Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

27 Noyabr 2009 - ¹46

 

"Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı"  İctimai Birliyinin təsis qurultayı keçirilib

 

Noyabrın 20-də Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində "Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı" İctimai Birliyinin təsis qurultayı keçirilmişdir.

Tədbir iştirakçıları öncə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər güllər düzülmüşdür.

Sonra tələbə gənclər Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad etmiş, "Əbədi məşəl" abidəsi önünə əklil qoymuşlar.

Təsis qurultayında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Milli Məclisin deputatları, nazirlər və dövlət komitələrinin nümayəndələri iştirak etmişlər.

Qurultayı giriş nitqi ilə açan "Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı" İctimai Birliyinin yaradılması üzrə Təşkilat Komitəsinin sədri Şahin İsmayılov bildirmişdir ki, məqsədimiz ölkəmizdə təhsil alan gənclərin vahid bir qurumda birləşməsini rəsmiləşdirməkdir. Bildiyiniz kimi, 2005-ci ildən etibarən respublikanın bütün ali təhsil müəssisələrində tələbə gənclər təşkilatları yaradılmışdır. ötən müddət ərzində bu təşkilatların işində müəyyən uğurlar müşahidə edilmiş, tələbələrin bu qurumlar ətrafında birləşməsinə qismən nail olunmuşdur. Bu gün biz tələbə gənclərlə sistemli şəkildə iş aparmaq, onların mənafelərini qorumaq və respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına dair məsələləri müzakirə edəcəyik.

Natiq bildirmişdir ki, cari ilin aprelində ittifaqın təsis edilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılmışdır. Təşkilat Komitəsi respublika üzrə dövlət və özəl ali təhsil müəssisələrinin siyahısını, orada təhsil alan tələbələrin sayını, qurultayın keçiriləcəyi yeri dəqiqləşdirmiş və hər bir ali məktəb üçün təmsilçilik kvotası müəyyən etmişdir.

Şahin İsmayılov demişdir ki, cari ilin aprel-may aylarında ali məktəblərdə konfranslar, o cümlədən hər bir qrup və fakültələrdə yığıncaqlar keçirilərək seçkili orqanlara və ümumrespublika təsis qurultayına nümayəndələr seçilmişdir. Qurultaya 25 dövlət ali təhsil ocağından 252, 14 özəl ali təhsil müəssisəsindən isə 48 nəfər olmaqla 300 tələbə seçilmişdir ki, onlardan 286-sı təsis qurultayında iştirak edir. Kvorum var, qurultay işə başlamağa tam səlahiyyətlidir, ona görə də təsis qurultayını açıq elan edirəm.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səslənmişdir.

Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsis qurultayına ünvanladığı təbrik məktubunu oxumuşdur.

Qurultayın işini aparmaq üçün sədr və katib, eləcə də hesablama komissiyasının üzvləri seçilmiş, reqlament müəyyən edilmiş, gündəlik təsdiq olunmuşdur.

Tədbirdə Azərbaycan Milli Aviasiya Akademiyasının tələbə gənclər təşkilatının sədri Zafiq Xəlilov, Bakı Avrasiya Universitetinin tələbə gənclər təşkilatının sədri Qabil Quliyev, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin tələbə gənclər təşkilatının sədri Səadət İmanova, Azərbaycan Dillər Universitetinin IV kurs tələbəsi Aygün Allahverdiyevanın çıxışları maraqla dinlənilmişdir.

Qurultayda Milli Məclisin deputatı, Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov, YAP Gənclər Birliyinin sədri Ramil Həsənov, "İrəli" İctimai Birliyinin sədri Ceyhun Osmanlı, Gənclər üçün Təhsil Mərkəzinin sədri Vüsal Quliyev, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev çıxış etmişlər.

Tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev geniş nitq söyləmişdir.

Bütün iştirakçıları salamlayan Ramiz Mehdiyev demişdir ki, sizin hər birinizin həyatında bu, tarixi bir hadisədir. 20 noyabr günü sizin üçün bundan sonra təqvimin xüsusi bir günü olacaqdır. Məhz bu gün siz özünüzü 200 minə yaxın tələbə ordusunun öncülləri kimi hiss edirsiniz. Əminəm ki, bu anlarda hər biriniz böyük qürur hissi keçirirsiniz.

Dövlətimizin gənclərə göstərdiyi qayğıdan danışan natiq bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin əsas məqsədi, qayğısı yüksək intellektə malik olan, geniş dünyagörüşlü və innovasiyalara maraq göstərən gəncliyin formalaşdırılmasıdır. Məhz bu məqsədlə Azərbaycanın dövlət büdcəsinin xərclərində təhsilin inkişafına hər il daha böyük vəsait ayrılır. Ordu quruculuğuna ayrılan xərclərdən sonra təhsil ikinci yerdə qərarlaşır. Bu isə onu göstərir ki, cənab Prezident məsələyə olduqca konseptual səviyyədə yanaşaraq təhsili, o cümlədən savadlı gənc mütəxəssislərin hazırlanması məsələsini ölkənin strateji təhlükəsizliyi baxımından daim diqqət mərkəzində saxlayır.

Gənclərin təhsili ilə bağlı problemləri diqqətə çatdıran Prezident Administrasiyasının rəhbəri demişdir: "Siz həyatınız boyu təhsil almağı, daim öz mənəvi dünyanızı yeni elmi biliklərlə zənginləşdirməyi qarşıya məqsəd qoyduğunuz zaman ahəngdar şəxsiyyət kimi formalaşa bilər, ölkəniz və mənsub olduğunuz cəmiyyət üçün faydalı vətəndaşa çevrilə bilərsiniz.

Prezident İlham Əliyev yeni gənc nəsli belə xarakterizə edir: "Bilikli, savadlı, bütün dünyada gedən proseslərə bələd olan, gözəl təhsil alan, öz biliyi, savadı ilə Azərbaycanın gələcək inkişafına töhfə verəcək gənc nəsil, vətənpərvər gənc nəsil...".

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın əhəmiyyətini vurğulayan Prezident Administrasiyasının rəhbəri söyləmişdir ki, hər bir cəmiyyət dövrün tələblərinə uyğunlaşmağa, bu tələblərə cavab verməyə çalışır. Əvvəllər bəşər tarixində dövlətin inkişafı onun coğrafi və təbii resurslarından asılı idi. Məlumdur ki, sonrakı dövrdə bunu kapital əvəz etdi. Lakin həm təbii resurslar, həm də kapital tükənə bilər. Tükənməz bir resurs var. O da insan zəkası və insanın yaradıcı və intellektual qabiliyyətidir. İnformasiya cəmiyyətində zəkadan başqa bütün resurslar insan potensialının və intellektinin inkişafı üçün bir vasitədir.

Prezident İlham Əliyev gənc nəslin geniş elmi-yaradıcı təfəkkürə malik olmaq üçün onun ən yüksək standartlara uyğun təhsil almasını dövlətin əsas vəzifələrindən biri kimi müəyyən etmişdir. Bu isə cənab Prezidentin həyata keçirdiyi uzunmüddətli inkişaf konsepsiyasının tərkib hissəsidir və onun gənclərə göstərdiyi xüsusi qayğı və diqqətin təzahürüdür.

Ali məktəblərimizin maddi-texniki bazasının gücləndirilməsinin təhsilin keyfiyyətinin artırılması üçün ciddi əsas yaratdığını deyən Ramiz Mehdiyev vurğulamışdır ki, son beş il ərzində bu istiqamətdə böyük işlər görülmüşdür: ölkəmizdə bütünlükdə 1600-dən çox müasir tipli məktəb tikilmişdir və yaxud təmir edilib istifadəyə verilmişdir. Məktəblərin böyük bir qismi ən yeni avadanlıqla və kompüterlərlə təchiz edilmiş və İnternet şəbəkəsinə qoşulmuşdur.

Bu gün bəzi təhsil ocaqlarımızda tədrisin keyfiyyətinin aşağı olmasının sonrakı mərhələdə gənclərin peşəkarlığının və yaradıcı qabiliyyətinin zəifləməsinə gətirəcəyini söyləyən akademik Ramiz Mehdiyev demişdir ki, ali təhsil məktəbləri gələcək fəaliyyət istiqamətlərini elə qurmalıdırlar ki, onlar təhsil və peşəkar fəaliyyət arasında ixtisaslı kadrlar yetişdirən mühüm vasitəyə çevrilsinlər. Bunun üçün, ilk növbədə, tədrisin keyfiyyəti artırılmalı, ixtisaslaşmış gənc məzunların peşəkar mühitə inteqrasiyası təmin edilməlidir. Sözsüz ki, təhsilin modernləşdirilməsi ölkəmizin ən aktual problemlərindən biri olaraq qalır. Lakin bu modernləşmə formal xarakter daşımamalıdır və burada çox məsələlər siz təhsil alanlardan da asılıdır.

Prezident Administrasiyasının rəhbəri demişdir ki, biz artıq azad insanların azad cəmiyyətini qururuq. Belə bir cəmiyyətdə intellektual, xarici dil bilən, Azərbaycanı beynəlxalq arenada təmsil etməyə qadir, ölkəmizin rəqabətə davamlılığını artıra biləcək insanlar lazımdır. Ona görə də bu gün hər bir gənc öz məsuliyyətini dərk etməli və vətənpərvərlik nümayiş etdirməlidir. Bu anlayışlar fərqli olsa da, yaradıcı və intellektual gəncliyin formalaşması baxımından bir-birini şərtləndirir. Bu işdə tələbə gənclər təşkilatlarının rolu çox böyükdür. Bu təşkilatlar 2005-ci ildən etibarən formalaşmağa başlayıb və ali məktəblərdə tələbələr arasında nüfuzu ilə seçilirlər.

Tələbə gənclər təşkilatlarının qarşısında duran əsas vəzifələri şərh edən natiq bildirmişdir ki, bu gün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının yaradılması ilə tələbə gənclər təşkilatlarının inkişafında yeni bir mərhələ başlayır. Bu yeni qurum müxtəlif təşkilatlar arasında əlaqələndirici rolunu oynamaqla, ümumi məqsədlərə nail olmaq üçün səylərin və imkanların birləşdirilməsini təmin edəcəkdir.

Hər bir təhsil qurumunun milli mənəvi dəyərlərə bağlı və Azərbaycanın inkişafı naminə çalışan savadlı, bilikli gənclərin formalaşmasında iştirak etməsini xüsusi vurğulayan akademik Ramiz Mehdiyev diqqətə çatdırmışdır ki, biz bununla millətin gələcək inkişaf perspektivlərinin müəyyən edilməsi işinə öz töhfəmizi vermiş oluruq. çünki bu gün dövlətin və cəmiyyətin qarşısında ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş prinsiplər əsasında ölkənin gələcək inkişafı naminə yüksək təhsilə, mədəniyyətə və intellektə malik insanlar yetişdirmək vəzifəsi durur.

Geniş və məzmunlu çıxışa görə tələbə gənclər adından Ramiz Mehdiyevə minnətdarlığını bildirən Şahin İsmayılov demişdir ki, bu gün təsis olunan "Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı" İctimai Birliyinin gələcək fəaliyyətində sizin tövsiyələrinizdən layiqincə faydalanacaq və təşkilatın prioritet iş istiqamətləri müəyyənləşdirilərkən bu fikirlər bizim üçün müstəsna əhəmiyyət kəsb edəcəkdir.

Tədbirdə çıxış edən digər natiqlər təsis edilən yeni qurumun yaradılmasının zəruriliyini vurğulamış və diqqətə çatdırmışlar ki, əsas məqsəd ali məktəblərdə təhsilin inkişafına kömək göstərmək, respublikanın ictimai-siyasi, mədəni və sosial-iqtisadi həyatında tələbələrin fəal iştirakını təmin etmək, dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində hər bir tələbənin maraqlarının təmsil və təmin olunmasına, hüquqlarının müdafiə edilməsinə nail olmaqdır.

Bildirilmişdir ki, tələbələri öz ətrafında birləşdirəcək yeni qurum gəncləri təhsilə və elmi-tədqiqat işlərinə həvəsləndirmək məqsədi ilə elmi konfranslar, müsabiqələr, olimpiadalar, elmi-əyləncəli oyunlar, seminarlar, "dəyirmi masa"lar, təlim kursları təşkil etmək, təhsil müəssisələrinin ictimai həyatında tələbələrin fəallığını artırmaq, onlar arasında əməkdaşlığın inkişafına yardım etmək, regionlarda təhsil alan gənclərin informasiya əldə etmə imkanlarını yaxşılaşdırmaq, vətənpərvərlik və milli mənəvi dəyərlərə bağlılıq hisslərinin, ekstremizm və ayrı-seçkilik hallarına qarşı mübarizə ruhunun aşılanması üçün tədbirlər həyata keçirmək, tələbələr arasında mənfi vərdişlərə qarşı təbliğat işləri aparmaq, narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və digər neqativ meyillərə qarşı profilaktik tədbirlər görmək, gənclərin asudə vaxtının səmərəli təşkilinə nail olmaq və s. bu kimi istiqamətlərdə fəaliyyət göstərəcəkdir.

Qurultayda çıxış edən natiqlər bildirmişlər ki, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında əsaslı dönüş yaranmış, Azərbaycanda beynəlxalq normalara uyğun, demokratik və hüquqi dövlət quruculuğuna başlanmışdır. Azərbaycanın müstəqilliyi əbədi və dönməz olmuş, ölkəmiz dünyada öz layiqli yerini tutaraq, regionda lider dövlətə çevrilmişdir.

Natiqlər bildirmişlər ki, müstəqil Azərbaycanı məhv olmaq təhlükəsindən qurtararaq, dünyanın ən dinamik inkişaf edən ölkələri sırasına çıxaran Heydər Əliyevin müdrik, alternativi olmayan siyasəti bu gün də yaşayır və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə ulu öndər Heydər Əliyevin gənc nəslə göstərdiyi qayğı və diqqətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində Azərbaycan gənclərinin hərtərəfli inkişafı xüsusilə vurğulanmışdır.

Bildirilmişdir ki, Prezident İlham Əliyev elm ictimaiyyəti qarşısında tarixi vəzifələr qoymuşdur. Bu da ondan ibarətdir ki, iqtisadi potensialı insan kapitalına çevirmək lazımdır. İnsan kapitalının inkişafı üzrə Azərbaycan Respublikasının dövlət siyasəti kompleks xarakter daşıyır və "Neft-qaz gəlirlərinin idarəolunması strategiyası", "Məşğulluq strategiyası", "Gənclər və idman siyasəti" və digər komponentlərdən ibarətdir. Bu komponentlər arasında ən əhəmiyyətlisi xaricdə təhsil üzrə Dövlət Proqramıdır. Görülmüş işlərin bariz nümunəsidir ki, bu gün Azərbaycanın istedadlı gəncləri dövlət hesabına dünyanın 20-dən çox ölkəsində təhsillərini uğurla davam etdirirlər.

Vurğulanmışdır ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva təhsil ocaqlarının yeniləşməsinə xüsusi əhəmiyyət verir. Təhsilin inkişafına dəstək Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindəndir.

Diqqətə çatdırılmışdır ki, yeni təsis edilən qurum gənclərin vətənpərvərlik tərbiyəsi işini gücləndirmək, onların Vətənə məhəbbət, dövlətçiliyimizə sədaqət və milli mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə edilməsi, ümummilli liderimiz Heydər Əliyevin ideyalarına sadiqlik və Azərbaycan Prezidentinin ətrafında sıx birləşərək gəncləri ölkəmizdə aparılan quruculuq işlərində yaxından iştirak etməyə istiqamətləndirəcəkdir.

Qurultayda "Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı " İctimai Birliyinin təsis edilməsi barədə qərar qəbul edilmişdir.

Birliyin nizamnaməsi təsdiq edildikdən sonra təşkilatın əlaqələndirmə şurasına üzv seçilmiş 59 tələbənin adı açıqlanmış və nəzarət-təftiş komissiyasının 7 nəfərdən ibarət olması qəbul edilmişdir.

Namizədliyi irəli sürülmüş Şahin İsmayılov səsvermə yolu ilə "Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı" İctimai Birliyinin sədri seçilmişdir.

Sonda qurultayın nümayəndələri adından Azərbaycan Prezidenti İlham Əliyevə və ölkə gənclərinə müraciət qəbul edilmişdir.  

AzərTAc

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
27 Noyabr 2009 - ¹46
Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik
 
"Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı" İctimai Birliyinin təsis qurultayına
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Goranboy rayonunda məcburi köçkünlər üçün salınan yeni qəsəbədə məktəb binasının açılışında iştirak edib
 
"Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı"  İctimai Birliyinin təsis qurultayı keçirilib
 
Azərbaycanda humanitar və ictimai elmlər sahəsində yaranmış vəziyyətə həsr olunmuş müşavirə keçirilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Təhsil naziri Gürcüstanda səfərdə olub
 
Təhsil naziri Açıq Cəmiyyət İnstitutu Akademik Təqaüdçülər Proqramının təmsilçiləri ilə görüşüb
 
Laçın təhsilində dönüş
 
"Metallar fizikasının müasir problemləri"nə dair elmi-praktik konfrans
 
Futbol üzrə I respublika turnirinin final mərhələsinin açılış mərasimi keçirildi
 
Alimin yubileyinə həsr olunmuş konfrans
 
Con Hopkins Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov