Açıq Cəmiyyət İnstitutunun Ali Təhsilə Dəstək
Proqramı çərçivəsində həyata keçirdiyi Akademik
Təqaüdçülər Proqramının ölkəmizdə fəaliyyətinin
5 ili tamam olur. Bu münasibətlə noyabrın 21-də
Təhsil Nazirliyində proqramın bir qrup
təmsilçisi ilə görüş keçirildi. Nazir
müavinləri, nazirliyin şöbə müdirləri və KİV
nümayəndələrinin də iştirak etdiyi görüşü təhsil
naziri Misir Mərdanov açaraq proqramın
təmsilçilərini salamladı, onları Təhsil
Nazirliyində görməsindən məmnunluq duyduğunu
bildirdi.
Görüşün məqsədinin proqram çərçivəsində görülmüş
işlərin vəziyyəti ilə tanışlıq, bu barədə
ictimaiyyətə daha geniş məlumat vermək olduğunu
qeyd edən nazir proqramın əsas mahiyyətinin
Azərbaycandan kənarda ali təhsil almış gənclərin
ölkəyə qayıtmasını, Azərbaycanın ali
məktəblərində işləməsini təmin etmək olduğunu,
onun rəhbəri ilə artıq bir neçə dəfə görüşüb
müzakirələr apardığını söylədi.
Nazir proqramın ölkəmiz üçün iki cəhətdən - həm
xaricdə təhsil almış gənclərin Azərbaycana
qayıtması, həm də onların Avropa və dünyanın ali
məktəblərində gördüklərini Azərbaycanın ali
məktəblərində tətbiq etməsi baxımından faydalı
olduğunu vurğuladı.
Təhsil naziri çox maraqlı layihə adlandırdığı
Akademik Təqaüdçülər Proqramını, ona verilən
məlumata görə, yalnız Bakı Dövlət
Universitetinin bir sıra ixtisaslarında iş
apardığını və 40 nəfər azərbaycanlı mütəxəssisi
əhatə etdiyini, işə cəlb olunmuş hər müəllimə
500 avro əlavə əməkhaqqı verildiyini diqqətə
çatdırdı.
Misir Mərdanov proqramın təmsilçilərinə
gördükləri faydalı işə görə təşəkkür edib
proqramın əhatə dairəsinin daha da
genişləndirilərək digər ali məktəblərin, o
cümlədən Azərbaycan Tibb Universitetinin də ona
qoşulmasını məqsədəuyğun saydı və layihənin
həyata keçirilməsinə Təhsil Nazirliyinin hər
zaman lazımi dəstək verəcəyini söylədi.
Görüşdə söz alan Akademik Təqaüdçülər
Proqramının (ATP) region üzrə meneceri Magda
Magradze səmimi qəbul üçün və proqramın
Azərbaycanda həyata keçirilməsinə verdiyi
dəstəyə görə təhsil naziri Misir Mərdanova
minnətdarlığını bildirdi. Xanım Magradze
çıxışında Akademik Təqaüdçülər Proqramı haqqında
məlumat verib onun üstünlüklərindən danışdı.
ATP-nin ölkə üzrə koordinatoru Raziyə İsayeva,
BDU-da sosioloji proqramın müəllimi Aytəkin
Hüseynli, hüquq kafedrasının müəllimi Cavid
Qədirov və b. görüşdə çıxış edərək Akademik
Təqaüdçülər Proqramının ölkəmizdəki 5 illik
fəaliyyətindən, onun nailiyyətlərindən, cəlb
olunmuş müəllimlər tərəfindən proqramın necə
dəyərləndirilməsindən söz açdılar.
çıxışlardan aydın oldu ki, Akademik Təqaüdçülər
Proqramı 2004-cü ildə Açıq Cəmiyyət İnstitutunun
Ali Təhsilə Dəstək Proqramı tərəfindən Şərqi
Avropada, keçmiş Sovetlər Birliyi ölkələrində
ali təhsildə aparılan islahatlara dəstək
məqsədilə yaradılmışdır.
Akademik Təqaüdçülər Proqramı fəaliyyət
göstərdiyi ölkələrdə ali təhsildə gedən
islahatlarda yaxından iştirak edir və akademik
şəbəkəsinin yerli, regional və qlobal şəkildə
qurulmasına yardımçı olur.
ATP Azərbaycanda da yarandığı ildən fəaliyyətə
başlamışdır. Proqram artıq 5-ci ildir ki, Bakı
Dövlət Universiteti ilə əməkdaşlıq edir və böyük
uğurlar qazanmışdır. Əməkdaşlığın nəticəsi kimi
artıq 3-cü ildir ki, Bakı Dövlət Universitetində
Sosial iş üzrə magistr və artıq 2-ci ildir ki,
Sosial iş üzrə bakalavr proqramlarında tələbələr
yetişdirilir. Sosial iş üzrə hər iki proqramın
işlənilməsində ABŞ-ın və Avropa ölkələrinin
aparıcı universitetlərində təhsil almış və ATP
tərəfindən BDU-da tədrisə cəlb olunmuş
müəllimlər yaxından iştirak etmişlər. Həmin
müəllimlər Sosial iş üzrə standartların
hazırlanmasında yardımçı olmuşlar. Həmçinin
2008-2009-cu tədris ilində BDU -da Beynəlxalq
insan hüquqları üzrə magistr proqramı da
yaradılmışdır. Bu proqramın tədris dili ingilis
dilidir və tədris planının beynəlxalq
standartlara uyğun tərtib olunmasına xarici
professor və yerli kadrlar böyük əmək sərf
etmişlər. Bu proqramın da yaradılması və hazırda
uğurla həyata keçirilməsi ATP-nin dəstəyilə baş
tutmuşdur.
ATP-nin əsas əməkdaşlıq etdiyi Bakı Dövlət
Universitetindən hər il müxtəlif sayda
kafedralar və müəllimlər işə cəlb olunur. Son 5
il ərzində BDU ilə əməkdaşlıq çərçivəsində 26
nəfər xaricdə təhsil almış azərbaycanlı gənc, 6
xarici professor ATP-nin maliyyə dəstəyini
alaraq universitetin müxtəlif kafedralarında
beynəlxalq standartlara uyğun dərslər tədris
etmişlər və təhsildə gedən islahatların birbaşa
iştirakçıları olmuşlar.
O da vurğulandı ki, növbəti tədris ili üçün ATP
Azərbaycanda fəaliyyətini genişləndirməyi
planlaşdırır. Bunun üçün hazırda digər dövlət
universitetləri ilə danışıqlar aparılır.
Y.ƏLİYEV |