Artıq bir neçə gündür ki, ölkəmizin ali və orta
ixtisas təhsil müəssisələrində 2009-2010-cu
tədris ilinin qış imtahan sessiyası başlanıb.
Təkcə təhsil sahəsində çalışanların deyil, geniş
ictimaiyyətin belə həmişə diqqət və maraqla
izlədiyi yay və qış imtahan sessiyalarının
yüksək səviyyədə təşkili və obyektiv keçirilməsi
üçün son illər Təhsil Nazirliyi tərəfindən bir
çox məqsədyönlü tədbirlər həyata keçirilib.
Həmin tədbirlər builki qış imtahan sessiyası
dövründə də davam etdirilib. Hələ sessiya
başlamazdan xeyli öncə - ötən il dekabrın 18-də
təhsil naziri "Ali və orta ixtisas təhsili
müəssisələrində qış imtahan sessiyasının təşkili
və keçirilməsi haqqında" əmr imzalayıb. Həmin
əmrlə qış imtahan sessiyasının mövcud normativ
sənədlər əsasında təşkil olunmasını, şəffaflığın
və ictimai nəzarətin gücləndirilməsini təmin
etmək, imtahan qərargahları, "qaynar xətlər"
yaratmaq, onların fəaliyyətləri barədə
ictimaiyyətə mütəmadi məlumat vermək ali və orta
ixtisas təhsili müəssisələrinin rəhbərlərinə
tapşırılıb. Təhsil Nazirliyi ilə birgə
qeyri-hökumət təşkilatlarının da imtahan
sessiyasının gedişinə nəzarəti həyata
keçirmələri təmin olunub. Ali təhsil
müəssisələrinin rəhbərləri ilə yanvarın 7-də
Təhsil Nazirliyində keçirilmiş müşavirədə qış
imtahan sessiyasının keçirilməsi barədə ayrıca
məsələ müzakirə olunub.
Hazırda davam etməkdə olan qış imtahan
sessiyasının təşkili və gedişi vəziyyəti ilə
tanış olmaq üçün üç ali məktəblə əlaqə saxladıq.
öyrəndik ki, sessiyanın yüksək səviyyədə
keçirilməsi, bu zaman obyektivliyin və
şəffaflığın təmin olunması, baş verə biləcək
nöqsanların, neqativ halların qarşısının
alınması üçün ali məktəblərdə konkret tədbirlər
həyata keçirilib.
Y.ƏLİYEV |