Dekabrın
14-də Heydər Əliyev Mərkəzində Azərbaycan müəllimlərinin
XIV qurultayı keçirilib.
İlk öncə qurultay iştirakçıları Fəxri xiyabana gələrək
ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edib,
məzarı önünə gül dəstələri qoyublar. Görkəmli
oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da
məzarı ziyarət olunub. Sonra Şəhidlər xiyabanında
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda
mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları
üzərinə qərənfillər düzülüb.
Azərbaycanın bütün bölgələrindən nümayəndələrin
seçildiyi XIV qurultayda Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev,
Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin
Əfəndiyev, Azərbaycan Respublikası Prezidenti
Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin
müdiri Fatma Abdullazadə, Azərbaycan Respublikasının
təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti Akif Əlizadə, Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar
Mehbalıyev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının
sədri Məleykə Abbaszadə, Naxçıvan Muxtar Respublikasının
təhsil naziri Piri Nağıyev, millət vəkilləri, işəgötürən
təşkilatların təmsilçiləri, QHT nümayəndələri,
ümumtəhsil, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil
müəssisələrinin, yerli təhsil qurumlarının rəhbərləri,
nüfuzlu müəllimlər və ziyalılar iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin qurultay iştirakçılarına ünvanlanmış təbrik
məktubunu Azərbaycan Respublikası Prezidenti
Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin
müdiri Fatma Abdullazadə nəzərə çatdırıb.
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl
Cabbarov qurultay iştirakçılarını salamlayaraq
Azərbaycan müəllimlərinin XIV qurultayının işinə uğurlar
arzulayıb, geniş məruzə ilə çıxış edib.
Çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti Akif Əlizadə, Naxçıvan Muxtar Respublikasının
təhsil naziri Piri Nağıyev, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev,
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə
Abbaszadə, millət vəkili Bəxtiyar Əliyev, Bakı Ali Neft
Məktəbinin prorektoru Ramiz Hümbətov, Azərbaycan
Diplomatik Akademiyasının prorektoru Fariz İsmayılzadə,
Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyeva,
İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov,
Bakı şəhəri 43 nömrəli məktəb-lisey kompleksinin
direktor müavini Kəmalə Bədəlova, "Zəngi" liseyinin
tarix müəllimi Taleh Şahbazov, Şuşa Rayon Təhsil Şöbəsi
metodkabinetinin müdiri Rəsmiyyə Məmmədova və "Ernst &
Yanq Holdinqs" Şirkətinin Azərbaycan üzrə idarəedici
tərəfdaşı İlqar Vəliyev Azərbaycan müəllimlərinin XIV
qurultayının təhsil sisteminin gələcək inkişaf
perspektivlərinin müəyyənləşdirilməsi baxımından
əhəmiyyətini qeyd ediblər. Müasir dövrdə Azərbaycan
təhsilinin dünyanın qlobal təhsil ənənələrinə
uyğunlaşması və insan resurslarının inkişafı baxımından
qurultayda müzakirə edilən məsələlərin
dəyərləndirilməsinin vacibliyi vurğulanıb.
Qurultayda "Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"ndan irəli gələn məsələlər və qarşıya
qoyulan vəzifələr təhlil olunub, Dövlət Strategiyasında
nəzərdə tutulmuş əsas istiqamət və hədəflərin
reallaşdırılması yolları haqqında maraqlı fikirlər
səsləndirilib. Bundan əlavə, təhsilin bütün pillə və
səviyyələri üzrə islahatların həyata keçirilməsi,
biliklərə əsaslanan iqtisadiyyatın təşəkkülü, təhsil
sisteminin insan kapitalının inkişafı çağırışlarına
cavab verməsi istiqamətində atılacaq addımlar müzakirə
olunub.
Çıxışlarda,
həmçinin, müəllim nüfuzu, idarəetmə, yeni
maliyyələşdirmə mexanizminin tətbiqi, səmərəli təhsil
mühitinin yaradılması, təhsilin keyfiyyətinin
yüksəldilməsi və digər vacib məqamlardan söhbət açılıb.
Müzakirələr zamanı müvafiq təkliflər səsləndirilib,
qarşıda duran vəzifələrin həllinə dair mülahizələr irəli
sürülüb.
Azərbaycan təhsilinin dünyanın qabaqcıl təhsil
sistemləri sırasında yer tutması üçün həyata keçiriləcək
islahatların yeni mərhələsinin müvafiq hədəflərə çatmağa
imkan verəcəyinə əminlik ifadə olunub.
Sonda qurultayın qətnaməsi oxunub. |