Ölkənin pedaqoji kadrlar hazırlayan ən böyük ali
təhsil müəssisəsi olan Azərbaycan Dövlət
Pedaqoji Universitetində semestr və dövlət
imtahanları artıq üçüncü ildir ki, yeni qaydada,
İKT-dən istifadə olunmaqla aparılır.
Universitetin tədris-metodika şöbəsinin müdiri,
dosent Namiq Hacıyevdən aldığımız məlumata görə
universitetdə builki qış sessiyasının
imtahanlarını da əyani şöbənin tələbələri
kompüterlərlə verirlər. Universitetdə 180 ən
müasir kompüterlə təchiz olunmuş 5 zal var.
İmtahanlar hər gün 2 növbədə (saat 9.00-dan
13.00-a və 14.00-dan 18.00-a qədər) olmaqla bu
zallarda aparılır. Hər bir tələbənin kompüterə
müraciəti üçün şəxsi kodu vardır. Tələbə əvvəlcə
imtahan verəcəyi fənni seçir, bu zaman test
sualları və beş cavab variantı monitorda əks
olunur. Suallar 40 dəqiqə ərzində
cavablandırılır və tələbə verdiyi cavablara
əsasən neçə bal topladığını bilir. Sonra
kompüter balı ilə semestr boyu toplanan ballar
cəmlənərək yekun qiymət müəyyənləşdirilir.
Təlimata əsasən bütün kafedralarda əyani şöbə
üzrə imtahan testləri hazırlanaraq bankda
yerləşdirilmişdir. Bankda hər bir fənn üzrə belə
testlərin sayı 500-dən, bir sıra fənlər üzrə isə
hətta 1000-dən çoxdur.
İmtahanlarda obyektivliyi və şəffaflığı təmin
etmək üçün ictimaiyyətlə sıx əlaqə saxlanılır.
KİV nümayəndələri, valideynlər istənilən vaxt
imtahanları izləyə bilərlər. Valideynlər
övladlarının necə imtahan verməsini hətta
universitetə gəlmədən İnternet vasitəsi ilə də
öyrənə bilərlər.
öz qiymətlərindən narazı qalan neqativ hallarla
üzləşən tələbələr, ilk növbədə, fakültə
apelyasiya komissiyasına müraciət edir. Əgər
verilən cavab onları qane etməsə, onda
universitet üzrə münaqişə komissiyasına
müraciət olunur. Müraciətlərə çevik baxılır,
araşdırılır və cavablandırılır.
Y.ƏLİYEV |