Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

15 Yanvar 2010 - ¹02

 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

(Əvvəli qəzetimizin ötən saylarında) 

Hörmətli oxucular, ötən məqalədə qeyd edildiyi kimi, təhsil sahəsində beynəlxalq əlaqələrin mühüm istiqamətlərindən biri də ayrı-ayrı ölkələrlə birbaşa təhsil əlaqələrinin qurulması, əməkdaşlıq haqqında saziş və protokolların imzalanmasıdır. Onu da qeyd etməyi vacib hesab edirəm ki, digər ölkələrlə yaratdığımız bu əlaqələr müstəqilliyin bizə bəxş etdiyi əhəmiyyətli imkanlardan biridir. Bu məqalədə məhz müstəqillik illərində Azərbaycanın xarici ölkələrlə yaratdığı təhsil əlaqələrindən bəhs ediləcəkdir. 

Təcrübə göstərir ki, ayrı-ayrı ölkələrlə təhsil sahəsində yaradılan əməkdaşlıq birgə proqram və layihələrin reallaşdırılmasına, tələbə, müəllim mübadiləsinə, təhsil sənədlərinin qarşılıqlı tanınmasına, innovasiyaların tətbiqinə, ümumilikdə ölkə təhsilinin inkişafına və beynəlxalq aləmə inteqrasiyasına əlverişli imkan yaratmaqla yanaşı, son nəticədə ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələrin təşəkkülünə gətirib çıxarır.

Təqdirəlayiq haldır ki, Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra dünyanın bir çox ölkələri ilə təhsil sahəsində yaradılmış səmərəli əməkdaşlıq əlaqələri xeyli genişlənmişdir. Bu gün Təhsil Nazirliyi dünyanın 30-dək dövlətilə təhsil əlaqələri yaratmışdır. Belə ki, hazırda ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Rusiya, çin, Yaponiya, İsrail, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Misir, Pakistan, Ukrayna, Gürcüstan, çexiya, Slovakiya, Avstriya, Qazaxıstan, özbəkistan, Rumıniya, Latviya, Belorus, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Tacikistan və sair kimi ölkələrlə birbaşa təhsil əlaqələri mövcuddur. Həmin ölkələrlə beynəlxalq əməkdaşlığımız Azərbaycanın milli maraqlarına və ölkə Prezidenti tərəfindən müəyyən olunmuş xarici siyasət strategiyasına uyğun həyata keçirilir.

Qeyd etmək lazımdır ki, yalnız son bir neçə ildə Türkiyə, Rusiya, Gürcüstan, çin, İran, Misir, Avstriya, Pakistan, Qazaxıstan, özbəkistan, Rumıniya, Cənubi Koreya, Latviya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt, Tacikistan kimi ölkələrlə təhsil sahəsində əməkdaşlıq haqqında saziş və protokollar imzalanmışdır.

Hazırda Azərbaycanla Türkiyə Respublikası arasında təhsil sahəsində çoxtərəfli və inkişaf etmiş əlaqələr mövcuddur. Türkiyə ilə Azərbaycanın bu sahədəki əməkdaşlığı məzmun və miqyasına görə digər ölkələrlə müqayisədə çox geniş spektri əhatə edir.

Belə ki, ötən 18 il ərzində iki qardaş ölkə arasında təhsil sahəsində çoxtərəfli əməkdaşlığı həyata keçirmək üçün lazımi hüquqi baza yaradılmışdır. 1992-ci ildə Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi ilə Türkiyə Respublikası Milli Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq barədə Müqavilə, 1994-cü ilin fevralında Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında elm, texnika, sosial, mədəni və iqtisadi sahələrdə əməkdaşlıq Müqaviləsi, 1997-ci ilin martında Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Milli Təhsil Nazirliyi arasında təhsil və elm sahələrində əməkdaşlıq Protokolu imzalanmışdır. Bu sənədlərdə təhsilin müxtəlif sahələri üzrə əməkdaşlığı, o cümlədən qarşılıqlı tələbə mübadiləsini təmin edən müddəalar öz əksini tapmışdır.

Bununla yanaşı, həmin sənədlərdə Azərbaycan ali məktəblərində verilən ixtisasların və diplomların Türkiyə tərəfindən tanınması məsələsi öz həllini tapmamışdı. Bu, sonrakı illərdə Azərbaycan ali məktəblərini bitirən Türkiyə vətəndaşlarının diplomlarının Türkiyənin müvafiq qurumları tərəfindən tanınmasında ciddi problemlərin yaranmasına səbəb olurdu. Türkiyə vətəndaşları yalnız öz ölkələrinin Ali Təhsil Şurası (YöK) tərəfindən tanınan ali məktəblərin müvafiq ixtisaslarında təhsil aldıqda belə problemlərlə rastlaşmırdılar. Məsələnin həlli, yəni Azərbaycanın ali məktəblərinin diplomlarının Türkiyə tərəfindən tanınması üçün hüquqi bazanın yaradılması son dərəcə zəruri idi.

Bu məsələ 1998-ci ilin noyabrında Türkiyədə imzalanmış "Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Milli Təhsil Nazirliyi və Ali Təhsil Şurası rəhbərliyi arasında təhsil və elm sahələrində əməkdaşlıq haqqında razılıq Protokolu"nda öz əksini tapdı və bununla da iki ölkə arasında tələbə mübadiləsində yeni bir mərhələnin əsası qoyuldu. Belə ki, bu Protokolun Türkiyə ilə təhsil sahəsində imzalanmış əvvəlki sənədlərdən əsas fərqi məhz türkiyəli gənclərin Azərbaycan ali məktəblərində təhsil alması və onların təhsil sənədlərinin Türkiyədə tanınmasının təsbit edilməsində idi. İmzalanmış protokola əsasən hüquq, beynəlxalq hüquq, tibb, inşaatla əlaqədar olan ixtisaslar istisna olmaqla, digər ixtisaslar üzrə diplomların tanınması o dövr üçün böyük bir uğur idi.

Protokolun daha bir əhəmiyyətli cəhəti ondan ibarət idi ki, bundan sonra Türkiyə tərəfinin Azərbaycana ayırdığı təqaüdlərin universitetlər və ixtisaslar üzrə bölgüsü Azərbaycan tərəfinin təklifləri əsasında formalaşmağa başladı. Həmin vaxtadək Türkiyəyə dövlət xətti ilə göndərilən tələbələr heç də həmişə respublikamız üçün gərəkli ixtisaslara uyğun təhsil almırdılar. Yəni göndərilən tələbələrin təhsil alacaqları ixtisaslar və ali məktəblər Türkiyənin Ali Təhsil Şurası (YöK) tərəfindən müəyyən olunurdu. Buna görə də qeyd olunan prinsipin tətbiqi ayrılan yerlərdən daha səmərəli istifadəni və ölkəmiz üçün zəruri ixtisaslar üzrə kadr hazırlığını təmin etmiş oldu.

Protokolda həmçinin orta və ali məktəb müəllimlərinin mübadiləsi, dərslik və nəşriyyat, türkdilli respublikaların ümumtəhsil məktəblərində tədris olunacaq tarix və ədəbiyyatla əlaqədar ortaq dərs vəsaitlərinin hazırlanması məsələləri öz əksini tapmışdı.

Qeyd olunan Protokol Azərbaycanda həyata keçirilən təhsil islahatlarına Türkiyə tərəfinin hərtərəfli yardım göstərməsi və bu sahədə faydalı əməkdaşlığın qurulması üçün də real zəmin yaradırdı. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyətinin 22 iyul - 4 avqust 1999-cu il tarixlərində Türkiyə Respublikasına növbəti səfərinin məqsədi Türkiyədə aparılan təhsil islahatlarının gedişi ilə tanış olmaq, bu ölkənin təcrübəsini yaxından öyrənmək idi. Həmin il Dünya Bankının texniki dəstəyi ilə Azərbaycanda orta təhsil sistemində islahatlara başlanmışdı. Bununla əlaqədar Qərb təhsil sisteminə inteqrasiya yolunda böyük uğurlar əldə etmiş Türkiyə təcrübəsinin öyrənilməsi mühüm əhəmiyyət daşıyırdı.

Artıq Türkiyə ilə təhsil əlaqələri qurulmuş, fəaliyyət üçün hüquqi əsas yaradılmışdı, ölkələrimiz arasında əməkdaşlıq daha da genişlənirdi. Türkiyə ilə təhsil sahəsində əməkdaşlıq tarixində xüsusi səhifələrdən biri də 2000-ci ilin dekabrında Türkiyə Respublikası Milli Təhsil Nazirliyi nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlıdır. Səfər zamanı həmin ildə Bakıda baş vermiş zəlzələ nəticəsində ziyan çəkmiş iki məktəbin təmirini Türkiyə Respublikası Milli Təhsil Nazirliyi öz üzərinə götürdü və sonradan Bakı şəhərindəki İncəsənət Gimnaziyası və Səbail rayonundakı 7 nömrəli orta məktəbin təmiri həyata keçirildi. Səfər zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Milli Təhsil Nazirliyi arasında təhsil və elm sahələrində əməkdaşlıq haqqında növbəti Protokol imzalandı. Bu Protokolda ali təhsil diplomlarının qarşılıqlı tanınmasında hələ də mövcud olan problemləri həll etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası (YöK) mütəxəssislərindən ibarət yaradılacaq Birgə Komissiyanın ildə bir dəfə Bakıda və ya Ankarada görüşməsi qərara alındı. Məhz həmin Protokola əsasən formalaşmış Birgə Komissiyanın fəaliyyəti nəticəsində Azərbaycan ali məktəblərinin müvafiq ixtisaslarının tanınması sahəsində müəyyən irəliləyişlərə nail olundu.

Protokola əsasən, azərbaycanlı gənclərin Türkiyənin ali məktəblərində dövlət xətti ilə təhsil almaları üçün Türkiyə dövləti hər il 150 yerin ayrılmasını nəzərdə tutdu və bu qərar indi də öz gücündədir.

Türkiyə tərəfi ilə təhsil sahəsində imzalanmış protokollara uyğun olaraq əməkdaşlıq istiqamətində görüləcək işlərin icrasına nəzarət, qarşılıqlı müzakirələrin aparılması, qarşıya çıxan problemlərin vaxtında həll edilməsi üçün müvafiq təkliflərin hazırlanması, iki ölkənin təhsil nazirlikləri arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə hər iki tərəfin nümayəndələrindən ibarət yaradılmış Daimi Komissiyanın bu günədək 8 iclası keçirilmişdir.

Onu da qeyd edim ki, Türkiyə Respublikası Ali Təhsil Şurası ilə əməkdaşlıq bizim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Belə ki, Türkiyənin xarici ölkə vətəndaşlarına ayırdığı təqaüdlərin universitetlər üzrə bölgüsü və yerləşdirilməsi, xarici ölkələrdə ali təhsil alanların təhsil sənədlərinin tanınması, yəni Türkiyə vətəndaşlarının xarici ölkələrin hansı ali məktəblərində hansı ixtisaslar üzrə təhsilinin tanınması kimi mühüm məsələlər məhz bu qurumun səlahiyyətləri çərçivəsində həll olunur. Ona görə də 1998-ci ildə imzalanmış üçtərəfli (Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Milli Təhsil Nazirliyi və Ali Təhsil Şurası (YöK)) razılaşmadan sonra Azərbaycan Təhsil Nazirliyi bu qurumla əlaqələrini daha da genişləndirməyə başlamışdı. Bu əməkdaşlıqda uğurlu addımlardan biri də 2005-ci ilin oktyabrında Türkiyə Ali Təhsil Şurasının (YöK) nümayəndə heyətinin Azərbaycana səfəri oldu. Nümayəndə heyəti ilə keçirilən görüşlər, aparılan müşahidələr və təhlillər nəticəsində aşağıdakı qərarlar qəbul edildi və 2006-2007-ci dərs ilində qüvvəyə mindi:

1.Bu vaxta qədər bir çox ixtisasları tanınan Azərbaycan Dillər Universitetinin avropaşünaslıq və beynəlxalq əlaqələr fakültəsi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin inşaat mühəndisliyi ixtisası əlavə olaraq tanındı.

2.Sumqayıt Dövlət Universitetinin filologiya, fizika və elektroenerji, kimya, mexanika-riyaziyyat və tarix fakültələrinin ixtisasları tanındı.

3.Azərbaycan Milli Konservatoriyasının tanınmış müxtəlif ixtisaslarına xüsusi imtahan nəticələrinə görə 55 türkiyəli tələbə üçün yer ayrıldı.

Türkiyədə təhsil alan həmvətənlərimizin təhsili ilə bağlı bütün məsələlərin həll edilməsi üçün müvafiq tədbirlərin görülməsi, onların təhsildə əldə etdikləri göstəricilərin təhlili və şərhi, təhsilalanların ali məktəblər, ixtisaslar və pillələr üzrə dəqiq statistikasının tərtib edilməsi və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunması, Təhsil Nazirliyinin Türkiyə Respublikası Milli Təhsil Nazirliyi, Ali Təhsil Şurası və digər əlaqədar qurumlarla koordinasiyanın təşkil edilməsi, Türkiyədə qəbul olunan qərarlar haqqında operativ şəkildə ölkəmizin Təhsil Nazirliyinə məlumat verilməsi, Türkiyənin müvafiq dövlət qurumlarının təşkil etdiyi tədbirlərdə iştirak etmək və müzakirə olunan məsələlərə dair Təhsil Nazirliyinin mövqeyinin bildirilməsi kimi funksiyaların yerinə yetirilməsi ilə bağlı Türkiyədə təhsil təmsilçimiz fəaliyyət göstərir. 2008-ci ildən təmsilçiyə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil attaşesi statusu verilmişdir. Eyni zamanda Türkiyənin Azərbaycandakı səfirliyində də təhsil üzrə müşavir fəaliyyət göstərməkdədir.

Hazırda Türkiyə universitetlərində azərbaycanlı tələbələr, əsasən, aşağıdakı ixtisaslar üzrə təhsil alıb və yaxud almaqdadırlar:

-bakalavr pilləsində: mühasibat, beynəlxalq əlaqələr, beynəlxalq iqtisadi əlaqələr, hüquq, türk dili və ədəbiyyatı, tibb, əczaçılıq, dövlət idarəçiliyi, kompüter mühəndisliyi, iqtisadiyyat, maliyyə, menecerlik, bank işi, xarici dillər, memarlıq, inşaat, sosiologiya, turizm və mehmanxana işi, idxalat və ixracat üzrə kommersant mütəxəssislər, sahibkarlığın iqtisadiyyatı, yüngül sənaye və yeyinti sənayesi texnologiyaları, meşəçilik, jurnalistika ixtisasları.

-magistratura və doktorantura pillələrində: yuxarıda göstərilənlərə həm də tibb uzmanlığı (ordinatura), ticarət hüququ, dövlət hüququ, mülki hüquq, sosial psixologiya, sənaye psixologiyası, iqtisadi inkişaf və beynəlxalq iqtisadiyyat, marketinq, insan ehtiyatları menecmenti, əməyin iqtisadiyyatı və sənaye əlaqələri, elektrik və elektronika mühəndisliyi, dəniz rabitəsi və mühəndis menecer, idarəetmə və təşkilatçılıq, molekulyar biologiya, ilahiyyat, müasir türk ləhcələri, fəlsəfə ixtisasları.

Sevindirici haldır ki, indi respublikamızın ali və orta məktəbləri, Xarici və Daxili İşlər nazirlikləri, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Konstitusiya Məhkəməsi, Milli Elmlər Akademiyası, digər dövlət qurumları və müəssisələrində çalışan mütəxəssislər arasında Türkiyə ali məktəblərinin çoxsaylı məzunlarına rast gəlmək olar. İxtisasca iqtisadçı və bank işçisi olanların müəyyən bir qrupu respublikamızda fəaliyyət göstərən dövlət və özəl banklarda çalışırlar. Bir qayda olaraq, həmin məzunlar yüksək peşəkarlığı və səriştəliliyi ilə fərqlənirlər. Türkiyə ali məktəblərinin tibb kadrlarının hazırlanması təcrübəsi xüsusi qeyd edilməlidir. Bu gün Azərbaycanın tibb müəssisələrində yüksək peşəkarlığı ilə fərqlənən həkimlərin əksəriyyəti məhz Türkiyənin ali məktəblərinin məzunlarıdır.

Türkiyə ilə yaradılmış səmərəli təhsil əlaqələrinin nəticəsidir ki, bu gün 2500-dən çox azərbaycanlı tələbə Türkiyədə təhsil alır ki, onlardan 600 nəfəri dövlət xətti ilə təhsil alanlardır. Eyni zamanda Azərbaycanın ali təhsil müəssisələrində 4500 türkiyəli tələbə təhsil almaqdadır.

Türkiyə ilə təhsil əlaqələri rəngarəngliyi ilə fərqlənir. Azərbaycan Dövlət Pedaqoji Universiteti müəllim hazırlığı sahəsində Türkiyənin Hacatəpə Universiteti ilə əməkdaşlıq əlaqələri yaratmışdır. Həmin universitetin professorları Azərbaycanda olmuş, təcrübə mübadiləsi sahəsində ADPU ilə birgə tədbirlər həyata keçirmişlər.

Azərbaycanda dərslik siyasətinə uyğun olaraq yaradılmış Dərslikləri Qiymətləndirmə Şurasının işinin təşkili, Şura tərəfindən yeni dərslik komplektlərinin qiymətləndirilməsi sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi bu sahədə işlərin daha səmərəli qurulmasına imkan verdi. Belə ki, təcrübə mübadiləsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Dərslikləri Qiymətləndirmə Şurasının nümayəndə heyəti bir neçə dəfə Türkiyə Milli Təhsil Nazirliyinin Təlim Tərbiyə Kurulunda olmuşdur.

Dərslik çapı ilə bağlı bir məqama toxunmaq istərdim. 1997-1998-ci illərdə Azərbaycanda kağız qıtlığı yarandığından dərslik çapı üçün ciddi təhlükə yaranmışdı. Türkiyənin köməyi olmasaydı, faktiki olaraq, şagirdlərin dərsliklə təminatı mümkün olmayacaqdı. Türkiyə tərəfi bu problemin həlli üçün Azərbaycana 247 ton kağızı humanitar yardım kimi ayırdı, nəticədə dərsliklərin, dərs vəsaitlərinin və məktəb sənədlərinin çapı həyata keçirildi.

Son illərdə Türkiyə ilə texniki peşə təhsili sahəsində də əməkdaşlıq əlaqələri yaranmışdır. Bu əməkdaşlıq Türkiyənin texniki peşə təhsili modelinin Azərbaycanda tətbiqi, Türkiyənin texniki peşə məktəbləri mütəxəssislərinin Azərbaycanın müvafiq təhsil müəssisələrində təcrübə mübadiləsinin təşkili, Azərbaycan şagirdlərinin Türkiyədə istehsalat təcrübəsinin təşkili və digər sahələri əhatə edir.

Hörmətli oxucular, Türkiyə ilə təhsil əlaqələrindən danışarkən "çağ" öyrətim İşlətmələri Şirkətinin liseylərinin Azərbaycanda fəaliyyətini xüsusi vurğulamaq lazımdır.

ümummilli lider Heydər Əliyevin 1991-ci il noyabrın 1-də Naxçıvanda imzaladığı tarixi sənədlə Azərbaycanda fəaliyyətə başlayan türk liseyləri ölkəmizin pedaqoji həyatında, eyni zamanda onun son 18 illik ictimai həyatında xüsusi yer tutur. Heydər Əliyevin həmin tarixdə atdığı imza son onilliklər ərzində Türkiyədə formalaşmış yeni, milli və ümumbəşəri pedaqoji dəyərlərə malik təhsil təcrübəsinin Azərbaycanda yayılmasına səbəb olmuşdur. 1991-ci il Azərbaycan tarixində ağrılı-acılı səhifələri ilə yanaşı, həm də çox mühüm hadisələrlə zəngindir. Həmin ilin payızında Azərbaycan öz müstəqilliyini bərpa etmək haqqında tarixi bəyannaməsini dövlət səviyyəsində elan etmiş, Azərbaycanla Türkiyəni bir-birinə bağlayacaq maarif körpüsünün, əməkdaşlıq körpüsünün təməli qoyulmuşdur. İllər keçəcək, nəsillər bir-birini əvəz edəcək, gələcək nəsillər müştərək tariximizin bu şanlı səhifələrini vərəqlədikcə, onun müəllifini həmişə xatırlayacaq, bu işdə iştirak edənləri, onu inkişaf etdirənləri minnətdarlıqla yad edəcəklər.

"çağ" öyrətim İşlətmələri Şirkətinin Azərbaycanda fəaliyyəti, onun bu günə kimi keçdiyi yol ölkə ictimaiyyətinin daim diqqət mərkəzində olmuşdur. Azərbaycan məktəblisini beynəlxalq fənn olimpiadalarında ilk dəfə təmsil edən və təhsil sahəsində ölkəyə ilk beş medalı qazandıran da məhz "çağ" liseylərinin şagirdləri olmuşdur. Bu gün həmin təhsil müəssisələrinin müxtəlif bilik yarışlarından Azərbaycana gətirdiyi medalların sayı 200-ü keçmişdir.

Onların iştirak etdikləri olimpiadaların coğrafiyası isə hər il daha da genişlənir. Bu şagirdlər indiyədək 40-a yaxın ölkədə Azərbaycanı təmsil etmiş və qələbələr qazanmışlar. Həmin ölkələrin ictimaiyyəti Azərbaycanın adını eşitmiş, onun bayrağını, himnini tanımışlar, bu xalqın övladları ilə təmas qurmuşlar. Həmin ölkələrin mətbuatı, radiosu, televiziyası onlardan bəhs etmişdir, İnternet saytlarına Azərbaycanın adı və qələbəsi düşmüşdür. Artıq böyük dövlətlər bu beynəlxalq yarışlarda Azərbaycana ciddi rəqib kimi baxırlar. Məktəblilərimiz hər bir olimpiadaya gedərkən özləri ilə Azərbaycanı tanıdan rəmzlər aparır, Azərbaycanı təbliğ edirlər.

"çağ" öyrətim İşlətmələri Şirkəti, nəzdində olan uşaq bağçası, on iki ümumtəhsil məktəbi, on ali təhsilə hazırlıq kursu, bir universiteti ilə təhsilimizin müasir standartlara uyğunlaşdırılmasında və dünya təhsil sisteminə inteqrasiya olunmasında, azərbaycanlı gəncərin yetişdirilməsində öncül rol oynamışdır və hazırda da bu istiqamətdə fəaliyyətini uğurla davam etdirməkdədir. Şirkətin təhsil müəssisələri Azərbaycana yeni təhsil modeli gətirməklə yanaşı, təlim prosesində ən müasir texnologiyaların tətbiqi sahəsində də nümunə olmuşdur.

Şirkətin ümumtəhsil məktəbləri məzunları dünyanın 30-dan çox ölkəsində ən nüfuzlu universitetlərdə təhsil alır, təhsil aldıqları xarici ölkələrdə Azərbaycanı ləyaqətlə təmsil edirlər. Eyni zamanda Azərbaycanın ali məktəblərinə qəbul zamanı, bir qayda olaraq, həmin məzunlar yüksək nəticələr nümayiş etdirirlər. Ən başlıcası isə bu məzunlar Azərbaycanın dövlət strukturlarında, beynəlxalq təşkilatlarda, ölkəmizin səfirliklərində yüksək vəzifələr tutmaqla yanaşı, dünyanın nüfuzlu universitetlərində də böyük uğurla fəaliyyət göstərirlər.

"çağ" öyrətim İşlətmələri Şirkəti Azərbaycanın təhsil həyatında bir çox yeniliklər etmişdir. Məsələn, şirkətin liseyləri ilk dəfə Azərbaycanda yeni formada Bilik bayramı, bilik sərgiləri keçirmiş, bu tədbirlərə digər nazirlik, idarə və təşkilatları cəlb etmişlər. Həmin sərgilər təkcə Azərbaycanla məhdudlaşmamış, beynəlxalq miqyas almış və 2008-ci ildə ilk dəfə 16 xarici ölkənin iştirakı ilə beynəlxalq fənn olimpiadasına çevrilmişdir.

Şirkətin "Qafqaz" Universiteti beynəlxalq standartları cəsarətlə tətbiq edir. Mən bu universitet haqqında həmişə yüksək fikirdə olmuşam, bu gün də həmin fikirdə qalıram. "Qafqaz" Universiteti təmiz, saf və sağlam universitetdir. Burada sağlam ab-hava hökm sürür, üstəlik də universitet istər tədris, tərbiyə, istərsə də elmi fəaliyyətlə yanaşı, Azərbaycanın təbliği sahəsində çox böyük işlər görür. Onun keçirdiyi beynəlxalq konfranslar, xarici dillərdə nəşr etdiyi elmi əsərlər Azərbaycan üçün çox əhəmiyyətlidir.

Əlbəttə, bu məqalədə "çağ" liseylərinin bütün nailiyyətlərini sadalamaq fikrində deyiləm, yalnız diqqəti çox mühüm hesab etdiyim bir neçə məsələyə yönəltmək istərdim.

Bəziləri bu təhsil müəssisələrini "türk liseyləri" adlandırsalar da, mən bu fikirlə razı deyiləm. Bu məktəblər Azərbaycan Respublikası Təhsil Nazirliyinin verdiyi xüsusi icazə-lisenziya əsasında fəaliyyət göstərir, burada təhsilalanlar azərbaycanlılardır, təhsilverənlərin 80 faizindən çoxunu Azərbaycan vətəndaşları təşkil edir.

Şirkət bütün müəssisələri üçün əlverişli şərait yaratmış, Qubada yeni lisey binası, Lənkəranda hazırlıq kursu binası, Abşeronda universitet kompleksi inşa etmişdir. Bu gün ölkəmizin paytaxtında Bakı özəl Türk Liseyi üçün yeni kompleks inşa edilir. Gəncədə, Şamaxıda, Zaqatalada, Qaxda, Mingəçevirdə, Şirvanda, bir sözlə, bu müəssisələr üçün ayrılan hər bir binada əsaslı təmir və yenidənqurma işləri aparılmış, bütün müəssisələr ən son model və elektron tədris vəsaitləri ilə təmin edilmiş və müntəzəm olaraq yenilənir.

1992-93-cü tədris ilində Bakı Dövlət Universiteti ilə Türkiyə Dəyanət Vəqfi arasında imzalanmış Protokola əsasən universitetdə ilahiyyat fakültəsi fəaliyyətə başladı. Bundan əlavə, 1994-cü ildən Bakı Dövlət Universitetində Türkiyə Dəyanət Vəqfi tərəfindən maliyyələşdirilən ümumtəhsil məktəbi - lisey fəaliyyətə başladı. O zaman böyük fədakarlıqla açılmış bu təhsil müəssisəsi qısa müddətdə Azərbaycanın ən nümunəvi təhsil ocaqlarından birinə çevrilmişdir.

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 2000-ci ildən etibarən 6 buraxılışı olmuş, hər ilin elmi-statistik təhlillərinə görə həm respublika məktəbləri, həm də türk liseyləri arasında qabaqcıl yerləri tutmuş, hər il liseyin məzunları 100 faiz ali məktəblərə qəbul olmuş, onların 40 faizi qəbul imtahanlarında 600-dən çox bal toplamışdır. Məzunlar arasında ABŞ, Türkiyə, Rusiya, Ukraynanın universitetlərində ali təhsil alanlar var ki, bu da təhsilin keyfiyyətinin yüksək olmasından xəbər verir.

Liseyin yüksək nailiyyətləri bir sıra səbəblərlə bağlıdır. Səbəblərdən biri budur ki, respublikamızda uğurla həyata keçirilən təhsil islahatları liseyin fəaliyyətinə də öz təsirini göstərmiş, islahatların verdiyi imkanlardan istifadə etməklə liseyin fəaliyyətini yüksək səviyyədə qurmaq mümkün olmuşdur. Daha bir səbəb liseyin yuxarı siniflərində profilli təlimin tətbiqidir. Hər sinif üçün xüsusi tədris planı hazırlanmaqla təlim şagirdlərin maraq və meyilləri üzərində qurulur. Düşünürəm ki, əldə edilmiş nailiyyətlərin əsas səbəblərindən biri də liseyə şagird və müəllim qəbulu zamanı obyektivliyin və şəffaflığın təmin olunmasıdır.

Hazırda ölkəmizdə daha iki Azərbaycan - türk liseyi fəaliyyət göstərməkdədir. Onlardan biri dövlət müəssisəsi olan Bakı Türk Anadolu liseyidir. Bu təhsil müəssisəsi 1994-95-ci dərs ilindən Bakı şəhəri 174 nömrəli məktəbdə fəaliyyətə başlamış, 2000-ci ilədək məktəblə paralel işləmişdir. Həmin ildən 174 nömrəli məktəbin şagirdləri və müəllimləri digər məktəblərə köçürülmüşdür.

Digər lisey isə Türk Dünyası Araşdırmalar Vəqfinin özəl Bakı Atatürk liseyidir. Lisey 1992-ci ildə Bakı şəhəri 8 nömrəli məktəbdə fəaliyyətə başlamış, bir neçə aydan sonra şəhərin 133 nömrəli məktəbinə köçürülmüşdür, hazırda həmin məktəbin binasında fəaliyyət göstərməkdədir. Qeyd etmək lazımdır ki, bu liseylərin də ölkəmizin ümumi təhsil sistemində özünəməxsus təcrübələri vardır.

Azərbaycanla geniş təhsil əlaqələri olan ölkələrdən biri də Rusiya Federasiyasıdır. Qeyd etmək lazımdır ki, Azərbaycanın Rusiya ilə ümumilikdə əlaqələrinin, o cümlədən təhsil sahəsində əlaqələrinin tarixi çox qədimdir və bu əlaqələr Sovetlər Birliyi dövründə yüksək intensivliyi ilə səciyyələnirdi. İnkaredilməz faktdır ki, Azərbaycanda təhsilin və elmin inkişafında, güclü kadr potensialının formalaşmasında Rusiya ilə həmin əlaqələrin müstəsna rolu olmuşdur. Təsadüfi deyildir ki, hazırda Rusiya Federasiyasının ali təhsil müəssisələrində 5 mindən çox azərbaycanlı tələbə təhsil alır. Bu əlaqələr ölkəmizin müstəqilliyinin ilk illərində zəifləsə də, 1995-ci ilin iyununda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni və elmi əməkdaşlıq haqqında Sazişin imzalanması Rusiya-Azərbaycan əlaqələri tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Bu Saziş digər sahələrlə yanaşı, təhsil sahəsində əlaqələrin bərpa olunmasına da hüquqi əsas yaratmışdır.

Bu istiqamətdə atılan ilk addım 1997-ci ilin 13 iyun tarixində "Ticarət-iqtisadiyyat, elmi-texniki və mədəni sahələrdə əməkdaşlıq haqqında" Sazişin imzalanması oldu. Bu Saziş Moskva şəhəri ilə müxtəlif sahələrdə, o cümlədən təhsil, habelə tələbə mübadiləsi sahəsində əməkdaşlığın başlanılmasına təkan verdi. Sazişə uyğun olaraq 1997-1999-cu illər ərzində 140-dan çox azərbaycanlı gənc (1997-ci ildə 76, 1998-ci ildə 24, 1999-cu ildə 43 nəfər) Moskva şəhərinin ali məktəblərində müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildi. Hazırda onlardan bir qismi məzun kimi vətənə qayıtmış, 40 nəfər isə növbəti pillədə (ordinatura, aspirantura və doktorantura) təhsillərini başa vurmağa müvəffəq olmuşlar.

Məhz 2000-ci ildən başlayaraq Rusiyanın Təhsil Nazirliyi birtərəfli qaydada Azərbaycan vətəndaşları üçün məhdud sayda təqaüdlər ayırmağa başladı. Bu təqaüdlər hesabına 2000-ci ildə 8, 2001-ci ildə 12, 2002-ci ildə 31 tələbə Rusiyanın ali məktəblərində təhsil almağa göndərilmişdir. Lakin Moskva hökuməti ilə qeyd olunan razılaşma əsasında təhsil alan tələbələrdən fərqli olaraq bu tələbələrin təhsil və yaşayış xərcləri tamamilə Rusiya tərəfindən ödənilirdi. Ona görə də belə təqaüdlərin sayının artırılmasına ehtiyac duyulurdu. Bunun üçün iki ölkənin Təhsil Nazirlikləri arasında müvafiq hüquqi sənədin imzalanması zəruri idi.

Aparılan danışıqlar və əldə olunan razılaşma əsasında 2002-ci ilin fevralında Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər etmiş və Azərbaycanla Rusiyanın təhsil sahəsindəki əməkdaşlığını tənzimləyən iki mühüm sənəd imzalanmışdı:

- Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Rusiya Federasiyası Təhsil Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol;

- Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Rusiya Federasiyası Təhsil Nazirliyi arasında təhsil sənədlərinin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Protokol.

Bu sənədlərin hər ikisi mahiyyətcə bir-biri ilə əlaqəli idi. Təhsil sənədlərinin qarşılıqlı tanınması sahəsində Protokol mübadilə proqramlarının həyata keçirilməsi üçün yarana biləcək çətinlikləri aradan qaldırırdı. Protokolda göstərildiyi kimi, onun müddəaları tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri, o cümlədən qanunvericiliyə uyğun səlahiyyəti olan digər dövlət müəssisələri tərəfindən verilmiş Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil edilirdi. Bu sənəd bütün təhsil pillələri üzrə verilən təhsil sənədlərinin qarşılıqlı tanınmasına hüquqi əsas verirdi. Belə ki, Protokolda aşağıdakı təhsil sənədlərinin qarşılıqlı tanınması ilə bağlı müddəalar əks olunmuşdur:

- əsas təhsil haqqında şəhadətnamə;

-tam orta ümumtəhsil haqqında attestat və ilkin peşə təhsili haqqında diplom;

-ilkin peşə təhsili haqqında diplom və kvalifikasiya haqqında şəhadətnamə;

-orta ixtisas təhsili haqqında diplom;

-dörd ildən az olmayaraq əyani təhsil aldıqdan sonra bakalavr dərəcəsini təsdiq edən ali peşə və ixtisas təhsili haqqında diplom;

-beş ildən az olmamaq şərtilə əyani təhsil aldıqdan sonra müvafiq olaraq mütəxəssis kvalifikasiyası verilməsini təsdiq edən ali peşə və ixtisas təhsili haqqında diplom;

-altı ildən az olmayan tam kursu bitirmək və həkim kvalifikasiyasının verilməsi haqqında diplom;

-magistr dərəcəsinin verildiyini təsdiq edən ali ixtisas və peşə təhsili haqqında diplom;

-ali təhsil proqramları üzrə təhsil almağa daxil olmuş, ancaq tam təhsil kursunu bitirməyən şəxslərə verilmiş sənədlər.

Rusiyanın Təhsil Nazirliyi ilə imzalanmış ikinci Protokol isə Rusiya ilə təhsil sahəsində geniş əməkdaşlığın qurulmasına əsas verirdi. Protokolda tərəflərin orta, ali və əlavə peşə təhsili sahəsində əməkdaşlığı inkişaf etdirəcəkləri qeyd olunurdu.

Protokola əsasən, Rusiya tərəfi Azərbaycana ayırdığı təqaüdlərdən əlavə, respublikamızın rus icmasının nümayəndələrinə də müəyyən sayda təqaüdlər ayırır. Tələbələrin seçilməsi, təhsil yerinə göndərilməsi və sair təşkilati işlər Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi vasitəsilə həyata keçirilir.

Protokolda təhsil sənədləri, elmi adlar və dərəcələrin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında hökumətlərarası sazişin hazırlanması və imzalanması sahəsində əməkdaşlıq da nəzərdə tutulurdu. Tərəflərin apardığı müvafiq iş nəticəsində ümummilli lider Heydər Əliyevin iştirakı ilə 2002-ci ilin sentyabrında Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sənədləri, elmi adlar və dərəcələrin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında hökumətlərarası Saziş imzalandı. Bütövlükdə Protokolun müddəalarının icrası ilə bağlı ayrı-ayrı tədbirlər həyata keçirildi və əməkdaşlıq bu gün də davam etməkdədir.

2006-2007-ci tədris ilinin göstəricilərinə görə Rusiyada Təhsil Nazirliyinin xəttilə təhsil alan Azərbaycan vətəndaşlarının sayı 170-i ötmüşdü. Qeyd edilməlidir ki, Rusiya ali məktəblərində bu ölkənin təqaüdləri hesabına təhsil alan tələbələrin sayı heç də həmin rəqəmlə məhdudlaşmırdı. Belə ki, müxtəlif nazirlik və komitələrin Rusiyadakı tərəfdaşları ilə imzaladığı razılaşmalar əsasında onlarca Azərbaycan vətəndaşı bu ölkənin ixtisaslaşmış ali məktəblərində təhsil alırdılar.

Rusiya Federasiyasında azərbaycanlı tələbələrin təqaüdlər hesabına təhsil almasının başqa bir yolu da universitetlərarası tələbə mübadilə proqramları əsasında reallaşırdı. Bakı Dövlət Universiteti ilə Moskva Dövlət Universiteti arasında əldə olunmuş razılaşma çərçivəsində tələbə, magistr və aspirantların Rusiyanın bu nüfuzlu təhsil ocağına göndərilməsi buna misaldır.

2008-ci ilin yanvarında Rusiyanın ən nüfuzlu ali təhsil müəssisəsi olan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakıda filialının açılması da Rusiya-Azərbaycan təhsil əlaqələrinin uğurlu inkişafının nəticəsi hesab edilməlidir. Düşünürəm ki, bu təhsil müəssisəsi rəqabətqabiliyyətli kadrların hazırlanması prosesinə öz töhfəsini verəcəkdir.

Bunlarla yanaşı qeyd etmək lazımdır ki, ölkəmizin digər ali məktəbləri də Rusiyanın müvafiq ali məktəbləri ilə əməkdaşlıq əlaqələri yaratmışlar. Bir çox orta məktəblərimiz Rusiyanın orta məktəbləri ilə birbaşa əlaqələr yaratmış və birgə layihələr həyata keçirməkdədirlər.

Rusiyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə hər il 40-50 rus dili və ədəbiyyatı müəllimi Rusiyada ixtisasartırma təhsilinə cəlb olunur, son illərdə bu kursların Azərbaycanda təşkil edilməsi üçün hazırlıq işləri həyata keçirilir.

Moskva hökumətinin dəvəti ilə Azərbaycan məktəblilərinin Rusiyaya səfərlərinin təşkili sahəsində artıq ənənə yaranmışdır. Hər il 50-dək azərbaycanlı məktəblinin Moskvaya səfəri təşkil edilir ki, bu da ölkələrarası əlaqələrin inkişafına xidmət edir.

Rusiya ilə təhsil əlaqələrindən bəhs edərkən Moskva şəhərində fəaliyyət göstərən 57 nömrəli Azərbaycan etnomədəni komponentli orta məktəbi xüsusi vurğulamaq lazımdır. Bu təhsil müəssisəsi müxtəlif millətlərə məxsus şagirdlərin təhsilini təşkil etməklə yanaşı, Azərbaycanın milli dəyərləri və ənənələrinin təbliği sahəsində də səmərəli fəaliyyət göstərir, iki ölkə arasında təhsil əlaqələrinin inkişafında körpü rolunu oynayır. Onu da qeyd edim ki, hər dərs ilində həm bu məktəb, həm də Dağıstan məktəblərində təhsil alan soydaşlarımız dərslik və dərs vəsaitləri ilə təmin edilirlər.

2009-2010-cu tədris ilindən başlayaraq Rusiyanın Təhsil və Elm Nazirliyi Rusiyanın Azərbaycandakı səfirliyi ilə birlikdə Azərbaycanın 50 məktəbində rus dilinin intensiv tədrisi layihəsinə başlamışdır. Gələcəkdə onun əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulur. 

(Ardı var)  

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri, fizika-riyaziyyat

elmləri doktoru, professor

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEVV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
15 Yanvar 2010 - ¹02
Rəsul Rzanın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransının yekunları barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Ali məktəblər üçün "Beynəlxalq hüquqda fəxri konsul institutu" dərsliyinin təqdimatı olub
 
Yaponiya hökumətinin ayırdığı qrantlar hesabına
 
Peşə təhsilinin kurikulumlarının hazırlanmasına dair seminar
 
Məktəblilərin fənn olimpiadasının II rayon (şəhər) mərhələsi keçirildi
 
NDU-da yubiley tədbiri keçirildi
 
Ali məktəblərdə qış imtahan sessiyası davam edir
 
BDU-da imtahanların gedişinə QHT-lər nəzarət edirlər
 
ADPU-da imtahanlar İKT-nin tətbiqi ilə aparılır
 
AMİ-də "Açıq qapı günləri" elan edilib
 
Kurikulum islahatı zamanın tələbidir
 
Akademik Zərifə Əliyeva adına orta məktəbdə İngilis dilinin Onlayn tədrisi (ETTO) layihəsinin təqdimatı olub
 
Ali təhsildə maliyyələşdirmə mexanizmlərinə dair seminar
 
İnteraktiv təlim metodlarının tətbiqinin bəzi cəhətləri
 
Dünya universitetləri: İsveçrə Federal Texnologiya İnstitutu
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə;
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov