Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə
Gürcüstanın Təhsil və Elm Nazirliyi arasındakı
qarşılıqlı razılaşmaya əsasən, 24-25 noyabr
tarixlərində təhsil naziri Misir Mərdanovun
rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda
səfərdə olub.
Gürcüstanın Təhsil və Elm Nazirliyində keçirilən
görüşdə nazir Nika Qvaramiya nümayəndə heyətini
salamlayaraq ölkəsinin təhsil sistemi, burada
gedən islahatlar barədə ətraflı məlumat verib,
Azərbaycan Respublikası Prezidentinin Gürcüstana
daim diqqətlə yanaşması, Gürcüstandakı təlim
Azərbaycan dilində olan məktəblərin dərslik,
dərs vəsaiti və digər tədris ləvazimatları ilə
təminatına köməyi barədə söz açıb.
Azərbaycanın Respublikasının təhsil naziri Misir
Mərdanov Azərbaycanda təhsil sahəsində aparılan
islahatların nəticələrindən bəhs edib.
Gürcüstanın təhsil sistemində aparılan ciddi
dəyişiklikləri müsbət qiymətləndirən nazir
buradakı Azərbaycan məktəblərinin problemləri
barədə danışıb.
Noyabrın 25-də Azərbaycanın təhsil naziri Misir
Mərdanov və Gürcüstanın təhsil və elm naziri
Nika Qvaramiya ulu öndər Heydər Əliyevin Tbilisi
şəhərində ucaldılmış büstü önünə gül dəstələri
qoyublar. Sonra Tbilisi şəhərindəki 74 nömrəli
Azərbaycan və qonşuluqdakı gürcü məktəblərinin
müəllim və şagirdləri ilə görüşərək onların arzu
və təkliflərini öyrənən qonaqlar həmin tədris
ocaqları ilə yaxından tanış olub, məktəblərin
maddi-texniki təchizatı ilə maraqlanıblar.
Daha sonra qonaqlar Marneuli rayonundakı 3
nömrəli məktəbin Resurs Mərkəzində görüşdə
iştirak edib, ötən il orta və əsas məktəbləri
yüksək nailiyyətlərlə bitirmiş şagirdlərin
təltif olunması mərasiminə qatılıblar.
Sevindirici haldır ki, həmin məzunlardan qızıl
medala layiq görülən iki şagird azərbaycanlıdır.
Mərasimdə Azərbaycan Respublikasının təhsil
naziri çıxış edib, soydaşlarımızın uğurlarından
məmnun olduğunu bildirib.
Həmin gün Marneuli şəhərində yerləşən Heydər
Əliyev adına Gürcüstan - Azərbaycan Humanitar
Universitetində müəllim və tələbələrlə, Dmanisi
rayonu Donisi kənd Azərbaycan məktəbində,
Dmanisi şəhərində Heydər Əliyev Fondunun
köməkliyi ilə ərsəyə gələn kompüter mərkəzində,
gürcü dilinin intensiv tədrisi üzrə Resurs
Mərkəzində görüşlər davam etdirilib.
(Səfərlə bağlı geniş material qəzetimizin
növbəti nömrəsində dərc olunacaq). |