Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Dekabr 2013 - №49

 

Bakı Ali Neft Məktəbinin prorektoru, professor Ramiz Hümbətovun çıxışı

 

Hörmətli qurultay iştirakçıları!

Ölkəmizin təhsil işçiləri və müəllimlər ordusunun nüfuzlu qurultayında Bakı Ali Neft Məktəbinin kollektivi adından sizləri salamlamaqdan və fikirlərimi bölüşməkdən şərəf duyuram.

Təhsil sistemi ölkəmizin aparıcı qüvvəsi olaraq Azərbaycanın iqtisadiyyatının bütün sahələrinin uğurlu fəaliyyətinin təminatı üçün kadr hazırlayan, onların keçmişdəki və bugünkü nailiyyətlərində və gələcək inkişafında əvəzsiz rol oynayan sahədir.

Təhsil məkanındakı yeni ab-hava və təhsilin inkişafı üzrə Dövlət Strategiyasının təsdiq edilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sisteminin inkişafına göstərdiyi diqqət və qayğının təzahürü olaraq hər bir təhsil işçisinin qarşısına yeni məsul vəzifələr qoymuşdur.

Ötən əsrin 70-80-ci illərində ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsləri nəticəsində çoxsaylı təhsil müəssisələrinin yaradılması, yeni ixtisaslar üzrə mütəxəssis hazırlığının həyata keçirilməsi, unikal ixtisaslar üzrə digər respublikaların aparıcı təhsil mərkəzlərində mütəxəssis hazırlığının təşkili, Ümumittifaq statuslu ixtisasartırma və yenidənhazırlanma institutlarının fəaliyyəti Azərbaycanı dünyanın bir çox ölkələri üçün yüksək ixtisaslı mütəxəssislər hazırlayan bir məkana çevirmişdir.

Həmin layihələr çərçivəsində o vaxt təhsil almış gənclərin mütləq əksəriyyəti hazırda ölkə iqtisadiyyatının aparıcı qüvvələridirlər. Təəssüflər olsun ki, müstəqillik illərinin əvvəllərində həm obyektiv, həm də subyektiv səbəblərdən ali təhsil sahəsində əldə edilmiş uğurlar kifayət dərəcədə inkişaf etdirilməmişdir.

Müstəqil Azərbaycanın ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiya yolunda Bolonya prosesinə qoşulması, beynəlxalq təhsil qurumları ilə  ildən-ilə genişlənən əlaqələr, kredit sisteminin tətbiqi, mütəxəssis hazırlığı aparılan ixtisasların siyahısının YUNESKO-nun standartlarına uyğunlaşdırılması, çoxballı qiymətləndirmə sisteminə, çoxpilləli təhsilə keçid, infrastrukturun əsaslı şəkildə yenilənməsi, yeni maliyyələşmə mexanizminin tətbiqi, təəssüflər olsun ki, əsas məqsəd olan təhsilin keyfiyyətini beynəlxalq səviyyəyə gətirib çıxarmamışdır. Ona görə də işəgötürənlər ali təhsil müəssisələrinin məzunlarını ya tələblərə cavab vermədiklərinə görə işə götürmür, yaxud da əlavə xərc çəkərək onlara yeni biliklər verməyə məcbur olurlar.

İşəgötürənlərin əmək bazarında mütəxəssislərin bilik və təcrübəsinə ildən-ilə artan tələbatları kadrlara ehtiyacın ödənilməsi üçün ali təhsil sisteminə yeniliklərin gətirilməsi zərurəti yaratdığından ölkə Prezidentinin fərmanları əsasında yeni ali təhsil müəssisələrinin - Azərbaycan Diplomatik Akademiyasının, M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının, İnformasiya Texnologiyaları Universitetinin və s. yaradılması cəmiyyətdə rəğbətlə qarşılanmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə artıq transmilli şirkətə çevrilmiş və ingilis dilində təhsil almış mütəxəssislərə böyük ehtiyacı olan Dövlət Neft Şirkətinin strukturunda yeni, müasir tipli Bakı Ali Neft Məktəbinin yaradılması bu prosesin məntiqi davamıdır. Bu cür qərarlar mütəxəssis hazırlığında sağlam rəqabətin bərqərar olmasına, abituriyentlər üçün isə ən keyfiyyətli təhsil imkanı təklif edən ali məktəbləri seçməyə imkan yaradır. Bakı Ali Neft Məktəbinin quruculuğu prosesində dünyanın aparıcı elm və təhsil mərkəzlərinin təcrübəsi öyrənilərək keyfiyyətli mühəndis kadrları hazırlığının təmin edilməsi üçün vacib olan 6 əsas komponent- yüksək potensiallı professor-müəllim heyəti, mütərəqqi tədris proqramları, yüksək hazırlıqlı orta məktəb məzunları - tələbələr, tədris prosesinin istehsalatla sıx əlaqəsinin  təmin olunması, tədrisin müasir informasiya resursları ilə təmin edilməsi və ən müasir tələblərə cavab verən maddi-texniki baza əsas götürülmüşdür. Hazırda Bibiheybətdə Bakı Ali Neft Məktəbi üçün kampus tikilir və orada da bu komponentlərin özünə yer tapması ilə bağlı iş aparılır.

Qısa zaman kəsiyində Bakı Ali Neft Məktəbində müasir tələblərə cavab verən infrastruktur yaradılmış, professor-müəllim və idarəetmə heyəti formalaşdırılmış, Böyük Britaniyanın dünyada tanınmış Heriot-Vatt Universiteti (HVU) ilə tədris proqramlarının tətbiqi ilə bağlı müqavilə imzalanmış, genişmiqyaslı tanıtım aksiyaları nəticəsində 2012-ci ildə "Neft-qaz mühəndisliyi", "Kimya mühəndisliyi" ixtisaslarına, 2013-cü ildə isə həmin ixtisaslara və əlavə olaraq "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasına tələbə qəbulu həyata keçirilmiş, 2012-ci ildə orta bal 631, Prezident təqaüdçülərinin sayı 11, 2013-cü ildə isə müvafiq olaraq, 656 və 15 olmuş, bu göstəricilərə görə BANM Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tərtib etdiyi reytinq cədvəlində mütləq lider olmuşdur.

Tədrisin təşkilində, tədris texnologiyalarının tətbiqində, tələbə-müəllim münasibətlərinin tənzimlənməsində, biliklərin qiymətləndirilməsi prosesində şəffaflığın və obyektivliyin təmin edilməsində, müəllimlərin və tədris proqramlarının seçimində, tədrisin istehsalatla əlaqəsinin möhkəmləndirilməsində, çoxsaylı transmilli şirkətlərlə və aparıcı ölkələrin təhsil mərkəzləri ilə əlaqələrin qurulmasında, mühəndislik fəaliyyətinin təbliğində, tələbələrin yerli gənclər və beynəlxalq mühəndislik cəmiyyətlərinin fəaliyyətinə qoşulmasında ən mütərəqqi yanaşmalar həyata keçirilmiş, ali məktəbdə sağlam və səmərəli təhsil mühiti yaradılmış, əldə edilmiş nəticələr və onların ictimaiyyət arasında yayılması Bakı Ali Neft Məktəbinə cəmiyyətdə böyük nüfuz qazandırmış, abituriyentlər üçün cəlbedici etmişdir.

Tədris prosesi istehsalatla sıx əlaqədədir, tələbələr həm semestr boyu, həm də tətillərdən qabaq mütləq ARDNŞ-ın Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda və digər müəssisələrdə tərcübə keçirlər. Bu məqsədlə BANM ARDNŞ-ın və AMEA-nın bir sıra müəssisə və təşkilatları ilə, eləcə də "BP", "Total", "Statoil" şirkətləri, "Microsoft", "British Council" təşkilatları ilə müqavilələr bağlamışdır. "Hallburton", "KCA Deutag", "Schlumberger" və "Emersonprocessmanagement" şirkətləri ilə danışıqlar yekunlaşmaq üzrədir.

Ali məktəbimizdə rektorluqla professor-müəllim heyəti, idarəetmə qurumları, tələbələr və valideynlər arasında sıx və işgüzar münasibətlərin uğurlarımızda əhəmiyyətini qeyd etmək istərdim. Hər bir tələbə, müəllim, işçi və valideyn üçün rəhbərlik həmişə açıqdır. Xüsusi psixoloji xidmət və sosioloji sorğular vasitəsilə bu münasibətlər daim tənzimlənir.

Bütün bu işlərin nəticəsi kimi məzunlarımıza BANM-in və Heriot-Vatt Universitetinin diplomlarının veriləcəyini də qeyd etmək istərdim.

Bu yaxınlarda qəbul edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" və Təhsil Nazirliyinin fəaliyyətində nəzərəçarpan dinamika ölkəmizin ali təhsil sisteminin fəaliyyətini mükəmməlləşdirmək üçün bizə unikal bir şans vermişdir. Əsaslı şəkildə işlənmiş bu sənədin tələblərinin bir qismi ilə bağlı fikirlərimi bölüşmək istərdim.

Tədris proqramlarının yaradılması və tətbiqi işlərində uzun müddət bərqərar olmuş konservativ yanaşma əmək bazarının mütəxəssislərə ildən-ilə dəyişən ehtiyaclarını nəzərə almadığından hazırlanan kadr potensialından səmərəli istifadə olunmur. Ona görə də tədris proqramlarının işlənməsi prosesi işəgötürən müəssisələrin inkişafı və bu inkişafın tempi ilə uzlaşmalıdır.

Digər bir yanaşma isə tədris proqramlarının ekspertizası üçün heç bir dövlət qurumunun tərkibində olmayan müstəqil ekspert qrupunun yaradılması və onların işinə təhsil sahəsində beynəlxalq ekspertlərin cəlb olunmasıdır.

Ali məktəblər arasında tədris proqramlarının qarşılıqlı tətbiqi həm tələbələr, həm də müəllimlər üçün mobilliyi təmin edə bilər.

Mütəxəssis hazırlığı ixtisaslarının sərt şəkildə bir siyahıda təsdiq olunması proqramların tətbiqində çevikliyi təmin etməyə imkan vermir. Proqramların qəbulu və tətbiqi işində bürokratik sənədləşdirmə mövcuddur, halbuki, məsələn, bizim partnyor olduğumuz HVU-ndə əsas sənədlər senatın (Elmi Şuranın) təsdiq etdiyi semestr üzrə dərslərin siyahısı (kreditləri göstərməklə), fənlərin məzmunu və dərs cədvəlləridir.

Ali təhsil müəssisələrində xarici dillərin tədrisinin mükəmməlləşdirilməsi həddindən artıq vacib olan məsələdir. Çünki xarici dilləri bilən həm tələbə, həm də müəllim dünyanın bütün informasiya resurslarından bilik əldə etmək, beynəlxalq elm və təhsilyönümlü layihələrə qoşulmaq, müasir tədris texnologiyalarını tez və asanlıqla mənimsəmək imkanı əldə edir. Məsələn, Bakı Ali Neft Məktəbində 1-ci kursda hazırlıq mərhələsində oxuyan tələbələrdən hər biri ingilis dilindən IELTS tələbləri ilə minimum 6.0 bal toplayaraq, bakalavriatda ixtisas təhsilinə başlayırlar.

Ali təhsil müəssisələri statuslarına görə tədrisi elmi fəaliyyətlə vəhdətdə həyata keçirməlidirlər. Lakin ildən-ilə maddi-texniki bazası inkişaf etməyən, ştatlarında cəmi bir neçə aşağı və orta səviyyəli elmi dərəcəsiz mütəxəssislər olan karlik-laboratoriyalardan yüksək nəticələr gözləmək əbəsdir. Hesab edirəm ki, bu vəziyyətdən çıxış yollarından biri elmi-tədqiqat işlərinin müsabiqə əsasında qrantlar vasitəsilə həyata keçirilməsidir.

Elmi-tədqiqat işlərinin səmərəliliyinin və məqsədyönümlüyünün artırılmasının yollarından biri də qabaqcıl ölkələrdə geniş təşəkkül tapmış və ali məktəblərin nəzdində azad iqtisadi zona statusunda fəaliyyət göstərən elmi texnoparklardır.

Ali məktəblərin elmi potensialını artırmaq üçün daha bir yol onlara qısa zaman kəsiyində xarici ölkələrin aparıcı elm və tədris mərkəzlərində magistr hazırlığını həyata keçirmək imkanı vermək və daha sonra doktorantura təhsili hesabına professor-müəllim heyətinin potensialını artırmaqdır. Mövcud vəziyyəti nəzərə alaraq xarici ölkələrdə stajkeçmə, ixtisasartırma və yenidənhazırlanma kurslarında istər müəllimlərin, istərsə də elmi işçilərin təhsilinin təşkili çox vacibdir. Bununla paralel olaraq mərhələ-mərhələ ölkədə ixtisaslaşdırılmış (məqsədli) treninq mərkəzlərinin yaradılması, müasir avadanlıqla təchiz edilməsi və xaricdən dəvət olunmuş mütəxəssislər tərəfindən yeni texnologiyaların tədrisinin təşkili fayda verə bilər.

Hesab edirəm ki, ali məktəbin reytinqini müəyyən edərkən orada məzunlarla hansı real işin aparılması və məzunların işlə təmin olunması dərəcəsi mütləq nəzərə alınmalıdır. Bunu Təhsil Nazirliyində məzunların vahid verilənlər bazasının yaradılması ilə qiymətləndirmək və reytinqdə nəzərə almaq olar.

Ayrıca olaraq özəl yerli və transmilli şirkətlərin mütəxəssis hazırlığında iştirakı məsələsinə toxunmaq istərdim. Hazırda yüzlərlə bu cür şirkət ali məktəblərə heç bir vəsait ödəmədən ali təhsil müəssisələrinin məzunlarını işə götürür və onların bilik və təcrübəsindən bəhrələnir. Bir sıra ölkələrdə, o cümlədən Rusiya Federasiyasında universitetlər öz məzunlarını belə şirkətlərə, sözün əsl mənasında, satırlar.

Kiçik özəl müəssisələrdən mütəxəssis hazırlığına maliyyə dəstəyi gözləmək faydasızdır. Lakin iri şirkətlər universitetlərin fəaliyyətinə uzunmüddətli maliyyə dəstəyi verməklə sonradan məzunlara sahib çıxa bilərlər.

İnanıram ki, ali məktəblər işəgötürənlərin tələblərinə cavab verən kadrları hazırlayarlarsa, şirkətlər hər məzuna görə təhsil müəssisəsinə ödəniş verə və onun büdcəsini artıra bilərlər. Belə artırmaları formal yox, işlək olan Məzunlar Assosiasiyaları da həyata keçirə bilər.

Hörmətli qurultay iştirakçıları!

Hazırda ictimaiyyət və təhsil işçiləri Strategiyanın həyata keçirilməsi üçün tədbirlər planının təsdiqini gözləyir. Ümidvarıq ki, bu plan hökumət tərəfindən kifayət qədər maliyyə dəstəyi alacaq və uğurla həyata keçiriləcəkdir. Strategiya təhsil işçisinin, müəllimin cəmiyyətdə nüfuzunun bərpasına, təhsil müəssisələrində şəffaf mühitin, sağlam istehsal münasibətlərinin yaranmasına, bir çox ölkələrdə olduğu kimi "Qiymətləndirmədə meyar yalnız bilikdir" şüarının hər bir təhsil ocağında normaya çevrilməsinə şərait yaradacaqdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gənclərin xarici universitetlərdə təhsilinin təşkili ilə yanaşı, müasir ixtisaslar üzrə yüksək ixtisaslı mütəxəssislərin Azərbaycanda hazırlanmasını da bir vəzifə kimi təhsil işçilərinin qarşısında qoymuşdur. Sözügedən Strategiyanın da hədəflərindən biri məhz bu vəzifənin icrasının təmin olunmasıdır.

Bizim hər birimiz isə vətəndaşlıq, dövlətçilik, təəssübkeşlik, biliklərin yayılması işində fədakarlıq və təmənnasızlıq nümayiş etdirərək doğma Vətənimizin gələcək inkişafına xidmət göstərməliyik!

Mən sizin hər birinizə müqəddəs müəllimlik fəaliyyətinizdə uğurlar diləyirəm!

Diqqətinizə görə sağ olun!

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov