xas olan
xüsusiyyətlərdir. Həmin proqramlar təklifyönümlü
olduğundan bir və ya bir neçə nəfərin subyektiv
mülahizəsi kimi irəli sürülərək istifadəyə
verilirdi.
Təhsil kurikulumları isə maraqlı olan
tərəflərdən (mütəxəssislər, müəllimlər,
valideynlər, şagirdlər) ibarət daha çox insanın
münasibətini əhatə etməklə obyektiv xarakter
daşıyır. Ona görə də dünya ölkələrində təhsil
kurikulumlarının hazırlanmasında işçi
qruplarından və onların fəaliyyət
mexanizmlərindən ibarət texnologiyalara müraciət
olunur.
Azərbaycanda da kurikulumlar hazırlanarkən belə
bir texnologiyaya istinad edilmişdir. 2005-ci
ildə Təhsil Problemləri İnstitutunun
strukturunda Kurikulum Mərkəzi yaradılmış, həmin
vaxtdan respublikada kurikulum hərəkatı
başlanmışdır. Yüzlərlə müəllim, təhsil işçisi bu
hərəkata qoşularaq kurikulumların hazırlanması
istiqamətində müzakirələrin iştirakçısına
çevrilmiş və 400-ə qədər üzvü olan 23 işçi
qrupunun ətrafında birləşərək kurikulumların
hazırlanması prosesinə qoşulmuşdur. Bu işçi
qruplarına respublikanın görkəmli alimlərindən
AMEA-nın müxbir üzvləri Nizami Cəfərov (ana
dili), Yaqub Mahmudov (tarix), Vaqif Abbasov
(kimya), professorlardan Səməd Seyidov (ingilis
dili, Fəxrəddin Veysəlov (alman dili), Mirzəli
Murquzov (fizika), Sabir Mirzəyev (riyaziyyat),
Müseyib Müseyibov (coğrafiya), Ağacan Əbiyev
(fiziki tərbiyə) rəhbərlik etmişlər. Dünya
Bankının prosedurlarına əsasən seçilmiş 95 nəfər
milli məsləhətçi, kurikulum və qiymətləndirmə
sahəsində beynəlxalq miqyasda tanınmış
Hollandiyanın "CİTO qroep" təşkilatı
kurikulumların hazırlanmasında məsləhətçilik
xidmətləri göstərmişlər.
Beləliklə, "Azərbaycan Respublikasında ümumi
təhsilin Konsepsiyası (Milli Kurikulumu)"
sənədinin 2006-cı ildə, I-IV siniflər üçün fənn
kurikulumlarının 2007-ci ildə ilk dəfə
hazırlanaraq təsdiq olunması respublikamızın
təhsil həyatında hadisəyə çevrilmişdir.
Kurikulumlar hazırlanarkən, ilk növbədə,
dünyanın ABŞ, Rusiya, Hollandiya, Avstraliya,
İngiltərə, Finlandiya, İsveç, Türkiyə, Kanada,
Moldova, Qazaxıstan və başqa ölkələrin bu sahədə
təcrübələri diqqətlə öyrənilmiş, təhlillər
aparılmışdır. İşçi qruplarında müzakirələr
keçirilmişdir. Obyektiv qərarların qəbul
olunması diqqət mərkəzində saxlanılmışdır.
İşçi qrupları tərəfindən hazırlanan
kurikulumların layihə variantları dəfələrlə
müzakirə olunaraq mərhələ-mərhələ respublikanın
pedaqoji mətbuatında - "Azərbaycan müəllimi",
"Təhsil problemləri" qəzetlərində dərc edilərək
oxucuların və pedaqoji ictimaiyyətin
mühakiməsinə verilmişdir. Yeri gəlmişkən qeyd
etmək lazımdır ki, kurikulumların layihə
variantları ilə bağlı Təhsil Nazirliyinə
minlərlə təklif göndərilmişdir. Həmin
təkliflərdə müəllimlər kurikulumları təqdir
etməklə ona münasibət bildirmiş, məzmun
standartlarını məqsədəuyğun saymış, layihə
variantının təkmilləşdirilməsi üçün zəruri hesab
etdikləri təkliflərini irəli sürmüşlər.
Eyni zamanda kurikulumlar ABŞ, Avstraliya,
Hollandiya kimi xarici ölkələrdəki bu işlə
məşğul olan qurumlara, mütəxəssislərə rəyə
göndərilmiş, onlar tərəfindən müsbət
qiymətləndirilmişdir. Beynəlxalq ekspertlər
hazırlanmış yeni kurikulumları inkişaf etmiş
Avropa ölkələrinin kurikulumları səviyyəsinə
uyğun sənədlər kimi qiymətləndirmişlər.
Nəticə olaraq bu təkliflər ümumiləşdirilmiş və
kurikulumların son variantında nəzərə
alınmışdır. Kurikulumlar yeni nəşrə başlayan
"Kurikulum" jurnalının 2008-ci il 1-3-cü
nömrələrində, Təhsil Problemləri İnstitutunun
"Elmi əsərləri"ndə, eləcə də ayrıca kitab
şəklində çap olunaraq müəllimlərin istifadəsinə
verilmişdir.
Artıq ikinci ildir ki, fənn kurikulumlarının
tətbiqinə başlanılmışdır. Bu işin
müvəffəqiyyətlə aparılması üçün 20 minə qədər
müəllim, təhsil işçisi təlim kurslarından
keçmiş, sertifikat almış, yeni fənn
kurikulumlarının tələblərinə uyğun hazırlanmış
dərsliklərin xüsusiyyətləri ilə bağlı
seminarlarda iştirak etmişlər. Maraqlı
tərəflərlə maarifləndirmə işi aparmaq üçün
televiziya və radioda, pedaqoji mətbuatda çoxlu
sayda çıxışlar olmuşdur.
Fənn kurikulumlarının mahiyyəti və məzmunu ilə
bağlı Kurikulum Mərkəzində araşdırmalar
aparılmışdır. Məlum olmuşdur ki, fənn
kurikulumları mahiyyət etibarilə cəmiyyət üçün
hərtərəfli inkişaf etmiş şəxsiyyətin
formalaşmasına imkan yaradan, cəmiyyətin
tələblərinə cavab verən mühüm təhsil sənədi kimi
nəticəyönümlü, şəxsiyyətyönümlü və inteqrativ
xarakter daşıyır. Onların məzmunu şagird
fəaliyyətinin ardıcıl olaraq izlənməsinə,
nailiyyətlərin müntəzəm şəkildə
qiymətləndirilməsinə imkan yaradır, təlim
prosesi ilə gözlənilən nəticə arasında əks-əlaqə
mexanizminin qurulmasını təmin edir.
"Kurikulum", "Azərbaycan məktəbi" jurnallarında,
institutun "Elmi əsərləri"ndə fənn
kurikulumlarının mahiyyəti və məzmunu ilə
bağlı, ilkin empirik araşdırmaların nəticələri
kimi, xeyli sayda yazılar çap olunmuş və bu
proses hazırda davam etməkdədir. Bütün bunlarla
yanaşı, mühüm pedaqoji problem kimi bu
məsələlərin öyrənilməsinin davam etdirilməsi,
gələcəkdə fundamental elmi-pedaqoji
tədqiqatların obyektinə çevrilməsi qaçılmaz bir
zərurətdir. Dünya pedaqoji fikrində kurikulumlar
nəzəri və praktik cəhətdən geniş öyrənilmiş,
xüsusi nəzəriyyələr formalaşmışdır. Biz də öz
fəaliyyətimizdə onlara istinad etmişik. Heç
şübhəsiz, bu barədə respublikamızda fundamental
pedaqoji araşdırmaların aparılmasına, təhsil
sahəsindəki fəaliyyətlərin xarakteri, onlar
arasındakı əlaqə və münasibətlər, kurikulumların
konseptuallığı və inteqrativliyi, məzmun
standartlarının komponentləri, bilik və
fəaliyyət, onlar arasında əlaqə və bağlılıq kimi
mahiyyətyönümlü məsələlərin öyrənilməsinə
ehtiyac yaranmaqdadır. Bu problemlər konseptual
xarakter daşıyır və müasir didaktikanın nəzəri
məsələlərindən biri kimi özünün tədqiqatçılarını
gözləyir.
Bu gün kurikulumlarda yer tutan məzmun
standartları şəxsiyyətyönümlü təhsilin
nəticələri olmaqla inteqrativ xarakter daşıyır
və dəyərləri ifadə edir. Məsələn, "Dinlədiyi
fikri əlavələri ilə inkişaf etdirir" ("Ana
dili", II sinif), yaxud "çəkdiyi şəkillərə
mətnlər daxil edir" ("İnformatika", II sinif),
"Hazırlanacaq məmulata görə iş yerini təşkil
edir" ("Texnologiya", IV sinif) və s. Bu
dəyərlər uşaqların ümumi inkişafını, intellekt
səviyyəsini müəyyənləşdirmək imkanı yaradır.
Məzmun standartlarını reallaşdıran dərslik və ya
digər vəsaitlərin müəlliflərinə sərbəstlik
verilir. Onlar gözlənilən nəticəyə çatmaq üçün
potensial imkanlarına uyğun strategiyaları
(vasitələri, formaları, üsulları və s.) özləri
seçirlər. Müəllimlər isə məktəb, eləcə də sinif
kurikulumlarını hazırlayarkən məzmun
standartlarını reallaşdırmaq üçün konkret təlim
məqsədləri müəyyənləşdirir, imkan və
şəraitlərinə uyğun strategiyalar hazırlayırlar.
Kurikulumlar elmi əsasda, sistemli olaraq
hazırlanmış yeni təhsil sənədləridir. Tətbiq
edildikcə, təbii olaraq, onların
təkmilləşdirilməsi istiqamətində mülahizələr
yaranır. Son dövrlər mətbuat səhifələrində dərc
olunan yazıları buna misal göstərmək olar. Orada
kurikulumların mahiyyəti və məzmunundan, təlim
standartlarının, yeni dərsliklərin, fəal dərsin
xüsusiyyətlərindən, eləcə də digər məsələlərdən
danışılır. Belə fikirlər toplanır, nəzərə
alınmaq üçün işçi qruplarında müzakirə olunur.
Təhsil Problemləri İnstitutunun Kurikulum
Mərkəzində, onun ayrı-ayrı şöbə və bölmələrində
kurikulumların hazırlanması və tətbiqi ilə bağlı
hazırda gərgin iş aparılır. Müxtəlif institut və
universitetlərin əməkdaşları, Bakı şəhəri üzrə
təhsil işçiləri, müəllimlər bu işdə yaxından
iştirak edirlər. Eləcə də respublikanın
ayrı-ayrı bölgələrindən olan müəllimlər müxtəlif
vasitələrdən istifadə edərək mərkəzlə əlaqə
saxlayır, suallarını, arzu və təkliflərini
bildirirlər. Bu müzakirələri daha səmərəli etmək
üçün ayda bir dəfə Təhsil Problemləri
İnstitutunda (Afiyəddin Cəlilov küçəsi 22,
institutun II binası) Azərbaycan təhsilində
gedən islahatlarla bağlı ümumrespublika
seminarının keçirilməsi planlaşdırılmışdır.
Orada müzakirə və diskussiyaların keçirilməsi,
irəli sürülmüş təkliflər əsasında fəaliyyətlərin
təkmilləşdirilməsi zəruri məqsəd kimi qarşıya
qoyulmuşdur. Maraqlı olan hər kəsin bu tədbirdə
iştirak etməsi arzu olunur.
Təhsil Problemləri İnstitutu |