(Əvvəli qəzetimizin ötən saylarında)
Hörmətli oxucular, ötən məqalədə ölkəmizdə
dərslik hazırlığı tarixindən bəhs edilmişdi, bu
məqalədə mövzu davam etdirilməklə yanaşı, daha
çox müstəqillik illərində dərslik hazırlığı,
əldə olunan nailiyyətlər, problemlərin həlli
istiqamətində atılan addımlarla bağlı məsələlərə
toxunulacaqdır.
10 noyabr 1966-cı ildə Sovet İttifaqı Kommunist
Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər
Soveti "Orta ümumtəhsil məktəbinin işini daha da
yaxşılaşdırmaq tədbirləri haqqında" qərar qəbul
etdi. Bu qərarda nəzərdə tutulan yeniliklər
respublikamızın ümumtəhsil məktəblərinin
1967-68-ci dərs ili üçün təqdim olunan dərs
planında da öz əksini tapdı. Bu dövrdə tədris
proqramları və dərsliklər məzmunca
yeniləşdirildi.
70-80-ci illərdə respublikada aparılan
genişmiqyaslı məktəb tikintisi ümumtəhsil
məktəblərində təhsil şəraitinin
yaxşılaşdırılmasına gətirib çıxardı. Lakin bu
dövrdə ümumi təhsil sistemində ən mürəkkəb
məsələlərdən biri şagirdlərin dərsliklərlə
təminatı idi. ümumi icbari orta təhsilin həyata
keçirilməsinə kömək göstərmək, təlim-tərbiyə
prosesinin təşkilini daha da təkmilləşdirmək
məqsədilə Sov.İKP MK və SSRİ Nazirlər Soveti
"ümumtəhsil məktəbləri şagirdlərinin
dərsliklərdən pulsuz istifadəsinə keçmək
haqqında" 24 noyabr 1977-ci il tarixdə qərar
qəbul etdi. Bunun ardınca Azərbaycan KP MK və
Azərbaycan SSR Nazirlər Soveti 1978-ci ilin
mayında eyniadlı müvafiq qərar verdi.
1979-80-ci dərs ilindən I siniflərdən başlayaraq
tədricən şagirdlərin dərsliklərlə pulsuz
təminatına keçildi və bu proses 1992-ci ilədək
davam etdi. Nazirlər Kabinetinin 18 may 1992-ci
il tarixli qərarı ilə Azərbayan hökumətinin
"ümumtəhsil məktəbləri şagirdlərinin
dərsliklərdən pulsuz istifadə etməsinə keçmək
haqqında" 1978-ci il tarixli qərarı ləğv edildi
və şagirdlərin dərsliklərlə pulsuz təmin
edilməsi prosesi dayandırıldı. Lakin ümummilli
lider Heydər Əliyevin hakimiyyətə qayıdışından
sonra Nazirlər Kabineti ibtidai sinif
şagirdlərinin dərsliklərlə təminatı haqqında 24
avqust 1994-cü il tarixli, 318 nömrəli qərar
qəbul etdi. Həmin qərarla şagirdlərin
dərsliklərlə pulsuz təminatına mərhələlərlə
keçidə başlandı.
Azərbaycanda dövlət müstəqilliyi bərpa
edildikdən sonra ümumi təhsilin məzmununda
yeniləşmələrin aparılmısına, xüsusən dərslik və
dərs vəsaitlərinin məzmunca milli dövlətçilik və
ümumbəşəri dəyərlər əsasında hazırlanmasına
tarixi imkan və şərait yarandı.
Azərbaycan Respublikası Ali Sovetinin 25 dekabr
1991-ci il tarixli qərarı ilə qəbul etdiyi
"Azərbaycanda latın qrafikalı əlifbanın bərpa
edilməsi haqqında" Qanun ümumtəhsil məktəbləri
üçün dərslik və digər tədris-metodiki
ədəbiyyatların latın qrafikasında nəşr edilməsi
zərurətini ortaya qoydu. Həmin Qanunun tələbinə
uyğun olaraq 1992-93-cü tədris ilindən
ümumtəhsil məktəblərinin I siniflərində,
1993-94-cü dərs ilindən isə bütün siniflərdə
latın qrafikalı dərsliklərin (həm yeni yaradılan
orijinal dərsliklər, həm də rus dilindən tərcümə
edilən dərsliklər) nəşrinə başlanıldı. Əlbəttə,
xüsusi hazırlıq işi aparılmadan,
nəşriyyat-poliqrafiya müəssisələrinin imkanları
nəzərə alınmadan yeni qrafikaya keçilməsi xeyli
çətinliklər də yaratdı.
Bu problemlərə baxmayaraq, xüsusən 1993-cü ildən
ayrı-ayrı fənn proqramları və I-IV siniflər üzrə
bütün dərsliklərin, eləcə də V-XI siniflər üzrə
əsasən humanitar profilli "Azərbaycan dili",
"Ədəbiyyat", "Rus dili", "Tarix", "İnsan və
cəmiyyət", "Coğrafiya" və "Xarici dil"
dərsliklərinin milli zəmində hazırlanması və
nəşrinə başlanıldı.
Onu da vurğulamaq lazımdır ki, dərslik
yaradıcılığı sahəsində ən böyük nailiyyətlər
məhz müstəqillik illərində əldə edilmişdir.
Həmin dövrdə Təhsil Nazirliyinin dərslik
hazırlığı sahəsindəki fəaliyyətini şərti olaraq
üç mərhələyə ayırmaq olar.
1992-1998-ci illəri əhatə edən birinci mərhələ
daha çox latın qrafikalı əlifbaya keçid, dövrün
siyasi ab-havasına uyğun çətinliklər və bundan
irəli gələn sistemsizliyin aradan qaldırılması
ilə müşayiət olunur. Azərbaycan Respublikası Ali
Sovetinin 25 dekabr 1991-ci il tarixli qərarı
ilə qəbul edilmiş "Azərbaycanda latın qrafikalı
əlifbanın bərpa edilməsi haqqında" Qanun
ümumtəhsil məktəbləri üçün dərslik və digər
tədris-metodiki ədəbiyyatların latın
qrafikasında nəşr edilməsi zərurətini
yaratmışdı. Həmin Qanuna uyğun olaraq 1992-93-cü
tədris ilindən ümumtəhsil məktəblərinin I
siniflərində, 1993-94-cü dərs ilindən isə bütün
siniflərdə latın qrafikalı dərsliklərin nəşrinə
başlanıldı. Əlbəttə, xüsusi hazırlıq işi
aparılmadan, nəşriyyat-poliqrafiya
müəssisələrinin imkanları nəzərə alınmadan yeni
qrafikaya keçilməsi xeyli çətinliklər
yaratmışdı.
Onu da qeyd etmək lazımdır ki, 1991-ci ildən
ölkədə latın qrafikasına keçilməsi barədə qərar
qəbul edilməsinə baxmayaraq, bu işə sistemli
şəkildə yalnız ümumtəhsil məktəblərində
başlanmışdı. Azərbaycanın həyatında çoxsaylı
taleyüklü problemləri həll etmiş ümummilli lider
Heydər Əliyev, 1991-ci ildə qəbul olunmuş, lakin
həyata keçirilmə mexanizmi təsdiq edilməmiş bu
məsələnin də həllinə nail oldu. Məhz Heydər
Əliyevin sərəncamı ilə 2000-ci ildən ölkədə, o
cümlədən təhsil sistemində latın qrafikasına tam
keçid bərqərar oldu.
Digər çətinlik isə hökumətin 18 may 1992-ci il
tarixli, 268 nömrəli qərarı ilə "ümumtəhsil
məktəbləri şagirdlərinin dərsliklərdən pulsuz
istifadə etməsinə keçmək haqqında" Nazirlər
Kabinetinin 1978-ci il tarixli qərarının ləğv
edilməsi oldu.
Bu mərhələdə respublikada siyasi-iqtisadi
sabitlik formalaşdıqca dərsliklərin məzmunca
yeniləşdirilməsi istiqamətində müəyyən işlər
görülürdü. Lakin ölkənin mövcud iqtisadi-maliyyə
vəziyyəti, yeni dərsliklərin hazırlanması
sahəsində təcrübə və səriştənin olmaması
səbəbindən müstəqilliyin ilk illərində daha çox
sovet dövründə hazırlanmış dərsliklərdən
istifadə olunurdu. Bununla belə, həmin illərdə
hazırlanmış tarix və ədəbiyyat dərsliklərində
sovet dövründəkindən fərqli olaraq milli və
ümumbəşəri dəyərlərə üstünlük verilir, köhnə
siyasi ideologiyadan imtina edilirdi. çünki
sovet dövründə yazılan tarix dərsliklərində
Azərbaycan və ümumtürk tarixi, eləcə də
ədəbiyyatı obyektiv işıqlandırılmır, türk-islam
mədəniyyəti ilə bağlı verilən məlumatlar tarixi
reallıqları düzgün əks etdirmirdi.
ümummilli lider Heydər Əliyevin xalqın tələbilə
hakimiyyətə qayıdışı dərslik islahatı sahəsində
də yeni mərhələnin əsasını qoymuşdur. Belə ki,
ölkədə dərsliklərlə təminatda yaranmış vəziyyəti
nəzərə alan, dərsliyin məktəb üçün strateji
əhəmiyyətini dərindən bilən və yüksək
qiymətləndirən ümummilli lider Heydər Əliyevin
təşəbbüsü və göstərişi ilə Nazirlər Kabinetinin
25 avqust 1994-cü il tarixli, 318 nömrəli qərarı
ilə 1995-96-cı tədris ilindən etibarən hər il
ibtidai sinif dərslikləri dövlət vəsaiti
hesabına çap edilib şagirdlərə verilməyə
başlandı.
1993-94-cü tədris ilindən ümumi təhsilin
məzmununda aparılan dəyişikliklərə uyğun olaraq,
milli dərsliklərin tamamilə yenidən hazırlanması
işinə başlanıldı. Belə ki, V-XI siniflər üzrə 63
adda dərslik çap edildi. Bununla paralel olaraq
ibtidai siniflər üzrə dərsliklərin
yeniləşdirilməsi istiqamətində də müəyyən işlər
görüldü.
1994-95-ci dərs ilində I-XI siniflər üçün 77
adda dərslik çap edilmişdi. Lakin yeni
hazırlanan dərsliklər əvvəlkilərə nisbətən xeyli
təkmilləşdirilsə də, hələ də tələblərə tam cavab
vermirdi: uzun illər müştərək yaşanmış sovet
təsirindən xilas ola bilmirdi, müstəqilliyin
kövrək illərinin hələ çətinliklə formalaşan və
möhkəmlənən ideoloji istiqamətləri az-az
görünürdü, poliqrafik keyfiyyət aşağı səviyyədə
idi. Buna görə də əvvəlki illərdə çap olunmuş
dərsliklər istifadə edilməklə yanaşı, bu işin
keyfiyyətinin yaxşılaşdırılması sahəsində
axtarışlar da davam etdirilirdi.
1995-96-cı tədris ilində I-IV siniflər üçün 21
adda dərslik çap edilmişdi. 1996-97-ci tədris
ilində ümumi təhsil tarixində ilk dəfə olaraq
"Azərbaycan Respublikası Konstitusiyasının
əsasları" dərsliyi hazırlandı. Həmçinin həmin
tədris ilində I-IV siniflər üçün 22 adda dərslik
çap edildi.
Dərslik və dərs vəsaitlərinin hazırlanması
işində ümummilli lider Heydər Əliyevin söylədiyi
belə bir konseptual fikir, əslində bu işlərə
müəyyən istiqamət verdi: "Dövlət müstəqilliyinin
xalqımıza bəxş etdiyi nemətlərdən biri də odur
ki, biz artıq öz təhsil sistemimizi xalqımızın,
millətimizin tarixinə, mənəviyyatına,
ənənələrinə uyğun qururuq. Burada dərsliklərin
dəyişilməsi, yeni dərsliklərin yaradılması
xüsusi əhəmiyyət kəsb edir... İndi dərs alan
uşaqlar, gənclər gərək mütləq bizim yeni
dərsliklər əsasında oxusunlar..." (1997-ci il
sentyabrın 1-də Bakının Yasamal rayonundakı 18
nömrəli məktəbdə keçirilən görüşdəki nitqindən).
ümummilli liderin bu konseptual göstərişi
əsasında yeni milli dərsliklərin yaradılması
istiqamətində ciddi addımlar atılmağa başlandı.
1997-98-ci tədris ilində dövlət vəsaiti hesabına
ibtidai siniflər üçün 26 adda dərslik çap
olundu. Bundan başqa, V-XI siniflər üçün 11 adda
yeni dərslik hazırlanmış və nəşr edilərək
istifadəyə verilmişdi.
1998-99-cu tədris ilində ümumtəhsil məktəbləri
üçün 24 adda ibtidai sinif dərsliyi dövlət
vəsaiti hesabına çap olunaraq şagirdlərin
istifadəsinə verilmişdi. Bununla yanaşı, həmin
tədris ilində V- XI siniflər üçün 15 adda yeni
dərslik nəşr edilmişdi.
Nazirlər Kabinetinin 26 aprel 1999-cu il tarixli
qərarı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında ümumi orta təhsilin dövlət
standartları"nın və Azərbaycan Respublikası
Prezidentinin 15 iyun 1999-cu il tarixli
sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan
Respublikasının təhsil sahəsində İslahat
Proqramı"nın icrası ilə başlanan II mərhələ
tədris planları və proqramlarının, dərs
vəsaitləri və digər tədris-metodik
ədəbiyyatların məzmunca yeniləşdirilməsi, müasir
standartlara cavab verən yeni nəsil dərsliklərin
hazırlanması, nəşri və ümumtəhsil məktəblərinin
bu dərsliklərlə dövlət vəsaiti hesabına
fasiləsiz təmin edilməsi məqsədilə genişmiqyaslı
tədbirlərə başlanılması ilə səciyyələnir.
Qeyd etmək lazımdır ki, həmin dövrdə dövlət
nəşriyyatlarının fəaliyyətinin zəifləməsi, özəl
nəşriyyatların isə hələ kifayət qədər inkişaf
etməməsi dərslik nəşrində ciddi çətinliklər
yaradırdı. Kağız qıtlığı, poliqrafik keyfiyyətin
aşağı olması və digər amillər görülən işlərin
effektinə mənfi təsirini göstərirdi.
1999-2000-ci tədris ilindən dövlət vəsaiti
hesabına nəşr edilən ibtidai sinif
dərsliklərinin nəşrinin yeni qaydada, yəni
Azərbaycan Respublikası Prezidentinin
07.04.1997-ci il tarixli, 570 nömrəli fərmanına
uyğun olaraq tender yolu ilə həyata
keçirilməsinə başlanıldı və həmin il I-IV
siniflər üçün 21 adda dərslik çap olunaraq
şagirdlərin istifadəsinə verildi. Dərsliklərin
nəşrində tenderin tətbiqi bu sahədə mövcud olan
inhisarın aradan qaldırılması, dövlət vəsaitinə
qənaət edilməsi, ən başlıcası isə dərsliklərin
poliqrafik keyfiyyətinin yaxşılaşdırılması
istiqamətində irəliyə doğru mühüm addım idi.
1999-cu ildən başlayaraq ümumi təhsilin dövlət
standartlarına uyğun olaraq yeni tədris
planlarına tam keçidə qədər bütün fənlər üzrə
Təhsil Nazirliyində orta məktəb müəllimləri və
tanınmış mütəxəssislərdən ibarət işçi qrupları
yaradıldı və bu qruplar ümumtəhsil məktəblərinin
V-XI siniflərinin mövcud "Azərbaycan dili",
"Ədəbiyyat", "Tarix", "Riyaziyyat", "Coğrafiya",
"Biologiya", "Fizika və astronomiya", "Kimya",
"Rus dili" proqramlarını məzmunca əhəmiyyətli
dərəcədə təkmilləşdirdi. I-IV siniflər üçün
proqramlar isə yeniləşdirildi. Bu bir də ona
görə zəruri idi ki, 1999-cu ilə qədər ümumtəhsil
məktəbləri 1993-94-cü illərdə çap olunmuş tədris
proqramları ilə işləyirdi.
Beləliklə, 1999-cu ildə I sinif proqramları çap
olunaraq yerlərə çatdırıldı. Həmçinin ümumtəhsil
məktəblərinin V-XI sinifləri üçün "Azərbaycan
dili", "Riyaziyyat", "Coğrafiya", "Rus dili",
VII-XI sinifləri üçün "Fizika" və "Astronomiya",
VIII-XI sinifləri üçün "Kimya", "Azərbaycan
tarixi", "ümumi tarix" və X-XI sinifləri üçün
"Azərbaycan tarixi" proqramları hazırlandı.
Azərbaycan məktəblərində təkmilləşdirilmiş
proqramların tətbiqi üzrə aparılan birillik iş
təcrübəsi göstərdi ki, həmin proqramlar
ümumilikdə müsbət qarşılansa da, bəzi nöqsanlar
hələ də qalmaqdadır. Belə ki, proqramlarda
təhsilin məzmunu lüzumsuz materiallarla
yüklənilməklə xeyli ağırlaşdırılmış, şagirdlərin
yaş xüsusiyyətləri tam nəzərə alınmamış,
pedaqoji və metodik prinsiplərə əməl
olunmamışdır.
Proqramların yenidən işlənilməsinə və əsaslı
dəyişikliklər edilməsinə zəruri ehtiyac
yarandığından 2000-ci ildə ümumtəhsil
məktəblərinin V-XI sinifləri üçün xarici dil
(ingilis, fransız və alman), "Azərbaycan tarixi"
və "ümumi tarix", X-XI sinifləri üçün "Rus dili"
proqramları yenidən işlənilərək çap edildi və
məktəblərin istifadəsinə verildi. Bu proqramlara
uyğun olaraq ümumtəhsil məktəblərinin qabaqcıl
müəllimləri cəlb edilməklə dərslik və dərs
vəsaitlərinin əsaslı şəkildə yeniləşdirilməsinə,
yeni nəsil dərsliklərin hazırlanılmasına
başlanıldı.
2000-ci ildə 13 adda, 2001-ci ildə isə 27 adda
ibtidai sinif dərsliyi dövlət vəsaiti hesabına
nəşr olunaraq məktəblilərin istifadəsinə
verilmişdi.
Dövlət başçısı Heydər Əliyevin tapşırığına
əsasən, Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci
il tarixli, 180 nömrəli sərəncamı ilə
respublikanın ümumtəhsil məktəblərinin V-XI
sinifləri üçün milli təhsilin tələblərinə cavab
verən yeni dərsliklərin çap olunması məqsədilə
2000-ci və 2001-ci illərin dövlət büdcəsində
nəzərdə tutulmuş Ehtiyat Fondundan Təhsil
Nazirliyinə 2 il müddətinə qaytarılması şərti
ilə güzəştli kredit ayrıldı.
Heydər Əliyev hələ 1997-ci ildə Azərbaycan Milli
Elmlər Akademiyasında görüşü zamanı milli
tariximizin yazılması və tədrisi sahəsində
qarşıda duran vəzifələrdən danışarkən, "İlk
növbədə, Azərbaycanın XIX-XX əsrlər tarixi
yazılmalıdır" tapşırığını vermişdi. Bu tapşırığı
ümumtəhsil məktəblərində ümumi və Azərbaycan
tarixi dərsliklərinin hazırlanması baxımından
həyata keçirmək məqsədilə Təhsil Nazirliyində
aparıcı tarixçi alimlər və təcrübəli
müəllimlərdən ibarət işçi qrupu yaradıldı və
qısa müddətdə milli ideologiya və müstəqil
dövlətçilik prinsiplərinə cavab verən, XIX-XX
əsrlər tariximizi əhatə edən "Azərbaycan tarixi"
(X və XI sinif) dərslikləri hazırlanaraq
Azərbaycan və rus dillərində nəşr edildi.
2001-ci ildə VI-IX siniflər üçün "Qədim dünya
tarixi", "Orta əsrlər tarixi" və "Yeni tarix"
kimi orijinal dərsliklər hazırlanaraq çap
olundu. Bu dərsliklərdə ümumdünya tarixi,
xüsusən türk-islam dünyası xalqlarının tarixi və
mədəniyyəti müasir tələblər və milli dövlətçilik
prinsipləri əsasında işıqlandırılırdı.
Dərslik islahatının II mərhələsindəki ən mühüm
yeniliklərdən biri də fizika, riyaziyyat, kimya,
biologiya fənləri üzrə yeni nəsil milli
dərsliklərin hazırlanması və nəşri idi.
Bununla yanaşı, 2001-ci ildə ümumtəhsil
məktəblərinin V sinfi üçün "Riyaziyyat", VIII-XI
sinifləri üçün "Kimya" (təkmilləşdirilmiş)
proqramları çap olundu. Bundan əlavə, həmin
illərdə Dünya Bankı ilə aparılmaqda olan
islahatlar çərçivəsində inkişaf etmiş xarici
ölkələrin dərslik hazırlığı və çap olunması
təcrübəsi öyrənilərək təhlil olundu və müasir
tələblərə cavab verən dərsliklərin tətbiqi
prinsipləri müəyyənləşdirildi. Həmin prinsiplər
əsasında V-XI siniflər üçün humanitar fənlər
üzrə dərsliklər də yeniləşdirildi.
Təlim rus dilində olan ümumtəhsil məktəblərini
daha mükəmməl dərsliklərlə təmin etmək məqsədilə
2001-ci ildə ilk dəfə olaraq azərbaycanlı
müəlliflər tərəfindən tərtib edilmiş və çap
olunmuş V və VI siniflər üçün "Literatura",
IX-XI siniflər üçün "Azerbaydjanskaya
literatura" dərslikləri və "Xrestomatiya po
Azerbaydjanskoy literature" dərs vəsaitlərində
şagirdlər rus yazıçıları ilə yanaşı, klassik və
müasir Azərbaycan yazıçılarının yaradıcılığı ilə
də tanış olmaq imkanı qazandılar. Həmçinin həmin
il "Azərbaycan tarixi" (V-IX siniflər)
dərsliklərinin elektron variantı da hazırlandı.
2002-ci ildə ümumtəhsil məktəblərinin
I-IV sinif proqramları, V-XI siniflər üçün
"Coğrafiya", VI-XI siniflər üçün "Biologiya",
VII-XI siniflər üçün "Fizika" və "Astronomiya",
VIII-XI siniflər üçün "Kimya" proqramları əsaslı
şəkildə təkmilləşdirilərək yenidən çap olundu.
Azərbaycan Respublikası Prezidentinin "Dövlət
dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında" 18 iyun 2001-ci il və "Azərbaycan
əlifbası və Azərbaycan dili gününün təsis
edilməsi haqqında" 9 avqust 2002-ci il tarixli
fərmanları "Azərbaycan dili" və "Ədəbiyyat"
dərsliklərinə yenidən baxılması zərurətini
doğurdu. çünki bu dərsliklər 1993-cü ildə tərtib
edilmiş və 1999-cu ildə təkmilləşdirilmiş
proqramlar əsasında yazılmışdı və təbii ki, bir
sıra çatışmazlıq və nöqsanları var idı. İlk
növbədə, görkəmli alimlər və qabaqcıl orta
məktəb müəllimlərinin iştirakı ilə "Azərbaycan
dili" və "Ədəbiyyat" proqramları (2002-ci il) və
bunun əsasında yeni dərsliklərin hazırlanmasına
başlanıldı. Həmin il yeni "Riyaziyyat" proqramı
da hazırlandı.
Dərslik nəşrində inhisarçılığı aradan qaldırmaq
və dərsliklərin poliqrafik keyfiyyətini
yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası
Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668
nömrəli fərmanı ilə təsdiq edilmiş "Dövlət
Satınalmaları haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq ümumtəhsil
məktəblərinin Azərbaycan bölməsi üçün 2002-ci
ildə 20 adda I-IV sinif dərsliyi açıq tender
yolu ilə çap olunub məktəblərə çatdırıldı.
2003-cü ildə təlim rus dilində olan məktəblərin
V-XI sinifləri üçün "Azərbaycan dili" və milli
azlıqların I-IV sinifləri üçün ana dili (doğma
dil) proqramları da yenidən işlənmiş və çap
olunmuşdu. Həmin proqramların tətbiqi ilə
əlaqədar yeni dərsliklərin yazılması işi
müvəffəqiyyətlə davam etdirilmişdir.
Azərbaycan Respublikasının təhsil siyasətinə
uyğun olaraq 2003-cü ildən başlayaraq
mərhələlərlə ümumtəhsil məktəblərinin V-XI sinif
dərsliklərinin də dövlət vəsaiti hesabına nəşr
edilməsinə başlanıldı. Belə ki, Azərbaycan
Respublikası Prezidentinin 2003-cü il 20 fevral
tarixli, 854 nömrəli fərmanı ilə təsdiq edilmiş
"2003-2005 -ci illər üçün Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və
iqtisadi inkişaf üzrə Dövlət Proqramı"nın icrası
ilə bağlı Nazirlər Kabinetinin 20 avqust 2003-cü
il tarixli, 168 nömrəli sərəncamına uyğun olaraq
2003-2004-cü tədris ilində 97 adda (o cümlədən,
I-IV sinif şagirdləri üçün 31 adda, V sinif
şagirdləri üçün 13 adda və VI-XI siniflərdə
oxuyan qaçqın və məcburi köçkün uşaqlar üçün 53
adda) dərslik dövlət vəsaiti hesabına çap
olunmuşdu.
2004-cü ildə təlim qeyri-Azərbaycan dilində olan
məktəblərin I-XI sinifləri üçün "Azərbaycan
dili" və "İnformatika" proqramları təsdiq
olundu. ümumtəhsil məktəb proqramlarının
hazırlanmasında görkəmli alimlər Yaqub Mahmudov,
İsaq Məmmədov ("Tarix"), Yusif Seyidov
("Azərbaycan dili"), Məmməd Yaqubov
("Riyaziyyat"), Mirzəli Murquzov ("Fizika"),
Vaqif Abbasov ("Kimya"), Müseyib Müseyibov
("Coğrafiya"), Məcnun Babayev ("Biologiya"),
Nizami Cəfərov və Pənah Xəlilov ("Ədəbiyyat"),
Ramin Mahmudzadə ("İnformatika"), Əjdər Ağayev
("İnsan və cəmiyyət") və Vidadi Xəlilovun
("Musiqi və nəğmə") rəhbərlik etdiyi işçi
qruplarında tanınmış ali və orta məktəb
müəllimləri yaxından iştirak etmişdi.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19
mart 2004-cü il tarixli, 56 nömrəli sərəncamı
ilə "2003-2005-ci illər üçün Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və
iqtisadi inkişaf üzrə Dövlət Proqramı"nın
icrasını təmin etmək məqsədilə 2004-2005-ci
tədris ilində dövlət vəsaiti hesabına 35 adda
("Əlifba" və VI-VII siniflər üçün 34 adda)
dərslik çap edilmiş, respublikanın I-VII sinif
şagirdləri və eləcə də I-XI siniflərdə oxuyan
qaçqın və məcburi köçkün uşaqları dərsliklərlə
təmin olunmuşdur.
2005-ci ildə ümumtəhsil məktəblərinin VIII-XI
sinifləri üçün "İnsan və cəmiyyət" proqramı çap
olunmuşdur. Həmin il V-XI siniflər üzrə seçmə
fənlər də nəzərə alınmaqla proqramlar müvafiq
olaraq iki variantda hazırlanmışdı ki, bu da
müəllimlərin işini xeyli asanlaşdırırdı.
2005-2006-cı tədris ilinə Dövlət Proqramına
uyğun olaraq ümumtəhsil məktəblərinin I-XI
sinifləri üçün dövlət vəsaiti hesabına 117 adda
dərslik çap olunmuşdu. Beləliklə, "2003-2005-ci
illər üçün Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə
Dövlət Proqramı"na müvafiq olaraq 2005-2006-cı
tədris ilində ümumtəhsil məktəblərinin I-XI
sinif şagirdlərinin dövlət vəsaiti hesabına
dərsliklərlə təminatı uğurla başa çatdırılmış,
Azərbaycan müstəqillik əldə etdikdən sonra
postsovet məkanında orta məktəb şagirdlərinin
dövlət vəsaiti hesabına dərsliklərlə təminatını
reallaşdıran yeganə ölkə olmuşdur.
2006-2007-ci tədris ili üçün 108 adda I-XI sinif
dərsliyi çap edilmişdi. 2007-2008-ci tədris
ilinə I-XI sinif şagirdləri üçün 155 adda
dərslik (o cümlədən, 82 adda Azərbaycan bölməsi,
71 adda rus bölməsi, 2 adda isə milli azlıqlar
üçün ("Avar dili" və gürcü məktəblərinin II
sinfi üçün "Azərbaycan dili") hazırlanmış və çap
olunmuşdur.
2008-ci ildə Qax, Zaqatala və Balakən
rayonlarında fəaliyyət göstərən təlim gürcü
dilində olan məktəblərin ibtidai sinifləri üçün
gürcü dili proqramı həmin məktəblərin
müəllimləri tərəfindən işlənilmiş və nazirliyin
təsdiqindən sonra istifadəyə verilmişdir.
Dünya təcrübəsi göstərir ki, hər bir sinif üzrə
dərsliklər hər il şagirdlərin sayı qədər çap
olunmur və bu, keçmiş Sovetlər Birliyinin
təcrübəsində də belə idi. Hər tədris ilinin
sonunda şagirdlərin dərslikləri məktəbin
kitabxana fonduna təhvil verilir, kitabxanalarda
dərsliklərin dəqiq qeydiyyatı aparılır və
şagirdlər fondda olan dərsliklərlə təmin
edilirlər. Biz yeni dərslik siyasətini
hazırlayarkən məhz dünya təcrübəsinə istinad
etdik və müstəqiliyin ilk illərində ölkəmizdə
dərslik hazırlığı və şagirdlərin dərsliklə
təminatı sahəsində mövcud olan bir sıra
problemlərin aradan qaldırılmasına nail olduq.
Belə ki, Azərbaycanda 2003-cü ilədək I siniflər
üçün bütün dərsliklər hər il şagirdlərin 100
faizi həcmində çap olunurdu və bu da külli
miqdarda vəsait tələb edirdi. 2004-2007-ci
illərdə I siniflərdə yalnız "Əlifba" dərsliyi
hər il 100 faiz həcmində çap edilərək şagirdlərə
hədiyyə olunurdu. Yeni dərslik siyasətinə uyğun
olaraq 2008-2009-cu dərs ilindən I siniflərdə
kurikulumun tətbiqi ilə əlaqədar, qaydalara
uyğun olaraq bütün yeni dərsliklər 105 faiz çap
olundu. Belə bir mexanizm yarandı ki, ümumtəhsil
məktəbləri üçün dərsliklərin ilk nəşri mövcud
şagird kontingentinin 105 faizi həcmində çap
olunur, növbəti 3-4 ildə isə tələbat nəzərə
alınmaqla hər il həmin dərsliklər şagird
kontingentinin 15-30 faizi həcmində çap olunur.
Dərslik hazırlığı sahəsində uğurları qeyd
etməklə yanaşı, zaman-zaman rastlaşdığımız və
indi də bizim üçün müəyyən maneələr yaradan bir
sıra məsələlərə münasibətimi bildirmək
istəyirəm. İctimaiyyəti və mütəxəssisləri
narahat edən məsələlərdən biri bu idi ki, bir
sıra dərsliklər həddən artıq yüklənmişdi,
şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyildi.
Tədris planında həftədə bir və ya iki saat
tədrisi nəzərdə tutulan fənnin dərsliyi 300-400
səhifədən ibarət idi. çoxsaylı müzakirələr
zamanı dərsliklərin sadələşdirilməsi, ikinci
dərəcəli materialların çıxarılması qeyd edilsə
də, irəliləyişlər əldə etmək çətin idi.
Müəlliflər bununla heç cür razılaşmır,
dərslikləri sadələşdirmək və onların həcmini
optimallaşdırmaq istəmirdilər. Belə bir qərara
gəldik ki, tədris planında fənnə ayrılan
saatlara uyğun həcm müəyyənləşdirək və
müəlliflərə tövsiyə edək. Bundan sonra bir sıra
dərslik müəllifləri bu tövsiyələrə uyğun olaraq
təkmilləşdirmə işləri apardılar. Nəticədə
2001-ci illə müqayisədə hazırda VIII sinif "Orta
əsrlər tarixi" 22,5 çap vərəqindən 10,5-ə, IX
sinif "Yeni tarix" 20-dən 8-ə, X sinif "Yeni
tarix" və XI sinif "Ən yeni tarix" 26-dan 9-a, X
sinif "Azərbaycan tarixi" 28-dən 15-ə, XI sinif
"Azərbaycan tarixi" 22-dən 15-ə, IX sinif
"Coğrafiya" 18,5-dən 10-a, IX sinif "Ədəbiyyat"
24-dən 16-ya, X sinif "Ədəbiyyat" 27-dən 12-yə,
XI sinif "Ədəbiyyat" 23-dən 12-yə, V sinif
"Riyaziyyat" 21-dən 17-yə, VIII sinif "Cəbr"
19-dan 15-ə, IX sinif "Cəbr" 20-dən 15-ə, V
sinif "İngilis dili" 21,5 çap vərəqindən 16 çap
vərəqinə enmişdir.
Bununla yanaşı, müşahidə və rəylər, aparılmış
monitorinqlər göstərir ki, dərsliklərin məzmunu
hələ də ağır olaraq qalmaqdadır. Bir çox
hallarda müəlliflər və nəşriyyatlar daha çox
məlumatın dərsliyə daxil edilməsinə səy
göstərir, şagirdlərin yaş xüsusiyyətlərini və
potensial imkanlarını nəzərə almırlar. Nəticədə
dərsliklər şagirdyönümlü olmur. Hesab edirəm ki,
bu barədə ciddi düşünməyin vaxtı çatmışdır.
Digər bir problem ondan ibarət idi ki,
dərsliklərin müəllifləri ali məktəblərdə çalışan
alimlərdən ibarət idi. Onlar ümumtəhsil
məktəblərinin müəllimlərinin, şagirdlərinin
problemlərini kifayət qədər bilmirdilər. Qərara
gəldik ki, belə müəlliflərlə yanaşı, orta
məktəblərdə çalışan qabaqcıl müəllimləri dərslik
hazırlığı prosesinə cəlb edək.
Etiraf edim ki, müəllimlərin dərslik hazırlığına
cəlb edilməsi ilk vaxtlar böyük müqavimətlə
qarşılandı. Uzun müddət dərslik müəllifi olan və
bu sahədə monopoliya yaradanlar müəllimlərin bu
işin öhdəsindən gələ bilməyəcəkləri barədə rəy
formalaşdırmağa başladılar. Lakin bu
müqavimətlər bizi qərarımızdan döndərə bilmədi.
Zaman göstərdi ki, bilavasitə məktəblərdə fənni
tədris edən, dərsliklə işləyən müəllimlər
peşəkar dərslik müəllifi ola bilərlər. Bu
məsələlərin müzakirəsi zamanı mən şahidi oldum
ki, orta məktəb müəllimləri dərsliklərin məzmunu
ilə bağlı ölkənin tanınmış alimləri ilə elmi
mübahisələr apara bilirlər və problemlərin
həllində onlara nisbətən daha düzgün mövqe
nümayiş etdirirlər.
Hazırda V-XI siniflər üçün "Riyaziyyat", "Cəbr",
"Həndəsə", VII sinif üçün "Coğrafiya", VIII-X
siniflər üçün "İnformatika", X sinif üçün
"Fizika", VIII-XI siniflər üçün "İnsan və
cəmiyyət", VII-XI siniflər üçün "Rus dili", IX-X
siniflər "İngilis dili", VII -XI siniflər üçün
"Azərbaycan tarixi", "Orta əsrlər tarixi", "Yeni
tarix", VII, X-XI siniflər üçün "Ədəbiyyat",
VIII-IX siniflər üçün "Azərbaycan dili"
dərsliklərinin müəllifləri həm də orta məktəb
müəllimləridir. Eyni zamanda kurikulum əsasında
I-II siniflər üçün yaradılan hər bir dərslik
komplektinin müəlliflər qrupunun tərkibində ən
azı bir və ya iki orta məktəb müəlliminin
iştirakı bu gün bizi razı salır.
Dərslik hazırlığı prosesində orta məktəb
müəllimlərinin iştirakı son nəticədə
dərsliklərin keyfiyyətinin yüksəldilməsinə,
məzmundakı xətaların minimuma endirilməsinə
gətirib çıxarmışdır.
(Ardı var)
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri, fizika-riyaziyyat
elmləri doktoru, professor |