Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

27 Noyabr 2009 - ¹46

 

Laçın təhsilində dönüş

 

Rayon icra hakimiyyətində keçirilən "dəyirmi masa"da  bunun səbəbi təhsilə göstərilən qayğı ilə izah olundu 

Oxuculara vəd etdiyimiz kimi, redaksiyamız dövlətimizin təhsil siyasətinin həyata keçirilməsində rayon icra hakimiyyətlərinin rolunu, bölgələrdə icra strukturlarının təhsilə, təhsil işçilərinə göstərdikləri diqqət və qayğını işıqlandırmaq üçün qəzetimizin 16-cı sayından açılmış "Rayon icra hakimiyyəti və təhsil" rubrikası altında materialların dərcini davam etdirir. Bu mövzuda növbəti "dəyirmi masa" noyabrın 17-də Ağcabədi rayonundakı Taxtakörpü qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyətində oldu.  

 Rayon icra hakimiyyəti və "Azərbaycan müəllimi" qəzeti redaksiyasının birgə təşkil etdikləri "dəyirmi masa"da Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov, rayon təhsil şöbəsinin müdiri Şahlar Xəlilov, RTŞ metodmərkəzinin direktoru Fazil Mirzəyev, rayonun bir qrup qabaqcıl məktəb rəhbəri və müəllimi iştirak edirdilər. "Dəyirmi masa"nı "Azərbaycan müəllimi" qəzetinin şöbə redaktoru Y.Əliyev açdı:

- 10 ildən çoxdur ki, ölkəmizdə təhsil sahəsində vüsətli islahatlar həyata keçirilir. Təhsilin inkişafına prioritet vəzifə kimi yanaşan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə reallaşdırılan inkişafyönümlü proqramlar, dövlət başçısının, habelə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təhsilə göstərdikləri xüsusi diqqət və  qayğı nəticəsində son illər ölkəmizin təhsil sistemində çox böyük irəliləyişlər baş vermiş, mühüm uğurlar əldə olunmuşdur.

Təhsilin maddi bazasının yeniləşdirilməsi, tədris müəssisələrinin pedaqoji kadrlarla, yeni avadanlıqlarla, dərsliklərlə təminatı, yeni fənn kurikulumlarının, müasir təlim metodlarının, informasiya-kommunikasiya texnologiyalarının tədrisə tətbiqi və bir sıra digər istiqamətlərdə bölgələrimizdə də uğurlu addımlar atılmış, diqqətçəkən müvəffəqiyyətlər qazanılmışdır. Həmin işlərin yerlərdə əsas təşkilatçıları isə, ilk növbədə, rayon icra hakimiyyətləridir. Dövlətin təhsil siyasətinin yerlərdə həyata keçirilməsi, təhsil müəssisələrində əlverişli təlim mühitinin yaradılması, onların problem və çətinliklərinin aradan qaldırılması, rəhbər pedaqoji kadrlarla iş, məktəblərə, müəllimlərə qayğı hazırda rayon icra hakimiyyətlərinin fəaliyyətində vacib istiqamətləri təşkil edir. Bildiyimizə görə, son iki ildə bu istiqamətdə Laçın rayonunda da böyük işlər görülmüş, rayon təhsilində illərlə mövcud olmuş bir çox problemlər aradan qaldırılmış və ciddi uğurlar qazanılmış, nəticədə Laçın təhsilində müsbətə doğru böyük dönüş yaranmışdır.

"Dəyirmi masa"da məqsəd məhz bu məsələlər ətrafında müzakirələr aparıb toplanmış müsbət təcrübənin səbəblərini üzə çıxarmaq, onunla oxucularımızı da tanış etməkdir.

Ramiz Cəbrayılov (Laçın Rayon İcra Hakimiyyətinin başçısı):

- Mən, ilk növbədə, sizi salamlayır və Təhsil Nazirliyinin, "Azərbaycan müəllimi" qəzeti redaksiyasının "dəyirmi masa" tədbirini keçirmək üçün bizim rayonu məqsədəuyğun saymasını Laçın rayonuna, Laçın təhsilinə göstərilən diqqətin bir nümunəsi saydığımızı bildirirəm. Tədbirimiz rayonumuz üçün çox əlamətdar bir vaxtda keçirilir. Bu yaxınlarda qocaman təhsil ocaqlarımızdan biri olan Minkənd orta məktəbinin 120 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaqdır. Təhsilimizə böyük qayğı göstərən möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının şəxsən xeyir-duası ilə yubiley tədbirinin hazırlanmasına artıq start verilib. Yeri gəlmişkən qeyd edim ki, Ermənistanla sərhəddə yerləşən  bir kənddə məktəbin 120 illik yubileyi Azərbaycan tarixinin zənginliyindən, torpağımızın qədimliyindən, Laçın ziyalılarının böyüklüyündən xəbər verir.

Apardığımız qısa araşdırmalar göstərir ki, Minkənd məktəbinin məzunlarından 11 nəfəri elmlər doktoru, 17 nəfəri elmlər namizədidir. Hələ mən məktəbin dövlət qulluğunda, inzibati orqanlarda, təhsil sistemində rəhbər vəzifələrdə çalışan çoxlu sayda adlı-sanlı məzunlarını demirəm. Qarabağda torpaqlarımızın azad edilməsi uğrunda gedən savaşlarda şəhid olmuş Milli Qəhrəmanlarımızdan biri bu məktəbin məzunudur. Bir faktı da xüsusi qeyd edim ki, Azərbaycan Demokratik Cümhuriyyətinin fəaliyyətdə olduğu dövrdə ilk müstəqil dövlətimizin nazirlərindən ikisi - müdafiə naziri Xosrov bəy Sultanov və təhsil-səhiyyə naziri Şahsuvar Nurməmmədov da laçınlı olmuşlar. O dövrdə Bakı Dövlət Universitetinin yaradılmasına təşəbbüs göstərənlərdən biri olmuş Şahsuvar Nurməmmədov məhz 120 illik yubileyini qeyd etməyə hazırlaşdığımız Minkənd məktəbinin məzunu idi.

Hazırda ölkəmizdə bütün sahələrdə geniş islahatlar aparılır. Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu təhsil sahəsində islahat da möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında böyük uğurla davam etdirilir. Dövlət başçısının diqqət və qayğısı sayəsində son illər ölkəmizdə məktəb tikintisi geniş vüsət almışdır. Bu istiqamətdə qəbul olunmuş proqramlar çərçivəsində Laçın rayonunda da yeni məktəblərin tikilməsinə xüsusi diqqət yetirilir. Son 10 ildə laçınlı köçkün uşaqlar üçün 10 yeni məktəb binası, 48 əlavə sinif otağı tikilmişdir. Məktəblərimizin maddi-texniki bazasının möhkəmləndirilməsinə, onlarda bərpa və təmir işlərinin aparılmasına 2008-ci ildən başlayaraq daha ciddi fikir verilir. Əgər 1998-2007-ci illər ərzində rayonun cəmi 8 orta məktəbində əsaslı, 11 orta, 3 əsas və 1 ibtidai məktəbində cari təmir işləri aparılmışdırsa, büdcə vəsaiti hesabına 2007-ci ildə 8 orta, 5 əsas məktəbdə əsaslı, 7 orta, 4 əsas, 1 ibtidai məktəbdə, 1 uşaq bağçasında və rayon təhsil şöbəsinin inzibati binasında cari, 2009-cu ildə isə 9 orta və 3 əsas məktəbdə əsaslı, 3 orta, 3 əsas və 1 ibtidai məktəbdə cari təmir işləri görülmüşdür.

2008-ci ildə rayonun 46 nömrəli orta məktəbi üçün ABŞ səfirliyinin maliyyə dəstəyi ilə müasir tələblərə cavab verən yeni məktəb binası, 10 nömrəli orta məktəbdə 2, 11 nömrəli orta məktəbdə 6, Ağoğlan kənd orta məktəbində 1, Biləcəri əsas məktəbində 2 əlavə sinif otaqları tikilmiş, 2009-cu ildə Yaponiya səfirliyinin maliyyə yardımı ilə Vağazin kənd 1 nömrəli orta məktəbinin yeni binası inşa olunmuşdur.

Məktəblərin qızdırılması işində də dönüş yaradılıb. Onlar hər il lazımi miqdarda yanacaqla təmin olunur.

17 ildir ki, davam edən məcburi köçkün həyatı bütün sahələrdə olduğu kimi, təhsildə də böyük çətinliklər, problemlər yaradır. Hazırda Laçının əhalisi ölkənin 59 rayonunda məskunlaşıb. Həmin rayonların 32-də bizim məktəblər fəaliyyət göstərir. ölkənin demək olar ki, bütün ərazisinə səpələnmiş həmin məktəblərlə müntəzəm əlaqə saxlamaq, problemləri ilə maraqlanmaq, onların həllinə yardımçı olmaq asan məsələ deyil. Lakin biz bu çətinliklərin öhdəsindən gəlməyə çalışırıq. Son illərədək Laçın təhsilində məktəblərin şəbəkəsi və şagird kontingenti ilə bağlı çətin bir problemi həll etmiş, bu sahədə illərlə davam edən nöqsanlara son qoymuşuq. Məktəb şəbəkələrinin və şagird kontingentinin optimallaşdırılması,     və "üM-1" hesabat formalarının tərtibi və qəbulunda şəffaflığın təmin olunması sahəsində əldə etdiyimiz nəticələri böyük uğur kimi dəyərləndiririk.

Dövlətimiz, onun başçısı məcburi köçkün rayonlara, o cümlədən Laçına böyük diqqət və qayğı göstərir. Son bir ildə cənab Prezidentin sərəncamı ilə rayon üzrə 14 nəfər fəxri adlara və digər təltiflərə layiq görülüb. Təltif olunanların arasında müəllimlər çoxluq təşkil edir. Biz bunu cənab Prezident tərəfindən rayonumuza, onun sadə insanlarına göstərilən qayğı kimi qiymətləndiririk.

ötən il Laçın şəhərinin 85 illik yubileyinin Bakıda dövlət səviyyəsində qeyd edilməsini, eləcə də söhbətimizin əvvəlində qeyd etdiyim Minkənd məktəbinin 120 illik yubileyinə hazırlığı da ölkə başçısının laçınlılara qayğısının təzahürü hesab edirik.

Rayonda təhsilin səviyyəsinin, keyfiyyətinin yüksəldilməsinə ciddi fikir veririk. Tez-tez məktəblərdə olur, pedaqoji kollektivlərlə görüşlər keçiririk. çox sağ olsunlar, bu işdə Təhsil Nazirliyinin rəhbərliyi də bizə dəstək verir. ötən il dəvətimizlə təhsil naziri cənab Misir Mərdanov bizimlə birlikdə paytaxtın Buzovna və Binə qəsəbələrində yerləşən 2 orta məktəbimizdə -Quşçu kənd və 46 nömrəli orta məktəblərdə oldu. Nazir müavini İskəndər İskəndərov yeni dərs ilinin ilk günü qəsəbəmizdə oldu, buradakı məktəbə baş çəkdi. Bütün bunlar təhsil işçilərinə ilhamverici təsir göstərir, onları daha məsuliyyətlə çalışmağa, tədris-təlimin keyfiyyətini yüksəltməyə sövq edir.

Təhsil məsələləri rayon icra hakimiyyətinin yığıncaqlarında müntəzəm müzakirə olunur. Təhsilin keyfiyyətini hər vasitə ilə yüksəltməyi fəaliyyətimiz üçün hədəf götürdüyümüzdən bu işə kömək edən bütün təşəbbüsləri alqışlayır və həyata keçirilməsinə yaxından dəstək veririk. Bu işdə ziyalılarımızın gücündən istifadə edirik.  Son vaxtlar biz Minkənd məktəbinin 120 illik yubileyinə hazırlıq çərçivəsində maraqlı bir təşəbbüs irəli sürmüşük. ölkəmizin müxtəlif ali məktəblərində çalışan laçınlı alimləri həftədə bir dəfə rayonumuza dəvət edir, onlarla görüşlər keçirir və həmin alimlərin rayon məktəblərində nümunə dərsi keçmələrini təşkil edirik. İndiyədək bir neçə tanınmış alimlə belə görüşlər keçirilib. Xalqımızın görkəmli sənətkar alimləri, Musiqi Akademiyası və Milli Konservatoriyanın rektorları Fərhad Bədəldəyli və Siyavuş Kərimi müxtəlif vaxtlarda rayonumuzda olmuş, buradakı musiqi məktəbinin kollektivi ilə görüşmüşlər.

Bütün görülmüş tədbirlər şagirdlərə müsbət, ruhlandırıcı təsir göstərir, onlarda təhsilə, oxumağa marağı artırır, nəticə etibarı ilə təhsilin keyfiyyətinin yüksəlməsinə səbəb olur.

Şahlar Xəlilov (Laçın Rayon Təhsil Şöbəsinin müdiri, qabaqcıl təhsil işçisi):

- Məktəblərdə əlverişli təlim mühitinin yaradılması, onların dərsliklərlə, əyani tədris materialları ilə, kompüterlərlə təchiz olunması, kadr təminatı sahələrində də son illər görülmüş işlər nəticəsində vəziyyət xeyli yaxşılaşmışdır. Belə ki, təkcə ötən dərs ili ərzində məktəblərimizə 160 parta, 26 müəllim stolu, 45 kitab rəfi, 10 yazı lövhəsi, 89 adda 30616 nüsxə bədii ədəbiyyat, 48 adda 39650 nüsxə dərslik, ayrı-ayrı fənlərin tədrisinə aid 140 adda 39520 əyani vəsait götürülərək məktəblərə çatdırılmışdır.

Cəmiyyətin hazırkı inkişaf səviyyəsi hər bir gəncin kompüter savadına malik olmasını tələb edir. Hazırda rayonun 41 ümumtəhsil məktəbində 134 kompüter vardır. Lakin bu, bizi qane etmir. Ona görə də təhsil ocaqlarının İKT avadanlığı ilə təchiz edilməsi işini yaxşılaşdırmaq üçün Təhsil Nazirliyinə müraciət etmişik.

Birinci sinif şagirdlərinin dərsliklərlə, məktəbli forması ilə təmin olunmasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın xüsusi rolu vardır.

Yeni dərs ili ərəfəsində Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi tərəfindən rayonumuzun ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdləri üçün 1537 dəst məktəbli forması verilmişdir.

Hazırda rayon üzrə 132 ümumtəhsil məktəbi və 17 sinif fəaliyyət göstərir. Bu məktəb və siniflərdə 11428 şagird təhsil alır.

Son iki ildə görülmüş tədbirlər nəticəsində rayon məktəblərində təhsilin keyfiyyəti hissolunacaq dərəcədə yüksəlmişdir. Bunu ötən dərs ilinin sonunda keçirilmiş mərkəzləşdirilmiş buraxılış imtahanlarının nəticələri də aydın göstərir. XI siniflər üzrə buraxılış imtahanında mənimsəmə göstəricimiz 82 faiz olub, cəmi 18 faiz şagird attestat ala bilməyib. 19 məktəbimiz imtahanlarda 100 faizlik nəticə göstərib. 11 məktəbin göstəricisi 90 faizdən, 19 məktəbin göstəricisi 80 faizdən yuxarı olmuşdur.

Rayon icra hakimiyyəti, onun başçısı Ramiz Cəbrayılov cənabları təhsilə gündəlik qayğı göstərir. Elə gün olmaz ki, Ramiz müəllim bizimlə əlaqə saxlayıb hansısa bir məsələ ilə maraqlanmasın, təhsilin müəyyən bir problemi ilə əlaqədar məsləhətini, tövsiyəsini verməsin.

Y.Əliyev: - Təhsildə, onun keyfiyyətinin yüksəldilməsində müəllimlərin rolu böyükdür. Laçın rayonunun müəllimləri təhsilimizdə gedən inkişafı, yeniləşməni necə qəbul edirlər? öz ixtisas bilik və bacarıqlarını artırmaları, təkmilləşmələri üçün onlara nə kimi şərait yaradılıb? Müəllimlər son illər təhsilimizin ən mühüm hadisələrindən biri olan yeni fənn kurikulumlarına keçidi necə qarşılayıblar və bu işə necə başlayıblar? İstərdik bunlar barədə məlumat verəsiniz.

Fazil Mirzəyev (RTŞ metodmərkəzinin direktoru):

- Hazırda rayonumuzda pedaqoji işçilərin sayı məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində işləyənlər də daxil olmaqla 3000-ə yaxındır. Onlardan 2653-ü ümumtəhsil məktəblərində çalışır. Fənn metodbirləşmələrinin vasitəsi ilə müəllimlərin işlərinə kömək göstəririk, ayrı-ayrı qabaqcıl fənn müəllimlərinin iş təcrübəsinin yayılmasına xüsusi diqqət yetirilir. ötən il 21 müəllim ixtisasını artırmaq üçün AMİ və onun filiallarına göndərilib.

Kurikulumların tətbiqinə də rayonumuzda mütəşəkkil başlanıb. Bununla bağlı ötən dərs ilində 174 müəllim birhəftəlik təlim kurslarından keçib. Bu il isə 149 müəllimimiz Təhsil Nazirliyinin keçirdiyi təlim kurslarının dinləyicisi olub.

Rayonumuzda istedadlı şagirdlərlə işə də böyük önəm verilir. İstedadlı şagirdlərin üzə çıxarılması və onlarla işləmək üçün 82 müəllimimiz 36 saatlıq seminara cəlb edilmiş və AMİ-də keçirilən həmin seminarda iştirak edərək sertifikat almışdır.

ötən dərs ilində keçirilmiş fənn olimpiadalarının rayon turunun I mərhələsində 496 şagirdimiz iştirak edib. Onlardan 145 nəfəri II mərhələyə vəsiqə alıb. Bu mərhələdə fəallığı və yüksək nəticələri ilə seçilən 5 nəfər isə respublika turuna göndərilib.

Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar keçirilmiş respublika inşa müsabiqəsində rayonumuzun 18 nömrəli məktəbinin şagirdi fərqlənib. RTŞ bu mövzuda uşaq yaradıcılıq mərkəzi ilə birgə rəsm müsabiqəsi keçirib. Müsabiqədə qalib gəlmiş 20 nömrəli məktəbin şagirdi T.İsmayılov adına Respublika Uşaq Gənclər Yaradıcılıq Sarayında təşkil olunmuş respublika turuna vəsiqə qazanaraq orada III dərəcəli diplom alıb. ötən il 4 istedadlı şagirdimiz seçilərək Təhsil Nazirliyinin İstedad bankına yerləşdirilmək üçün nazirliyə təqdim olunub.

Kurikulumlarla işləyən müəllimlərimizin təcrübəsi öyrənilib yayılır, onlar arasında müntəzəm təcrübə mübadilələri təşkil olunur.

Roza Cəbrayılova (Qarıqışlaq kənd orta məktəbinin ibtidai sinif müəllimi, əməkdar müəllim):

- Son iki ildə icra hakimiyyətinin rayonumuzun təhsilinə, təhsil işçilərinə göstərdiyi qayğı biz müəllimləri xeyli ruhlandırıb. ötən il mənim də zəhmətim yüksək qiymətləndirilib və mənə "Əməkdar müəllim" fəxri adı verilib. Əməyimə verilən yüksək qiymət məni daha yaxşı işləməyə, daha yüksək nəticələr əldə etməyə sövq edir.

İki ildir ki, yeni kurikulumlarla dərs keçirəm. Yeni təhsil modelinin üstünlükləri çoxdur. Şagirdlər öyrənilənləri yaxşı mənimsəyir, dərslərdə fəal iştirak edirlər. Təlim kurslarında öyrəndiklərim fəaliyyət prosesində mənə çox kömək göstərir. Yeni dərslik komplektləri ilə tam təmin olunmuşuq, heç bir çətinliyimiz yoxdur. Lakin dərsdə istifadə üçün tələb olunan resurslar, xüsusən də şəkillər, iş vərəqləri azlıq edir. Bunu nəzərə alıb məktəblərimizə daha çox əyani vəsaitlərin göndərilməsini istərdik.

Ağayar İsmayılov (Milli Qəhrəman İsrafil Şahverdiyev adına Ağanus kənd orta məktəbinin direktoru, əməkdar müəllim):

- Məktəbimiz 1992-ci ildən Bərdədə fəaliyyət göstərir. Artıq 50 ildir ki, bu məktəbin direktoruyam. Son illər təhsilimizə göstərilən qayğı bizim məsuliyyətimizi daha da artırıb. Fəxr edirəm ki, bu gün Laçın təhsilinə böyük qayğı göstərən rayonumuzun icra hakimiyyətinin başçısı Ramiz müəllim mənim yetirməmdir. RTŞ müdiri Şahlar Xəlilov da bizim məktəbin məzunudur. Onların bizə qayğısına cavab olaraq daha səylə çalışırıq. 28 nəfərdən ibarət işgüzar pedaqoji kollektivimiz var. Məktəbimizdə ötən ildən kompüter sinfi açmışıq. İxtisaslı  riyaziyyat-informatika müəllimimiz şagirdlərin kompüter savadına yiyələnməsi üçün bütün imkanlardan istifadə edir.

Məzunlarımızdan hər il ali məktəblərə daxil olanlar olur. Bu il 3 məzunumuz ali məktəblərə, 1-i isə orta ixtisas məktəbinə qəbul olunub.

Telman Vəliyev (Taxtakörpü qəsəbə orta məktəbinin direktoru):

- Mən uzun müddət təhsil şöbəsində müxtəlif vəzifələrdə çalışmışam. Dövlət qulluğundan pensiyaya çıxmışam. Doğrusu, işləmək istəmirdim. Lakin son iki ildə rayonumuzun icra hakimiyyəti başçısı Ramiz müəllimin təhsilimizin inkişafı üçün gördüyü böyük işlər məni fikrimdən daşındırdı.

Ramiz Cəbrayılov cənablarının təklifi ilə qısa müddətdir ki, Taxtakörpü qəsəbə məktəbinə rəhbərlik edirəm. Hazırda direktor olduğum məktəb son vaxtlaradək rayonun geridə qalmış təhsil ocaqlarından sayılırdı. Burada dərslər çox zəif keçilirdi. Müəllimlərdə məsuliyyət hissi azalmışdı. Müəllimlərin məsuliyyətini artırdıq, tədris intizamını möhkəmləndirdik. Artıq təhsil ocağımızda dönüş yaranıb. Bu yaxınlarda IX-XI sinif şagirdləri ilə test yoxlaması keçirdik və xeyli inkişaf getdiyinin şahidi olduq. Nəticə 80 faizdir.

Lakin problemimiz də var. Bütün rayonda olduğu kimi, bizim məktəbdə də ibtidai sinif müəllimləri çoxluq təşkil edir. 9 ibtidai sinif olduğu halda, 22 sinif müəllimimiz var. Onları yerləşdirmək olmur.

Sədaqət Məhərrəmova (23 nömrəli məktəbin direktoru):

- Millətimizin xoşbəxtliyi ondadır ki, təhsilə yüksək qiymət verən ulu öndərimiz Heydər Əliyev, onun layiqli varisi, ölkə Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva kimi şəxsiyyətləri var. Belə qayğının müqabilində bütün imkanlarımızı səfərbər edərək Laçın təhsilinin səviyyəsini yüksəltməyə çalışırıq.

Qarşıdan qış mövsümü gəlir. Məktəbimiz ona tam hazırdır. Təhsilin keyfiyyətini yüksəltmək hazırda fəaliyyətimizdə əsas yer tutur. Bu məqsədlə müxtəlif tədbirlər həyata keçiririk. Məktəbimizdə "Ayın ən yaxşı şagirdi", "Həftənin ən yaxşı sinfi" müsabiqələri elan etmişik. Hər həftənin sonunda siniflərə baxış keçirilir, şagirdlərin davamiyyəti, müvəffəqiyyəti, sinfin səliqə-sahmanı, tərtibatı və s. nəzərə alınmaqla müsabiqələrə yekun vurulur. Qaliblər müəyyənləşdirilərək hədiyyələrlə mükafatlandırılır. Məktəbimizə kompüterlər verilib. I siniflərdən tutmuş XI siniflərədək bütün şagirdlərimiz onlardan istifadə edə bilir.

Əmiraslan Məmmədov (Qarakeçdi kənd 2 nömrəli orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi):

- 50 ildən artıqdır ki, Azərbaycan dili və ədəbiyyat müəllimi işləyirəm. çoxillik zəhmətim dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. "Tərəqqi" medalı ilə təltif olunmuşam. Dərslərimdə müasir təlim metodlarından geniş istifadə edirəm. Şagirdlərin vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirirəm. Laçın 17 ildir ki, işğal olunub. Bu gün məktəbdə oxuyan uşaqların çoxu Laçını görməyib. Ona görə də onlara Vətənə məhəbbət aşılamaq, Laçın haqqında canlı təsəvvür yaratmaq biz müəllimlərin birinci dərəcəli vəzifəsidir.

Y.Əliyev: - Qayğı ilə tələbkarlığın uzlaşması hər sahədə olduğu kimi, təhsildə də inkişaf üçün, keyfiyyətli nəticələrin əldə edilməsindən ötrü güclü stimuldur. Laçın Rayon İcra Hakimiyyətinin müəllimlərə, təhsildə fərqlənən şagirdlərə, ali məktəblərə qəbulda yüksək bal toplayan məzunlara qayğısının yəqin ki, təhsil sahəsində dönüşün yaranmasında az rolu olmayıb.

Ramiz Cəbrayılov: - Düz deyirsiniz, insanlara göstərilən qayğı, onlarla daim təmasda olmaq hamıya ruhlandırıcı təsir göstərir və adamları daha yaxşı işləməyə, oxumağa sövq edir. Bunu nəzərə alaraq biz təhsil işçilərinin əməyinin maddi və mənəvi stimullaşdırılmasına xüsusi diqqət yetiririk. Son iki ildə 11 müəllim bizim təqdimatımıza əsasən möhtərəm Prezidentimiz tərəfindən fəxri adla və medallarla mükafatlandırılıb, 2 nəfər "Qabaqcıl təhsil işçisi" adına layiq görülüb. 21 müəllim respublika Təhsil Nazirliyinin, 10 nəfər Laçın Rayon İcra Hakimiyyətinin, 11 nəfər rayon təhsil şöbəsinin fəxri fərmanları ilə təltif edilmişdir. Bizim şəxsi təşəbbüsümüzlə nəinki məcburi köçkünlük illərində, eləcə də rayonun tarixində ilk dəfə olaraq ötən ilin aprelində Taxtakörpü qəsəbəsində laçınlı ziyalılarla, may ayında laçınlı ahıllar və qocalarla, keçən il və bu ilin sentyabrında Bakı şəhərində Azərbaycan Texniki Universitetində laçınlı tələbələrlə görüşlər keçirilmişdir.

Hər il qəbul imtahanlarında 600-dən yüksək bal toplayan tələbələrə noutbuklar hədiyyə verilir, yaşlı müəllimlərimizin yubileyləri qeyd olunur. Bütün bunlar təbii ki, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərin səmərəli nəticələr verməsinə öz müsbət təsirini göstərir.

Y.Əliyev: - Müzakirəmiz çox maraqlı keçdi. Son illər Laçın təhsilində görülmüş işlər və əldə olunan uğurlar, rayon icra hakimiyyətinin təhsilə qayğısı ilə bağlı geniş məlumat aldıq. "Dəyirmi masa"nın təşkilatçılarına minnətdarlığımızı bildiririk. Laçının təhsil işçilərinə əldə etdikləri dönüşü daha da möhkəmləndirməyi, təhsilin keyfiyyətinin yüksəldilməsi yolunda daha səmərəli fəaliyyət arzulayırıq.

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
27 Noyabr 2009 - ¹46
Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik
 
"Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı" İctimai Birliyinin təsis qurultayına
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Goranboy rayonunda məcburi köçkünlər üçün salınan yeni qəsəbədə məktəb binasının açılışında iştirak edib
 
"Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı"  İctimai Birliyinin təsis qurultayı keçirilib
 
Azərbaycanda humanitar və ictimai elmlər sahəsində yaranmış vəziyyətə həsr olunmuş müşavirə keçirilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Təhsil naziri Gürcüstanda səfərdə olub
 
Təhsil naziri Açıq Cəmiyyət İnstitutu Akademik Təqaüdçülər Proqramının təmsilçiləri ilə görüşüb
 
Laçın təhsilində dönüş
 
"Metallar fizikasının müasir problemləri"nə dair elmi-praktik konfrans
 
Futbol üzrə I respublika turnirinin final mərhələsinin açılış mərasimi keçirildi
 
Alimin yubileyinə həsr olunmuş konfrans
 
Con Hopkins Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov