|
Yerləşir: |
ABŞ, Merilend ştatı, Baltimor |
|
|
Yaranma tarixi: |
1876-cı il |
Tipi: |
Özəl |
Rektoru: |
Ronald Daniels |
İşçi heyəti: |
15000 nəfər |
Tələbələrin sayı: |
4744 nəfər |
Aspirantların sayı: |
14275 nəfər |
Rəsmi saytı: |
www.jhu.edu |
Con Hopkins Universiteti (Johns Hopkins
University) ABŞ-ın Merilend ştatında - Baltimor
şəhərində yerləşən özəl elmi-tədqiqat mərkəzidir.
Universitetin Merilend ştatında salınan
şəhərciklərindən əlavə, Vaşinqtonda, Kolumbiyada,
İtaliyada, çində və Sinqapurda da kampusları
mövcuddur. Con Hopkins Universiteti Amerika
Universitetləri Assosiasiyasının 14 üzvündən
biridir. "QS-World Rankings" jurnalının hər il
apardığı dünya universitetlərinin reytinqinə
əsasən, 2009-cu ildə Con Hopkins Universiteti
100 ən yaxşı ali məktəb arasında 13-cü yerdə
sıralanıb. 2009-cu ilin martından Ronald Daniels
universitetə prezident təyin edilib.
Universitetin 33 məzunu Nobel mükafatına layiq
görülüb.
Tarixi
1873-cü ildə xeyriyyəçi Con Hopkins varisi
olmadığından öz var-dövlətini universitet və
xəstəxana tikintisinə sərf etməyə qərar verir və
bu məqsədlə vəsiyyətnaməsində 7 milyon dollar
ayrılmasını qeyd edir. ABŞ tarixində bu, ən
böyük məbləğdə xeyriyyə vəsiyyətnaməsi olur.
Beləliklə, 22 fevral (Corc Vaşinqtonun anadan
olduğu gün) 1876-cı ildə yaradılan ali təhsil
ocağına Con Hopkins Universiteti adı verilir.
Universitetin ilk prezidenti Daniel Koyt Gilman
olub. Yarandığı gündən təhsil ocağının məqsədi
elmi tədqiqatların rəğbətləndirilməsi, elmin
inkişafında müstəsna xidmətləri olan alimlərin
maddi vəziyyətlərinin yüksəldilməsidir.
Con Hopkins Universiteti Vilhelm fon Humbolt,
Fridrix Ernst Şleyermaxer tərəfindən hazırlanmış
alman modelini birinci tətbiq edən ABŞ ali
məktəbidir. İlk dəfə bu universitetdə
mühazirələrlə birgə seminarlar keçirilib. Con
Hopkins Universitetində diplomdan sonrakı
təhsilin inkişafına böyük əhəmiyyət verilir.
Universitet doktorluq dissertasiyalarını
çoxsaylı elmi jurnallarda, eləcə də 1878-ci ildə
yaradılmış Con Hopkins Universiteti mətbuatında
("Con Hopkins Universiteti qəzeti", "Con Hopkins
jurnalı", "Bölmə nəşrləri", "Yeniliklər
buraxılışı") nəşr etdirən ABŞ-ın ilk ali təhsil
ocağıdır.
1889-cu ildə burada Con Hopkins Hospitalının
tikintisi başa çatır. 1893-cü ildə Tibb Məktəbi
yaradılır və məktəb qızlarla oğlanların birgə
təhsil aldığı ilk tibb məktəbi kimi tarixə düşür.
Tibb sahəsini inkişaf etdirmək məqsədilə Uilyam
Osler, Uilyam Halsted, Hovard Kelli, Uilyam Uelç
kimi dünyada tanınmış müəllimlər Tibb Məktəbinə
dəvət olunurlar.
1909-cu ildə universitetdə təhsilin davam
etdirilməsi proqramı qəbul edilib, 1916-cı ildə
isə burada ölkədə ilk İctimai Səhiyyə Məktəbi
açılıb. 1950-ci ildə Vaşinqtonda universitetin
Nitsşe Beynəlxalq Tədqiqatlar və 1977-ci ildə
Baltimorda Pibodi İnstitutu yaradılıb.
Universitet bu gün
Con Hopkins Universitetinin əsas kampusu Homvud
adlanır. Kampusun Şərqi Baltimorda yerləşdiyi
140 hektarlıq ərazi 1900-cü ildə əldə olunub.
Kampusdakı bütün tikililər qırmızı kərpic və ağ
mərmərdən inşa edilib, onlar gözoxşayan görünüşə
malikdirlər. Hazırda bu binalar tarixi abidə
hesab olunur və dövlət tərəfindən qorunur.
Kampusun yaxınlığında Baltimor İncəsənət Muzeyi
yerləşir. Homvudun ərazisində məşhur Deker bağı
vardır. Əvvəllər Botanika bağı adlanan və
biologiya kafedrasının əməkdaşları tərəfindən
istifadə olunan bu bağ hazırda estetik
məqsədlərə xidmət edir. Homvudda yerləşən Kosmik
Teleskop Elmi İnstitutu universitetin ən böyük
rəsədxanalarındandır. Bu institut Habbl
teleskopu vasitəsilə məlumatlar toplayır, onları
analiz və idarə edir.
Con Hopkins Universitetinin nəzdində aşağıdakı
məktəb və institutlar fəaliyyət göstərir:
Zenvil Kriger İncəsənət və Elmlər Məktəbi -
universitetin əsas institutudur, tələbələrə
60-dan çox ixtisas üzrə proqram təklif edir. Bu
məktəb Homvud kampusunda yerləşir.
Uaytinq Mühəndislik Məktəbi - Homvudda yerləşir,
tələbələrə yalnız mühəndislik proqramları təklif
edir.
Təhsil Məktəbi - 1909-cu ildə biznes və təhsil
üzrə ixtisaslaşmış məktəb kimi yaradılıb,
2007-ci ildən biznes və təhsil bölmələri ayrılıb
və iki müxtəlif məktəblər yaranıb.
Tibb Məktəbi - Şərqi Baltimorda universitetin
Tibbi İnstitutlar kampusunda, Con Hopkins
Hospitalının yanında yerləşir. Bu məktəb
dünyanın ən yaxşı tibb məktəbi və biotibbi
tədqiqat mərkəzi kimi tanınır.
Tibb Bacısı Məktəbi - Con Hopkins Hospitalının
və Tibb Məktəbinin yaxınlığında yerləşir.
Blumberq İctimai Səhiyyə Məktəbi - 1916-cı ildə
yaradılıb, dünyanın ən böyük səhiyyə
məktəblərindəndir. ABŞ-ın "U.S. News & World
Report" jurnalı tərəfindən dünyanın bir nömrəli
ictimai səhiyyə məktəbi adlandırılıb.
Keri Biznes Məktəbi - 2007-ci ildə yaradılıb və
Mərkəzi Baltimorda Maunt Vernonda yerləşir.
Pibodi İnstitutu - 1857-ci ildə yaradılıb,
Mərkəzi Baltimorda çarlz küçəsində yerləşir.
ABŞ-ın ən qədim konservatoriyalarından biri olan
bu institut 1977-ci ilədək Con Hopkins
Universitetinin bölməsi kimi fəaliyyət göstərib.
Hazırda institut müstəqil olaraq tələbə qəbul
edir və dərəcələr verir.
Paul Nitsşe Qabaqcıl Beynəlxalq Tədqiqatlar
Məktəbi - 1943-cü ildə yaradılsa da, 1950-ci
ildən Con Hopkins Universitetinin bir hissəsinə
çevrilib. Məktəb Vaşinqtondakı kampusda yerləşir,
beynəlxalq problemlər, münasibətlər, diplomatiya
və iqtisadiyyatın öyrənilməsi ilə məşğuldur. Bu
təhsil müəssisəsinin Boloniyada, İtaliyada,
Nankində və çində filialları fəaliyyət göstərir.
Tətbiqi Fizika Laboratoriyası - Merilend
ştatında Laurel şəhərində yerləşir, ABŞ-ın
Təhlükəsizlik Departamenti, NASA (Aeronavtika və
Kosmik Fəzanın Tədqiqatları üzrə ABŞ Milli
İdarəsi), dövlət və vətəndaş müəssisələrinin
məqsədləri üçün tədqiqatlar aparır. Bu
laboratoriya Con Hopkins tibb müəssisələri ilə
birgə 100-dən çox biotibbi qurğular yaradıb,
həmçinin Homvudda yerləşən Kosmik Teleskop Elmi
İnstitutu ilə sıx əlaqələr qurur.
Universitetin Tibbi İnstitutlar kampusunda Tibb
və Tibb Bacısı məktəblərindən başqa, Con Hopkins
Hospitalı, Con Hopkins Beyvyu Tibb Mərkəzi, Con
Hopkins Sinqapur Beynəlxalq Tibb Mərkəzi, Hovard
ümumi Dairə Hospitalı fəaliyyət göstərir.
Universitetdəki elmi-tədqiqat mərkəzlərindən Dil
və Nitq Mərkəzini, Con Hopkins Siyasi Elmlər,
Berman Biotexnika, Con Hopkins İnformasiyanın
Təhlükəsizliyi institutlarını qeyd etmək olar.
Con Hopkins Universitetinin əsas
xüsusiyyətlərindən biri burada təhsil alan
tələbələrin önəmli tədqiqatlarda fəal iştirak
etməsidir. Tələbələrin 80%-i oxuduqları 4 il
ərzində öz sahələri üzrə müstəqil tədqiqatlar
aparır. ümumiyyətlə, bu ali təhsil ocağı ABŞ-da
tədqiqatlara ən çox sərmayə qoyan
universitetlərdən biridir. Xüsusilə, universitet
mədəniyyət, musiqi, tarix, biologiya və təbii
elmlər, biotibbi texnika, yaradıcılıq, ingilis
dili, roman dilləri, iqtisadiyyat, beynəlxalq
tədqiqatlar, tibb, nevrologiya, xəstələrə qulluq,
səhiyyə, siyasi nəzəriyyə sahələri üzrə əldə
etdikləri nailiyyətləri ilə fəxr edir.
1999-2009-cu illər ərzində Con Hopkins
Universiteti dünyada ən çox məqalələri çap
olunan tədqiqat mərkəzləri siyahısındadır
(Harvard Universiteti və Maks Plank
Cəmiyyətindən sonra üçüncü yerdə).
Con Hopkins Universitetinin məşhur məzunları:
|
Madlen Olbrayt |
ABŞ-ın sabiq dövlət katibi |
|
|
Spiro Eqnyu |
ABŞ-ın vitse-prezidenti |
|
|
Aniş Çopra |
ABŞ-ın baş texnologiya rəisi |
|
|
Enn Dersi |
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri |
|
|
Nikolas Börns |
ABŞ dövlət katibinin siyasi işlər üzrə
müavini |
|
|
İbrahim Qəmbəri |
BMT Baş katibinin müavini |
|
|
Lourens Di Rita |
Pentaqonun məruzəçisi |
|
|
Devid Yakobson |
ABŞ-ın Kanadadakı səfiri |
|
|
Məhəmməd Zubair Xan |
Pakistanın sabiq ticarət naziri |
|
|
Hans Huqervorst |
Niderlandın səhiyyə naziri |
|
|
Uanq Cuancya |
Çinin
BMT-dəki səfiri |
|
|
Piter Aqr |
kimya üzrə Nobel mükafatı laureatı |
|
|
Ceyms Frank |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Riçard Aksel |
tibb üzrə Nobel mükafatı laureatı |
|
|
Pol Qrinqard |
tibb üzrə Nobel mükafatı laureatı |
|
|
Jozef Olencer |
tibb üzrə Nobel mükafatı laureatı |
|
|
Hamilton Smit |
tibb üzrə Nobel mükafatı laureatı |
|
|
Tomas Morqan |
tibb üzrə Nobel mükafatı laureatı |
|
|
Robert Foqel |
iqtisadiyyat üzrə Nobel mükafatı
laureatı |
|
|
Merton Miller |
iqtisadiyyat üzrə Nobel mükafatı
laureatı |
|
|
Herbert Spenser |
psixologiya üzrə Nobel mükafatı laureatı |
|
|
Codi Uilyams |
sülh üzrə Nobel mükafatı laureatı |
|
Con Hopkins Universitetinin kitabxana sistemi
3,6 milyon cilddən çox kitaba malikdir.
Universitetin əsas kitabxanaları Homvud
kampusunda yerləşən Şeridan və Milton Eyzenhauer
kitabxanalarıdır. Milton Eyzenhauer kitabxanası
(tələbələr tərəfindən "MSE" adlandırılır) 2,6
milyon cilddən çox kitaba, 20 min jurnala
malikdir. Kitabxanaya ABŞ-ın sabiq prezidenti
Duayt Eyzenhauerin qardaşı, universitetin
prezidenti olmuş Milton Eyzenhauerin adı verilib.
Qeyd edək ki, Miltonun Con Hopkins
Universitetində prezidentliyi zamanı təhsil
ocağı sürətlə inkişaf edib, universitetin
gəlirləri üç dəfə artıb, geniş tikinti-quruculuq
işləri aparılıb. Universitetin inkişafı üçün
gördüyü işlərə görə Milton Eyzenhauer "fəxri
prezident" adına layiq görülüb.
Universitetin başqa kampuslarında yerləşən
kitabxanalardan tibb sahəsi üzrə Uiliyam Velç,
Tibb Tarixi İnstitutu, Adolf Meyer, Beyvievdə
Harold Harison, Cons Fridenvold Memorial (Uilmer
Göz İnstitutu), Karol Qrey Tibb Bacısı Resurs
Mərkəzi, Abraham Laylinfild, Keri Biznes
Məktəbinə aid Kolumbiya,Vaşinqton, Dauntaun
Mərkəzi, Qabaqcıl Beynəlxalq Tədqiqatlar
Məktəbinin R.Sidney və V.Elza Mason, Boloniya
Mərkəzi, Con Vork Cerret, JSkolarşip
kitabxanalarını, Alan Mason çisni Tibb,
Ferdinand Hamburger Universitet, Pibodi
İnstitutu arxivlərini qeyd etmək olar.
Dünyanın başqa universitetlərində olduğu kimi,
Con Hopkins Universitetinin tələbələri də
buradakı yataqxanalarda yaşayaraq təhsil
alırlar. Lakin bu təhsil ocağında yataqxanalarla
tam təminat əsasən I-II kurs tələbələri üçün
nəzərdə tutulub.
Con Hopkins Universitetində təbiətin mühafizəsi
üzrə müxtəlif proqramlar həyata keçirilir,
elektriklə işləyən nəqliyyat vasitələri
yaradılır, suya qənaət edilir, təbii qidalara
üstünlük verilir və s. Tələbələr nəqliyyat
vasitəsi kimi velosipedlərdən istifadə edirlər.
Con Hopkins Universitetində hazırda 19000-dən
çox tələbə təhsil alır. Onların 4744-nü
bakalavr, 14275-ni aspirant və magistrlər təşkil
edir. Universitetdə 15000-dən çox
professor-müəllim heyəti çalışır. Con Hopkins
Universitetinin missiyası tələbələrə elm
öyrətməklə yanaşı, onlara həyat dərsi keçmək,
müstəqil tədqiqatlara sövq etmək, eləcə də elmə
dəyərli töhfələr verməkdir. Bu qədim ali təhsil
ocağının dünya elminin inkişafında əldə etdiyi
mühüm və əlamətdar yeniliklər danılmazdır.
Hazırladı:
Lamiyə ƏLİYEVA |