Yanvarın 11-də akademik Zərifə Əliyeva adına
orta məktəbdə Azərbaycanda ingilis dili
müəllimləri üçün ilk dəfə olaraq İngilis dilinin
Onlayn tədrisi (ETTO) ixtsasartırma layihəsinin
başlanmasına həsr olunmuş mərasim keçirildi.
Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri,
ayrı-ayrı regionlarda orta məktəblərdə işləyən
ingilis dili müəllimləri və KİV nümayəndələri
iştirak edirdilər. Tədbiri giriş sözü ilə təhsil
naziri Misir Mərdanov açaraq bildirdi ki,
2003-cü ildən indiyə kimi Təhsil Nazirliyi
"British Council"in Azərbaycan nümayəndəliyi ilə
xeyli faydalı layihələr həyata keçirib. Bizim
ölkədə əvvəllər ingilis dilinin tədrisi intensiv
olmamışdır. Sonralar Bakının 7 orta məktəbində
ingilis dilinin intensiv tədrisinə geniş yer
verildi və bu sahədə də böyük uğurlar əldə
edilmişdir.
Təhsil naziri Misir Mərdanov qeyd etdi ki, bu
layihədə bütün fəaliyyətlər, tapşırıqlar, video
və audiomateriallar hələlik ibtidai siniflərdə
dərs deyən ingilis dili müəllimləri üçün nəzərdə
tutulub. Yanvarın 15-dən başlanan bu kursda
Gəncə, Zaqatala, İsmayıllı, Sumqayıt və Bakı
məktəblərinin ibtidai siniflərində ingilis
dilindən dərs deyən 48 müəllim iştirak edəcək.
Kurs boyu müəllimlərə onlayn təlimçi dəstək
olacaq və sonda müəllimlərə kursdan keçmələri
haqqında sertifikatlar veriləcək. ümid edirəm
ki, həyata keçirilən bu layihə Azərbaycan
məktəblərində dərs deyən ingilis dili
müəllimləri üçün daha uğurlu olacaq.
Təhsil naziri Misir Mərdanov bu işə rəhbərlik
edən "British Council"in Azərbaycan
nümayəndəliyinin layihə rəhbəri Gülşən
Hüseynovaya öz təşəkkürünü bildirdi və onlara bu
işdə uğurlar arzuladı.
Tədbirdə iştirak edən xarici təşkilatın
nümayəndəsi xanım Rozmari Arnot Təhsil Nazirliyi
ilə aparılan səmərəli işin səviyyəsindən razı
qaldığını dedi və gələcəkdə Azərbaycanın bütün
tədris müəssisələrində ingilis dilinin yüksək
səviyyədə öyrədilməsi üçün bu fənnin tədrisi
sahəsində daha böyük layihələr həyata
keçiriləcəyindən danışdı.
Şakir CƏFƏROV |