| 
								
								Hörmətli həmvətənlər!  
								
								Sizi və dünyanın müxtəlif guşələrində yaşayan 
								bütün soydaşlarımızı müqəddəs Qurban bayramı 
								münasibətilə ürəkdən təbrik edir, hamınıza ən 
								səmimi arzu və diləklərimi yetirirəm. 
								 
								
								İslamın bir din kimi tamamlanmasını və 
								mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə 
								göndərilməsini özündə təcəssüm etdirən mübarək 
								Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, 
								qardaşlıq və humanizmə dəvət edən bir bayramdır. 
								Bu əziz gündə müsəlmanlar Allah və din yolunda, 
								xeyirxah amallar uğrunda hər cür fədakarlığa 
								hazır olduqlarını nümayiş etdirir, Uca Tanrıya 
								yaxınlığın fərəhini yaşamaq fürsəti əldə edirlər.
								 
								
								Azərbaycan müsəlman dünyasının ayrılmaz 
								parçasıdır və tarixən islam mədəniyyətinin 
								inkişafına misilsiz töhfələr bəxş etmişdir. 
								Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, 
								çoxmillətli və çoxkonfessiyalı Azərbaycan 
								cəmiyyətində qarşılıqlı hörmət və etimada 
								əsaslanan nümunəvi birgəyaşayışın, 
								əmin-amanlığın və dözümlülük mühitinin 
								formalaşmasında islam dininin də müstəsna rolu 
								olmuşdur.  
								
								Xalqımız öz milli mənəvi dəyərlərinə və 
								ənənələrinə həmişə ehtiramla yanaşır. Bütün dini 
								mərasimlər, o cümlədən Qurban bayramı hər il 
								böyük təntənə ilə qeyd olunur. ölkəmizin hər 
								yerində Allahın adına qurbanlar kəsilir, 
								xalqımızın və dövlətimizin əmin-amanlığı və 
								firavanlığı üçün dualar edilir, şəhidlərimizin 
								ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, 
								builki Qurban bayramı da cəmiyyətimizdə milli 
								mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət 
								və mərhəmət duyğularının təntənəsinə 
								çevriləcəkdir.  
								
								Əziz bacı və qardaşlarım!  
								
								Bu müqəddəs bayram günlərində bir daha hər 
								birinizə cansağlığı, ailələrinizə xoşbəxtlik, 
								süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
								 
								
								Qurban bayramınız mübarək olsun!   
								
								
								İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 25 noyabr 2009-cu il
 |