Hörmətli qurultay nümayəndələri!
Sizi Azərbaycan Tələbə Gənclər Təşkilatları
İttifaqının birinci qurultayının keçirilməsi
münasibətilə təbrik edirəm, hər birinizə
cansağlığı, təhsilinizdə və ictimai
fəaliyyətinizdə uğurlar arzulayıram.
Xalqımızın ümummilli lideri Heydər Əliyev
Azərbaycan gəncliyini milli inkişafın tükənməz
mənbəyi hesab edir, müasir dünyada məhz gənc
nəslin yaradıcı gücündən səmərəli istifadə
etməyi bacaran ölkələrin strateji üstünlüyə
malik olacağına və biliklərə əsaslanan
iqtisadiyyatı uğurla quracağına inanırdı. Ulu
öndər cəmiyyətin bu təbəqəsinin dövlət
quruculuğuna yaxından cəlb edilməsi və
ictimai-siyasi fəallığının təmin olunması üçün
çox mühüm işlər görmüşdür. Onun təşəbbüsü ilə
müvafiq nazirlik yaradılmış, dövlət gənclər
siyasətinin əsas istiqamətləri
müəyyənləşdirilmiş, qanun və proqramlar qəbul
edilmiş, gənclərin ictimai-siyasi həyatda fəal
iştirakı təmin olunmuşdur. Hazırda gənclərimiz
dövlət idarəçiliyi, iqtisadiyyat, mədəniyyət,
idman və başqa sahələrdə müvəffəqiyyətlə
çalışır, Azərbaycanı beynəlxalq aləmdə layiqincə
təmsil edirlər.
Siz gənclər müstəqil Azərbaycanda həyata göz
açmış nəslə mənsub insanlar olaraq azad ölkənin
azad vətəndaşları kimi böyüyüb başa çatmağınızla
fəxr etməlisiniz, müstəqilliyin qazanılmasında
xidmətlər göstərmiş insanların müasirləri
olmaqdan qürur hissi keçirməlisiniz. Eyni
zamanda, sizin qarşınızda böyük vəzifələr
dayanır. Bu isə ölkəmizin qüdrətinin daha da
artırılması, xalqımızın rifah halının
yaxşılaşdırılması naminə günün tələblərinə cavab
verən bilik və bacarıqlara yiyələnmək tələbini
irəli sürür.
Qloballaşan və sürətlə dəyişən dünyanın
reallıqları ən yeni texnologiyaların sirlərini
mənimsəməyi, onlardan çevik faydalanmağı olduqca
aktual edir. İnformasiya cəmiyyətinin qurulması
yolunda uğurlu addımlar atan Azərbaycan sizin
simanızda milli mənəvi dəyərlərimizi, ana
dilimizi, adət-ənənələrimizi qoruyub yaşadan və
ümumbəşəri ideyaları mənimsəyərək dünyanın
qabaqcıl gəncliyi ilə inteqrasiya proseslərinə
töhfələr verməyə hazır olan nəslin
nümayəndələrini görür. Sizin ahəngdar surətdə
hərtərəfli şəxsiyyət kimi yetişməyiniz üçün
ölkəmizdə hər cür şərait vardır.
Bu gün Azərbaycan qüdrətli dövlətdir. Onun
iqtisadiyyatı, mədəniyyəti, təhsili dinamik
inkişaf edir. Azərbaycanın gələcəyi məsuliyyətli
qərarlar qəbul etməyə, milli mənafeləri qorumağa
və zamanın çağırışlarına cavab verməyə qadir
mütəxəssislərdən asılı olacaqdır. Biz bu
kadrların hazırlanması məqsədi ilə ölkəmizdə
təhsilin səviyyəsini yüksəltməklə yanaşı,
gənclərin xaricdə ən vacib ixtisaslar üzrə ali
təhsil almasını nəzərdə tutan Dövlət Proqramını
həyata keçiririk.
ümidvaram ki, qurultay zamanı aparacağınız
müzakirələr və qəbul edəcəyiniz qərarlar bu
istiqamətdə gələcək fəaliyyətinizdə sizə dəstək
olacaqdır. Əminəm ki, Azərbaycan Tələbə Gənclər
Təşkilatları İttifaqı ölkəmizdə vətəndaş
cəmiyyətinin nüfuzlu bir qurumuna çevriləcəkdir.
Dərin hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 noyabr 2009-cu il
|