Noyabrın 24-də Azərbaycan Memarlıq və İnşaat
Universitetində "Metallar fizikasının müasir
problemləri" mövzusunda II respublika
elmi-praktik konfransı keçirilib.
Tədbirdə AzMİU-nun Elm və texnika işləri üzrə
prorektoru, professor Arif Şərifov bildirdi ki,
konfransa Almaniya, Fransa, Avstraliya, Türkiyə,
İran, Ukrayna, Rusiyanın görkəmli alimləri,
Azərbaycan universitetlərinin, AMEA-nın
institutlarının və H.Əliyev adına Azərbaycan Ali
Hərbi Məktəbinin professor və müəllimləri müasir
elmi yeniliklərə aid məruzələr göndəriblər.
Natiq konfransın əsas məqsədi barədə söz açaraq
respublikada yeraltı faydalı qazıntılardan
istifadə etməklə, müxtəlif sahələr üçün
tövsiyələr hazırlamaqdan, bunun üçün Daşkəsən
dəmir filizindən saf dəmir alıb onların kimyəvi
tərkibini, kristallıq quruluşunu, fiziki və
mexaniki vasitələrini tədqiq etməkdən ibarət
olduğunu, respublika zavodlarında polad
istehsalında həmin materiallardan istifadə
etməklə yeni yüksək keyfiyyətli materialların
alınmasının mümkünlüyündən danışdı.
Plenar iclasda çıxış edən AzMİU-nun fizika
kafedrasının müdiri, professor Tahir Pənahov
respublikada iqtisadi inkişafın sürətlə
getməsindən, ölkəmizdə təhsilə və elmə olan
xüsusi qayğıdan, mexanika və texnologiyanın
inkişafına xidmət edəcək müasir cihazlarla təmin
edilmiş vahid elmi tədqiqat mərkəzlərinin
yaradılmasının vacibliyindən bəhs etdi.
çıxışlarda elmin inkişafına və elmi nəticələrin
istehsalatda tətbiqinə dair məsələlərə
toxunuldu.
Konfransın işində Təhsil Nazirliyinin Elm
şöbəsinin baş məsləhətçisi Afət Sadıqova iştirak
edib.
Nizami MİRZƏ |