Hörmətli
qurultay iştiraçkıları!
Azərbaycan müəllimlərinin XIV qurultayı ölkəmizin
ictimai-siyasi həyatında əlamətdar bir hadisədir.
Hazırda bütün təhsil işçilərinin diqqəti bu qurultaya
yönəlmişdir, çünki bu qurultayda möhtərəm Prezidentimiz
cənab İlham Əliyevin tarixi sərəncamı ilə təsdiq
olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası"ndan irəli gələn vəzifələrin
həyata keçirilməsi, Azərbaycan təhsilinin gələcək
inkişaf yollarının müəyyən edilməsi istiqamətində mühüm
qərarlar qəbul olunacaqdır.
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda
müxtəlif səbəblərlə yanaşı, sağlamlıq imkanlarından
asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq
imkanının yaradılması müddəasının təsbit edilməsi və
bunun təhsil sahəsində dövlət siyasətinin əsas
prinsiplərindən biri kimi qeyd olunması, heç şübhəsiz,
dövlətimizin humanist mahiyyətinin parlaq təzahürüdür.
Məlum həqiqətdir ki, insanın hansı sağlamlıq
vəziyyətində dünyaya gəlməsi bilavasitə onun özündən
asılı deyildir. Bununla belə, istər əqli, istərsə də
fiziki cəhətdən qüsurlu şəxslərin cəmiyyətdə "artıq
adam"a çevrilməməsi hamımızdan, xüsusilə də biz təhsil
işçilərindən çox asılıdır. Çünki insanın şüurlu həyatla
ilk təmasları, məsuliyyətli dövrü, inkişafı, bir qayda
olaraq, təhsildən başlanır.
Ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların
təhsilinin təşkili üzrə hərtərəfli imkanlar mövcuddur və
hazırda onlar üçün təhsil müəssisələrinin geniş şəbəkəsi
yaradılmışdır. Lakin sağlamlığında ciddi qüsurları olan
elə uşaqlar da var ki, onlar daha artıq qayğı və diqqətə
möhtacdırlar, onların təhsilinin təşkili xüsusi forma,
yanaşma tələb edir. Bunun ən optimal nümunəsi inklüziv
təhsildir.
Uşaqların inklüziv təhsilə cəlbi tarixi Azərbaycanda o
qədər də uzaq keçmiş deyildir. Artıq inklüziv təhsil
layihəsinin həyata keçirilməsindən 8 il keçir.
Çalışdığımız məktəb-lisey kompleksində inklüziv təhsilə
12 uşaqla başlamağımıza baxmayaraq, hazırda 60 şagirdlə
davam edirik. Bu şagirdlərlə işi səmərəli təşkil etmək
üçün müəllim köməkçiləri ştatı ayrılmışdır. Müəllim və
müəllim köməkçiləri ibtidai siniflərdə nitq pozuntusu
olan, uşaq serebral iflicindən əziyyət çəkən, autizm
diaqnozu ilə qəbul edilən, bir sözlə, xüsusi qayğıya
ehtiyacı olan uşaqlarla işləyirlər. Beşinci sinifdən isə
şagirdlərimiz təhsillərini müəllim köməkçilərinin
iştirakı olmadan müstəqil şəkildə davam etdirirlər.
Xüsusi qayğıya ehtiyacı olan uşaqları cəmiyyətin layiqli
üzvü etmək hamının diqqətindədir. Onlara sağlam
uşaqlarla bir yerdə təhsil almaq şansının verilməsi isə
yaşamaq həvəsini, gələcəyə ümid hissini, özlərinə inamı,
müstəqil qərar vermək imkanını yaradır və artırır. Artıq
sağlamlığı məhdud olan uşaqlar da öz hüquqlarını bilir,
tələb edir, cəmiyyətin bərabərhüquqlu bir üzvü
olduqlarını sübut etməyi bacarırlar. Bu təcrübəni
illərdir tətbiq edən bir təhsil müəssisəsi kimi
əminliklə deyə bilərik ki, xüsusi qayğıya ehtiyacı olan
uşaqların elə gözümüzün qarşısındaca pillə-pillə,
nəzərəçarpacaq dərəcədə inkişaf edib sinif əlaçılarına
çevrilmələrinin, hətta sağlam uşaqlara belə qayğı
göstərmələrinin şahidi olmuşuq. Onu da qeyd edək ki,
xüsusi qayğıya ehtiyacı olan şagirdlərlə birlikdə təhsil
alan sağlam uşaqlar digərlərindən çox fərqlənirlər. Belə
ki, onlar daha qayğıkeş, diqqətli, yardımsevər, inanclı,
cəmiyyətdə, sosial həyatda olan hər cür qeyri-adiliyi
normal qarşılayan şəxsiyyət kimi yetişirlər.
Valideynlərimiz övladlarının təlim-tərbiyəsində yaxından
iştirak edir, inklüziv təhsilin icrasında və onun
inkişafında onlar müəllim və müəllim köməkçiləri ilə
birlikdə əsas aparıcı qüvvəni təşkil edirlər. Bütün
uşaqların eyni hüquqlara malik olmaları valideynlər
tərəfindən hörmətlə qarşılanır.
Bir də onu qeyd etmək istəyirik ki, inklüziv təhsil
məktəbin icma ilə daha sıx dostluq, partnyorluq
şəraitində münasibət qurmasına gətirib çıxarar. Bunu biz
öz kollektivimizin bu sahədə təcrübəsindən görə bilərik.
Dəfələrlə milli və beynəlxalq ekspertlər inklüziv
təhsilin gedişi ilə tanış olarkən məhz bu işin
qurulmasının, icmanın məktəbə marağının artmasının
şahidi olduqlarını vurğulayıblar.
Layihə çərçivəsində pedaqoji kollektivin üzvləri bir
neçə beynəlxalq səviyyəli konfrans və seminarların
iştirakçısı olaraq Şotlandiya, Rusiya, Litva, Ukrayna
kimi dövlətlərdə bu istiqamətdə olan təcrübəni
öyrəniblər.
Pedaqoji kollektivin məqsədyönlü işinin nəticəsi kimi
qeyd etməliyik ki, inklüziv təhsil təkcə yaşıdlarından
hansısa səbəbdən geri qalan uşaqları deyil, məktəbin
bütün şagirdlərini əhatə edir. 8 il öncə bu münasibətlə
valideynlərin yalnız bir hissəsi razılaşırdısa, hazırda
əksəriyyət bu fikirdədir. Deməli, bu gün deyə bilərik
ki, inklüziv təhsilin əsas məqsədinə - müasir dövrdə
psixofiziki inkişafında fərqlənən uşaqların hüquqlarının
tanınması, onlara dövlət və cəmiyyət tərəfindən yeni
baxışın formalaşmasına az da olsa nail oluruq.
İnklüziv təhsilə başladığımız dövrdə əsasən iki
problemlə üzləşirdik: məktəb pedaqoji kollektivinin
psixoloji problemi (Bunun öhdəsindən biz gələ
bilərikmi?), adi uşaqlar və onların valideynlərinin
problemi ( Biz kimlə oxuyuruq? Bizim övladımız necə
uşaqlarla oxuyur?). Bu gün ürəklə qeyd edə bilərik ki,
bu iki problem öz həllini tapıb. Bu gün soruşsalar ki,
inklüziv təhsil bizim kollektivə nə verdi, cavabımız bu
olar ki, biz icmanın, valideynlərin hörmətini qazandıq,
belə bir böyük 2 problemin öhdəsindən gəldik.
Müasir dövrdə xüsusi təhsilin sistemi tamamilə dəyişir,
cəmiyyətin, dövlətin bu sahəyə diqqəti zaman-zaman
artır. Bu mənada müəllim əməyinin, müəllim hazırlığının
əhəmiyyəti, şübhəsiz ki, böyükdür.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi,
təhsil sisteminin səmərəliliyində, onun nailiyyətlərinin
formalaşmasında müəllim amilinin həlledici əhəmiyyətini
nəzərə almaqla müəllim hazırlığının gücləndirilməsinə
xüsusi önəm veriləcəkdir. Bütün ümumi təhsil müəllimləri
üçün fəal (interaktiv) təlim texnologiyaları və inklüziv
təhsil üzrə məqsədli ixtisasartırma təmin ediləcək.
Bu sistemin mükəmməlliyi biz müəllimlərdən çox asılıdır.
Hesab edirik ki, pedaqoji kollektiv inklüziv təhsillə
bağlı ideyalarını digər təhsil müəssisələri ilə
paylaşmalıdır. Bu ideyaların bəyənilməsi istiqamətində
iş qurulmalıdır. Bundan əlavə, pedaqoji kollektiv
məktəbin yerləşdiyi ərazidə fiziki və sosial maneələrə
rast gələn uşaqlar haqqında məlumatlı olmalıdır,
beləliklə, icma ilə bərabər gələcəkdə bu cür uşaqların
cəmiyyətə inteqrasiya məsələsi heç bir hüquq pozuntusu
olmadan həyata keçirilməlidir. Bu isə, öz növbəsində,
Uşaq Hüquqları Konvensiyasından irəli gələn öhdəliklərin
bütün şagirdlərə eyni dərəcədə şamil edilməsi məsələsini
hər bir pedaqoji kollektiv qarşısında qoyacaqdır.
Lakin zaman keçdikcə başa düşürük ki, yeni problemlərlə
üzləşməli oluruq. Onların bəzilərini sizin diqqətinizə
çatdırmaq istərdik.
Əvvəla, belə uşaqların adaptasiya dövrü çətin yaşanır.
Bu zaman defektoloqlara, psixoloqlara böyük ehtiyac
yaranır. Eyni zamanda ixtisaslaşmış müəllim köməkçiləri
də azlıq təşkil edir. Bundan əlavə, bu uşaqlar üçün
məktəbdə xüsusi şəraitin olmasının vacibliyini və sosial
işçilərə olan tələbatı da qeyd etmək istərdik. Xüsusilə
texniki təminatın olmaması da qarşımıza çıxan
problemlərdəndir. Yeni tikilən tədris binalarında bu
kateqoriyadan olan uşaqların xüsusiyyətləri nəzərə
alınmalıdır. Vurğulayaq ki, cəmiyyətdə inklüziv təhsil
az təbliğ olunur. Belə ki, valideynlər arasında
maarifləndirmə baxımından böyük işlər görülməsinə
ehtiyac duyulur. Onlara düzgün məlumatın verilməsi, eyni
zamanda bu mövzunun kütləvi informasiya vasitələri
tərəfindən işıqlandırılması, valideynlərdə, ümumiyyətlə,
cəmiyyətimizdə yanlış təsəvvürlərin yaranmasının
qarşısının alınması və bu yöndə aparılan işlərə xüsusi
diqqətin ayrılması vacib məsələlərdəndir.
Fənn standartları, kurikulumlar və dərsliklərin
hazırlanması zamanı inklüzivliyin nəzərə alınmaması da
müəyyən çətinliklər yaradır.
İlkin müəllim hazırlığı və ixtisasartırma kursları
zamanı inklüziv təlimin öyrədilməsi də məqsədəuyğun
olardı.
Çıxışımı Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev cənablarının 29 dekabr 2012-ci il tarixli Fərmanı
ilə təsdiq edilmiş "Azərbaycan 2020: Gələcəyə baxış"
İnkişaf Konsepsiyasından müasir təhsil sistemi ilə bağlı
fikirlərlə bitirmək istəyirəm.
"12 illik ümumi təhsil sisteminə keçid təmin ediləcək,
bununla əlaqədar şagirdlərin idrak fəallığını, ümumi
inkişafını ləngidən mövcud "yaddaş məktəbi"ndən
"təfəkkür və düşüncə məktəbi"nə keçidin təmin olunması
məqsədi ilə sistemli tədbirlər görüləcəkdir. Tam orta
təhsil səviyyəsində təhsil təmayüllər üzrə təşkil
olunacaq, istedadlı uşaqlar üçün inkişafetdirici fərdi
proqramlar yaradılacaqdır. Eyni zamanda, xüsusi qayğıya
ehtiyacı olan, sağlamlıq imkanları məhdud uşaqlar üçün
də müxtəlif inkişafetdirici, korreksiyaedici inklüziv
təhsil proqramları tətbiq ediləcəkdir".
Diqqətinizə görə təşəkkür edirəm. |